Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İKT-nin üzvü olan ölkələrin VIII zirvə görüşündə xarici və yerli jurnalistlərin suallarına cavabları - Tehran, 11 dekabr 1997-ci il


Sual: Siz İran tərəfinin Xəzərin sektora bölünməsinə razılıq verəcəyinə inanırsınızmı?

Cavab: Bilirsiniz, mən deyə bilmirəm ki, inanıram, ya inanmıram. Hər bir ölkənin özünün siyasəti, maraqları var. Ancaq mən ona inanıram ki, gələcəkdə Xəzər dənizinin mineral ehtiyatlarından istifadə etmək üçün onun sektorlara bölünməsinin alternativliyi yoxdur. Mən hesab edirəm ki, bütün Xəzəryanı ölkələr bu prinsipin üzərində dayanmalıdırlar. Nə üçün? Ona görə yox ki, bu bizim üçün əlverişlidir. Yox. Bu prinsip hər bir ölkə üçün Xəzər dənizinin mineral ehtiyatlarından səmərəli istifadə etməyə ən gözəl şərait yaradan prinsipdir.

Sual: Sizcə, Azərbaycan neftinin nəqli üçün kəmərin İrandan keçməsinə imkanlar varmı və bundan ötrü hansı şərait mövcud olmalıdır?

Cavab: Bizim neft kəmərinin İrandan keçməsi haqqında hələ ki, danışıqlar aparmamışıq. Ancaq bilirsiniz ki, Xəzər dənizinin Azərbaycan sektoru üzrə artıq bir neçə müqavilə imzalanıb və gələcəkdə bunlar nəzərdə tutulduğundan da çox neft və qaz əldə etmək perspektivi açıbdır. Ona görə də bir yox, bir neçə kəmər ola bilər. Çünki Azərbaycan sektoru ilə yanaşı, güman edirəm ki, Xəzər dənizinin digər sektorlarında - Qazaxıstan sektorunda da, Türkmənistan sektorunda da, başqa sektorlarda da neft hasil etmək imkanları var. Bir halda ki, Xəzər dənizində bu qədər neft hasil olunacaq, bunu dünya bazarına aparmaq lazımdır. Dünya bazarlarına aparmaq üçün də cürbəcür yollar, - əgər onlar iqtisadi və təhlükəsizlik cəhətdən əlverişli olarsa, - məqbul ola bilər.

Sual: Siz prezident Xatəmi ilə söhbətinizdə İranın Ermənistana dəstək verməsi mövzusuna toxundunuzmu?

Cavab: Bu mövzu bizi daim narahat edir. Biz bunu dəfələrlə bəyan etmişik və öz narazılığımızı gizlətmirik. Çünki Ermənistan Azərbaycana qarşı hərbi təcavüz edib, Azərbaycanın torpaqlarının 20 faizini işğal edibdir və bir neçə ildir ki, onları işğal altında saxlayır. Bir milyondan çox qaçqın artıq beş il keçibdir ki, çadırlarda yaşayır. Ona görə də əgər Ermənistana işğalçılıq siyasətini davam etdirmək üçün kim yardım edirsə, şübhəsiz ki, o, bizim tərəfimizdən bəyənilə bilməz.

Məsələn, bilirsiniz ki, Rusiyanın Ermənistana gizli olaraq bir milyard dollar dəyərində silah verməsi haqqında bu ilin əvvəlində məlumat yayıldı. Məlumatı da Rusiyanın öz rəsmi dövlət orqanları açdılar, yaydılar. Biz dəfələrlə Rusiyaya öz narazılığımızı bildirmişik, məktublar yazmışıq, protest vermişik və etirazımızı bildirmişik.

İran bizim üçün dost, qonşu, qardaş ölkədir. İranın Ermənistanla həddindən artıq sıx əlaqə saxlaması və bəzən bunun Azərbaycanla olan əlaqəsindən daha da çoxtərəfli olması, şübhəsiz ki, bizi narahat edir və biz bunu daim deyirik.

Sual: İslam həmrəyliyi çərçivəsində indi bu, aradan qaldırılacaqmı?

Cavab: Bu məsələ müzakirə olunmur. Ancaq çox güman ki, İslam Konfransı Təşkilatının VIII zirvə görüşü Ermənistanın Azərbaycana təcavüzü haqqında qətnamə qəbul edəcəkdir.

Sual: ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin nəticəsizliyi məsələsini Kopenhagen görüşündə necə qoymaq fikrindəsiniz?

Cavab: Mən hələ hesab etmirəm ki, nəticəsizdir. ATƏT-in son təklifləri mövcuddur, biz onu qəbul etmişik. Ermənistanın rəhbərliyi, yəni onun prezidenti də bunu qəbul edibdir. ATƏT-in Minsk qrupunun həmsədrləri bizə bildirdilər ki, Dağlıq Qarabağ hələ bunu qəbul etməyibdir. Onlar da Dağlıq Qarabağla iş aparırlar ki, bunu qəbul etsin, çünki Dağlıq Qarabağ üçün də ondan yaxşı təklif ola bilməz. Ona görə də güman edirəm ki, onlar öz işlərini aparacaqlar və ATƏT-in Minsk qrupu həmsədrlərinin işi nəticəsiz deyildir.

Sual: Cənab prezident, Siz Elçibəyin son təkliflərini necə qəbul edirsiniz?

Cavab: Mən Elçibəyin elə bir ağlabatan təklifini görməmişəm. Ona görə də hansı sondur, hansı əvvəlkidir, mən onları bilmirəm.

Sual: Yeni Azərbaycan Partiyasının toplantısında müxalifət tərəfindən birinci addım atılmasından danışıldı. Bu, necə addım ola bilər?

Cavab: Bilirsiniz, bunu bir balaca başqa cür formalaşdırıblar ki, guya birinci addım. Mən belə deməmişəm. Mən sadəcə demişəm ki, hər bir demokratik ölkədə müxalifət olmalıdır. Müxalifət olmasa demokratiya olmaz, müxalifət olmasa söz azadlığı olmaz, siyasi plüralizm olmaz. Müxalifət olmalıdır. Eyni zamanda onu da demişəm ki, müxalifət gərək müxalifət mədəniyyətini mənimsəsin. Dünyada heç bir şey göydən düşmür. Hər bir şeyi insanlar, cəmiyyət yaradır. Demokratiyanı da bir vaxtlar insanlar yaradıblar və inkişaf etdirirlər, ən inkişaf etmiş ölkələr onu daim inkişaf etdirirlər.

Azərbaycanda demokratiya gəncdir, yəni beş-altı yaşı var. Demokratik ölkəmiz də gəncdir və Azərbaycan cəmiyyətindəki müxalifət də gəncdir. Şübhəsiz ki, bəzən gəncin o qədər də biliyi, təcrübəsi olmur. Ancaq həqiqətən öz yerini tutmaq istəyirsə, - məsələn, dövləti də deyirəm, müxalifəti də deyirəm, - gərək dünya təcrübəsindən istifadə etsin, öz daxili xüsusiyyətlərini nəzərə alaraq inkişaf etsin və təkmilləşsin. Mən bunu həm dövlətə, həm də müxalifətə aid edirəm. Biz dövlət olaraq bunu edirik. Ancaq məndə belə fikir var ki, müxalifət 1989-90-cı illərin səviyyəsində qalıbdır, ondan yuxarıya qalxa, inkişaf edə, dünyanın müxalifət mədəniyyətini, müxalifət təcrübəsini mənimsəyə bilməyibdir, iqtidar-müxalifət münasibəti nədir - bunun həm təcrübəsini, həm mədəniyyətini qavraya bilməyibdir. Bilirsiniz, bu, bir mədəniyyətdir, elmdir. Bunu edə bilməyəndə onlar cığallıq, qanunsuz hərəkətlər edirlər və cürbəcür pis işlər görürlər, ona görə də bəzən əziyyət çəkirlər. Mən istəmirəm belə olsun. Ona görə mən demişəm ki, müxalifət birinci addımı atsın. Demişəm ki, müxalifət iqtidar-müxalifət mədəniyyətini mənimsəməlidir. Biz də çalışırıq bunu edək və edirik. Əgər mən bu sözləri deyirəmsə, demək, biz bunu müəyyən qədər mənimsəyə bilmişik. Müxalifət iqtidarla öz münasibətlərini normal, dünya təcrübəsi, sivilizasiyası səviyyəsində qurmalıdır. Piket, silah, güc müxalifətinin Azərbaycanda vaxtı keçdi. Bilirsiniz ki, biz onları aradan götürdük. Əgər siz diqqət yetirsəniz, güman edirəm, razı olarsınız ki, bu illərdə bizim ən böyük nailiyyətimiz ondan ibarətdir ki, Azərbaycan cəmiyyətini Azərbaycan xalqına, ölkəsinə, hər bir insana çox zərər verən bu pis xüsusiyyətlərdən, xasiyyətlərdən xilas etdik.

