Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalq artisti Lütfiyar İmanova təbriki - Bakı, 16 aprel 1998-ci il


Hörməfli Lütfiyar İmanov!

Sizi - müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsini anadan olmağınızın 70 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan mahir sənətkarlardansınız. 60-cı illərdən etibarən opera səhnəmizdə aparıcı partiyaların ifaçısı kimi Siz musiqi tariximizə əbədi daxil olmusunuz. Təsadüfi deyil ki, dahi Bülbüldən sonra Koroğlu obrazını yaratmaq məhz Sizin qismətinizə düşmüşdür. Klassik opera sənəti ilə xalq müsiqisinin vəhdətindən bəhrələnən yüksək ifaçılıq məharətiniz vokal sənətinin inkişafında yeni bir mərhələ təşkil edir. Konsert fəaliyyəti sahəsində qazandığınız uğurlar da təqdirə layiqdir. Xalq mahnılarını və müasir musiqi əsərlərini, milli və klassik opera nümunələrini böyük zövq və ustalıqla oxumağınız Sizə musiqisevərlərin dərin məhəbbətini qazandırmışdır. Ölkəmizdə və onun hüdudlarından uzaqlarda, bir çox mötəbər konsert salonlarında çıxışlarınızla Siz Azərbaycan mədəniyyətini təbliğ edərək musiqimizi Dünya xalqlarına tanıtmısınız. Azərbaycan ifaçılıq sənətində toplanmış zəngin təcrübənin varisi olmaqla Siz milli operamızın ənənələrini davam etdirərək respublikada yeni opera müğənnilərinin yetişdirilməsi sahəsində diqqətəlayiq xidmət göstərmisiniz. Bakı Musiqi Akademiyasının professoru kimi də gənc musiqiçilər nəslinin tərbiyə edilməsində əməyiniz yüksək qiymətləndirilməlidir.

Əminəm ki, bundan sonra da özünüzə xas olan həvəslə, yorulmadan, əzmkarlıqla çalışaraq pərəstişkarlarınızı yeni-yeni mahnılarla sevindirəcək, müstəqil Azərbaycan Respublikasının mədəniyyətinin inkişafı üçün əlinizdən gələni əsirgəməyəcəksiniz.

Sizə möhkəm cansağlığı, səadət və yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MƏDƏNİYYƏT