Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moskvadan Bakıya qayıdarkən Binə beynəlxalq hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi müsahibə - 1 dekabr 2001-ci il


Heydər Əliyev: Başa düşürəm ki, siz səfərlə maraqlanırsınız. Güman edirəm, siz Moskva televiziyasından hər şeyi bilirsiniz və bilmədiyiniz şeyləri də yəqin ki, bilmək çətindir. Onu deyə bilərəm ki, Müstəqil Dövlətlər Birliyi ölkələri dövlət başçılarının görüşü əsasən Müstəqil Dövlətlər Birliyinin yaranmasının onuncu ildönümünə həsr edilmişdi. Orada iki saatdan bir az çox qapalı iclas oldu. Əsasən Rusiya Federasiyasının Prezidenti cənab Putin danışdı. Müstəqil Dövlətlər Birliyinin on ildə keçdiyi yol haqqında müəyyən təhlil verdi. Eyni zamanda beynəlxalq aləmdəki vəziyyət, sentyabrın 11-dən sonra dünyada yaranmış vəziyyət və özünün Amerikaya səfəri, Amerikanın prezidenti cənab Buş ilə görüşləri, onunla apardığı söhbətlər haqqında məlumatlar verdi. Orada başqa müzakirə olmadı. Əsas söhbət sentyabrın 11-dən sonra beynəlxalq terrorizmə qarşı mübarizədən gedirdi.

Bilirsiniz ki, ondan qabaq, mən Moskvaya gələn günü axşam Qazaxıstan prezidenti Nazarbayev ilə görüşdum və bizim təkbətək görüşümüz oldu. Görüşdən sonra biz Xəzər dənizinin statusu haqqında Qazaxıstan ilə Azərbaycan arasında saziş imzaladıq. Hesab edirəm ki, bu çox əhəmiyyətli bir addımdır. Qazaxıstan ilə bizim aramızda bu sazişin hazırlanması haqqında danışıqlar getmişdi, sonra saziş hazırlanmışdı və elə belə də nəzərdə tutmuşduq ki, həm Qazaxıstan, həm də biz bu fürsətdən istifadə edib bu sazişi Moskvada imzalayaq. İmzaladıq.

Beləliklə, Xəzər dənizinin statusuna aid Rusiya ilə Qazaxıstan arasənda saziş imzalanıb, Rusiya ilə Azərbaycan arasında saziş imzalanıb və Azərbaycan ilə Qazaxıstan arasında saziş imzalanıbdır. Demək, bu bizim götürdüyümüz prinsipin, yəni Xəzərin dibinin bölünməsi prinsipinin daha da möhkəmlənməsini göstərir.

Mənim Moskvada zirvə görüşü zamanı, yəni iclas vaxtı Türkmənistan prezidenti Türkmənbaşı ilə də söhbətim oldu. O da belə fikirdədir ki, biz mütləq gərək Türkmənistan ilə Azərbaycan arasında razılığa gələk və saziş imzalayaq. O belə fikirdədir və xahiş etdi ki, biz nümayəndələrimizi ora göndərək, danışıqlar aparsınlar. Mən də etiraz etmədim. Ona görə bu addım çox dəyərli addımdır. Hesab edirəm ki, bunu bizim Moskva səfərimizin əsas müsbət nəticələrindən biri hesab etmək olar.

Bir halda ki, birinci gün keçirdiyim görüşləri deyirəm, Gürcüstan prezidenti Şevardnadze ilə görüşdük. Hər dəfə bizim çox səmimi görüşlərimiz, danışıqlarımız, fikir mübadiləmiz olur. Bu dəfə bizim əsas söhbətimiz Gürcüstanda yaranmış vəziyyət haqqında onun mənə verdiyi məlumatlardan və mənim fikirlərimdən ibarət idi. Onun dediyinə görə, orada vəziyyət sabitləşir, hökumət artıq formalaşır, formalaşacaqdır və Gürcüstan baş vermiş bu şəraitdən çıxır. Bu da bizim üçün çox əhəmiyyətlidir. Çünki Gürcüstanda sabitlik bizim Azərbaycan üçün çox vacib amildir. Bu da məni çox sevindirdi.

Bilirsiniz ki, dövlət başçılarının görüşündən sonra mətbuat konfransı oldu. Bu barədə də məlumatınız vardır. Bizim televiziya da bunların hamısını çəkibdir. Məndən soruşdular, dedim ki, versinlər. Çünki, qoy, bizim ictimaiyyət prezidentlərin fikirlərini və bu mövzuları yaxşı bilsin.

Sonra dördlüyün - yəni Rusiya, Gürcüstan, Ermənistan, Azərbaycan prezidentlərinin görüşü oldu. Əvvəlcədən həm üç, həm də dördtərəfli görüşlər barədə bizim fikrimizi soruşmuşdular. Üçlüyün - Rusiya, Ermənistan, Azərbaycan prezidentlərinin görüşünə də biz razılıq vermişdik. Ancaq nədənsə dünən hiss etdik ki, üçlüyün bu görüşü bəlkə də olmasın. Ancaq Ermənistan prezidenti də hesab edirdi, mən də hesab edirdim ki, bu görüş olmalıdır.

İlk öncə dördlüyün görüşü oldu. Orada əsas beynəlxalq terrorizm əleyhinə mübarizə ilə əlaqədar müzakirə getdi, fikir mübadiləsi apardıq. Bizim burada nə Rusiya ilə, nə də Gürcüstan ilə fikir ayrılığımız yoxdur. Bizim bu barədə Ermənistanla heç bir münasibətimiz yoxdur və ola da bilməz. İndi hər bir ölkə beynəlxalq terrorizmlə özü mübarizə aparır. Biz eyni zamanda dünya miqyasında gedən mübarizəyə qoşulmuşuq. Ona görə də burada müzakirə getdi, amma heç bir razılaşma, yaxud sənəd nəzərdə tutulmamışdı.

Sonra isə mən müraciət etdim ki, üçlüyün görüşü lazımdır. Ona görə üçlüyün də görüşü oldu. Dördlüyün görüşündə xarici işlər nazirləri də iştirak edirdi. Üçlüyün görüşündə biz - Rusiya prezidenti Putin, Ermənistan prezidenti Koçaryan və Azərbaycan prezidenti bir saat yarım söhbət etdik, çox ətraflı danışdıq. Ancaq Ermənistan ilə Azərbaycan arasındakı mövqelərdə dəyişiklik yoxdur. Ona görə də sizə bu barədə bir nəticə haqqında məlumat verə bilmərəm.

Ümumiyyətlə, indi həmsədrlərin hamısının - Amerika Birləşmiş Ştatlarının, Rusiyanın, Fransanın fikri belədir ki, Ermənistan ilə Azərbaycan özləri razılığa gəlməlidirlər və hansı razılığa gəlsələr, o razılığı onlar da qəbul edəcəklər. Bunu bizə əvvəllər də deyiblər. Elə dünənki görüşdə də bir saat yarım aparılan mübahisədən sonra Rusiyanın prezidenti son olaraq bildirdi ki, biz nə Azərbaycana, nə də Ermənistana heç bir təsir edə bilmərik. Münaqişə çox ağır münaqişədir. Bunu siz özünüz həll etməlisiniz. Siz, iki ölkə - munaqişədə olan ölkə hansı qərarı qəbul edərsə, Rusiya onu dəstəkləyəcəkdir və həmin qərarın həyata keçirilməsinə kömək edəcəkdir. Mənim səfərimin nəticələri, bax, belədir.

Sual: Cənab Prezident, Ermənistanın Xarici işlər naziri Vardan Oskanyan bildirirdi ki, ATƏT-in yeni təklifləri yoxdur, prezidentlər müxtəlif variantları müzakirə edirlər. Müzakirələr yeni variantlar üzərində, yoxsa ATƏT-in əvvəllər təklif etdiyi üç variant üzərində gedir?

