Azərbaycan Respublikasının Prezidenti Heydər Əlieyevin Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin İstanbulda keçiriləcək biznes konfransında iştirak etmək üçün Türkiyəyə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərə müsahibəsi - 28 aprel 1997-ci il


Bildiyiniz kimi, İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının biznes konfransı keçirilir. Bu, çox əhəmiyyətli bir toplantıdır, çünki bu dəfə Qara Dəniz hövzəsi ölkələri ilə iqtisadi əməkdaşlıq çərçivəsində ən çox xüsusi şirkətlərə, biznes nümayəndələrinə yer verilir. Bu ölkələrin bir çox dövlət başçıları, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Birləşmiş Millətlər Təşkilatının və bir sıra digər beynəlxalq təşkilatların nümayəndələri toplantıda iştirak edəcəklər. Hətta Qərb ölkələrindən, o cümlədən ABŞ-dan da iş adamları gəlmişlər. Ona görə də toplantıda Azərbaycan da təmsil olunur, orada respublikamızın da nümayəndə heyəti var. Ancaq Türkiyə prezidenti cənab Süleyman Dəmirəl mənə müraciət edərək dedi ki, mənim də oraya gəlməyim münasib olar, lazımdır, çünki bir neçə başqa ölkənin də prezidentləri oraya gəlirlər. Bu, birgünlük səfərdir, axşam vətənə dönəcəyəm. Mən bu səfəri əhəmiyyətli hesab edirəm. Biz bütün imkanlardan istifadə edib iqtisadiyyatımızın inkişafı və xarici sərmayənin cəlb olunması, bazar iqtisadiyyatının inkişaf etdirilməsi sahəsində yeni-yeni işlər görmək istəyirik.

Sual: Konfransda Azərbaycandan keçəcək nəqliyyat yolları layihələrinin, yəni Traseka layihəsinin maliyyələşdirilməsi məsələsi müzakirə ediləcəkmi?

Cavab: Ola bilsin ki, bu barədə məlumatlar veriləcək, lakin məsələ müzakirə edilib hər hansı qərar qəbul olunmayacaqdır. Bununla yanaşı, bu layihələr, xüsusən kommunikasiya layihələri, elektrik enerjisi sistemlərinin, habelə Avropa və Asiya qitələrinin bu cür sistemlərinin birləşdirilməsi və Xəzər dənizindən enerji daşıyıcılarının nəqli məsələləri də orada müzakirə olunacaq, yəni bu barədə fikir mübadiləsi ediləcəkdir. Ola bilər ki, müəyyən layihələr də müzakirəyə çıxarılsın. Orada yeni bir qərar qəbul etmək nəzərdə tutulmayıb, ancaq bu məsələlərin irəlilədilməsi üçün, inkişaf etdirilməsi üçün fikir mübadiləsi, müzakirələr lazımdır, çox əhəmiyyətlidir.

Tarixi arayış

MÜSAHİBƏLƏR