Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bəyanatı - 13 avqust 2001-ci il


Hörmətli vətəndaşlar!

Ölkəmizin ictimaiyyətini və məni narahat edən bir hadisə ilə əlaqədar öz münasibətimi bildirmək istəyirəm. Bir neçə gün bundan öncə "Etimad" qəzetində Azərbaycanın dini rəhbəri, Qafqaz Müsəlmanlarının Şeyxülislamı Allahşükür Paşazadənin ünvanına təhqirli yazılar yazılıbdır. Biz bu yazılarla əlaqədar ölkəmizin ictimaiyyətinin müxtəlif təbəqələrinə mənsub olan şəxslərdən yüzlərlə məktublar almışıq. Bütün məktublarda insanlar belə bir hadisə ilə əlaqədar öz hiddətlərini bildirirlər və mənə, Azərbaycan prezidentinə müraciət edirlər ki, Azərbaycanın dini rəhbəri Şeyxülislamı təhqir edən qəzet cəzalansın. Mən bütün bu fikirlərlə razıyam.

Azərbaycanda söz azadlığı, mətbuat azadlığı demokratiyanın əsas prinsiplərindən biri olaraq, tam bərqərar olunubdur. Ancaq təəssüflər olsun ki, bəzi qəzetlər, ayrı-ayrı şəxslərə mənsub olan qəzetlər, yaxud müstəqil dəzetlər, müxtəlif partiyalara mənsub olan qəzetlər Azərbaycanın Konstitusiyasının, Azərbaycanın qanunlarının mətbuat azadlığı, söz azadlığı haqqında yaratdığı şəraitdən sui-istifadə edirlər. Biz qəzetlərdə cox tez-tez ayrı-ayrı insanların təhqir olunması, onların haqqında böhtanlar, yalanlar yazılmasının şahidiyik. Mənim özümü də, Azərbaycan prezidentini də bəzi hallarda təhqir edirlər, mənə böhtanlar atırlar. Mənim haqqımda müxtəlif uydurmalar yayırlar. Ancaq mən bunlara dözürəm. Dözürəm ona görə yox ki, mən bunlara qarşı qanun çərçivəsində tədbir görə bilmərəm. Ona görə ki, mən belə yazıların müəlliflərinin hərəkətlərini Azərbaycanın mənəviyyatına, Azərbaycanın dövlətçiliyinə zidd hərəkətlər kimi qəbul edirəm.

Azərbaycan prezidenti Azərbaycan dövlətinin simvoludur. Azərbaycanın dini rəhbəri bizim müsəlman dinimizi nəinki Azərbaycanda, bütün Qafqazda təmsil edən ən yüksək vəzifəli şəxsdir. Əgər Azərbaycanın dini rəhbəri bütün Qafqaz müsəlmanlarının Şeyxülislamı adını alıbsa, demək, bu bizim üçün böyük iftixar hissidir. Məlumdur ki, cənab Allahşükür Paşazadə tutduğu bu vəzifədə 20 ildən artıqdır xalqa sədaqətlə xidmət edir, Azərbaycanın xarici siyasətində özünəməxsus imkanlardan istifadə edərək iştirak edir və Azərbaycanın dövlətçiliyinə xidmət edir. Onun haqqında bu cür əxlaqsız, mənəviyyatsız sözlərin yazılması bunun müəlliflərinin və o qəzetin nə qədər düşgün vəziyyətdə olduğunu nümayiş etdirir.

Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir. Əgər insan mənsub olduğu millətin milli-mənəvi dəyərlərini anlaya bilmirsə, yaxud onları qəsdən təhrif edirsə, əgər vəziyyət o dərəcəyə çatırsa ki, hətta Azərbaycanın dini rəhbəri təhqir olunur, onda, təbiidir ki, bu bizi narahat etməlidir. Mən bunu nə üçün deyirəm? Çünki bu, indi Şeyxülislama yönəldilmiş bir təhqirdir. Amma, ümumiyyətlə, təhqir, yalan, böhtan bizim bir çox mətbuat orqanlarında adi hala çevrilibdir. Nə məqsəd daşıyırlar? Ölkədə, insanlarda müxtəlif fikir formalaşdırmaq. Buna nail ola bilməyəcəklər!