Mən bu baxımdan demişəm. Belə olan surətdə müxalifət mədəni bir müxalifət olacaq, biləcək ki, iqtidarla nə cür davranmaq lazımdır. İqtidar da onun bu səviyyəyə qalxdığını görəndə, şübhəsiz ki, normal, səmimi, milli mənafelərə uyğun olan, ancaq eyni zamanda müxalif fikirləri qiymətləndirəcəkdir. Məsələn, mən indi onların fikirlərinin çoxuna heç fikir vermirəm. Çünki görürəm ki, onların dalında nə durur. Amma mən görsəm ki, onların fikirlərinin dalında həqiqətən milli mənafe, millət, ölkə, dövlət dərdi durur, onda hər bir adamın fikri bizim üçün əhəmiyyətli olar.

Sual: Siz Türkmənistan prezidenti Niyazov ilə görüşdünüz və yəqin ki, Xəzərdəki mübahisəli neft yataqları barədə söhbət getdi. Bu haqda nə deyə bilərsiniz, məsələni həll etdinizmi?

Cavab: Bəli, mən prezident Niyazov ilə görüşdüm. Biz qonşuyuq, problemlərimiz çoxdur. Biz xüsusən beynəlxalq təşkilatlara, toplantılara gəlməyimizdən istifadə edərək tez-tez görüşürük. Dünən də belə bir imkan oldu və mən onunla görüşdüm. Biz ikitərəfli münasibətlərimizlə bağlı bir neçə məsələni, o cümlədən Türkmənistanla Azərbaycan arasında süni surətdə yaradılmış mübahisə haqqında məsələni müzakirə etdik. Bir halda ki, belə bir məsələ ortaya çıxıb və artıq mübahisə mövzusuna çevrilibdir, biz - iki prezident razılığa gəldik ki, Türkmənistan-Azərbaycan birgə işçi qrupu yaradaq. O, mübahisə xarakterli məsələləri - Türkmənistanın, Azərbaycanın qaldırdıqları məsələləri nəzərdən keçirsin, sonra isə özünün qəti fikirlərini, təkliflərini bizim müzakirəmizə təqdim etsin. Biz belə qərar qəbul etmişik və mən bu işə başçılıq etməyi xarici işlər nazirinə tapşırmışam.

Sual: Həmin komissiyanın işinin nəticələri bütün beş dövlət barəsində Xəzərin statusu məsələsini həll etmək üçün əsas ola bilərmi?

Cavab: Bilirsiniz, Xəzərin statusu ona görə həll olunmayıb ki, Türkmənistan ilə Azərbaycan arasında mübahisə var idi. Qeyd edim ki, Xəzərin statusu haqqında məsələ ilk dəfə 1994-cü ilin payızında - Azərbaycan bir çox xarici şirkətlərlə "Əsrin müqaviləsi" adı almış müqavilə bağladıqdan sonra qaldırılmışdır. Bundan sonra bəzi ölkələrin müəyyən dairələrində Xəzər dənizinin statusunu müəyyənləşdirməyin zəruriliyi barədə məsələ qaldırdılar. Yəni bu, köhnə məsələdir. O ki qaldı Türkmənistanın iddialarına, bunlar yaxın vaxtlarda, bu ilin yayında meydana çıxıbdır.

Jurnalist: Məncə, mayda.

Heydər Əliyev: Yox, istəyirəm biləsiniz, - mayda mən Aşqabadda EKO-nun sessiyasında olanda bu məsələ əsla yox idi. Mən orada iki gün qaldım, prezident Niyazov ilə görüşdüm. Heç kəs mənə bu sualı vermədi. Türkmənistan prezidenti də bu barədə mənə heç bir şey demədi. Bu məsələ sonradan, iyulun əvvəlində, özü də bizim üçün gözlənilmədən qalxdı. Biz indiyədək də gümanla başa düşürük ki, bu nə ilə əlaqədar edilmişdir. Hər halda edilmişdir.

Xəzərin statusu haqqında məsələ üç ildir müzakirə olunur, Türkmənistanla mübahisə isə yarım ildir meydana çıxıbdır. Bunlar bir-biri ilə bağlı deyildir.

Sual: Bəs nə ilə əlaqədar meydana çıxmışdır?

Cavab: Bunu Türkmənistandan soruşmaq lazımdır.

Sual: Sizin buradakı nitqinizin mətni yayılmışdır və təbii ki, onun xeyli hissəsi Qarabağ üstündə Ermənistan ilə münaqişəyə həsr edilmişdir. Prinsip etibarilə siz zirvə görüşündə islam ölkələrindən həmrəylik, yoxsa daha ciddi addım gözləyirsiniz? Sizin nitqinizdə həmçinin deyilir ki, Ermənistan regionun ölkələri üçün təhlükə törədir. Bu isə Ermənistanın hərbi cəhətdən güclənməsinin daha geniş təfsiri deməkdir.

Cavab: Mən bunu onunla əlaqədar demişəm ki, Ermənistan Rusiyadan qanunsuz olaraq, gizli surətdə bir milyard dollarlıqdan çox silah, hərbi sursat, texnika almışdır və avqustun 29-da Rusiya ilə Ermənistan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalanıb və onun bir sıra bəndləri çox sıx hərbi əməkdaşlığı nəzərdə tutur. Şübhəsiz ki, bu, bizi narahat edir, biz öz narahatçılığımızı gizlətmirik. Mən bu barədə Kişinyovda MDB ölkələri dövlət başçılarının görüşündə demişəm, Boris Nikolayeviç Yeltsinə bu haqda məktub yazmışam, Rusiyaya rəsmi nota vermişik. Biz Ermənistan ilə Azərbaycan arasındakı münaqişə aradan qaldırılmayınca, Rusiya-Ermənistan müqaviləsinin bu bəndlərinə etiraz edirik. Çünki münaqişənin mövcud olduğu, Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi, ABŞ və Fransa ilə birlikdə Rusiya Minsk qrupunun həmsədri kimi, münaqişənin sülh vasitəsilə həlli ilə məşğul olduğu bir vaxtda Rusiyanın Ermənistana silah göndərilməsini və s. nəzərdə tutan hərbi əməkdaşlıq haqqında müqavilə imzalanması tamamilə qeyri-normaldır. Biz buna biganə qala, bundan narahat olmaya bilmərik. Səbəb bunlardır.

Zirvə görüşündən nə gözlədiyimə gəldikdə isə, Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən və Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən bir sıra müddəaları olan qətnamə layihəsi var.

Tarixi arayış