Hörmətli xanımlar və cənablar!
Siz Azərbaycan dövlətinin yüksək mükafatları - ordenlərlə təltif olunmusunuz. Mən böyük məmnuniyyətlə bu yüksək mükafatları sizə təqdim edirəm. Sizə cansağlığı, xoşbəxtlik və bütün işlərinizdə uğurlar arzulayıram.
Mərhum akademik Ziya Bünyadovun layiq görüldüyü "İstiqlal" ordenini alimin həyat yoldaşı Tahirə xanıma təqdim edirəm.
Tahirə xanım Bünyadova: Əziz Heydər Əliyeciç, Ziya Bünyadovun xatirəsinin əbədiləşdirilməsinə görə ailəmiz adından və şəxsən öz adımdan Sizə təşəkkürümü bildirirəm.
Bakıda prospektlərdən birinə, respublika Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna Ziya Bünyadovun adı verilmiş, Ziya Bünyadov adına təqaüd təsis edilmiş, onun yaşadığı evə xatirə lövhəsi vurulmuş, qəbri üstündə gözəl bir abidə qoyulmuşdur.
Cənab prezident, mən Sizə ürəkdən təşəkkür edirəm. Ziyanın xidmətlərinə yüksək qiymət verərək onu respublikanın ən yüksək ordeni ilə təltif etdiyinizə görə minnətdarlığımı bildirirəm. Sizə cansağlığı, gümrahlıq, xoşbəxtlik arzulayıram. Əziz Heydər Əliyeviç, heç bir günümüz Sizsiz olmasın.
Heydər Əliyev: Görkəmli sənətkar, xalq artisti Leyla Bədirbəyliyə "İstiqlal" ordeni təqdim edirəm!
Leyla Bədirbəyli: Əziz və möhtərəm prezidentimiz cənab Heydər Əliyevə hörmət və ehtiram!
Bizə göstərdiyiniz qayğı çox qiymətlidir. Çətin və gərgin işinizin içində bizi unutmursunuz, bizim haqqımızda düşünürsünüz. Ensiklopedik biliyiniz Sizə hər şeyi işıqlandırır. Sizinlə fəxr edir, həmişə gözəl hisslər keçiririk. Sizin hər bir addımınız bizim üçün dəyərlidir. Xalqımızın səadəti naminə Sizə möhkəm cansağlığı, uzun ömür arzulayırıq. Həmişə belə cavan və gümrah qalın. Sonsuz minnətdarlıq, təşəkkür və razılığımızı qəbul edin.
Heydər Əliyev Rusiya-Azərbaycan Dostluğu Cəmiyyətinin sədri, həmyerlimiz, professor, ictimai xadim Nikolay Baybakova, ictimai xadim Kamran Hüseynova, professor Məzahir Abbasova, xalq artisti Tükəzban İsmayılovaya, professor Abdulla Muxtarova, professor Yaqub Mahmudova, xalq artisti, bəstəkar Süleyman Ələsgərova, xalq rəssamı Oqtay Sadıqzadəyə "Şöhrət" ordenləri təqdim etdi.
Heydər Əliyev: Əziz Nikolay Konstantinoviç!
Azərbaycanın yüksək mükafatını - "Şöhrət" ordenini sizə dərin məmnuniyyətlə təqdim edirəm. Nikolay Konstantinoviç, siz bizim üçün doğma insansınız, həmyerlimizsiniz, bakılısınız, əsl azərbaycanlısınız.
Nikolay Konstantinoviç Baybakovu Azərbaycanda hamı tanıyır. Bununla belə, bir neçə söz deyəcəyəm .
O, Bakıda doğulmuş, burada təhsil almış, Azərbaycan Sənaye İnstitutunu bitirmiş, neftçi - mühəndis olmuş və əmək fəaliyyətinə Azərbaycanın neft mədənlərində başlamışdır. Onun hələ 30 yaşı yox idi, amma ən iri idarəyə - Sabunçu Neft - Mədən İdarəsinə başçılıq edirdi. Bu idarə həmin illərdə - mən 30-cu illərin ikinci yarısını nəzərdə tuturam - Azərbaycan, Bakı neftinin, demək olar, əsas hissəsini verirdi.
Nikolay Konstantinoviç Azərbaycanda gözəl məktəb - mərdlik məktəbi, şərəf məktəbi, ləyaqət məktəbi keçmiş və buradan, təkrar edirəm, hələ 30 yaşı bitməmiş daha da yüksəklərə vəsiqə aldı. O, həmin vaxtlar Sovetlər İttifaqının yenicə açılmış neft rayonlarına, "İkinci Bakı"ya göndərildi. O, rayonları nə üçün "İkinci, Üçüncü Bakı" adlandırmışdılar? Çünki bütün bu neft yataqları Azərbaycan neftçilərinin iştirakı ilə kəşf olunmuş və açılmışdı. Bu neftçilərdən biri də Nikolay Konstantinoviç Baybakov idi. O, "İkinci Bakı" neft yataqlarının açılması və istismarı sahəsində üzərinə qoyulmuş vəzifəni ləyaqətlə yerinə yetirdi və sonra Sovetlər İttifaqının paytaxtında - Moskvada işə irəli çəkildi.
O, 30 yaşında artıq Sovetlər İttifaqının xalq komissarı, yəni SSRİ-nin neft sənayesi naziri oldu. Onun sonrakı yolu da Sovetlər İttifaqının neft sənayesinin və iqtisadiyyatının inkişafı ilə bağlı mürəkkəb, çətin, lakin şərəfli yoldur. Nikolay Konstantinoviç Baybakov Sovetlər İttifaqının neft sənayesinin inkişafına, keçmişdə ittifaqa daxil olan indiki müstəqil respublikaların - Rusiyada və Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində neft sənayesinin belə potensialının və onun digər belə böyük inkişaf perspektivlərinin olmasına böyük töhfə vermişdir.
Nikolay Konstantinoviç Baybakov 20 ildən çox Sovetlər İttifaqının Dövlət Plan Komitəsinə başçılıq etmişdir. Bu, nəhəng ölkənin xalq təsərrüfatının inkişafını planlaşdıran, təşkil edən və planların həyata keçirilməsinə çalışan başlıca iqtisadi idarəsi idi. Beləliklə, o, təkcə neft sənayesinin deyil, bütün Sovetlər İttifaqının iqtisadiyyatının və xalq təsərrüfatının inkişafına böyük töhfə vermişdir.
Nikolay Konstantinoviç, keçmişin üstündən qələm çəkərək, həyatın guya onlardan başlanmasını düşünən və əlbəttə, dərin səhvə yol verən bir çoxlarından, yeri gəlmişkən, Moskvadakılardan fərqli olaraq, biz keçmişdə olanları unutmuruq. Çünki belə zəngin keçmiş olmasaydı, bu gün malik olduqlarımız da olmazdı. Yox, biz keçmişdə olanların hamısını lazımınca qiymətləndiririk. Keçmiş isə o deməkdir ki, Sovetlər İttifaqına daxil olan respublikalar 20-ci illərdən başlayaraq sosial-iqtisadi, mədəni və bütün digər sahələrdə böyük inkişaf əldə etmişdilər. Hazırda bu inkişaf keçmiş Sovetlər İttifaqı respublikalarının, o cümlədən Azərbaycanın bugünkü və gələcək həyatının təməlini təşkil edir. Bütün bunlarda Nikolay Konstantinoviç Baybakovun böyük xidməti var.
Nikolay Konstantinoviç Baybakovu Azərbaycanda hamı doğma adam kimi tanıyır. O, Azərbaycandan getdikdən sonra da bütün illər ərzində bizimlə əlaqəni kəsməmiş, Azərbaycana gəlmiş, Moskvada işləyərkən respublikamızın inkişafı ilə bağlı bir çox problemlərlə məşğul olmuşdur. 1938-ci ildən başlayaraq o, Azərbaycandan bütün çağırışlarda SSRİ Ali Sovetinin deputatı seçilir. Məhz Azərbaycan neftçiləri, azərbaycanlı həmvətənlər ona böyük etimad göstərərək SSRİ Ali Sovetinə deputatlığa namizəd irəli sürür və deputat seçirdilər. Nikolay Konstantinoviç bu etimadı layiqincə doğruldurdu.
Şəxsən mən Nikolay Konstantinoviçi çoxdan tanıyıram. Lakin 30 il əvvəl biz onunla lap sıx əməkdaşlığa başladıq, yəni 1969-cu ildə mən Azərbaycana rəhbərlik etdikdə qarşılıqlı münasibətlərimizin yeni mərhələsi, yeni dövrü başlandı.
Azərbaycana rəhbərlik etdiyim bütün o illər ərzində biz Nikolay Konstantinoviçlə fəal əməkdaşlıq etmişik. O, mənim dəvətimlə və ya öz arzusu ilə tez-tez Azərbaycana gəlirdi, biz Azərbaycan iqtisadiyyatının problemlərini birlikdə nəzərdən keçirirdik. Hamıya məlumdur ki, 70-ci illər və 80-ci illərin birinci yarısı Azərbaycanda iqtisadiyyatın, sosial həyatın sürətli inkişaf dövrü idi. Bütün bunlarda Nikolay Konstantinoviç Baybakovun böyük xidməti var.
Sonralar biz Moskvada, SSRİ Nazirlər Sovetinin tərkibində birlikdə işlədik. Mən Nazirlər Soveti Sədrinin birinci müavini idim. Nikolay Konstantinoviç Nazirlər Soveti sədrinin müavini idi. Biz hər gün birlikdə olurduq, hər halda, həftədə bir dəfə Nazirlər Sovetinin iclaslarında, Siyası Büronun iclaslarında olurduq. Biz birlikdə idik və fəal əməkdaşlıq edirdik.
