Xalq artisti Tükəzban İsmayılovaya - Bakı şəhəri, 21 dekabr 1998-ci il


Hörmətli Tükəzban İsmayılova!

Sizi - Azərbaycanın müsiqi ifaçılığı məktəbinin görkəmli nümayəndəsini 75 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamış böyük sənətkarlar nəslinə mənsubsunuz. Klassik muğam ifaçılığının zəngin ənənələrini qoruyub yaşadan, gözəl ifası ilə xalq mahnılarımıza yeni həyat verən sənətkar kimi xalqımızın dərin məhəbbətini qazanmısınız. Sizin ifanızda səslənmiş bir çox muğam və xalq mahnıları milli musiqi sənətimizin qızıl fonduna həmişəlik daxil olmuşdur.

Gözəl səsiniz və təkrarolunmaz ifa üslubunuz, musiqi sənətimizin incəliklərini dərindən bilməyiniz və böyük zəhmətsevərliyiniz sizə muğam və xalq mahnılarımızın ifası sahəsındə öz dəst-xətti ilə seçilən müğənni kimi şöhrət gətirmişdir. Milli musiqimizin təbliğində keçmiş böyük sənət yolunuz gənc ifaçılar nəsli üçün gözəl örnək, əsl məktəbdir. Əminəm ki, xalqımızın musiqi xəzinəsi incilərinin mahir ifaçısı kimi sənətinizin pərəstişkarlarını bundan sonra da sevindirəcək və milli musiqi mədəniyyətimizin inkişafı yolunda var qüvvənizi, zəngin təcrübənizi əsirgəməyəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT