Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Dövlət və Hökumət Başçılarının növbəti zirvə görüşündə iştirak etmək üçün Krıma yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavabı - 4 iyun 1998-ci il


Sual: Cənab prezident, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən bu cür görüşlərin əhəmiyyətini necə qiymətləndirirsiniz?

Cavab: Bu görüşlər əhəmiyyətlidir. Biz bunun daha da əhəmiyyətli olduğunu ilbəil hiss edirik. Qara dəniz hövzəsinin müştərək əməkdaşlıq edən ölkələri son altı ildə bu sahədə iqtisadi inteqrasiya baxımından xeyli irəliləmişlər. Ona görə də biz belə əməkdaşlığa həmişə yüksək qiymət veririk və bu əməkdaşlıqda iştirak edirik. Ona görə də mən indi Krıma, Yaltaya gedirəm. Orada dövlət başçılarının görüşü olacaqdır.

Sual: Cənab prezident, mənim verəcəyim sual səfərlə bağlı deyildir. İcra hakimiyyəti orqanlarında çalışanların əmək haqqının artırılması ilə əlaqədar fərmanınızın Azərbaycanda korrupsiyanın qarşısının alınmasında rolu olacaqdırmı?

Cavab: Gərək olsun. Təkcə icra aparatlarında deyil, hər yerdə korrupsiya vardır. Bizim problemlərimizdən biri də koppursiyanı aradan götürməkdir. Ona görə də hər bir addımı atarkən mənim qarşımda şübhəsiz ki, korrupsiyanı sıxışdırmaq, azaltmaq, tamamilə ləğv etmək məqsədi durur. Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR