Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına təbrik məktubu - 6 aprel 2001-ci il


Hörmətli müəllimlər!

Əziz tələbələr!

Respublikamızın mötəbər ali təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 70 illiyi münasibətilə sizi, ölkəmizin bədən tərbiyəsi işçilərini, bütün idman ictimaiyyətini səmimi-qəlbdən təbrik edirəm.

Bədən tərbiyəsi və idman kadrlarına olan ehtiyacı ödəmək məqsədi ilə Bakı şəhərində Zaqafqaziya Dövlət Bədən Tərbiyəsi İnstitutunun yaradılması zamanın ehtiyaclarından doğan bir zərurət idi. 1936-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna, 1999-cu ildə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına çevrilmiş bu ali təhsil müəssisəsi ölkəmizdə idmanın inkişaf etdirilməsinə böyük xidmətlər göstərmişdir.

Keçən illər ərzində ölkəmizi ixtisaslı kadrlarla təmin edən bu təhsil mərkəzi öz vəzifəsini şərəflə yerinə yetirə bilmiş və gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi üçün peşəkar məşqçi-müəllimlər ordusu hazırlamışdır. Sevindirici haldır ki, ölkəmizin bütün təhsil müəssisələrində, idman məktəbi və təşkilatlarında çalışan yüksək ixtisaslı kadrlar – bədən tərbiyəsi müəllimləri və məşqçi-müəllimlər məhz sizin məzunlarınızdır. Bu təhsil ocağını bitirmiş 15 min nəfərlik mütəxəssislər ordusu ölkəmizdə bədən tərbiyəsinin geniş təbliğ olunmasında, əhalinin kütləvi şəkildə idmana cəlb edilməsində, yüksək səviyyəli idmançıların yetişdirilməsində var qüvvəsini sərf etmiş və bu yolda böyük uğurlar qazanmışdır.

Xalqımız öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan idmanının qarşısında da geniş imkanlar açılmışdır. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində idmançılarımız Avropa, dünya və olimpiya yarışlarında müstəqil Azərbaycanın bayrağını yüksəklərə qaldıraraq, onun beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə layiqli töhfələrini vermiş və öz uğurlarını artırmaqdadır. Bu nailiyyətlərin əldə edilməsində akademiyanın yetirmələrinin xidmətləri danılmazdır.

Yubiley günlərində nüfuzlu təhsil ocağımızın bünövrəsini qoymuş, onun yaradılmasında və inkişaf etməsində xidmətlər göstərmiş professor və müəllim heyətinin əməyini yüksək qiymətləndirirəm. Əmin oluğumu bildirirəm ki, siz akademiyanın 70 illik fəaliyyət dövrü ərzində yaranmış gözəl ənənələrə sadiq qalaraq onun adını həmişə uca tutacaq, müstəqil Azərbaycanın tərəqqisi naminə ölkəmizdə bədən tərbiyəsi və idmanın daha da inkişafı üçün milli peşəkar kadrların yetişdirilməsində əlinizdən gələni bundan sonra da əsirgəməyəcəksiniz.

Sizə – akademiyanın müəllim və tələbələrinə, məzunlarına, respublikamızın bütün bədən tərbiyəsi işçilərinə və idmançılarına böyük uğurlar diləyir, hər birinizə cansağlığı və xoşbəxtlik arzulayıram.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti