Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moskvada MDB ölkələri dövlət başçılarının zirvə görüşündən Bakıya qayıdarkən Binə Hava Limanında kütləvi informasiya vasitələri nümayəndələrinin suallarına cavabı - 3 aprel 1999-cu il


Sual: Cənab prezident, Moskvaya səfərinizin nəticələri barədə nə deyə bilərsiniz?

Cavab: Müstəqil Dövlətlər Birliyinin dövlət başçılarının görüşü keçirildi. Bir sıra məsələləri müzakirə etik. Yaxşı sənədlər də qəbul etdik. Xüsusən, bəyannamə qəbul olundu. Mən bunu yaxşı hesab edirəm. Başqa sənədlər də əhəmiyyətlidir.

Dövlət başçılarının görüşü zamanı Azərbaycan həmişə olduğu kimi, öz mövqeyini bildirdi. Mən Rusiyanın Ermənistana bir milyard dollar dəyərində qanunsuz, gizli silah verməsi məsələsini bir də qaldırdım. Bu məsələnin Rusiya hökuməti tərəfindən indiyə qədər həll olunmadığını qeyd etdim və yenidən tələb etdim ki, Rusiya hökuməti, Rusiyanın prezidenti verdikləri vədi yerinə yetirsinlər, bu məsələ ilə məşğul olsunlar. Ermənistana verilmiş silahlar geriyə qaytarılsın və bu barədə günahkar olan insanlar cəzalandırılsınlar.

İkinci, mən Rusiyanın Ermənistanda hərbi bazaları haqqında məsələni bir də qaldırdım. Məlumdur ki, mən bu barədə Rusiyanın prezidenti Boris Yeltsinə məktub göndərmişdim, öz fikirlərimizi bildirmişdik, bəyanatlar vermişdik. Burada dövlət başçılarının hamısının bir yerdə olmasından istifadə edərək mən məsələni qaldırdım və xüsusən, Ermənistanda hərbi bazaların olmasını dözülməz hesab etdiyimizi bəyan etdim.

Bizim bu barədə mövqeyimiz çox ədalətlidir. Çünki Ermənistanla Azərbaycan hərbi münaqişə şəraitində olduğu zaman Rusiya həm böyük dövlət kimi, həm müstəqil Dövlətlər Birliyində prezidentlər, yəni Dövlət Başçıları Şurasının sədrliyi vəzifəsini həyata keçirən ölkə kimi, həm də ki, Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün yaranmış Minsk konfransının həmsədri kimi, Azərbaycanla Ermənistana eyni münasibət göstərməli və heç vaxt hansısa tərəfə xüsusi bir yardım, ya xüsusi kömək etməlidir. Amma buna baxmayaraq Rusiya bu prinsipləri saymır, yəni bunlara hörmətsizlik göstərir. Rusiya Ermənistana gizli olaraq silahlar veribdir və Ermənistanda Rusiyanın hərbi bazaları var. Onlar çoxdan yerləşdirilibdir. Biz buna həmişə etiraz etmişik. Amma son vaxtlar, son aylar orada yeni S-300 raketləri yerləşdiriblər, MİQ-29 təyyarələri yerləşdiriblər. Mən buna qəti etirazımızı bildirdim və xahiş etdim, tələb etdim ki, Rusiya izah etsin - bu, nə üçündür, hərbi bazalar nə üçündür? Mən bunların hamısını dövlət başçılarının görüşündə bildirdim. Sonra isə bu sözlərimin hamısını əks etdirən yazılı bəyanatı Müstəqil dövlətlər Birliyi rəhbərlərinin iclasında biz yaydıq. Ola bilər, bizim bu görüşümüzün əsas mənası bundan ibarətdir. Başa sualınız varmı?

Sual: Cənab prezident, Ermənistan prezidenti ilə görüşünüzdə hansı məsələlər müzakirə olundu?

Cavab: Robert Koçaryanla görüşüm oldu. Ətraflı söhbət etdik. Hərə öz mövqeyini bildirdi. Ancaq bizim mövqelərimiz hələ bir - birinə istənilən qədər yaxınlaşmayıbdır. Ona görə də biz bu dialoqu davam etdirməliyik.

Bizim görüşümüzün ikinci hissəsində Rusiyanın xarici işlər naziri İqor İvanov da iştirak edirdi. O da bizim görüşümüzdən aldığı təəssüratdan belə nəticəyə gəldi ki, Rusiya fikirləşməlidir və yeni təşəbbüslər irəli sürməlidir.

Bütün bu danışıqlarda - həm Koçaryanla danışıqda, həm Rusiya hökumətinin başçısı Yevgeni Primakovla da görüşdüm, ətraflı danışığımız oldu - mən onlara bildirdim ki, həmsədrlərin son təklifi keçən ilin noyabr ayında bizə verilmişdi. Bu təklifin müəllifi Rusiyadır. "Ortaq dövlət", yaxud "ümumi dövlət" anlayışı - biz heç vəchlə bunu qəbul edə bilmərik. Biz bunu bəyan etmişdik. Ancaq bilirsiniz ki, indi Ermənistanda bu təklif çox dəstəklənibdir, təbliğ olunur və Ermənistan çox narahatlığını bildirir ki, Azərbaycan nə üçün bunu qəbul etmir. Mən Moskvada onlara dedim, - elə bir bu onu göstərməlidir ki, əgər Ermənistan indiyə qədər Minsk qrupunun heç bir təklifini qəbul etməyibsə, amma indi bu təklifi qəbul edib və bunun həyata keçirilməsi üçün bu qədər çalışırsa, onda nəticə çıxarmaq lazımdır: Bu təklif Ermənistana nə qədər xeyirlidir və Azərbaycana nə qədər zərərlidir. Ona görə də mən Koçaryana da bildirdim, Rusiyanın xarici işlər naziri İvanova da bildirdim, bu gün isə Rusiya hökumətinin başçısı Yevgeni Primakova bildirdim ki, biz bu təklifi heç vaxt qəbul edə bilmərik. Ona görə də Minsk qrupunun həmsədrləri - Rusiya da həmsədrlərdən biri kimi - yenidən təklif hazırlayıb təqdim etməlidir.

Sual: Cənab prezident, Yuqoslaviya ilə bağlı bəyanatı Azərbaycan dəstəklədimi?

Cavab: Yuqoslaviya barədə orada heç bir bəyanat olmadı. Çox sağ olun.

Tarixi arayış