Nikolay Konstantinoviç Azərbaycanla əlaqələrini bu gün də itirmir. Məhz bütün bu böyük xidmətlərinə görə və hazırda Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsində və inkişafında çox böyük rol oynadığına görə o, Rusiya-Azərbaycan Cəmiyyətinin sədri seçilmişdir və özünün bu vəzifələrini layiqincə yerinə yetirir.
Nikolay Konstantinoviç uzun ömür sürmüşdür, lakin gördüyünüz kimi, bu gün də cavan, yaraşıqlı kişidir. Bu gün onun 88 yaşı tamam olur, bu gün Nikolay Konstantinoviçin ad günüdür. Nikolay Konstantinoviç, mən şadam ki, siz öz ad gününüzdə burdasınız, Azərbaycanda, Bakıda, köhnə dostlarınızın arasındasınız. Şadam ki, məhz ad gününüzdə sizə Azərbaycan dövlətinin yüksək mükafatını təqdim etmək şərəfinə malikəm.
Nikolay Konstantinoviç bu gün də enerjilidir, çox gülərüzdür, çox nikbindir, neft elminin problemləri ilə yaxından məşğul olur. O professordur, iqtisadiyyat sahəsində, neft sənayesi sahəsində görkəmli alimdir. O, böyük neftçidir, hətta deyərdim, keçmiş Sovetlər İttifaqında bir nömrəli neftçidir, çünki onun kimi ikinci beləsi Rusiyada da yoxdur, Azərbaycanda da. Nikolay Konstantinoviç elmi fəaliyyətlə də məşğul olur və bununla əlaqədar Azərbaycan neftçiləri ilə əməkdaşlığı davam etdirir. Nikolay Konstantinoviç, bütün bunlara görə biz çox şadıq. Təkrar edirəm, mən şadam ki, bu gün biz sininlə bir yerdəyik.
Əziz Nikolay Konstantinoviç, siz öz həyatınız boyu Sovetlər İttifaqının da, dünyanın bir çox digər dövlətlərinin də neçə-neçə yüksək mükafatlarını almasınız. Lakin siz doğma Azərbaycanınızın dövlət mükafatını ilk dəfə alırsınız. Belə düşünürəm ki, bunun sizin üçün də, bizim üçün, bu gün müstəqil dövlət kimi vətəndaşlarını da, öz hüdudlarından kənarda olan həmvətənlərini də mükafatla təltif etmək imkanına malik olan Azərbaycan üçün də əhəmiyyəti var.
Nikolay Konstantinoviç, sizi bir daha təbrik edir, cansağlığı arzulayıram. Allaha şükür, yaxşı qalmısınız. Düşünürəm ki, yüz illiyinizi sizinlə birlikdə qeyd edəcəyik. Sizə bütün işlərinizdə uğurlar, ən xoş diləklər arzulayıram.
Nikolay Baybakov: Əziz Heydər Əliyeviç!
Əziz dostlar və yoldaşlar!
Bu gün mənə təqdim edilən bu yüksək mükafata görə minnətdarlıq sözləri tapa bilmirəm. Bəli, Heydər Əliyeviç mənim həyatımdan çox danışdı. Buna görə də təkrar etmək fikrində deyiləm, bir də ki, buna lüzum yoxdur, çünki çoxları məni tanıyır. Mən yalnız bir şeyi demək istəyirəm ki, faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. Dövlət Müdafiə Komitəsinin cəbhənin yanacaqla təmin olunması üzrə keçmiş müvəkkili kimi, - bu vəzifəyə məni Stalin təyin etmişdi, - bilirəm ki, almanlar Azərbaycana lap yaxınlaşan zaman ölkəmiz nə vəziyyətdə idi. Axı onlar artıq Krasnodarı işğal edərək Qroznının həndəvərinə gəlib çıxmışdılar və Azərbaycanın aqibəti həll olunurdu. Bəs Azərbaycanın aqibəti nə demək idi? müharibədən əvvəlki dövrdə, 40-cı ildə çıxardığımız 33 milyon ton neftin 23.5 milyon tonu Azərbaycanın payına düşürdü. Ukrayna ( o, çox az miqdarda neft verirdi), Krasnodar ( xeyli neft vermirdi) faşistlər tərəfindən işğal edildikdən sonra bütün ağırlıq Azərbaycanın üzərinə düşdü. Almanlar cənubda Rostov yolunu kəsdikdə, faşistlər Stalinqrada yaxınlaşıb cəbhənin də, xalq təsərrüfatının da yanacaqla bütün təchizat yollarını kəsdikdə biz çox böyük işlər görməli olurduq. Hətta iş o yerə gəlib çatmışdı ki, cəbhə üçün və xalq təsərrüfatı üçün nefti Xəzər dənizi ilə cəbhə üçün və xalq təsərrüfatı üçün nefti Xəzər dənizi ilə çənlərdə daşıyıb aparırdıq. Necə deyərlər, sağ əlimizlə sol qulağımızı qaşıyırdıq.
Bu mövzuda çox danışmaq istəmirəm, lakin faşizm üzərində qələbədə vətənimin əhəmiyyətini bir daha nəzərə çarpdırmaq istəyirəm. Dekabrda buraxılmış və yaxın vaxtlarda Bakıya da gəlib çatacaq "Stalindən Yeltsinədək" kitabında faşizm üzərində qələbədə Azərbaycanın rolu və əhəmiyyətindən danışılır. Buna görə də çıxışımı bitirərək demək istəyirəm ki, Azərbaycanın neft və qaz sənayesinin inkişafına az-çox kömək göstərməyə nə qədər ki, qüvvəm var, mümkün olan hər şeyi edəcəyəm, təbii ki, sizin köməyinizlə. Biz köhnə rayonların və ən əvvəl Balaxanı, Sabunçu və Ramananın canlandırılmasına dair qəbul olunan sazişlər əsasında birlikdə hərəkət edəcəyik. Mən həmin rayonlarda trest müdiri olmuşam və ordan da məni "İkinci Bakı" ya , sonra da "Üçüncü Bakı " ya aparmışdılar.
İstəyirəm ki, neftin geoloji ehtiyatların qalan 50 faizi əziz vətənimə xidmət üçün çıxarılsın. Sağ olun, Sizə möhkəm cansağlığı, azı 100 il ömür arzulayıram. Az olsa, yanıma gəlin, ömrünüzü uzadaram, çünki mən 150 il yaşamışam. Ona görə ki, bu "dəlixanada"- 22 il sədr işlədiyim Dövlət Plan komitəsində bir il üç il hesab edilir. 15 il xalq komissarı və nazir işləmişəm, bunu ikiyə vurun, 5 il Şimalı Qafqaz Xalq Təsərrüfatı şurasının sədri işləmişəm, bunu ikiyə urun, iki il Dövlət Neft və Kimya Komitəsinin sədri olmuşam, bunu iki il hesab edirəm, çünki orada heç nəyə cavabdeh deyildim. Bunların üstünə mənim 88 yaşım gəlib hesablayın, görərsiniz ki hamısı birlikdə 150 ilə bərabərdir. Odur ki, sizin ömrünüzü uzatmağa ixtiyarım var. Üstəlik, burada, mən Kirovabaddan deputat seçilərkən ilk dəfə uzunömürlü Novruz Bayramovla görüşdüm. Həmin gün onun 147 yaşı tamam olurdu. O buraya, Bakıya herontoloqlarla birlikdə gəlmişdi və təəssüf ki, burada xəstələnib vəfat etdi.
Bunu ona görə deyirəm ki, insanın potensialı çox böyükdür. Mənim keçmiş köməkçim Aleksandr Nikolayeviç Umnov burada oturur. Biz onunla 20 il Dövlət Plan komitəsində işlədik. O, burada mənə materiallar verdi. Bu materiallardan nə qədər uzunömürlü insan olduğunu və onların nə qədər yaşadığını öyrəndim. Bax, dünyada ən çox yaşayan bir balıqçı olmuşdu - 205 il. Necə istəyirsiniz, yoxlayın, lakin rəsmi məlumat bunu təsdiq etmişdir.
Stalin məni xalq komissarı təyin edərkən nə kimi keyfiyyətlərə malik olmalı olduğumu yoxlamaq üçün məni imtahana çəkdi. Mən hər şeyi danışırdım, o isə hey susurdu. Daha nə, özgə nə. Mən dedim: Yoldaş Stalin, mən bildiklərimin hamısını söylədim, əgər Siz faydalı keyfiyyəti mənə desəniz şad olaram. O, mənə yaxınlaşıb qəlyan ilə çiynimə vuraraq dilləndi: hər şeyi doğru dediniz, amma başlıca məsələni demədiniz. Təbii ki, mən tez ayağa qalxdım. O isə yenə də qəlyanı ilə çiynimə vuraraq bildirdi: Xalq komissarı möhkəm əsəblərə malik olmalı və nikbin olmalıdır. Budur, nikbinliyin nə demək olduğunu bütün həyatım boyu anlayıram. Nikbinik mənə kömək etmişdir. Bunu Sizə də təklif etmək istəyirəm, çünki bu, ağır şəraitdə xüsusi ilə vacibdir.
Əziz Heydər Əliyeviç, sözün düzü, heç bilmirəm yaxşı nə deyim. Amma Azərbaycanın inkişafı üçün Heydər Əliyeviçin etdiyini, zənnimcə, heç kim etməmişdir. Mən Mircəfər Bağırovla, başqaları ilə işləmişəm. Lakin açığını deyəcəyəm, kiminsə Heydər Əliyeviç kimi işlədiyini görməmişəm. Respublikamızın, Azərbaycanımızın inkişafı, çiçəklənməsi onun dövründə olmuşdur. Arzu etmək istəyirəm ki, Siz bu məsul vəzifədə də həmişə o cür fəal olasınız, Azərbaycanı daha böyük enerji ilə möhkəmlədəsiniz. Mən Azərbaycanı, onun həyatını, rəqəmləri izləyirəm və xalq təsərrüfatının inkişafında, Azərbaycan əməkçilərinin həyat səviyyəsinin yüksəlməsində uğurlar arzulamaq istəyirəm. Çox sağ olun.
Heydər Əliyev: Nikolay Konstantinoviç özünün bir keyfiyyətindən danışmadı - o, qadınları çox sevir və qadınlar da onu çox sevirdilər və bu gün də sevirlər. Hər halda, Dövlət Plan Komitəsində çoxlu qadın işləyirdi və o, hamısını sevirdi, onlar da onu sevirdilər. Ümumiyyətlə, nəzərə alın ki, o elə həmin kişidir.
Mən "Şöhrət " ordenini Kamran Hüseynova təqdim edirəm.
Kamran Hüseynov: Heydər Əliyeviç, Siz indicə Nikolay Konstantinoviçdən danışdınız və o da öz sözünü dedi. Siz bir müddət qısa müalicədə olarkən, inanın, bütün respublika həyəcan keçirirdi, hər gün hamı Sizin səhhətinizlə maraqlanırdı. Allaha şükür, Siz özünüz deyirdiniz ki, hər şey çox əladır və biz sakitləşirdik Bu, hamının arzu və istəyi idi. Qayıdanda özünüz gördünüz ki, uşaqdan tutmuş böyüyədək bütün ölkə Sizi necə təntənə ilə qarşılamağa çıxmışdı. Çox sağ olun. Allaha şükür ki, Siz tam sağalıb qayıtdınız.
İcazə verin, Nikolay Konstantinoviç Baybakov haqqında bir neçə kəlmə deyim.
Heydər Əliyeviç, sizin dediklərinizi təkrar etmək mümkün deyildir. Nikolay Konstantinoviç bizim doğma adamımızdır. Çox sağ olun ki, Siz bütün hallarda , heç vaxt Nikolay Konstantinoviçi unutmursunuz.
Siz respublikaya rəhbərlik etdiyiniz 70-ci illərdən danışdınız. Hesab edirəm ki, Azərbaycanın həmin dövrünü intibah, dirçəliş, bərpa, inkişaf dövrü adlandırmaq olar. Nikolay Konstantinoviç də bu işdə heç də axırıncı rol oynamırdı, görkəmli rol oynayırdı. Bizdə nəinki güclü kimya, metallurgiya, maşınqayırma sənayesi meydana gəlmişdi, neft sənayesi inkişaf edirdi, başlıcası bu idi ki, Siz maarifin maddi-texniki bazasının inkişafına diqqət yetirirdiniz. Həmin illərdə bir milyon iki yüz min şagird yeri yaradılmışdı. Demək olar, bütün şagirdlər yeni məktəblərdə oxuyurdular. Səhiyyənin, maarifin bazaları, elmi-texniki idarələr, hər yerdə çox saylı yeni müəssisələr yaradılmışdı. Siz bizi onun yanına göndərib deyirdiniz, "Baybakov ordadır, onun yanına gedin". Biz onun yanına gəlir, deyirdik: Nikolay Konstantinoviç, məktəblərin inkişafı üçün bizə bir milyard manat lazımdır. O, məktəb tikintisinin inkişafı üçün birbaşa, təyinatla 500 milyon manat tapırdı. Azərbaycan kəndinin görkəmi dəyişirdi.
Siz burada da tamamilə doğru dediniz, çox sağ olun. Siz onu unutmursunuz. O, doğma adamımızdır, həmyerlimizdir. Onun Dövlət Plan Komitəsinin sədri olması o demək deyildi ki, bizə hər şey verməli idi. O, bizə nə düşünürdüsə, onu da verirdi. Bu da böyük işdir.
İki kəlmə ilə onu da demək istəyirəm ki, o, Rusiyanın müxtəlif rayonlarında işləyən bir çox Azərbaycan neftçiləri, - Komi Respublikasının baş, əməkdar geoloqu Məmmədov, qaz kəşfiyyatı təsərrüfatının başçısı Akif Səyyadov və başqaları üçün mayak olmuşdur. Belələri nə qədərdir! Dardüşüncəli adamlara elə gəlir ki, azərbaycanlılar yalnız göy-göyərti satırlar. Amma onların sənayeni irəlilətməsini unudurlar. Müharibə başlananda Sumqayıtdan 6 min nəfərlik kollektiv Mingəçeviri inşa etdi. Mingəçevirin tikintisi başa çatdı və böyük texnika, ehtiyatlar Yenisey SES-in tikintisinə göndərildi. Biz orada tikintiyə başladıq. Beləliklə, Azərbaycan borclu qalmırdı, hər şey edirdi. Çox sağ olun.
Siz Nikolay Konstantinoviçi gözəl xatırlayırsınız, ona hər zaman dostluq, yoldaşlıq əli uzadırsınız. O da Sizə son dərəcə hörmət bəsləyir. Biz bununla fəxr edirik.
Heydər Əliyev: Mən Sizi də həmişə xatırlayıram. Görürsünüz, köhnə qvardiyaya necə hörmət edirik. Öz aramızdır, bu heç də hər yerdə belə deyildir. Hamı da belə deyildir.
Kamran Hüseynov: Çox sağ olun. İcazə verin kiçik hədiyyəni - "Bir həyatın salnaməsi" kitabını Sizə təqdim etdim. Bu kitab yaxınlarda nəşr olunmuşdur, tezliklə rus dilində çıxacaqdır.
Heydər Əliyev: Professor Məzahir Abbasova "Şöhrət" ordenini təqdim edirəm.
Məzahir Abbasov: Sizə minnətdarlığımı bildirirəm. Möhtərəm cənab prezident, Siz mənə zəng vuranda mən öz ürək sözlərimi bildirdim. Sizin tapşırığınızla mən general Əbilov haqqında kitab yazmışam. Sizə təqdim etmək istədiyim kitabda ürək sözlərimi belə ifadə etmişəm: "Böyük zəka və şöhrətli, müdrik Heydər Əlirza oğluna kiçicik xatirə kimi təqdim olunur".
Heydər müəllim, bu kitab Sizin tapşırığınızla yazılıb, oxuyarsınız, əgər iradınız olsa, mən onları düzəltməyə hazıram.
Heydər Əliyev: İrad ola bilməz. Yəqin ki, yaxşıdır. Sağ olun.
Məzahir Abbasov: Heydər müəllim, sizinlə telefonla danışanda dediniz ki, mənə sözünüz var, Fikirləşdim ki, mən nə deyim, - prezident məni təbrik edir. Amma iki-üç gündən sonra Sizin adınıza məktub yazdım. Həmin məktuba hələlik bir cavab yoxdur. Ona görə də yenisini yazmışam.
Heydər Əliyev: Sənin məktubun mənə çatmayıb, mən onu almamışam.
Məzahir Abbasov: Cənab prezident, mən Sizə minnətdaram, uzun ömür, cansağlığı arzulayıram. Siz Allah tərəfindən göndərilmiş səma elçisiniz. Azərbaycanın taleyi yalnız sizdən asılıdır.
Heydər Əliyev: Xalq artisti Tükəzban İsmayılovaya yüksək mükafatı təqdim edirəm.
Tükəzban İsmayılova: Əziz və möhtərəm prezidentimiz, Sizə minnətdarlığımı bildirirəm. Siz bizim əzizimizsiniz. Siz həmişə bizim ailəmizə qayğı göstərmişsiniz. 75 yaşımın tamam olması münasibətilə Siz mənə zəng vuranda elə bildim ki, Allah mənə yenidən ömür bəxş etdi. Sizin danışığınız mənə çox böyük təsir etdi. Mən hər yerdə bu barədə danışıram.
İşinizin çox olmasına baxmayaraq, vaxt tapıb müğənniyə - mənə zəng etməyinizlə elə bildim ki, dünyanı mənə bağışladınız. Mən Sizə cansağlığı, uzun ömür arzulayıram. Dünyada nə qədər yaşamaq istəyirsinizsə, Allah onu Sizə bəxş eləsin. Allah mənim ömrümdən kəsib sizə versin. Çox sağ olun.
Heydər Əliyev: Maşallah, yaxşısınız, gözəl qalmışsınız, heç dəyişməmişsiniz.
Tükəzban İsmayılova: Sizin kimi prezidenti olan qocalmaz. Çox sağ olun, təşəkkür edirəm.
Heydər Əliyev: Professor Abdulla Muxtarova "Şöhrət" ordenini təqdim edirəm.
Abdulla Muxtarov: Bu yüksək mükafat üçün Sizə dərin təşəkkürümü bildirirəm.
Heydər Əliyev: Tarixçi, professor Yaqub Mahmudova "Şöhrət" ordenini təqdim edirəm.
Yaqub Mahmudov: Öz dərin minnətdarlığımı bildirirəm.
Möhtərəm cənab prezident!
Bu gün Azərbaycan ziyalılarına, bizim sənət adamlarımıza müstəqil Azərbaycanımızın ali mükafatlarının təqdim olunması çox əlamətdar bir hadisədir. Buna görə də Azərbaycanın ən yüksək ordenini Sizdən qəbul edərkən həyəcan hissi keçiririk. Bunun müqabilində nə isə demək son dərəcə çətindir.
Amma mən bir neçə söz demək istəyirəm. Çünki Sizin bu gün müstəqilliyini qurduğunuz, yaratdığınız, qoruduğunuz, xilas etdiyiniz Azərbaycanda gələcəkdə yüz illərlə ölkəmizin yüksək mükafatları veriləcəkdir. Tarixçi alim kimi mən bu yüksək mükafatı, ali ordeni Sizdən qəbul edərkən bilirəm ki, onu Azərbaycanın Prezidentindən, dövlətçiliyimizin xilaskarından, Azərbaycan millətinin fəxrindən qəbul edirəm.
Mən böyük qürur hissi keçirirəm ki, lap bu yaxın günlərdə planetimizin ən qüdrətli siyasətçiləri arasında sorğu aparılanda Siz Kembricdə Bioqrafik Araşdırmalar Mərkəzində "XX əsrin görkəmli dövlət xadimi" adına layiq görülmüşsünüz. Bu, hər bir azərbaycanlı üçün, şəxsən məndən ötrü böyük bir fəxrdir.
Azərbaycanın bu yüksək ordenini, ali mükafatı bu gün Sizdən qəbul edərkən belə hesab edirəm ki, Siz bu ali mükafatı təkcə mənə deyil, 1950-ci, 1960-cı, 1970-ci illərdə şəxsən sizin qoruduğunuz milli əhval-ruhiyyəli gənclərin - Siz onları məhv olmaqdan xilas etmisiniz, zülm dəyirmanının qarşısında dayanaraq onları müdrikliklə, son dərəcə ölçüb-biçərək, amma böyük cəsarətlə xilas edirdiniz, mən onların bir nümayəndəsiyəm - onların hər birini təltif edirsiniz.
Siz 1970-ci illərdə Azərbaycanı qaldırdınız. Azərbaycan SSRİ məkanında ən qüdrətli respublikalardan birinə çevrildi. O böyük azərbaycanlı başını qaldırıb qürurla gəzirdi. O zaman mən də qürur hissi keçirirdim ki, bu mənim Azərbaycanımın qeyrətli oğlunun sayəsindədir, onun xidmətlərinin nəticəsidir ki, Azərbaycan tanınır, xalqımız xalqlar içərisində öz imzasını tapa bilir. Bax, o zaman qürur hissi keçirən azərbaycanlılardan biri kimi, mən bu gün məmnuniyyətlə belə hesab edirəm ki, bu, həmin azərbaycanlıların hamısına verilən mükafatdır.
Nəhayət, Siz 1970-ci illərdə Azərbaycana rəhbərlik edərkən ziyalılarımızın böyük bir dəstəsini məhv olmaqdan xilas etdiniz. Siz tarixçiləri, sənət adamlarını o çox ağır şəraitdə xilas etdiniz, qoruyub saxladınız. Bizim ziyalı potensialımız yaşadı, onlar bu gün Sizin arxanızdadır. Belə hesab edirəm ki, bu mükafat onların hər birinə verilən mükafatdır.
Nəhayət, biz Azərbaycanda neçə il Sizsiz yaşadıq, ağır günlərimiz oldu. Mən cəbhə bölgələrini qarış-qarış gəzmişəm. Kərkicahanda, Xocalıda, Qubadlıda, Laçında gəncləri döyüşə ruhlandıranda hamı bir ağızdan deyirdi ki, bizi bu bəladan, fəlakətdən Heydər Əliyev xilas edəcəkdir, onu hakimiyyətə gətirin.
Ölkəmizdə dövlət çevrilişinə cəhdlər göstərilərkən mən Azərbaycanın bütün guşələrini gəzmişəm. Uzaq Zaqatalada, Şəkinin Göynük kəndində, Qaxda, Balakəndə, Lənkəranda, Füzulidə Azərbaycan dövlətçiliyindən söhbət edəndə hamı əllərini açaraq tribunaya yaxınlaşıb deyirdi: "Tale Heydər Əliyevi yaşatsın, ona cansağlığı versin, bizi o xilas edəcəkdir"
Mənim sözümün mahiyyəti ondan ibarətdir ki, 1993-cü ildə Azərbaycan məhv olmaqda ikən, daşnakların arzularının yerinə yetməsi ərəfəsində, ölkəmiz parçalananda, xalqımız ayaq altında qalanda, dövlətçiliyimiz məhv olmaq təhlükəsi qarşısında qalanda bizim bir silahımız var idi: Heydər Əliyevin zəkası! O zəkanı bizə Allah-təala bəxş etmişdir. Təkcə o silahla bizim düşmənlərimiz - xalqımızı məhv etməyə çalışan zəhmə uğradılar. Bu gün Azərbaycan yaşayır!
Düzün deyim ki, mən həmişə bu salonda yüksək mükafatların təqdim olunması mərasimini izləyəndə daxilən narahatlıq keçirirəm. Bizim hər birimizə - Azərbaycanın ziyalılarına, dövlət adamlarına bu mükafatları Heydər Əlirza oğlu verir. Bəs onun mükafatı nə olmalıdır, ona kim mükafat verəcəkdir?
Möhtərəm prezident, mən belə hesab edirəm ki, bizim qurtuluş mübarizəmizin qalibi Siz oldunuz. Yəni Sizin kimi şəxsiyyətlərin mükafatla təltif edilməsinə fərmanı tarix verir. Tarix isə min illər üçün Sizi Azərbaycan xalqının qurtuluş mücadiləsinin qalibi kimi yüksək fəxri adla təltif etmişdir. Siz bizim dövlətçiliyimizin xilaskarısınız. Siz bu gün Azərbaycan xalqını planetdə təmsil edirsiniz və xalqımız Sizin sayənizdə dövlətçiliyini qoruyub saxlayır. Mən belə hesab edirəm ki, Azərbaycan dövlətçiliyinin xilaskarı olmaq Azərbaycan üçün, dünyamız üçün ən böyük fəxri addır. Bütün bu adlara layiq olduğunuz üçün və xalqımız Sizi öz ürəyinin başına yazdığına görə Sizi qəlbən təbrik edirik, Sizə möhkəm cansağlığı arzulayırıq.
Cənab prezident, təyyarə meydanında Sizi qarşılayanlardan ən çox sevinənlərdən biri mən oldum. İndi həmişəki kimi millətlə baş-başa vermisiniz. Arzu edirik ki, millətimizi bir də belə sınağa çəkməyəsiniz. Sizə möhkəm cansağlığı arzulayıram. Sizə eşq olsun!
Heydər Əliyev: Xalq artisti, bəstəkar Süleyman Ələsgərova vətənin yüksək mükafatını təqdim edirəm.
Süleyman Ələsgərov: Möhtərəm prezidentimiz!
57 illik zəhmətimə, Azərbaycan milli musiqisinin inkişafında gördüyüm işlərə verdiyiniz qiymətə, mənə göndərdiyiniz məktubda yazdığınız ürək özlərinə, telefon danışığımız zamanı dediyiniz qəlbdən gələn sözlərə və məni "Şöhrət" ordeni ilə təltif etdiyinizə görə Sizə minnətdaram. Xahiş edirəm mənim təşəkkürümü qəbul edin.
Mən hər gün düşünürəm, öz-özümə sual verirəm. Deyirəm, görəsən dünyada bizim hörmətli prezidentimiz qədər mədəniyyətimizin, musiqimizin ayrı-ayrı sahələrinə bu dərəcədə diqqət, qayğı göstərən ikinci bir dövlət başçısı varmı? Özüm də o saat cavab verirəm ki, xeyr əsla.
Yaşımın bu ahıl vaxtında bir arzumu Sizə bildirmək istəyirəm. Mənim ən böyük arzum odur ki, torpaqlarımız düşməndən azad edilsin. Şuşamız qayıtsın. Biz Şuşada, Cıdır düzündə izdihamlı bir toplantı quraq və Siz orada çıxış edəsiniz. İştirakçıların hamısı bir ağızdan desin: Xalqımızın və vətənimizin xilaskarına eşq olsun! Möhtərəm prezident, yaşayın, çox yaşayın! Allah bizi bu arzularımıza çatdırsın!
Heydər Əliyev: Xalq rəssamı Oqtay Sadıqzadəyə "Şöhrət" ordenini təqdim edirəm.
Oqtay Sadıqzadə: Bu yüksək mükafat üçün səmimi qəlbdən təşəkkürümü bildirirəm.
Heydər Əliyev: Əziz dostlar!
Biz bu gün Beynəlxalq Qadınlar günü bayramı ərəfəsindəyik. Bu, təkcə qadınların deyil, bütün cəmiyyətin bayramıdır, yəni kişilərin də bayramıdır. Əgər belə olmasaydı, 8 Mart günü heç də istirahət günü olmazdı. Qadınların bayramına görə bütün cəmiyyət, kişilər istirahət edir, bayram edir.
Bu gün təltif olunanların arasında Azərbaycanın gözəl qadınları vardır. Onlar bizimlə bir yerdədirlər. Leyla xanım Bədirbəyli, Tükəzban xanım İsmayılova Azərbaycan mədəniyyətini tarixidirlər. Ola bilər, mən onlarla bir yaşdayam, bəlkə də bir az yaşlıyam. Mən ən gənc vaxtlarımdan həm Leyla xanımın, həm də Tükəzban xanımın sənətinə vurulan adamlardan biriyəm. Mən xoşbəxtəm ki, Leyla xanım da, Tükəzban xanım da bu gün cəmiyyətdə fəal iştirak edirlər və nəhayət, müstəqil Azərbaycanın, dövlətimizin yüksək mükafatlarını alırlar.
Mən istəyirəm ki, hamımızın adından qadınları bir daha təbrik təbrik edim, onlara xoşbəxtlik, səadət arzulayıram. Qadınların özlərinə, ailələrinə, balalarına, nəvələrinə, nəticələrinə cansağlığı, sağlam həyat, xoş güzəran arzulayıram.
Sağ olun , sizin hamınızı Qadınlar bayramı münasibətilə bir daha təbrik edirəm.