Cavab: Bilirsiniz, o qədər variantlar var ki. Ona görə mən sizin sualınıza cavab verə bilmərəm. Müxtəlif variantlar var. Oskanyan nə düşünür, mən bilmirəm. Oskanyan həmin görüşdə iştirak etmirdi. Orada xarici işlər nazirləri yox idi.

Sual: Cənab Prezident, MDB-nin uzvu olan Ermənistanla Azərbaycan arasında münaqişə var vəGürcüstanla Rusiya arasında münasibətlər gərgindir. Bu, MDB-nin gələcək taleyinə necə təsir edir?

Cavab: Heç bir təsir etmir. Mən hiss etdim ki, Gürcüstan ilə Rusiya arasındakı münasibətlərdə gərginlik indi azalmağa doğru gedir.

Sual: Cənab Prezident, Rusiya prezidenti Vladimir Putin Almaniya Bundestaqında çıxış edərkən bildirdi ki, təcavüzkar separatizm və terrorizm eynidir. Onlar Çecenistanda öz siyasətlərini bu əsasda aparırlar. Rusiyanın bu kəskin movqeyi danışıqlara təsir göstərmirmi? Axı biz də Dağlıq Qarabağda təcavüzkar separatizmlə üzləşmişik.

Cavab: Bilirsiniz, bəli, Putin orada deyibdir, mən də eşitmişəm. Ancaq sizə deyə bilərəm ki, Müstəqil Dövlətlər Birliyinin müxtəlif sənədlərini biz bu illərdə qəbul etmişik. Təcavüzkar separatizm sözünün ora salınmasına hər dəfə Ermənistan imkan verməyibdir. Biz həmişə təkid etmişik ki, təcavüzkar separatizmə qarşı mübarizə aparmaq lazımdır. Ancaq Ermənistan buna etiraz edibdir və başqa dövlət başçılarının heç biri də bizi dəstəkləməyibdir. Ona görə həmin söz bizim imzaladığımız müxtəlif sənədlərdən hər dəfə çıxarılıbdır.

Mən bir-iki dəfə demişəm, Çecenistanda da təcavüzkar separatizm var, amma ermənilər tərəfindən Azərbaycana qarşı da var. Gəlin bunu edək. Amma yox, heç biri bununla razı olmur. Ona görə onun Bundestaqdakı çıxışından başqa, mövqeyində fərq var.

Sual: Cənab Prezident, sənədlərdə "birgə antiterror əməliyyatlarının aparılması" sözləri var. Bu antiterror əməliyyatlarının birgə təşkili və aparılmasına dair layihənin yaradılması üçün tapşırığın verilməsi sənədlərdə göstərilir. Onda bu nəyi nəzərdə tutacaqdır?

Cavab: Terror əməliyyatlarının əleyhinə, separatizm ora daxil deyildir.

Sual: Cənab Prezident, Siz bayaq bildirdiniz ki, ATƏT-in Minsk qrupunun həmsədrləri və Rusiya prezidenti bəyan edib ki, münaqişənin həlli iki ölkə prezidentlərindən asılıdır və danışıqlar nəticəsində onlar razılığa gəlməlidirlər. Siz münaqişənin həllinin mümkünlüyünü hansı çərçivədə görürsünüz?

Cavab: Onu gələcəkdə deyərəm.

Sual: Cənab Prezident, son dövrlərdə Azərbaycanda radikal tələblər irəli surulur. MDB sammitindən sonra bu cağırışlara Sizin munasibətiniz necədir?

Cavab: Çağırışlar var, hərə öz fikrini deyə bilər. Heç kəsin söz deməsinin qarşısını almaq olmaz. Hərə öz fikrini deyir.

Sual: Cənab Prezident, özünüzü necə hiss edirsiniz?

Cavab: Sən özün necə hiss edirsən? Məni necə görürsən?

Jurnalist: Normal.

Heydər Əliyev: Sən bütün günü mənim yanımda idin. Səhər saat onun yarısında Kremlə gəlmişik, oradan gecə yarısı çıxmışıq. Sən özün gördün, haqq-hesabını apar və Heydər Əliyevin səhhəti haqqında yazanlara heç olmasa bir dəfə etiraz et. Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR