Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin CNN teleşirkətinin müxbirinə müsahibəsi - 25 oktyabr 1995-ci il


Sual: Cənab prezident, sizin həyatınız çox maraqlı olub. Siz Azərbaycanın tarixində müxtəlif hadisələrlə dolu olan və böyük dəyişikliklər gedən onilliklər dövrünü yaşamısınız. Azərbaycanın tam müstəqilliyinin və iqtisadiyyatının uğurla inkişaf etdirilməsi üçün daha hansı dəyişikliklərin həyata keçirilməsini arzu edərdiniz.

Cavab: Birinci onu demək istəyirəm ki, Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mənim indi əsas vəzifəmdir. Bu sahədə çox iş görmək lazımdır. Çünki müstəqilliyi əldə etmək, ola bilər, çətindir, amma onu qoruyub saxlamaq və inkişaf etdirmək bundan da çətindir. Mən Azərbaycanın XX əsrdə keçdiyi tarixi yaxşı bildiyimə görə və onun bir çox hissəsində Azərbaycanda gedən proseslərin iştirakçısı olduğuma görə bunun nə qədər məsuliyyətli olduğunu dərk edirəm. Mənim məqsədim Azərbaycanı hüquqi, demokratik, sivilizasiyalı bir dövlətə çevirmək, Azərbaycanda bütün demokratik prinsiplərin inkişaf etməsi üçün imkanlar yaratmaqdır. Bunlar çoxsahəli işdir. Ancaq bunları etmək üçün Azərbaycan gərək öz müstəqilliyini qoruyub saxlasın.

Lakin bu məsələnin həll olunmasını mürəkkəbləşdirən ən böyük təsiredici cəhət Ermənistan tərəfindən Azərbaycana olan hərbi təcavüzdür. Bu təcavüz nəticəsində Azərbaycanın ərazisinin iyirmi faizi Ermənistan silahlı qüvvələr tərəfindən işğal olunubdur. Həmin torpaqlardan bir milyon vətəndaşımız zorla çıxarılmışdır və onlar qaçqın vəziyyətində çadırlarda yaşayırlar. Biz indi hərbi əməliyyatları dayandırmışıq. Ermənistan ilə Azərbaycan arasında əldə olunmuş saziş əsasında on yeddi aydır ki, atəşkəs rejimində yaşayırıq. Ancaq mənim məqsədim böyük sülhə nail olmaqdan, Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdən ibarətdir. Məqsədimiz işğal olunmuş torpaqlarımızı azad etmək, oranın vətəndaşlarını öz yerlərinə-yurdlarına qaytarmaqdır.

Bununla yanaşı, Azərbaycanda iqtisadi islahatlar keçirmək ölkənin demokratiya yolu ilə getməsi üçün əsas şərtdir. Biz özəlləşdirmə proqramı qəbul etmişik və onu həyata keçiririk, mülkiyyətin özəlləşdirilməsi ilə məşğuluq.

Sual: Bazar iqtisadiyyatı münasibətlərinin qurulması çox çətindir. Ona görə ki, inzibati-amillik sistemində bazar iqtisadiyyatına keçid dövrünü yaşayırsınız. Burada qarşıya çıxan ən böyük çətinliklər, ən böyük vəzifələr nədən ibarətdir?

Cavab: Ən böyük çətinlik ondan ibarətdir ki, insanlar yetmiş il dövlət mülkiyyəti, inzibati-amillik üsul-idarəsi şəraitində yaşayıblar. İnsanların psixologiyasında dəyişiklik etmək lazımdır. Özəlləşdirmə aparmaq üçün gərək dövlət mülkiyyətində olan bütün müəssisələr özəlləşdirilsin. Amma bunu kim özəlləşdirəcək, kim öz vəsaiti ilə alacaq? Bu da böyük bir problemdir. Çünki qanun çərçivəsində vəsaiti olan insanlar indi azdır. Demək, burada bəzi qanun pozuntuları da olacaqdır. Bunların qarşısını almaq lazımdır. Ona görə də özəlləşdirmə iqtisadi islahatların keçirilməsində bizim ən çətin problemimizdir.

Sual: Ölkənizdə özəlləşdirmədə və digər dəyişikliklərin həyata keçirilməsində xarici dövlətlərin, Qərb dövlətləri və şirkətlərinin iştirakının təmin olunması nə qədər əhəmiyyət daşıyır?

Cavab: Buna imkan veriləcəkdir. Amma xarici şirkətlər gəlib burada nə qədər iştirak edəcəklər,-bunu hələ proqnozlaşdıra bilmərəm. Biz bu barədə böyük bir addım atmışıq. Bilirsiniz ki, Azərbaycanın neft yataqlarından müştərək istifadə olunması üçün Qərbin iri neft şirkətləri ilə böyük bir müqavilə imzalamışıq. Onlardan beşi-"AMOKO", "Eksson", "Pennzoyl", "YUNokal", "MakDermott" Amerikanın iri neft şirkətləridir. Başqa neft şirkətləri də var: "Bi-Pi", "Statoyl", "Delta", "LUKoyl", Türkiyə neft şirkəti. Azərbaycan iqtisadiyyatının əsasını neft təşkil edir. Biz otuz il müddətinə müqavilə imzalamışıq, müştərək iş görəcəyik. Bu, bazar iqtisadiyyatına, sərbəst iqtisadiyyata keçməyimiz üçün çox böyük bir addımdır.

