Hörmətli müəllimlər!
Əziz tələbələr!
Respublikamızın ilk ali təhsil ocağı - Bakı Dövlət Universitetinin 80 illik yubileyi nıünasibətilə sizi, ölkəmizin bütün təhsil işçilərini səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan xalqının XX əsrin əvvəllərindən başlanmış kütləvi şəkildə maariflənməsi, savadlanması prosesində Bakı Dövlət Universitetinin açılması əlamətdar tarixi bir hadisə olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təşəbbüsü ilə Azərbaycanda ilk ali təhsil ocağının yaranması o dövrdə gedən tarixi proseslərdən doğan bir zərurət idi.
Bakı Dövlət Universiteti 80 illik fəaliyyəti dövründə Azərbaycanın həyatının bütün sahələrinə güclü təsir edərək xalqımız qarşısında əvəzsiz xidmətlər göstərmişdir. Əslində, universitetimizin tarixi Azərbaycan təhsilinin və mədəniyyətinin inkişafi tarixidir. Respublikamızda ali təhsilin inkişafında universitet müstəsna rol oynamışdır. İndi ölkəmizdə onlarla ali məktəb mərkəzlərinin mövcud olması, Azərbaycan Respublikasının böyük ali təhsil potensialına malik olması məhz Bakı Dövlət Universitetinin fəaliyyəti nəticəsində mümkün olmuşdur.
Bakı Dövlət Universiteti Azərbaycan elminin inkişafına da olduqca güclü təsir göstərmişdir. O, yarandığı ilk dövrdən Azərbaycanda Elmi-Tədqiqat Mərkəzinə çevrilmişdir. Bu gün Azərbaycan Elmlər Akademiyasının tərkibində fəaliyyət göstərən institutların əksəriyyəti Bakı Dövlət Universiteti ilə bu və ya digər dərəcədə bağlıdır.
Azərbaycanın tərəqqisi, inkişafı və çiçəklənməsi uğrunda böyük əzmlə çalışan vətənpərvar ziyalıların çoxu bu milli təhsil ocağının yetirmələri olmuşdur. Universitet 80 illik tarixi ərzində resrublikamızın elm, mədəniyyət və ədəbiyyat sahələrinə görkəmli simalar bəxş etmişdir. Diqqətəlayiqdir ki, Bakı Dövlət Universiteti öz fəaliyyətinin bütün dövrlərində elm və təhsil məbədi olmaqla yanaşı, həm də Azərbaycan dilinin inkişafında, milli şüurun, vətənpərvəlik ruhunun inkişafında xidmətlər gostərmiş bir mərkəz rolunu oynamışdır. Bakı Dövlət Universitetinin əsasını qoyanların, onun inkişafına təkan vermiş insanların əməyini daim yüksək qiymətləndirərək onların xatirəsini böyük minnətdarlıq və ehtiram hissi ilə yad edirəm.
Əminəm ki, siz ölkəmizin inkişafı və xalqımızın tərəqqisi üçün əllərindən gələni əsirgəməmiş həmin nəsillərin ənənələrini ləyaqətlə davam etdirəcək və Azərbaycan Respublikasının müstəqilliyinin, milli dövlətçiliyinin qorunub möhkəmləndirilməsi işinə sədaqətlə xidmət göstərəcək milli kadrların yetişdirilməsində var qüvvənizi sərf edəcəksiniz.
Bu əlamətdar günlərdə sizə - universitetin tələbə-müəllim heyətinə, bütün məzunlarına, respublikamızın təhsil işçilərinə böyük uğurlar diləyir, hər birinizə cansağlığı və xoşbəxtlik arzulayıram.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.