Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin görkəmli alim və dövlət xadimi Vəli Yusif oğlu Axundovun 80 illiyinə həsr olunmuş yubiley yığıncağında nitqi - Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin iclas salonu, 21 iyun 1996-cı il


Hörmətli xanımlar və cənablar!

Mən sizi - Vəli Axundovun xatirəsinə hörmət edib bu yubiley mərasiminə toplaşanları səmimi qəlbdən salamlayıram və sizinlə bir daha görüşümdən məmnun olduğumu bildirirəm. Vəli Axundovun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam qəbul edərkən mən iki məqsədi nəzərə almışam. Birincisi, xalqımızın, millətimizin, respublikamızın, dövlətimizin tarixinə daimi hörmət və ehtiramın zəruriliyini, bununla yanaşı olaraq Vəli Axundovun xidmətlərinə və onun şəxsiyyətinə olan hörmət və ehtiramımı nəzərə almışam.

Görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsi demək olar ki, dünyanın hər yerində ənənəvi xarakter daşıyır. Respublikamızda da bu ənənə uzun illərdir ki, yaşayır və mən bunu gözəl ənənələrdən biri hesab edirəm. Ancaq təcrübədə belə hallar müşahidə olunur ki, demək olar, çox vaxt, adətən mədəniyyət, elm, ədəbiyyat xadimlərinin yubileyləri qeyd edilir, amma ictimai-siyasi, dövlət xadimlərinin yubileyləri çox nadir hallarda qeyd olunur, yaxud da bunlar unudulur.

Hesab edirəm ki, həyat öz qanun-qaydalarını get-gedə özü tənzimləyir, nizama salır. Amma eyni zamanda, bu adət-ənənələri, qanun-qaydaları nizamlamaq, tənzimləmək üçün təşəbbüslər göstərmək lazımdır.

Şübhəsiz ki, hər bir xalqın şairi, yazıçısı, müğənnisi, bəstəkarı, rəssamı, incəsənət xadimi onun iftixarıdır. Xalq onları qiymətləndirir və qiymətləndirməlidir. Ona görə də onların yubileyləri keçirilir. Hesab edirəm ki, biz bu ənənəni genişləndirməli, inkişaf etdirməliyik. Amma tarixdə, cəmiyyətdə insanların bir qismi həyatını, fəaliyyətini dövlət işinə, siyasətə, xalqın bu gününün, gələcəyinin qurulmasına, yaradılmasına həsr edir. Təəssüf ki, onların əksəriyyəti ya vəzifədən gedəndən sonra unudulur, yaxud da həyatdan köçəndən sonra tamamilə unudulur. Bu, normal hal deyildir. Ona görə də Vəli Axundovun 80 illiyi haqqında sərəncam qəbul edərkən şəxsən mən bu cəhətə üstünlük vermişdim.

Vəli Axundov görkəmli alimdir, respublikada səhiyyə işinin böyük təşkilatçılarından biri olubdur. Amma onun xalq qarşısındakı xidmətlərini ölçüyə götürsək, respublikaya rəhbərlik etdiyi zaman gördüyü işlər və xalqa etdiyi xidmətlər səhiyyə sahəsindəki xidmətlərindən qat-qat üstündür. Məhz buna görə də mən belə bir yubileyin keçirilməsi haqqında sərəncam qəbul etmişəm.

Sizin qarşınızda mən həmişə səmimi olmuşam. Bu gün də səmimi danışıram. Təəssüflər olsun ki, belə bir yubileyin keçirilməsi haqqında mən heç bir təşkilatdan, şəxsən təşəbbüs almamışam. Bu gün bu salona ziyalılarımız, Vəli Axundovu tanıyanlar, ona hörmət edənlər, onun qohum-əqrabası toplaşıblar. Amma heç kim təşəbbüs göstərmədi ki, Vəli Axundovun yubileyi yaxınlaşır, onu qeyd etmək lazımdır. Yada salmadılar. Mən çox düşündüm. Uzun illər siyasi fəaliyyətim zamanı mən belə adamlarla rastlaşmışam. Hər dəfə də belə insanların bir-birinə, xalqımızın dəyərli insanlarının xatirəsinə belə biganəliyi məni narahat edibdir və bu gün də narahat edir. Ona görə də mən bu addımımla istəyirəm xalqımızı, millətimizi, cəmiyyətimizi tariximizə, insanlara lazımi münasibət göstərmək istiqamətinə yönəldim.

Əsrlər boyu xalqımız böyük tarixi yol keçibdir. Tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Şübhəsiz ki, tariximizin parlaq səhifələri də, qaranlıq səhifələri də var, təntənəli səhifələri də, faciəli səhifələri də var. Tariximizdə xalqımızın başına bəlalar da gətirilibdir. Faciələrin çoxu bununla əlaqədar olubdur. Ancaq bir çox əsaslı, əsassız səbəblərdən içimizdə bir-birinə düşmənçilik, ədavət, ziddiyyət hissiyyatları da olub, xalqımızı ötən əsrlərdə, minilliklərdə çox ağır, faciəli məqamlara gətirib çıxarıbdır. Birincisi, gərək biz bunları obyektiv, düzgün təhlil edək. İkincisi də, gərək biz tariximizi heç vaxt unutmayaq, onun hər bir səhifəsinə hörmətlə, ehtiramla yanaşaq. Ona görə də belə yubileylər keçirmək, eyni zamanda ayrı-ayrı şəxsiyyətlərin xidmətlərinə qiymət vermək, tariximizi yada salmaq, tariximizə verilən qiymət kimi dəyərləndirilməlidir.

Mən qeyd etdim ki, dövlət xadimlərinin, ictimai-siyasi xadimlərin fəaliyyəti təəssüf ki, unudulur, yaxud da hakimiyyətdən gedəndən, həyatdan köçəndən sonra onların xidmətləri haqqında danışılmır. Əksinə, oradan-buradan axtarıb tapırlar ki, о bunu pis edib, bunu etməli idi - etməyib və s. Bunlar aradan götürülməlidir. Bilirsiniz, biz indi elə bir mərhələyə gəlib çatmışıq ki, özümüz öz taleyimizin sahibiyik, həyatımızı özümüz qururuq. Ona görə də bu həyatı elə qurmalı, yaratmalı, bu günü də, sabahı da, keçmişi də elə təmin etməliyik ki, səhv, yanlışlıq olmasın.

Hələ ötən il mən Nəriman Nərimanovun anadan olmasının 125 illiyinin respublikamızda qeyd olunması barədə fərman verdim. Nəriman Nərimanov məşhur şəxsdir. Onun haqqında burada geniş danışmağa bəlkə də ehtiyac yoxdur. Mən, eyni zamanda Fətəli xan Xoyskinin 125 illiyini qeyd etmək barədə fərman verdim. О da indi tanınır, amma ola bilər ki, o, Nəriman Nərimanov qədər məşhur bir şəxs deyil. Ancaq bu iki şəxsiyyət arasında böyük oxşarlıq var.

Fətəli xan Xoyski 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının qısa zamanda baş naziri olubdur. Nəriman Nərimanov isə 1920-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Xalq Komissarları Sovetinin sədri, yəni baş nazir olubdur. Tutduqları vəzifəyə görə yox, şəxsiyyətlərinə və ictimai-siyasi fəaliyyətlərinə görə onların ikisi də çox dəyərli insanlar olubdur. Onlar təsadüfi adamlar deyildilər. Məsələn, Fətəli xan Xoyski 1918-ci ildə təsadüfən gəlib bizim ilk demokratik respublikamızın baş naziri olmamışdır. O, əvvəlki illərdə də siyasi fəaliyyət göstərmişdi, çar Rusiyası Dumasının Azərbaycandan deputatı olmuşdu. Doğrudur, Sovet hakimiyyəti dövründə tariximiz çox təhrif edilmişdi. О zaman Fətəli xan Xoyski tamamilə unudulmuşdu. Biz son illər tariximizi düzgün təhlil etmək imkanı əldə edəndən sonra Fətəli xan Xoyskinin kimliyini və onun fəaliyyətinin nədən ibarət olduğunu artıq dərk etmişik.

Yəqin mətbuatdan sizə məlumdur ki, Gürcüstan prezidenti Eduard Şevardnadzenin dəvəti ilə mən bu ilin martında bu respublikada rəsmi səfərdə olarkən Fətəli xan Xoyskinin qəbri üzərində onun abidəsinin açılması mərasimində iştirak etdim. Onun qəbri Mirzə Fətəli Axundovun qəbri ilə yan-yanadır. Mən Mirzə Fətəli Axundovun qəbrini ilk dəfə 1970-ci ildə, Tbilisidə olarkən ziyarət etmişəm. Onun qəbri о vaxt istənilən şəkildə deyildi. Onun qəbrinin müəyyən qədər abadlaşdırılması barədə о vaxt mən lazımi tədbirlər görmüşdüm. Amma о vaxt heç kəs mənə deməmişdi ki, Mirzə Fətəli Axundovun qəbrindən bir metr о yanda Fətəli xan Xoyskinin qəbri yerləşir. Bunu mən də bilməmişdim. Çünki mənə deyən olmamışdı. Fətəli xan Xoyski ona görə unudulmuşdu ki, о Sovet hökumətinin düşməni olubdur. Xalqının mənafeyi uğrunda fədakarlıq göstərən insan olduğuna görə o, erməni daşnaklarının gülləsi ilə Tbilisidə qətlə yetirilmişdi.

Fətəli xan Xoyskinin adı indi bərpa olunub. Amma görürəm ki, respublikamızın bəzi ictimai-siyasi təşkilatları ona yenə də lazımi fikir vermirlər. Ona görə də mən onun yubileyinin qeyd olunması barədə fərman verdim, Azərbaycanda son illər, xüsusən 1989, 1990-cı illərdə gedən bəzi cərəyanlar nəticəsində meydana çıxmış bir sıra siyasətçilər tariximizin ötən 70-80 ilini tamamilə pozmağa, Nəriman Nərimanovun xidmətlərini kənara qoyaraq onu unutmağa cəhd göstərirdilər. Öz tarixinə, öz millətinə bu qədər ədalətsizlik etmək olarmı?

Nəriman Nərimanovun 100 illiyini qeyd edərkən, xatirəsini əbədiləşdirərək Bakının çox görkəmli bir yerində onun abidəsini ucaltdıq. Biz onun о vaxtkı Kommunist, indiki İstiqlaliyyət küçəsində olan evini muzey etdik. Amma sonra bir il müddətinə hakimiyyətə gələn insanlar bu evi zəbt edib, onu mənzilə çevirməyə çalışdılar. Onlar Nəriman Nərimanovu tariximizdən tamamilə silməyə cəhd etdilər. Əgər biz tariximizə və görkəmli şəxsiyyətlərimizə belə münasibət göstərsək, onda elə çıxacaq ki, nə tariximiz, nə kökümüz, nə əsl-nəcabətimiz, nə də keçmişimiz var, heç bir şeyimiz yoxdur. Burada çıxış edən Cəmil Quliyev tarixin bir neçə məqamını yada saldı. Əgər sona çatmaqda olan XX əsri götürsək, 1918-ci ilə qədər

Azərbaycanda hakimiyyət çar Rusiyasının qubernatorlarının, eyni zamanda ayrı-ayrı bölgələrdəki xanların, bəylərin əlində olmuşdur. Yəni о dövrdə vahid Azərbaycan dövləti, demək, Azərbaycanın vahid rəhbərliyi də olmayıb.

1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaranıb, 23 ay fəaliyyət göstərib. Onlar çox ağır şəraitdə yaşayıblar, işləyiblər. Sonra Azərbaycanda Sovet Sosialist Respublikası yaranıb. Bu respublika Moskva ilə bağlı olsa da, yenə də iki il müstəqil respublika kimi yaşayıb. 1922-ci ildən isə bu respublika Sovetlər İttifaqının tərkibinə daxil olub. 1918-ci ilə qədər Azərbaycan vahid dövlət olmayıb, 1918-ci ildən 1920-ci ilədək onun rəhbərləri altı aydan bir dəyişdirilib, 1920-ci ildən 1934-cü ilədək, - burada düzgün deyildi, - о vaxtkı sistemə görə Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində respublikamıza öz millətimizdən olan adam, azərbaycanlı rəhbərlik etməyib. Respublikamıza rəhbərlik edənlər о vaxt həmişə kənardan gələnlər və cürbəcür millətlərin nümayəndələri, о cümlədən ermənilər olublar.

Belə bir dövrdə 1920-ci ildə Nəriman Nərimanov kimi bir şəxsiyyət meydana çıxmış və Azərbaycan Respublikası Xalq Komissarları Sovetinin cədri olmuşdur. O, Moskvada iki il SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri olub, 1925-ci ildə qəflətən dünyasını dəyişmişdir.

Sonrakı dövr tariximizi götürək. 1934-cü. ildən 1953-cü ilə qədər Mircəfər Bağırov, ondan sonra beş il İmam Mustafayev, sonra 10 il Vəli Axundov respublikaya rəhbərlik etmişlər. Budan sonrakı dövr isə sizə məlumdur. Məgər biz bunları unuda bilərikmi? Axı, ötən bu illərin hər birində Azərbaycanın həyatında böyük dəyişikliklər olubdur. Mübarizə də, gərginlik də, çətinlik də, faciələr də, repressiyalar da olubdur. Amma xalq yaşayıb, yaradıb, inkişaf edibdir.

Məgər biz bunları unuda bilərikmi və yaxud deyə bilərikmi ki, tariximizin bu hissəsi tamamilə unudulmalıdır, bu hissəsi mənim xoşuma gəlir, ona görə də gəlin bunu tərifləyək?

Bir meyl də meydana çıxıb. Sovet hakimiyyəti vaxtı tariximizdə hansı şeylər ki, sovet ideologiyasına uyğun deyildi, onları ya tamamilə unudurdular, yaxud gizlədirdilər, tərsinə çatdırırdılar; о şeylər ki, mənfəətli idi, onu gətirib mənfəətli şəkildə də göstərirdilər. Bu da о dövrün əcaibliyi idi. Mən bir dəfə demişdim, bu gün bir daha deyirəm, bəzi alimlərimiz sübut etməyə çalışırdılar ki, elə Nizaminin də, Füzulinin də əsərlərində sosializm ideyaları olubdur. Belə cəhdlər də var idi. 1990, 1991, 1992-ci illərdə isə meyl о biri tərəfə idi; 1920-ci ildən 1992-ci ilədək olan nə varsa hamısını pisləmək. Deyirdilər ki, nə varsa hər şey 1918-ci ildən 1920-ci ilədək olubdur, ondan sonra nə Azərbaycan, nə millət, nə dövlət olubdur - heç bir şey olmayıbdır və hər şeyi unutmaq lazımdır. Bax, keçmişdəki xəstəlik indi başqa istiqamətdə sirayət etməyə başlamışdı. Biz bunlara yol verə bilməzdik.

Ona görə də mən dəfələrlə demişəm, bu gün bu salonda bir daha deyirəm. Bilirəm ki, buraya toplaşanların əksəriyyəti alimlərdir, akademiklərdir, akademiyanın üzvləridir. Biz qısa vaxtda heç olmasa XX əsrin tarixini yazmalıyıq. Mən bu mövzuya bir daha qayıdacağam. Bax, bunlara görə bu gün Vəli Axundovun yubileyinin keçirilməsi yubiley çərçivəsindən çıxan bir tədbirdir. Bilirsiniz ki, üç ildir mən yenidən Azərbaycana qayıtmışam yə respublikaya rəhbərlik edirəm.

Bu üç il müddətində mənim istirahət etməyə bir gün də vaxtım olmayıb. Bu müddətdə bir çox yubileylər keçirilib. Bu yubileylərin hamısında iştirak etməyə mənim vaxtım olmayıb. Ancaq bu gün, bu yubileyə mən birincisi, Vəli Axundovla olan şəxsi münasibətimə görə, ikincisi, mənim nöqteyi-nəzərimcə, bu yubiley adi yubiley çərçivəsindən kənara çıxdığına görə gəlmişəm. Mən bu fikirləri, sözləri burada bax, ona görə deyirəm.

Vəli Axundovun həyat yolu, fəaliyyəti haqqında məndən əvvəl burada çıxış edən natiqlər geniş məlumat verdilər. Deyilənlərin hamısı ilə razıyam və onları təsdiq edirəm. Vəli Axundovu mən uzun illər ərzində tanımışam. Ola bilər ki, onu о qədər yaxından tanıyan adamlar burada azdır. Mən Vəli Axundovu təxminən 1953-cü ildən tanıyırdım və hətta sonralar lap yaxından tanış olmuşdum, bir yerdə işləmişdik. Onun elmi fəaliyyəti, səhiyyə sahəsində gördüyü işlər qiymətlidir və bu barədə burada danışdılar. Ancaq Azərbaycan Respublikasına on il rəhbərlik etmək onun gördüyü bütün işlərin hamısından ağır, çətin olubdur, bir daha qeyd edirəm, bütün xidmətlərindən şərəfli və üstün olubdur.

