Hörmətli bacılar, qardaşlar, əziz həmvətənlər!
İkinci gündür ki, Azərbaycan Respublikası, Azərbaycan xalqı matəm içindədir. Xalqımıza böyük itki üz veribdir. Xalqımızın böyük oğlu Ziya Bünyadovun vəhşicəsinə qətlə yetirilməsi hamımızı kədərləndirib, qəzəbimizi coşdurub, hiddətləndirib. Biz hamımız matəmə qərq olmuşuq.
Dəhşətli bir hadisədir, təsəvvür etmək mümkün deyil. Azərbaycanın ən dəyərli insanlarından, şəxsiyyətlərindən biri vəhşi, namərd gülləsi ilə qətlə yetirilibdir. Hər bir itki insanı kədərləndirir. Ziya Bünyadov kimi insanların dünyadan getməsi, şübhəsiz ki, böyük itkidir və böyük qəm-qüssə doğurur. Ancaq bu qədər vəhşicəsinə, bu qədər amansız cinayət nəticəsində itkimiz bizi həddindən artıq kədərləndirib, həddindən artıq hiddətləndiribdir və hamımızı ağrıdır, incidir.
Bir də qeyd edirəm, Ziya Bünyadovun həyatdan getməsi bizim üçün böyük itkidir. Çünki o, xalqımızın XX əsrdə yetirdiyi ən görkəmli alimlərdən, ən görkəmli tarixçilərdən və ən görkəmli insanlardan biri idi. Ziya Bünyadov haqqında çox danışmaq olar və güman edirəm, bundan sonra daha da çox danışılacaq, haqqında kitablar, xatirələr yazılacaqdır. Çünki o, öz varlığı ilə elə bir nadir insan idi ki, böyük, şərəfli həyat yolu ilə elə bir yüksək səviyyəli şəxsiyyət adı almışdı ki, onun haqqında nə qədər çox desək də, yenə də tam qiymətini verə bilməyəcəyik. Bir daha deyirəm, o, xalqımızın XX əsrdə dünyaya gətirdiyi, xüsusi fitri istedada malik olan, eyni zamanda öz cəsurluğu, rəşadəti, zəkası, fədakarlığı, zəhmətkeşliyi, işgüzarlığı ilə cəmiyyətdə görkəmli yer tutmuş insandır. Deyə bilərəm ki, bəlkə də təkrarsız bir insandır. Çünki o, insan üçün xas olan, bəzən də yalnız nadir insanlara xas olan keyfiyyətləri özündə cəm edən bir insandır.
Bir baxın, gənc ikən hərbi qulluğa həvəs göstərib, hərbi məktəbə gedibdir. Bu, onun xasiyyətinin bir cinahıdır, əvvəldən axıra qədər, ömrü boyu bu xüsusiyyət onu müşayiət edibdir. İkinci dünya müharibəsi, Vətən müharibəsi başlayan kimi orduya gedib, müharibənin əvvəlindən sonuna qədər cəbhədə olub, döyüşüb qəhrəmanlıq göstəribdir. Çox yüksək qəhrəmanlıq göstəribdir. Alman faşizminə qarşı müharibənin qəhrəmanlarından biri olubdur. Hamımız bilirik ki, bu nə qədər dəhşətli müharibə olubdur. Hamımız bilirik o müharibə nə qədər insan ömrü apardı, nə qədər qurbanlar getdi, nə qədər insanlar həlak oldu. Amma Ziya Bünyadovun qəhrəmanlığı, cəsurluğu və eyni zamanda Allahın bəxş etdiyi aqibət onu müharibədən qəhrəmanlıqla çıxardı. Sovet İttifaqı Qəhrəmanı kimi yüksək, şərəfli ad aldı.
Xatirinizdədir, İkinci dünya müharibəsi, Böyük Vətən müharibəsi qurtardıqdan sonra, - ondan əlli ildən çox, əlli bir il keçib, - Vətən müharibəsinin qəhrəmanları həmişə cəmiyyətin ən mötəbər, ən sayılan adamları idi. O müharibədə Sovet İttifaqı Qəhrəmanı adı almış şəxslər isə ən yüksək hörmətə layiq idilər və onlar da o qədər çox deyildilər. Azərbaycanlılardan İkinci dünya müharibəsində iştirak edib, alman faşizminin qarşısını almaqla rəşadət göstərərək yüksək adlar alanları, həmvətənlərimizi, Sovet İttifaqı Qəhrəmanı adına layiq insanları həmişə yüksək qiymətləndirmişik.
Ziya Bünyadov azərbaycanlıların içərisindən çıxmış az - yüz nəfərdən bəlkə bir az çox olan Sovet İttifaqı qəhrəmanlarından biri idi və bu adı həmişə şərəflə, böyük iftixar hissi ilə daşıyırdı.
Son illər, Sovet İttifaqı dağılandan sonra dünyada, keçmiş Sovet İttifaqında, Azərbaycanda gedən cürbəcür ictimai proseslər zamanı, hətta burada, Azərbaycanda tarixinə, millətinin qəhrəmanlıq səhifələrinə ləkə yaxmaq istəyən bəzi adamlar Vətən müharibəsi qəhrəmanlarının adlarını tarixdən silməyə cəhd göstərən zaman, Qələbə gününü Azərbaycanda ləğv edən adamlar belə şəxslərə mənfi münasibət göstərən zaman da Ziya Bünyadov Sovet İttifaqı Qəhrəmanının Qızıl Ulduzunu döşündə həmişə iftixarla gəzdirirdi.
Xatirimdədir, fevralın 19-da dörd gün bundan öncə Gürcüstan prezidenti Eduard Şevardnadzenin Azərbaycana səfəri münasibətilə "Gülüstan" Sarayında rəsmi qəbulda Ziya Bünyadov bizə yaxınlaşdı, Eduard Şevardnadzeni salamladı, mənimlə görüşdü və onun sinəsində Sovet İttifaqı Qəhrəmanının Qızıl Ulduzu yenə də parlayırdı. Yəni o, öz əqidəsinə sadiq bir insan idi. Ziya Bünyadovun o qəhrəmanlığı tək onun qəhrəmanlığı deyildi, həm də Azərbaycan xalqının, Azərbaycan övladlarının nəyə qadir olduğunu dünyaya nümayiş etdirən, sübut edən böyük bir nümunə idi. Mən bunu həmişə belə hesab etmişdim və Ziya Bünyadov da bu hisslərlə yaşayaraq, o Qızıl Ulduzu döşündə daim daşıyırdı.
1995-ci ilin may ayında Böyük Vətən müharibəsinin, İkinci dünya müharibəsinin qurtarmasını, alman faşizmi üzərində Qələbənin 50 illik yubileyini dünya böyük təntənə ilə qeyd etdi. O vaxt Hitler faşizminə qarşı koalisiyanı təşkil edən dövlətlərin paytaxtlarında böyük bayram mərasimləri keçirildi. Dünyanın dövlət başçıları və nümayəndə heyətləri Londona - Böyük Britaniyaya, Parisə - Fransaya, Moskvaya - Rusiyaya dəvət edilmişdi. Orada müstəqil Azərbaycan dövləti də təmsil olunmuşdu. Mən nümayəndə heyətinə Ziya Bünyadovu böyük ehtiram hissi ilə daxil etmişdim. Biz birlikdə orada bayram mərasimlərində iştirak etdik. Londonda da, Parisdə də, Moskvada da İkinci dünya müharibəsinin veteranları - döşlərində ordenlər, medallar, nişanlar gəzdirən ingilislər, fransızlar, ruslar və başqa millətlərə mənsub olan veteranlar Azərbaycandan gəlmiş İkinci dünya müharibəsi veteranlarını və xüsusən Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovu çox böyük ehtiram və hörmətlə qarşılayırdılar.
Ömrünün son dəqiqələrinədək Ziya Bünyadov öz həyatının bu istiqamətini, bu cinahını həmişə yüksək qiymətləndirmiş, veteranlarla daim bir yerdə olmuş, öz cəbhə yoldaşlarını həmişə xatırlamış, onlara kömək etmişdir. Amma eyni zamanda Ziya Bünyadovun xüsusi keyfiyyəti ondan ibarətdir ki, hərbçi zabit, qəhrəman, döyüşçü keyfiyyətləri ilə yanaşı, o həm də, İkinci dünya müharibəsi bitəndən sonra özünü elmə həsr etmişdir. Onda olan həqiqi fitri istedad onu böyük elmə gətirib çıxarmışdır. Moskvada yüksək təhsil aldıqdan sonra Azərbaycanda 50-ci illərin əvvəllərindən ömrünün sonunadək elmimizin inkişafında əvəzsiz xidmətlər göstərmişdir.