Siz eşitdiniz ki, biz bu günlərdə tarixi əhəmiyyət kəsb edən böyük bir qərar, yəni neftin ixracı ilə əlaqədar iki boru kəmərinin çəkilməsi haqqında qərar qəbul etdik. Qərb neft şirkətlərinin marağına tamamilə müvafiq olaraq bir neft kəmərini Şimaldan - Rusiyadan, ikincisini isə Gürcüstandan keçirmək haqqında qərar qəbul etdik.

Sual: Bildiyimə görə, prezident Klinton da sizinlə əlaqə saxlayaraq iki kəmərin çəkilməsi ideyasını dəstəkləyibdir?

Cavab: Bəli, o mənimlə telefonla danışmışdı. Bizim bir neçə məsələyə dair danışığımız oldu. O cümlədən, prezident cənab Bill Klinton iki neft kəmərinin çəkilməsinin məqsədə müvafiq olması haqqında öz fikrini bildirdi. Mən isə bu fikri həyata keçirdim. Yəni bu məsələdə bizim fikirlərimiz üst-üstə düşdü.

Sual: Əgər bu kəmərlərdən biri müəyyən səbəblər üzündən dayandırılarsa, ikinci kəmərin olması Azərbaycanın müstəqilliyinin qorunub saxlanması üçün strateji əhəmiyyətə malik bir məsələdirmi?

Cavab: Bəli, bu, həm Azərbaycanın strateji maraqlarının qorunması üçün əhəmiyyətli bir məsələdir, eyni zamanda Qərb neft şirkətlərinin mənafeyinin təhlükəsizliyini təmin etməkdən ötrü əhəmiyyətli məsələdir.

Sual: Xarici şirkətlər bu birgə neft layihəsindən nə zaman gəlir götürməyə başlayacaqlar? Yoxsa bu barədə danışmaq hələ tezdir?

Cavab: Yox, tez deyil. İlkin neft 1996-cı ilin axırında hasil olunacaqdır. Bu iki neft kəməri də 1996-cı ilin sonunadək çəkilib qurtarmalıdır. Ancaq böyük neftin çıxarılması və ixracı təxminən dörd ildən sonra olacaqdır.

Sual: Əsas neftin çıxarılması üçün əlavə investisiyalara ehtiyac duyulacaqmı, bu neftin hasil edilməsi çətin olacaqmı?

Cavab: Yox, nə qədər vəsait sərf olunacağı müqavilədə göstərilmişdir. Oraya təqribən 8 milyard dollar vəsait qoyulmalıdır.

Sual: Qərb şirkətləri bu nefti azad bazarda sata biləcəklərmi?

Cavab: Bəli, bu neft onlarındır, harada istəsələr, orada da satacaqlar. Neft bölünəcəkdir, bir hissəsi Qərb şirkətlərinin, bir hissəsi isə Azərbaycanındır. Neft kəmərləri ona görə çəkilir ki, Qərb şirkətləri nefti ixrac edib istədikləri ölkəyə sata bilsinlər. Azərbaycan da öz payını ixrac edib satacaqdır.

Sual: Cənab Prezident, sizin regionda daha bir neft yatağı var ki, onun birgə istismarında Qərb şirkətləri iştirak edirlər. Mən "Tengiz" yatağını nəzərdə tuturam. Bu yataq ətrafında danışıqlar uzun müddət davam etməkdədir və hələlik nəzərəçarpacaq nəticələr əldə olunmayıb. Sizdə Azərbaycan neftinin çıxarılması və ixracında hər hansı problemlər gözlənilirmi? Yəni neftdən götürüləcək gəlirin bölüşdürülməsində, yaxud neftin ixracında hər hansı çətinliklər, problemlər ola bilərmi?

Cavab: Elə bir problem yoxdur. Ancaq "Tengiz" yatağından çıxarılacaq neftin ixracı üçün Gürcüstandan keçəcək neft kəmərindən istifadə oluna bilər. Neft kəmərləri, xüsusən Gürcüstandan keçəcək neft kəməri haqqında qərarımız təkcə özümüz üçün yox, eyni zamanda Qazaxıstan neftinin - "Şevron" şirkətinin "Tengiz" yatağından çıxaracağı neftin ixracı üçün çox yararlı olacaqdır.

Müxbir: Cənab Prezident, biz sizə bu neft işini uğurlu başa çatdırmağı və ölkənizin müstəqilliyinin qorunub saxlanılmasında böyük müvəffəqiyyətlər arzulayırıq.

Cavab: Təşəkkür edirəm. Ancaq sizinlə görüşümdən istifadə edib onu da demək istəyirəm ki, biz noyabrın 12-də müstəqil Azərbaycanın ilk parlamentinə seçkilər keçirəcəyik. Sizin vasitənizlə dünyaya bildirmək istəyirəm ki, bu seçkilər tam demokratik şəraitdə keçiriləcəkdir. Bütün partiyaların, bütün vətəndaşların bu seçkilərdə iştirak etmələri üçün imkanlar yaradılıbdır, hər bir vətəndaşın, hər bir partiyanın hüququ qorunacaqdır. Bu da demokratiya yolunda bizim atdığımız böyük bir addımdır. Noyabrın 12-də biz ümumxalq referendumu vasitəsilə Azərbaycanın yeni, demokratik konstitusiyasını qəbul edəcəyik. Güman edirəm, bunlar hamısı Azərbaycan Respublikasında demokratiyanın nə cür inkişaf etməsi haqqında sizin dinləyicilərdə yaxşı təəssürat yarada bilər.

Müxbir: Cənab Prezident, mən əminəm ki, sizdə keçiriləcək parlament seçkilərini dünya çox maraqla, diqqətlə izləyir. Sizə bir daha müvəffəqiyyət arzulayıram. Sağ olun.

H.Əliyev: Təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 27 oktyabr 1995-ci il.

Tarixi arayış