Vəli Axundovun Azərbaycana rəhbərlik etdiyi dövr 1959-cu ilin iyulundan 1969-cu ilin iyulunadək Sovetlər İttifaqının, о cümlədən Azərbaycanın həyatında çox gərgin və mürəkkəb bir dövr idi. Bu, elə bir dövr idi ki, Stalin öləndən sonra Xruşşovun hakimiyyəti dövründə Sovetlər İttifaqının həyatında çoxlu dəyişikliklər gedirdi, cürbəcür tədbirlər aparılırdı. Xruşşov hakimiyyətinin ikinci mərhələsi idi. O, on il hakimiyyətdə olmuşdu. Xraşşovun hakimiyyətinin birinci mərhələsində Azərbaycana İmam Mustafayev rəhbərlik edib, bu dövrün beş ili onun üzərinə düşüb. Sonrakı beş il isə Vəli Axundovun üzərinə düşüb. Yenə də deyirəm, о illər çox ağır, çətin, gərgin dəyişikliklər illəri olub. О vaxt, Xruşşov dövründə bir çox yuxarı dövlət orqanlarında dəyişikliklər gedirdi, Stalin dövründə işləmiş adamlar işdən çıxarılırdı və s. Bundan sonra 1937-38-ci illərin repressiyalarının aşkar olunması, repressiyaya məruz qalmış insanların reabilitasiyası gedirdi.

Bilirsiniz, о dövr Azərbaycan üçün ona görə çox gərgin idi ki, 1953-cü ildə respublikanın rəhbəri olan Mircəfər Bağırov həbs edilmişdi. Azərbaycanın həyatında. çox gərgin bir vəziyyət yaranmışdı. Bu dövrdə Azərbaycana İmam Mustafayev rəhbərlik edirdi. Bundan sonra Xruşşovun hakimiyyəti zəifləməyə başlamışdı. 1964-cü ildə Xruşşov hakimiyyətdən getmiş və Brejnev, onun tərəfdarları hakimiyyətə gəlmişdilər. Bu dövr mürəkkəb bir dövr idi.

Şübhəsiz ki, bu dövrdə işləmək, respublikaya rəhbərlik etmək asan məsələ deyildi.

Vəli Axundovun üzərinə düşən çətin vəzifələrdən biri də ondan ibarət idi ki, fürsətdən istifadə edərək demək istəyirəm, təəssüf ki, bu, bizim milli bəlamız, dərdimizdir içimizdən içimizi dağıdanların, yeyənlərin günahı üzündən 1959-cu ildə Azərbaycan Respublikasında millətçilik meyllərinin mövcud olması haqqında о vaxtlar Sovetlər İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi qərar qəbul etmişdi. Bilirsiniz, о vaxtlar da mən kənarda duran adam deyildim - bir vətəndaş kimi, bu, məni yandırmışdı, indi də yandırır ki, о vaxt Azərbaycan kimi beynəlmiləlçi bir millət, respublika tapmaq bəlkə də çətin idi. İndi görün bizim bəlamız nə dərəcədə idi ki, о vaxt gətirib Azərbaycana millətçilik damğası vurdular. Azərbaycanın rəhbərliyini işdən götürdülər, respublikamızın başına çox bəlalar gətirdilər. Bu, böyük bir tarixdir. Azərbaycanın başına gələn bu bəlalar sadə məsələlər deyildi. Hansı millətçilikdən söhbət gedə bilərdi? Nə var-nə var, siz "Nəriman Nərimanovu başlamısınız tərifləməyə, Şaumyanı az təbliğ edirsiniz" və sairə. Vəziyyət belə idi.

Vəli Axundov bax, belə bir qərardan sonra respublikaya rəhbərlik etməyə başlamışdı. Asan deyildi. Ancaq həm biliyinə, həm təcrübəsinə, həm də zəkasına, təmkinliliyinə görə Vəli Axundov bu ağır, çətin bir dövrdə on il respublikaya rəhbərlik etdi. Bu on il müddətində respublikamızda böyük nailiyyətlər də olmuşdu, xalqımız yaşamışdı, qurmuşdu. Bütün bunlar heç də avtomatik olaraq getməmişdi. Şübhəsiz ki, bunlar Azərbaycan Respublikasının dövləti, hakim dairələri tərəfindən idarə olunmuşdu, istiqamətləndirilmişdi, tənzimlənmişdi. Respublikanın rəhbərliyində birinci şəxsin bunların hamısında rolu, şübhəsiz ki, hər bir kəsin rolundan üstün idi. Bunu heç kəs, heç vaxt unutmaz.

Bilirsiniz, о vaxt - Stalin tənqid edilən zaman belə bir əhval-ruhiyyə yarandı ki, bəli, Sovetlər İttifaqı yaşayır, böyüyür. Amma Stalin olmasaydı daha da yaxşı olardı. İkinci dünya, Böyük Vətən müharibəsində Sovet İttifaqı qalib gəlibdir, amma Stalinin burada rolu yox imiş. Bilirsiniz, bu, adi xəstəlik deyildi, bəlkə də kommunist ideologiyasının xəstəliyi idi, bu ideologiyanı həyata keçirən ayrı-ayrı qrupların, dəstələrin xəstəliyi idi. Onlar öz şəxsi mənafeləri, məqsədləri naminə başqasının rolunu ya ləkələmək, yaxud onu qiymətdən salmaq istəyirdilər.

Ona görə də həmin dövrdə görülən işlərdə, əldə edilən nailiyyətlərdə Azərbaycanın birinci rəhbəri kimi Vəli Axundovun rolu böyükdür, yüksək qiymətə layiqdir və mən bunu bu gün böyük məmnuniyyət hissi ilə qeyd edirəm.

О dövrdə səhvlər də, əyintilər də olub. Bunlar bəzən cürbəcür obyektiv səbəblərdən, bəzən də subyektiv səbəblərdən meydana çıxıb. О dövrdə, yəni 60-cı illərdə Azərbaycanın həyatında şübhəsiz ki, iqtisadiyyatda gerilik, ayrı-ayrı sahələrdə səhvlər, ayrı-ayrı sahələrdə bəzi mənfi hallar mövcud idi. 70-ci illərdə biz bunları tənqid etmişdik, şəxsən mən öz çıxışlarımda, məruzələrimdə tənqid etmişdim. Ona görə yox ki, kimi isə pisləmək istəmişəm. Bu səhvləri buraxmamaq üçün, işləri yaxşı qurmaq üçün tənqid etmişəm. Məlumdur ki, işlər bundan sonra daha yaxşı qurulmuşdur. Ancaq bunların heç birisi Vəli Axundovun Azərbaycan Respublikasının rəhbəri kimi, ona 10 il rəhbərlik etmiş bir şəxs kimi fəaliyyətini heç də azaltmır, əksinə, onun fəaliyyəti yüksək qiymətə layiqdir.

Mən о illərdə, yəni Vəli Axundov respublikaya rəhbərlik etdiyi illərdə onunla birlikdə, onun rəhbərliyi altında işləmişəm. Bilirsiniz ki, mən Dövlət Təhlükəsizliyi Komitəsində işləmişəm və iş prosesində onunla sıx əlaqədə olmuşam. Bəzən onun dərdlərini də hiss edirdim, çətinliklərini də. Onun ürək ağrısını görür, hiss edirdim. Bunların bəziləri obyektiv xarakter daşıyırdı, bəziləri də işlərin görülməsi üçün bəlkə də onun özünün lazımi imkanı olmamasından irəli gəlirdi. Bunların bəziləri onun ətrafında olan ayrı-ayrı adamların ona etdikləri maneçiliyin nəticəsi idi.

Cəmil Quliyev burada bir-iki faktı xatırlatdı. Doğrudan da о illərdə Ermənistanın millətçi dairələri, Moskvada oturan millətçilər Azərbaycana həmişə təzyiq göstərməyə və Azərbaycanın nailiyyətlərinə həmişə mane olmağa, xüsusən ermənilərin Azərbaycana təsirini daim saxlamağa çalışırdılar. Vəli Axundov bunların qarşısını almağa səy göstərir, müəyyən iş görürdü. Mən səmimi danışıram, indi bunlar tarixə döndüyünə, keçmişdə qaldığına görə danışmaq olar. Sonralar mən respublikaya rəhbərlik etməyə başladıqda biz vaxtaşırı görüşürdük, o, mənim yanıma gəlirdi. Bəzən gəlib danışırdı ki, siz, misal üçün, bu məsələni həll etdiniz. Amma mən neçə il çalışdımsa, onu həll edə bilmədim. Mən bilirdim ki, o, doğrudan da çalışır, amma həll edə bilmirdi. Ona görə yox ki, həll etmək istəmirdi. Buna bəzi səbəblərə görə gücü çatmırdı.

Bunlar təbiidir, hər bir kəsdə ola bilər. Amma onu da, şəxsən məni də çox narahat edən bu idi ki, onun ətrafında olan adamlar, irəli çəkdiyi adamlar işinə mane oldular. Bu, həqiqətən belədir - onun işinə mane oldular.

Bilirsinizmi, bu xəstəlik sonralar da davam etdi, indi də davam edir. Vəzifə hərisliyi insanları bəzən çox ləyaqətsiz hərəkətlərə təhrik edir. Vaxtilə Vəli Axundovun irəli çəkdiyi adamlar sonra onun yerini tutmaq üçün onu vəzifədən kənarlaşdırmağa çalışdılar. Mən bunları görürdüm. О da bəzən öz dərdini mənə deyirdi. Onun səhhəti о qədər də yaxşı deyildi, ona bu da mane olurdu. Ona görə də bəzən dərdini açıb söyləyərkən mən onun dərdinə şərik olurdum və imkan dairəsində çalışırdım ki, ona kömək edim. О vaxt Vəli Axundov birinci katib, yəni Azərbaycanın birinci rəhbəri olarkən mən respublikanın dövlət təhlükəsizliyi orqanının başçısı kimi həmişə prinsipial mövqedə dururdum və işlərin prinsipial surətdə həyata keçirilməsinə çalışırdım. Onun bütün məsələlərdə hamıdan fərqli olaraq həmişə sağlam mövqe tutduğunun şahidi olmuşam.

О vaxtlar doğrudan da, Qarabağ məsələsi qaldırılmışdı. Xatirimdədir, bir dəfə hətta yenə məcbur etmək istəyirdilər ki, Qarabağ məsələsinə baxılsın. O, bir neçə dəfə mənimlə məsləhətləşdi. Bu məsələnin qarşısı alındı. Ancaq sonra, - Cəmil Quliyev onu burada dedi, - bir neçə erməni, eləcə də Ermənistan çalışırdı ki, Azərbaycanın

Ermənistanla sərhəd rayonlarında bəzi torpaqlarımızı öz torpaqları kimi əllərinə keçirsinlər. Onlar köhnə xəritələri 28-ci ilin, yaxud da 29-cu ilin xəritələrini ortaya çıxarmışdılar. İki-üç il danışıqlar getdi. Bu danışıqları tək Vəli Axundov deyil, Məmməd İsgəndərov, Ənvər Əlixanov, ikinci katib Yelistratov birlikdə aparırdılar. Təəssüf ki, bu danışıqlar nəticəsində 1969-cu ilin may ayında Azərbaycanın Ali Soveti elə bir qərar qəbul etmişdi ki, həmin sərhədyanı torpaqlar guya Ermənistana mənsubdur və ona verilməlidir. Mən iyul ayında Azərbaycana rəhbər seçilən kimi bu məsələni bir ay müddətində təhlil etdim və həmin qərardan imtina etdim. Çox çalışdılar ki, bu qərar həyata keçirilsin, lakin mən buna imkan vermədim. Bu qərarın о vaxt necə qəbul olunduğunu da bilirəm. İndi bunu danışmağa ehtiyac yoxdur. Amma bununla onu demək istəyirəm ki, şübhəsiz, о da həmin torpaqların verilməsini istəməmişdi. Ancaq həm yuxarıdan, Moskvadan olan təzyiqlər, həm sağdan, həm də soldan olan təzyiqlər birlikdə bu cür qərarın qəbul edilməsinə gətirib çıxarmışdı.

İşlədiyi son illərdə Vəli Axundovun səhhəti zəifləmişdi. Bəzi şəxslər bundan istifadə edərək onu vəzifədən götürməyə çalışırdılar. Çünki hər birisi hesab edirdi ki, Vəli Axundov vəzifədən götürülsə, onun yerinə о keçəcəkdir. Bax, bu, bizim bəlamızdır. О vaxtlar mən müşahidə edirdim və bu barədə Vəli Axundovla söhbət aparırdım. Mən ona böyük ürək ağrısı ilə dedim ki, bizim adamlar öz şəxsi məqsədləri üçün belə yollara gedirlər.

Lakin siz həqiqəti bilməlisiniz. Həqiqət də belə oldu ki, о adamlar, - onların bəziləri dünyasını dəyişib, bəziləri isə hələ sağdır, - çalışırdılar ki, Vəli Axundov vəzifədən getsin və onlar da onun vəzifəsini tutsunlar. Amma onların heç birisi bu vəzifəni tuta bilmədi. Siz soruşa bilərsiniz, bəs necə oldu ki, bu vəzifəyə Heydər Əliyev gəldi? Bunu hamı bilir, rəhmətlik Vəli Axundov da çox yaxşı bilirdi ki, о vaxt məndə respublikanın rəhbəri olmaq fikri qətiyyən yox idi. Özünüz yaxşı bilirsiniz ki, mən gənc yaşlarımdan hərbi xidmətdə olmuşam, zabit, general rütbələri almışam, təhlükəsizlik orqanlarında işləmişəm. Mən bu işi çox sevən bir adam idim. Odur ki, həyatımı ancaq bu sahə ilə bağlamışdım. İkincisi də, mən təsəvvür edə bilməzdim ki, respublikaya rəhbərlik edəcəyəm. Çünki mən bu işlərdən çox kənar idim, daim öz peşəmlə məşğul olurdum. Lakin Vəli Axundovu yıxmaq uğrunda mübarizə aparan adamlar sonra da bir-birini yıxdılar. Nəticədə belə oldu ki, artıq Vəli Axundov vəzifədən getməli idi, onların isə heç biri yararlı olmadı. Bir neçə adamla söhbət etmişdilər, amma onlar yararlı olmadılar. Sonra mənə müraciət etdilər. Bilirsiniz ki, mən 69-cu ildə həmin vəzifəyə seçildim.

О vaxtlar Vəli Axundovun öz yerinə təqdim etdiyi adam о qədər də layiqli olmamışdı. Bu həqiqəti də demək lazımdır. О adam sonra bunu etiraf etdi. О da öz yerinə bir adam təqdim etmişdi. Lakin bu adam da qəbul olunmamışdı. Bunu sonra onun özü etiraf etdi.

Bu xəstəlik, yəni bir-birinə mane olmaq, bir-birinə zərər vurmaq, bir vəzifəni tutmaqdan ötrü həmin vəzifədə olan adamın ayağının altını qazmaq xəstəliyi bizdə keçmişdə də olubdur, təəssüf ki, sonralar da olubdur. О vaxtlar bu barədə mənim Vəli Axundovla bir-iki dəfə söhbətim oldu. Bu da tarixdir və bunu da bilmək lazımdır. 1920-ci ildə Nəriman Nərimanov Azərbaycanda Xalq Komissarları Sovetinin sədri olarkən şübhəsiz ki, o, həmin dövrdə ən hörmətli və ən dəyərli bir şəxsiyyət idi. Amma Azərbaycana zidd olan qüvvələr, Moskvadan gəlmiş şovinistlər, həm də Azərbaycanda о vaxt çox böyük vəzifələrdə olan ermənilər Nəriman Nərimanov kimi adamın Azərbaycanda olmasını istəmirdilər.

Ona görə də Nəriman Nərimanovun ətrafında olan о vaxtkı bəzi rəhbər şəxsləri qızışdırıb onun üstünə salmışdılar. Bu, tarixdən məlumdur. Onlar Nəriman Nərimanovun əleyhinə cürbəcür təxribatlar aparırdılar. Əgər onun Moskvaya getməsinə səbəb bir tərəfdən, doğrudan da Sovet İttifaqının Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri vəzifəsinə seçilməsi idisə, digər tərəfdən bu, Nəriman Nərimanovu Azərbaycanda milliliyi möhkəmləndirmək üçün fəaliyyət göstərən bir adamı aradan götürmək məqsədi daşıyırdı.

Yəqin yadınızdadır, dörd-beş il əvvəl mən hansısa qəzetdə oxumuşdum, Məmməd Səid Ordubadi yazmışdı ki, Nəriman Nərimanov Moskvada olarkən bir dəfə Tiflisə gəlmişdi, amma onun oradan Bakıya gəlməsinə burada bəziləri imkan verməmişdi. Deyəsən, o, Dadaş Bünyadzadənin adını çəkirdi. O, Nəriman Nərimanova hətta imkan verməmişdi ki, gəlib burada haradasa çıxış etsin. Bunu tarixçilərimiz bilməlidirlər.

Bu hadisələri, yəni keçmiş tariximizin həmin səhifələrini mən Vəli Axundovla bir neçə dəfə müzakirə etmişdim. O, vəzifədə olan zaman da, ondan sonra mən respublikanın rəhbəri olan zaman da görüşlərimizdə müzakirə etmişdik. О da belə fikirdə idi, mən də belə fikirdə idim ki, biz gərək elə edək, bu daxili çəkişmələrə daha yol verilməsin. Məhz bu daxili çəkişmələrə görə 1920-ci ildən başlayaraq 1934-cü ilə qədər Azərbaycanda birinci rəhbər azərbaycanlı olmadı. Bütün bu daxili çəkişmələrin nəticəsi idi ki, 37-38-ci illərdə bir belə qurbanlar verdik, onlar repressiya qurbanı oldular. О daxili çəkişmələrin nəticəsində 59-cu ildə Azərbaycan haqqında millətçilik damğası ilə bir qərar qəbul edildi. Hörmətli İmam Mustafayev bunları yəqin ki, xatırlayır. O, Azərbaycanın rəhbəri olarkən ona sağdan da, soldan da təxribatlar edirdilər. Bəs nəticədə nə oldu? Nəticə də bu oldu ki, 59-cu ildə qərar çıxararaq hamını işdən götürdülər. Ona görə də mən Vəli Axundovla işlədiyim zaman söhbətlər edərkən ikimiz də eyni fikirdə idik ki, bu hallara son qoyulmasına çalışmalıyıq.

Mən 1982-ci ilin dekabr ayında Moskvaya işləməyə gedərkən burada qalan həmkarlarıma iki tövsiyə etdim: birincisi, çalışın ki, rəhbərlikdə qruplaşma olmasın, çəkişmə olmasın. Azərbaycana düşmən qüvvələr bunlardan istifadə edəcək, Azərbaycana zərbələr vuracaqlar. İkincisi isə, Dağlıq Qarabağ məsələsinə diqqət yetirin. Təəssüf ki, mənim bu tövsiyələrimə riayət etmədilər və nəticədə respublikamız son illər belə ağır vəziyyətə düşdü. Mən bunları bu gün, Vəli Axundovun yubileyi günü ona görə deyirəm ki, onlar tariximiz üçün ümumiyyətlə, əhəmiyyətli faktlardır. Eyni zamanda bunu deməkdə məqsədim Vəli Axundovun işlədiyi 10 il müddətində nə qədər çətinliklərlə, nə qədər problemlərlə rastlaşmasını qeyd etməkdir. Məsələn, о vaxtlar, yəni Vəli Axundov işləyən dövrdə bizim tarixçilər ona iradlar tuturdular ki, Vəli Axundov Azərbaycanın könüllü surətdə Rusiya tərkibinə daxil olmasının 150 illik yubileyini keçirdi və bu da tarixə zidd olan bir haldır. О vaxt burada Vəli Axundovun əleyhinə açıq olmasa da, üstüörtülü cürbəcür çıxışlar olurdu. Mən Vəli Axundovla bu barədə bir-iki dəfə söhbət etmişdim.

Mən onun mövqeyi ilə, izahı ilə tamam razı idim. Hər dövrün bir hökmü var. О mənə deyirdi ki, "Gülüstan" müqaviləsi ilə, Türkmənçay müqaviləsi ilə Azərbaycan parçalanıbdır və bir hissəsi Rusiyanın tərkibinə keçibdir. Biz indi Sovet İttifaqı kimi bir dövlətin tərkibindəyik, Rusiya da bu dövlətdə dominantdır. Belə bir halda о tarixi bu cür təqdim edərək bu beynəlmiləlçiliyi, Rusiya Azərbaycan dostluğunu daha da təbliğ etmək mümkündür.

O, şikayətlənirdi ki, bəzi adamlar bunu ona irad tuturlar. Bir dəfə söhbət əsnasında dedi ki, "Yaxşı, biz burada nə itiririk? Bayram keçirdik. Bu, böyük xalq bayramı idi. Beləliklə, Azərbaycan Respublikasının bayrağında daha bir Lenin ordeni peyda oldu. Biz heç nə itirmədik".

Bilirsinizmi, bu fikrə bəlkə də kimsə yenə də etiraz edə bilər. Ancaq hesab edirəm ki, о dövr üçün, о zaman üçün onun atdığı həmin addım bu gün ona gərək heç də günah sayılmasın. Əgər belə günahlar axtarmalı olsaq, onda hər adamda bir günah tapmaq olar. Şübhəsiz ki, sonrakı dövrdə bu məsələlərin hamısı aydınlaşdı, aşkara çıxarıldı.

Mən bununla bir daha qeyd etmək istəyirəm ki, о dövr ağır, çətin bir dövr olub və Vəli Axundov bütün imkanlardan istifadə edərək Azərbaycana layiqli rəhbərlik edibdir. Vəli Axundovu tanıyan adamlar bilirlər, - mən də onu yaxından tanıyan adamam, - o, çox hazırlıqlı insan idi, geniş dünyagörüşünə malik idi. Öz elmindən, öz sahəsindən savayı, siyasi sahədə çox hazırlıqlı idi. Mədəniyyəti yaxşı bilirdi, tarixlə çox maraqlanırdı, ziyalı və mədəni insan idi, təvazökar idi. O, şəxsi həyatında da, davranışında da təvazökar idi. İnsanlara xoş münasibət göstərirdi. Bəzən deyirdilər ki, çox liberaldır. İşdə liberallıq edirdi, amma görünür, bu da onun xasiyyətinin yumşaqlığından irəli gəlirdi. O, mülayim təbiətli adam idi. Lakin bunların hamısı, ümumiyyətlə, onun obrazını həmişə müsbət bir obraz kimi göstərirdi.

Mənim ona həmişə çox böyük hörmətim olmuşdur. Ailəsi də çox təvazökardır. Mən onun ailəsi ilə tanış idim. Həyat yoldaşı Sara xanım çox təvazökar bir qadındır. Deyə bilərəm ki, Vəli Axundov о vaxt onun ətrafında olan rəhbər şəxslərin hamısından həm biliyinə görə, həm insani mədəniyyətinə görə, həm alicənablığına görə, həm də özünün və ailəsinin təvazökarlığına görə seçilirdi və onların hamısından üstün idi. Mən işləyən vaxt Vəli Axundov bir müddət akademiyada vitse-prezident, sonra isə ömrünün axırına qədər Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru oldu.

Mən bu gün deyə bilərəm ki, ona olan şəxsi insani münasibətimi heç vaxt dəyişmədim, əksinə, o, institut direktoru olarkən, mən isə respublikanın rəhbəri vəzifəsində çalışarkən ona daim qayğı göstərmişəm, həmişə onun problemlərini vaxtında həll etmişəm, onun hər müraciətinə həmişə diqqətlə baxmışam və ona əlimdən gələn köməyi əsirgəməmişəm. Bizdə belədir ki, böyük vəzifədən gedən adamın sonra vəziyyəti ağır olur. Mən özüm belə bir vəziyyəti keçirmişəm. 1987-ci ilin oktyabr ayında mən Moskvada istefa verəndən sonra başıma gələn bəlalar, işlər çoxlarına bəlkə də hələ məlum deyildir. Ancaq bir şey məlumdur ki, ətrafımda olan adamların böyük əksəriyyəti məni unutdu, mən Moskvada, qərib bir yerdə tamam yalqız qaldım və üstəlik də mənə qarşı ədalətsiz hərəkətlər, böhtanlar, cürbəcür çirkin əməllər oldu. Düzdür, bütün bunlar mənim başıma vəzifədən getdikdən sonra gəlibdir. Amma mən indi bu fikri ona görə demirəm ki, bütün bunlar başıma gəlibdir. Mən 69-cu ildə Azərbaycana rəhbər seçiləndə hesab etmirdim ki, vəzifədən gedəndən sonra başıma belə işlər gələcəkdir. Mən hesab edirdim ki, vəzifədə, özü də yüksək vəzifədə olmuş adam vəzifədən getdikdən sonra onun vəziyyətinə həmişə diqqətlə yanaşmalıdırlar. Xüsusən də respublikanın birinci şəxsiyyətinə.

Buna görə də mən respublikada işlədiyim zaman Vəli Axundovla daim əlaqə saxlayırdım, onun bütün məsələlərini, о cümlədən də mənzil məsələsini istədiyi kimi həll etmişdim, göstəriş verirdim ki, institutuna lazım olan maddi-texniki vəsait ayrılsın və ayrılırdı. Onun rəhbərlik etdiyi institut xüsusi bir vəziyyətdə idi və mən ona xüsusi hörmət edirdim.

Ona görə ki, bu şəxs on il Azərbaycana rəhbərlik etmişdir və belələrini heç vaxt unutmaq lazım deyildir və unutmaq da olmaz. Mən Moskvada olarkən Vəli Axundov mənə hərdən-bir məktub da göndərirdi. Məni bayramlar, ayrı-ayrı hadisələr münasibətilə təbrik edirdi. Amma təəssüflər olsun ki, o, həyatdan gedəndən sonra on il müddətində onun xatirəsinə lazımi qayğı göstərilməyib, demək olar, heç bir qayğı göstərilməyibdir. Mən bunu da qeyri-normal hal hesab edirəm. Mən buraya, Azərbaycana dönəndən sonra maraqlandım, indi onun 80 illiyi ərəfəsində bu qərarı qəbul etdim. Bilirsiniz ki, dünən mən sərəncam imzalamışam. Onun işlədiyi institutun adı dəyişdirilib, Uç institut birləşdirilib, artıq о institut dünən verdiyim sərəncamla Vəli Axundovun adını daşıyır. Onun yaşadığı evə xatirə lövhəsi vurulması haqqında qərar qəbul etmişəm. Tibb Universitetində onun adına iki təqaüd təsis etmişəm. Güman edirəm ki, Vəli Axundovun xatirəsinə ictimaiyyətimiz və dövlət tərəfindən qayğı bundan sonra da davam edəcəkdir.

Nitqimin əvvəlində dediyim kimi, mən bu gün buraya çox dərin hisslərlə gəlmişəm, çünki Vəli Axundov kimi bir insanla bir yerdə işləmişəm, onu uzun illər ərzində tanımışam. Eyni zamanda bir Azərbaycan vətəndaşı kimi onun Azərbaycana on il rəhbərlik etməsini çox qiymətli hesab edirəm.

Mən sizin hamınızı bugünkü yubiley münasibətilə təbrik edirəm, ümidvaram ki, Vəli Axundovun xatirəsi hamımızın qəlbində yaşaycaqdır, onun nəcib işləri heç vaxt unudulmayacaq və bir çox alimlərimiz üçün, dövlət xadimlərimiz üçün örnək olacaq, nümunə olacaqdır. Sizi bir daha təbrik edirəm, sizə cansağlığı, səadət, xoşbəxtlik arzulayıram. Sağ olun.