Azərbaycan artıq bu il öz müstəqilliyinin onuncu ilini qeyd edəcəkdir. Son 8 ildə Azərbaycanda yaranmış ictimai-siyasi sabitlik, xalqın rifah halının günü-gündən yaxşılaşması, iqtisadiyyatın inkişaf etməsi, şəhərlərimizin, kəndlərimizin, yaşayış yerlərimizin abadlaşması və inkişaf etməsi tam təsdiq edir ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır və yaşayacaqdır. Hər bir vətəndaşın borcu bu istiqamətdə xalqına xidmət etməkdən ibarət olmalıdır. Ancaq bəziləri, təəssüflər olsun – indi mən belə fikrə gəlməyə məcburam – nə xalq, nə millət, nə də mənəviyyat haqqında düşünürlər. Yəqin ki, onlar bu yollarla hansısa qazanc əldə etmək məqsədi daşıyırlar. Belə qazanılan vəsait də, təbii ki, halal olmaz, bizim millətin gözəl sözü var – haram olar. Yaxud da, sadəcə, ya özləri, onların arxasında duran qüvvələr, ya da xaricdən hansısa qüvvələr Azərbaycanda təxribat etmək və Azərbaycanda millətimizin milli-mənəvi dəyərlərini ləkələməyə çalışırlar. Ona görə də mən bu hadisəyə kəskin etirazımı bildirirəm, hiddətlənmişəm və cəmiyyətimizdə bu məsələ ilə əlaqədar yaranmış hiddətə tam təbii qiymət verirəm. Düşünürəm ki, bu barədə qanun çərçivəsind ölçülər götürülməlidir.

Mən Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə telefonla danışmışam. O mənə bildirib ki, məhkəməyə veribdir. Güman edirəm ki, məhkəmə də ədalətli qərar çıxaracaqdır. Bu fürsətdən istifadə edərək, bir-iki məsələyə də toxunmaq istəyirəm. O da ondan ibarətdir ki, biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik. Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Heç vaxt iki xalq bir-birinə bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhvali-ruhiyyədə tərbiyələndirməliyik. Amma bunun əvəzinə, bizim cəmiyyətimizdə bəzi qüvvələr buraxdıqları ayrı-ayrı qəzetlərlə, jurnallarla xalqımızın içərisində, xüsusən gənclərin içərisində pozuculuq işləri ilə məşğuldurlar.

Yəqin ki, ictimaiyyətə məlumdur. Bir neçə belə qəzetlər, bir neçə belə jurnallar harada çıxır, kim çıxarır, nə məqsəd daşıyır. Nə məqsəd daşımağı məlumdur. Amma başqa şeylər, mən bu gün soruşurdum, bizim dövlət orqanlarına məlum deyildir. Bu, bir tərəfdən, bizim Azərbaycanda azadlığın nə qədər yüksək dərəcədə olduğunu göstərir, amma eyni zamanda, onu göstərir ki, ölkəmizin ictimaiyyətinin müxtəlif təbəqələrinə mənsub olan şəxslər, bəzi adamlar verilmiş bu azadlıqdan öz şəxsi mənafeləri, şəxsi məqsədləri üçün sui-istifadə edirlər. Ya anlamırlar, ya da anlayaraq bizim xalqımızın mənəviyyatını, əxlaqını və xüsusən gənclərin əxlaqını pozmağa cəhd göstərirlər. Vaxtilə, bir neçə il bundan öncə mən bu barədə fikrimi bildirmişdim.

Bakıda fəaliyyət göstərən bəzi gecə klublarında səhərə qədər müxtəlif oyunlar, əyləncələr təşkil edilir və çox vaxt da bu əyləncələr ifrat dərəcəyə gəlib çatır. Bütün Azərbaycan xalqının əxlaqına, mənəviyyatına zidd forma alır və beləliklə də, bizim gənclərimizin bir hissəsinin əxlaqı pozulur. Bu, dəhşətli bir şeydir. Ölkəmizin dərdi var, bu, ümumi dərddir. O da Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və xüsusən bu torpaqlardan didərgin düşmüş, çadırlarda yaşayan insanların öz yerlərinə-yurdlarına qaytarılması dərdidir. Hələ ki, bunun mümkün olmadığı halda onların o çadırlarda minimum yaşayışını təmin etmək – bunlar bizim ümumi dərdimizdir. Amma bir qütbdə həddindən artıq zənginləşmiş, bəzi hallarda qanunsuz zənginləşmiş, öz vəzifələrindən sui-istifadə edərək zənginləşmiş, harınlaşmış insanlar və onların övladları eyş-işrət içərisindədir, o biri tərəfdən, çadırlarda yaşayan insanlar inildəyirlər, nə qədər əziyyətlər çəkirlər. Hər bir vətənpərvər insan düşünməlidir ki, əgər mənim xalqımın bir hissəsi belə ağır vəziyyətdədirsə, mən bu qədər harınlaşmamalıyam. Amma harınlayanlar, bəzi zənginləşmiş adamlar var.

Biz insanların bəzilərinin bizneslə məşğul olaraq zənginləşməsinin əleyhinə deyilik. Ancaq bizə o da məlumdur ki, Avropanın, Amerikanın ən zəngin insanları birinci növbədə mənəviyyatı qoruyurlar. Onlar nə qədər zəngin olsalar da, milyardlarla dolların, böyük işlərin sahibi olsalar da heç vaxt mənəviyyatsız yola getməzlər. İnsanlar varlandıqdan, zənginləşdikdən sonra, xalqına, dövlətinə daha yaxşı xidmət etmək barədə düşünməli, daha çox iş görməlidir. Əldə etdiyi vəsaitlə yeni işlər görüb Azərbaycanın iqtisadiyyatını inkişaf etdirməlidir. Amma təəssüf ki, bəziləri özləri də, övladları da əxlaqsızlığa, mənəviyyatsızlığa yol verirlər. Bəziləri bizim gənc qızlarımızı yoldan çıxarırlar, onları əxlaqsızlığa sövq edirlər. Bunların hamısı bizim yeni bəlalarımızdır. Bu bəlalarla mübarizə aparmaq lazımdır.

Mən bu gün şəhər icra hakimiyyətinin başçısı Abutalıbova və Daxili İşlər naziri Usubova bu barədə lazımi göstərişlər vermişəm. Lazım olan ölçülər götürülməli və bütün bunların hamısına son qoyulmalıdır. Bizim məqsədimiz xalqımızın mənəviyyatını qorumaq və zənginləşdirməkdir. Ayrı-ayrı jurnallarda, qəzetlərdə pornoqrafiya səviyyəsində fotoşəkillər nümayiş etdirənlər nə düşünürlər? İndi ən inkişaf etmiş Avropa ölkələrində, Amerikada, başqa ölkələrdə belə şeylər yoxdur. Vaxtilə, nə vaxtsa olubdur. Amma indi belə şeylər yoxdur. Orada mənəviyyat çox yüksək səviyyədədir. Amma biz, bu barədə tamamilə başqa mentalitetə malik olan xalqımız indi bir neçə il içərisində bəzi adamların pozğun hərəkətlərinə məruz qalmışıq. Biz buna dözə bilmərik. Biz bunların hamısının qarşısını alacağıq. Ona görə də mən bu fikirlərimi cəmiyyətə bildirmək üçün bu gün televiziya və radio qarşısında çıxış edirəm. Güman edirəm ki, cəmiyyət mənim bu fikirlərimin tərəfdarı olacaqdır və hərə öz yerində bu cür mənəviyyatsız hərəkətlərin qarşısını almağa çalışmalıdır.

Bizim millətimizdə, xalqımızda, azərbaycanlılarda namus, qeyrət həmişə ən yüksək keyfiyyət hesab olunubdur. Amma namusunu, qeyrətini, şərəfini alçaldan insanlar özləri-özlərini bu uçuruma salırlarsa, artıq başqalarının da mənəviyyatını pozurlar. Biz bunlara dözə bilmərik və xalqımız da dözməməlidir. Təəssüflər olsun ki, bizim cəmiyyətimizdə çoxları bunu görür, amma buna münasibətini bildirmir. Yaxud da ki, üzünü o tərəfə döndərir: "mənə nə dəxli var". Bu desə ki, "mənə nə dəxli var", o desə ki, "mənə nə dəxli var", o birisi desə ki, "mənə nə dəxli var", onda bizim millətimiz ayrı-ayrı təxribatçıların əli ilə get-gedə, əlbəttə ki, çox böyük çətinliklərlə rastlaşacaqdır.

Azərbaycanın prezidenti kimi, mən bu barədə qəti fikrimi bildirirəm. Bir də bəyan edirəm ki, biz Azərbaycanda demokratiyanın bütün tələblərini tətbiq etmişik və edəcəyik. Ancaq Azərbaycanın milli-mənəvi dəyərlərinə qarşı, Azərbaycanın milli mentalitetinə qarşı yönəldilmiş hərəkətlərin hamısının qarşısı alınacaqdır və qanun çərçivəsində lazımi ölçülər götürüləcəkdir. Bu sözləri deyərək mən bir daha Azərbaycan xalqına, Azərbaycanın vətəndaşlarına müraciət edirəm ki, hər bir insan vətəndaşlıq borcunu ən yüksək borc hesab etsin. Hər bir insan özü öz mənəviyyatını qorusun. Əgər görəndə ki, haradasa mənəviyyat pozulur, onun qarşısını alsın. Onun axarında getməsin. Pornoqrafiya halına düşmüş bəzi qəzetlər, jurnallar burada nəşr olunur və ayrı-ayrı adamlar tərəfindən alınır. Amma əgər onu nəşr edənlər bilsələr ki, bunlar alınmır, onlar nəşr etməzlər. Çünki onlar zərərə düşəcəklər, pul itirəcəklər və onda da belə şeylər olmazdı. Ona görə də mən həmin o şəxslərə də müraciət edirəm ki, düşünsünlər: onlar Azərbaycan xalqına məxsusdurlar. Azərbaycan xalqının milli-mənəvi dəyərləri onları bugünkü günə gətirib çıxarıbdır. Bunlara xəyanət etmək olmaz. Bu sözləri deyərək mən xalqımıza müraciət edirəm, Azərbaycan xalqını çağırıram ki, bizi narahat edən bu nalayiq və cəmiyyətimiz üçün təhlükəli olan halların qarşısının alınması üçün hərə öz səyini göstərsin. Sağ olun.