Biz hər bir elm adamını qiymətləndiririk, hər bir alimin elmimizə verdiyi töhfəni, xidməti qiymətləndiririk. Amma hərənin öz yeri var. Ziya Bünyadovun Azərbaycan elmində öz dəst-xətti, öz yolu, müstəqil fikri olmuşdur və özünəməxsus böyük xidmətləri var. O, adi bir alim, adi bir professor deyildir. O, adi bir akademik deyildir. O, alimlərin, akademiklərin, professorların içərisində öz elmi yaradıcılığına, elmi əsərlərinə görə və elmdə tutduğu mövqelərinə, prinsipiallığına görə seçilən, fərqlənən bir alim idi. Bunu anlamaq, bilmək lazımdır. Bunu bütün xalqımız bilməlidir. Onun elmi yaradıcılığı, Azərbaycana, Azərbaycan elminin inkişafına göstərdiyi xidmətlər haqqında kitablar, əsərlər yazılmalıdır.
Lakin bu gün, bu matəm günü onun cənazəsi qarşısında bir neçə məqamı xüsusi qeyd etmək istəyirəm. Əvvəla, onun elmdə, elmi axtarışlarında birinci növbədə elmi mənbələri, ilkin mənbələri axtarıb tapması, onlara istinad etməsi və onlardan şəxsən istifadə etməsi, ikincisi, onun elmi axtarışlarında və elmi fikirlərində olan prinsipiallığı, dəyişməzliyi, üçüncüsü, onun elmi yaradıcılığında Azərbaycan tarixinin həqiqətlərini üzə çıxarması və elmi cəhətdən əsaslandırılması, tarixə salmasıdır.
Biz bu gün də etiraf etməliyik ki, Azərbaycan xalqının böyük tarixi indiyədək lazımınca tədqiq edilməyibdir, hələ tədqiq edilməli olan çox-çox mərhələlər, dövrlər var. Lakin Ziya Bünyadov yaradıcılığının xüsusiyyəti ondan ibarətdir ki, o, məhz özünü onadək tədqiq olunmamış hissələrə, mərhələlərə, sahələrə yönəldirdi və onun hər bir əsəri eyni zamanda elmi ixtira idi. O, Azərbaycan elmini, Azərbaycan tarix elmini, şərqşünaslıq elmini həqiqətən zənginləşdirən əsərlər yaradırdı. Onun orta əsrlərə aid əsərlərinin böyük tarixi əhəmiyyəti var, yəni tariximizin ona qədər məlum olmayan böyük mərhələlərini tədqiq edib, elmi surətdə əsaslandırıb xalqımıza çatdırmışdır. Amma eyni zamanda onun bu tədqiqatlarının, elmi əsərlərinin qiyməti, xüsusiyyəti ondan ibarətdir ki, o, bizim tariximizi saxtalaşdıran, yaxud tariximiz haqqında yalan məlumat verən başqa dövlətlərin, başqa millətlərin tarixçilərinin bizim tariximiz haqqında yanlış, əsası olmayan fikirlərinin əleyhinə çıxmış, mübahisəyə qoşulmuş və elmi cəhətdən öz tarixi ixtiralarının, yaxud da öz tarixi əsərlərinin daha əsaslı olduğun sübuta yetirmişdir.
Ziya Bünyadov adi bir tarixçi, adi bir tarix tədqiqatçısı deyildi. O, mübariz bir tarixçi idi. O, daim mübarizə aparan tarixçi idi. Onun mübarizəsi də Azərbaycanın milli mənafelərinin müdafiəsi ilə bağlı olmuşdur. IX-X əsrlərdə, orta əsrlərin başqa mərhələlərində Azərbaycanın hansı hissəsi kimə mənsub olub, harada kim və necə olub - bütün bunları Azərbaycan xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərindən və tarixi həqiqəti bugünkü nəsillərə və gələcək nəsillərə, dünya tarixinə çatdırmaq baxımından Ziya Bünyadovun əsərləri əvəzsizdir. Bu onun elmi fəaliyyətinin və elmi yaradıcılığının məhz ona məxsus xüsusiyyətidir və xüsusi qiymətə malikdir.
Bu elmi tədqiqatları ilə əlaqədar Ziya Bünyadov, dediyim kimi çox prinsipial, çox mübariz mövqedə durmuşdu. 60-70 illərdə Ermənistanın millətçi və separatçı qüvvələri tərəfindən Qafqaz tarixinə aid, o cümlədən Ermənistan-Azərbaycan tarixinə aid cürbəcür və tariximizi təhrif edən, saxtalaşdıran, Ermənistanda meydana çıxmış müxtəlif yazıların, məqalələrin əleyhinə ilk dəfə səsini qaldıran və onlara əsaslı, dəlilli və tarixi mənbələrə istinadla cavab verən, onların qarşısını alan alim Ziya Bünyadov idi.
Bilirsinizmi, burada Ziya Bünyadovun bütün xüsusiyyətləri gözlərimiz önünə gəlir. Əvvəla, o, çox dərin və zəngin bilikli alim idi. İkincisi, mübarizliyi, prinsipiallığı, üçüncüsü isə onun öz fikirlərini, yəni elmi qaynaqlara söykənən fikirlərini sübuta yetirməyə qadir olduğunu göstərən xüsusiyyətləridir.
o vaxtlar Sovet İttifaqı mətbuatında, Ermənistan mətbuatında, onların kitablarında, elmi yazılarında, Azərbaycan və Moskva mətbuatındakı məqalələrdə gedən mübahisələr çoxlarının yadındadır. Hər tərəfdən dəstə ilə alimlər, yaxud da alim adı daşıyan cürbəcür adamlar Azərbaycan tarixinə o vaxtlar təcavüz edirdilərsə, bu tərəfdən Ziya Bünyadov, yenə də deyirəm, öz iradəsi, biliyi ilə, elmi əsərləri ilə onlara layiqli cavab verirdi və Azərbaycan tarixinin doğru-düzgün olduğunu dünyaya sübut edirdi və onu qoruyurdu.
Buna görə də erməni millətçiləri, erməni separatçıları və ümumiyyətlə, Azərbaycana mənfi münasibət göstərən cürbəcür xarici qüvvələr Ziya Bünyadovu düşmən kimi qəbul edirdilər. Lakin ölkəmizdə, xalqımızın içində isə, o cümlədən tək bizim xalqımızın arasında deyil, bütün dünyada Ziya Bünyadov öz elmi obyektivliyi ilə, elmi biliyi ilə, elmi əsərləri ilə böyük hörmət və ehtiram qazanmışdı və burada da qəhrəmanlığını göstərirdi.
Ziya Bünyadovun elmdə prinsipiallığını və dəyişməzliyini sübuta yetirən faktlar çoxdur. Bunların əksəriyyəti şəxsən mənə məlumdur. Mən Ziya Bünyadovla təxminən 40 ildir tanış və dost idim. Keçmiş illərdə, 70-ci illərdə də Azərbaycana rəhbərlik etdiyim zaman Ziya Bünyadov ilə həmişə sıx əlaqədə olmuşdum, ona görə də bu məsələlərin çoxusunu şəxsən bilirəm və bildiyimə görə də bunları onun cənazəsi qarşısında deməyi özümə borc sayıram.
Xatirimdədir, 60-cı illərin ikinci yarısında Azərbaycanın 150 il öncə Rusiyaya könüllü surətdə qəbul olunması haqqında elmi mübahisələr gedirdi. Məlumdur ki, 1964-cü ildə qərar qəbul edilmişdi ki, 150 il öncə Azərbaycan könüllü surətdə Rusiyanın tərkibinə daxil olmuşdu. Biz bunu bir bayram kimi qeyd etmişdik. Bu münasibətlə Azərbaycan Lenin ordeni ilə təltif olunmuşdu. Bunların hamısı da tariximizin səhifələridir.
Amma Ziya Bünyadov bir alim kimi heç nədən qorxmayaraq, heç kəsdən çəkinməyərək öz elmi fikirlərini söyləyirdi. Xatirimdədir, 67-68-ci illərdə Ziya Bünyadov bu barədə artıq bir neçə dəfə açıq bildirmişdi ki, doğrudur, Azərbaycan Rusiyanın tərkibinə daxil olubdur. Amma bu, könüllü olmayıbdır. Odur ki, tarixi həqiqəti demək lazımdır.
