Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə görüşdəki söhbətindən - Yalta, 9 avqust 1998-ci il


Heydər Əliyev:  Əziz dostum Eduard Amvrosiyeviç!

Sizi səmimi-qəlbdən salamlayıram, xoş gördük. Gürcüstan ilə Azərbaycan arasında, xalqlarımız arasında, bizim aramızda həmişə xoş və mehriban münasibətlər mövcud olmuşdur. Dəfələrlə görüşlərimiz, danışıqlarımız zamanı qonşu və dost ölkələrimizin bütün sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələrinin daha da genişləndirilməsi istiqamətində problemlərin həlli yollarını nəzərdən keçirmişik. İndi bu istiqamətdə görülən işləri yüksək qiymətləndirirəm.

Eduard Şevardnadze:  Əziz dostum, qardaşım Heydər Əliyev! Sizinlə hər bir görüşüm mənim üçün xüsusi əhəmiyyət daşıdığını böyük məmnunluq hissi ilə nəzərə çarpdırıram.

Gürcüstanda hazırkı ictimai-siyasi vəziyyət, Gürcüstan-Abxaziya münaqişəsinin aradan qaldırılması prosesində müəyyən müsbət işlər görülmüşdür. Belə problemlərin tezliklə öz həllini tapması ən əvvəl ona yönəlmişdir ki, Qafqazda sülh, əmin-amanlıq bərqərar olunsun.

Heydər Əliyev:  Mən də Sizin ilə görüşümdən çox məmnun qaldığımı vurğulayıram. Sizə məlumdur ki, Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu və islahatlar müvəffəqiyyətlə həyata keçirilmiş, bu sahədə bir çox nailiyyətlər əldə edilmişdir. Sizə o da məlumdur ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparılır.

Beynəlxalq məclislərdə Sizə və Gürcüstan nümayəndə heyətinə Azərbaycanın ədalətli xarici siyasətini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, dincliklə aradan qaldırılmasına yönəldilmiş mövqeyini dəstəklədiyiniz üçün minnətdarlığımı bildirirəm.

Ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün olduqca əlverişli şərait yaratmaq imkanları mövcuddur. Öz tərəfimizdən biz bundan ötrü hər şeyi edəcəyik.

Bilirsiniz ki, Xəzər dənizinin Azərbaycan sektorunda, həmçinin Xəzərin digər sektorlarında - Qazaxıstan, Türkmənistan sektorlarında da neft və qaz ehtiyatları var. Biz Sizinlə dəfələrlə Xəzər dənizi hövzəsindəki yataqlardan hasil edilən neftin dünya bazarına çıxacaq boru kəmərlərinin marşrutları barədə fikir mübadiləsi aparmışıq. Hesab edirəm ki, bu kəmərlərin tikintisini surətləndirmək lazımdır.

Eduard Şevardnadze: Bu deyilənlərlə tamamilə razıyam. Çox maraqlı layihələr nəzərdə tutulmuşdur. Hazırda biz Gürcüstan ilə Azərbaycan arasında əməkdaşlığın yeni yollarını açırıq. Türkmənistan qazının da ixrac ediləcəyi boru xəttinin Xəzər dənizi vasitəsilə Azərbaycandan, Gürcüstandan keçməklə Qərbə getməsi barədə danışıqlar aparılır.

Heydər Əliyev: Bildirirəm ki, bu il sentyabrın 7-8-də Bakıda Avropa Birliyinin himayəsi altında TRASEKA proqramı çərçivəsində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı üzrə beynəlxalq konfrans keçiriləcəkdir. Əminəm ki, bu beynəlxalq tədbir iştirakçı dövlətlərin bütün sahələrdə əlaqələrinin daha da möhkəmləndirilməsinə güclü təkan verəcəkdir.

Eduard Şevardnadze: Sizin, cənab Heydər Əliyev, uzaqgörən, müdrik siyasətiniz sayəsində dost Azərbaycanda keçiriləcək beynəlxalq konfrans Gürcüstan üçün də böyük əhəmiyyət daşıyır. Buna görə mən böyük məmnuniyyətlə bu beynəlxalq tədbirdə iştirak edəcəyəm.

Heydər Əliyev: Biz müstəqil dövlətlərimizin beynəlxalq təşkilatlarda əməkdaşlığının sıxlaşdırılmasında, Qafqazda sülhün, təhlükəsizliyin, əmin-amanlığın bərqərar olunmasında bütün imkanlardan geniş istifadə etməliyik.