O vaxtki siyasi mühit, siyasi konyuktura bunu qəbul etmirdi. Ziya Bünyadovu hətta buna görə günahlandırılırdı, onu hətta cəzalandırmaq istəyirdilər. Əgər səhv etmirəmsə, onu Elmlər Akademiyasının Partiya Komitəsinin müzakirəsinə də çağırmışdılar. Lakin Ziya Bünyadov dediyinin durmuşdu. Bilirsinizmi, indi bu məsələlərə adi bir hal kimi baxırlar. Ancaq xahiş edirəm, 60-cı illərə, o dövrə, o illərə hökm sürmüş ideologiyaya, ümumi mühitə, ümumi konyukturaya qayıdasınız. Belə fikir söyləmək o vaxtlar hökumətin, partiyanın əleyhinə getmək demək idi. Amma Ziya Bünaydov çəkinmirdi, öz elmi fikirlərini cəsarətlə, doğru-düzgün deyirdi. Ziya Bünyadovun dedikləri də doğru idi. Amma Ziya Bünyadov bunu sübut edə bilmirdi. O vaxtlar çox çalışırdılar ki, Ziya Ziya Bünyadovun cəzalandırsınlar. Lakin Ziya Bünyadovun şəxsiyyəti, böyük alim kimi, Sovet İttifaqı Qəhrəmanı kimi və onun özünəməxsus bir neçə keyfiyyəti Ziya Bünyadovu saxladı.
Mən şəxsən Ziya Bünyadovun o illərdə xidmətlərinə çox yüksək qiymət vermiş və bu xidmətləri qiymətləndirmək üçün əlimdən gələni etmişdim. Ona Dövlət mükafatı verilməsi də məhz Azərbaycan tarixinin ən mühüm dövrlərinin elmi cəhətdən əsaslandırılması və elmi əsərinin təqdim olunması ilə bağlı idi. Yaxud onun instituta direktor təyin olunması, akademik seçilməsi - bunların hamısı Ziya Bünyadovun məhz özünün zəhməti, özünün elmi xidmətləri və həqiqi alim kimi elmi əsərlərinin nəticəsi idi. Bəlkə də bütün mərhələlərdə Ziya Bünyadovun xidmətləri lazımınca qiymətləndirilməmişdir. Bunu da deyə bilərəm, bu da həqiqətdir. İndi bu həqiqəti də etiraf etmək lazımdır.
Nəhayət, Azərbaycanda milli azadlıq hərəkatı başlayarkən Ziya Bünyadovun elmi, ictimai-siyasi fəaliyyəti haqqında. Əvvəla, onu demək istəyirəm və qeyd etmək lazımdır ki, əgər millətimizdə, gənclərimizdə o illərdə milli dirçəliş və milli oyanış hissləri gündən-günə inkişaf edirdisə, bunların səbəbi bizim Ziya Bünyadov kimi alimlərin əsərlərinin təsiri ilə bağlı idi, Ziya Bünyadov kimi alimlərimizin, yazıçılarımızın və şairlərimizin milli ruhu qaldırmağa, milli əhval-ruhiyyəni inkişaf etdirməyə yönəldilmiş yazıları ilə, əsərləri ilə bağlı idi. Ona görə də o illərdə milli azadlıq hərəkatımızın cücərməsində, boy atmasında, inkişaf etməsində Ziya Bünyadovun əsərlərinin böyük təsiri, böyük xidməti var. Lakin Ziya Bünyadov, bizim üçün çox vacib olan bu milli oyanış, milli dirçəliş hisslərinin inkişaf etməsinə bir tərəfdən öz əsərləri ilə, digər tərəfdən isə məhz ictimai-siyasi fəaliyyəti ilə xidmət etmişdir.
O illərdə Ziya Bünyadov meydanlarda nitq söyləyən, Ermənistanın Azərbaycana təcavüzünə qarşı səsini qaldıran və erməni qəsbkarların haqsız iddiaları əleyhinə etiraz edən, bu sahədə ən qabaqda gedən insanlardan biri idi. Məhz Ziya Bünyadov kimi hörmətli adamların sözü ilə, Ziya Bünyadov kimi mötəbər adamların hərəkətləri ilə bizim minlərlə, on minlərlə insanlarımız, gənclərimiz bu hərəkatlara, bu cərəyanlara qoşuldular. Onlar Azərbaycanın milli azadlığına, müstəqilliyinə, Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən təcavüz əleyhinə öz etirazını bildirir, milli azadlıq uğrunda, müstəqillik uğrunda mübarizəyə qoşulurdular. Burada da Ziya Bünyadovun xidmətləri çoxdur və onun ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, 80-ci illərin axırlarında - 90-cı illərin əvvəllərində o, bir daha böyük alim kimi, tədqiqatçı kimi Azərbaycanın açılmamış arxivlərinə bir daha getdi, o arxivlərdən Azərbaycan tarixinin XX əsrə aid səhifələrini açdı, tədqiq etdi, öz kitablarında, dövri mətbuatda yazılar verdi və beləliklə də əgər əvvəllər Azərbaycan tarixinin orta əsrlərə aid çox mühüm dövrlərini elmi əsərlərində işıqlandırdısa, açdısa, göstərdisə, son illərdə də özünü buna həsr etdi. O cümlədən, ilk Azərbaycan Demokratik Respublikasının yaranması ərəfəsində gedən prosesləri də, o dövrü də doğru-düzgün tədqiq edənlərdən biri də Ziya Bünyadovdur.
Onun böyük xidmətlərindən biri də bolşevizm terroru nəticəsində 20-30-cu illərdə Azərbaycanda aparılmış repressiyalar haqqında həqiqətləri aşkara çıxarmaqdan, represiya qurbanlarının adlarını açıb göstərməkdən, onlara bəraət qazandırmaqdan, onların adlarını tarixdə bərpa etməkdən və beləliklə o dövrü və doğru-düzgün işıqlandırmaqdan ibarət olmuşdur.
Gördüyünüz kimi, döyüşçü, müharibə iştirakçısı, bəşər tarixində ən dəhşətli müharibə olan İkinci dünya müharibəsinin, alman faşizminə qarşı müharibənin qəhrəmanı, eyni zamanda sonralar 50 il müddətində elmi axtarışlarla məşğul olmuş, həm də Azərbaycan elmindən dünya elminə töhfələr vermiş insan idi. Bunlarla yanaşı, onun həmişə bir xüsusiyyəti də olubdur, o, Azərbaycanın ictimai-siyasi həyatından, Azərbaycanda gedən ictimai-siyasi proseslərdən heç vaxt kənarda qalmamışdır.
Doğrudur, bunu da etiraf etmək lazımdır ki, onun bu sahədə də xidmətləri və fəaliyyəti müəyyən mərhələlərdə lazımınca qiymətləndirilməyibdir. Bilirsinizmi, Ziya Bünyadov xüsusi bir xarakterə malik adam idi. Onun özünəməxsus elə keyfiyyətləri var idi ki, bunun təkrarını mən cəmiyyətimizdə görməmişəm, bəlkə də olmayacaqdır. Buna görə də onun özünəməxsus keyfiyyətləri, xüsusiyyətləri, yəni müstəqilliyi, yenilməzliyi, mübarizliyi, prinsipiallığı bəzi adamlarda ona, şübhəsiz, qeyri-obyektiv, mənfi münasibət doğururdu. Ona görə də bəzən adamlar hissiyyata qapılaraq, onun xidmətlərini, müsbət keyfiyyətlərini unudaraq, nədənsə ondan inciyib onun xidmətlərinə qiymət verilməsinin qarşısını alırdılar. Bunlar da olubdur.
Məsələn, Ermənistanın Azərbaycana təcavüzü başlayandan bəri Ziya Bünyadov xalqı Ermənistana qarşı mübarizəyə və torpaqlarımızın müdafiəsi uğrunda mübarizəyə səfərbər etməkdən həmişə ön sıralarda getmiş adam olubdur, həmişə mübarizə aparıbdır, həmişə öz sözünü deyibdir, heç vaxt çəkinməyib, heç vaxt kənarda durmayıb, heç vaxt gizlənməyibdir. Amma eyni zamanda, xatirimdədir, Naxçıvanda yaşayırdım, 90-cı illərin əvvəllərində Azərbaycan parlamentinə seçkilər keçirilirdi. Ziya Bünyadov da öz namizədliyini vermişdi. Mən bunu o vaxtlar qəzetlərdə oxuyurdum. Bəli, o öz namizədliyini vermişdi. Baxırdım ki, 5-6 layiqli adam vardısa, onlardan biri də Ziya Bünyadov idi. Fikirləşirdim ki, əlbəttə, Ziya Bünyadov seçilməlidir. Amma sonra gördüm ki, Ziya Bünyadov seçilmədi. Onun yerinə bir nəfər alverçi, yaxud ticarət işçisi, bazar müdiri seçildi.
Sonralar Ziya Bünyadov öz namizədliyini başqa bir dairədən də vermişdi. Mən bunların hamısını uzaqdan müşahidə edirdim, baxırdım və ürəyim ağrıyırdı. Fikirləşirdim ki, görəsən, Ziyanın namizədliyi keçəcəkmi? Ziya Bünyadov o dairədən də seçilmədi. Amma Ziya Bünyadovun əlinin altında kiçik elmi əməkdaş işləmiş bir nəfər seçildi. Bilirsinizmi, həyatımızda, bax, belə ədalətsizliklər də olubdur: ümumi ədalətsizliklər, o cümlədən də Ziya Bünyadova qarşı ədalətsizliklər.
Amma bunların heç birisi Ziya Bünyadovun iradəsini sındırmayıbdır. O, heç vaxt əyilmədi, heç vaxt sınmadı, heç vaxt heç kəsə baş əymədi. Ona görə də Ziya Bünyadovu çoxları sevirdi, mən də sevirdim, ona xüsusi hörmət edirdim. Bəzən o, kiməsə acı söz deyə bilərdi, lakin onu anlamaq lazım idi ki, acı sözün içində xeyirxah münasibət vardı, onun arxasında vətəndaşlıq vardı, onun arxasında Azərbaycan xalqına sevgi, məhəbbət vardı, onun arxasında böyük insan dururdu.
Nəhayət, Ziya Bünyadovun son illərdəki fəaliyyətini də xüsusi qeyd etmək istəyirəm. O da Ziya Bünyadovun daim ictimai-siyasi fəaliyyətdə olmasından və bu fəaliyyətlə əlaqədar Yeni Azərbaycan Partiyasının yaranmasında iştirak etməsindən ibarətdir. Xatirimdədir, mən Naxçıvanda idim, Azərbaycanda vəziyyət qarışan zaman bir neçə dəfə Ziya Bünyadov bir çox alimlərlə, ziyalılarla birlikdə Naxçıvana gəldi, mənimlə söhbətlər apardı, məni Bakıya dəvət etdi. Beş il bundan öncə, 1992-ci ilin fevral ayında, ya da martın əvvəllərində Azərbaycanda hakimiyyət, dövlət böhranı oldu. O vaxtlar yəqin ki, xatirinizdədir. Ziya Bünyadov ağır bir vəziyyətdə Naxçıvana gəldi, mənimlə 3-4 saat söhbət apardı. Onun söhbətinin mənası bundan ibarət idi ki, Azərbaycan ağır vəziyyətdədir. Mənə müraciət edirdi ki mən, yəni Heydər Əliyev Bakıya qayıtmalıdır. Mən keçmiş vaxtlarda olduğu kimi, Naxçıvandakı görüşlərimizdə də Ziya müəllimə böyük hörmətlə yanaşaraq ona bildirməyə çalışırdım ki, indi mənim Bakıya gəlməyim mümkün deyil, yaxud şəxsən mən bunu istəmirəm. O, hər dəfə də məndən narazı qayıdırdı. O, yanıma bir neçə dəfə gəlmişdi. 1992-ci ilin şaxtalı noyabr ayında bir dəstə ziyalı, o cümlədən Ziya Bünyadov Naxçıvana gəldilər, biz orada Yeni Azərbaycan Partiyasının təsis konfransını birlikdə keçirdik. Şaxta, soyuq idi, elektrik işığı yox idi. Biz o günləri orada kerosin lampasının işığında keçirdik və Yeni Azərbaycan Partiyası yarandı. Ziya Bünyadov Yeni Azərbaycan Partiyası sədrinin müavini seçildi.
Bəli, o vaxtlar Yeni Azərbaycan Partiyasının yaranmasına iqtidar mane olurdu və bunu istəmirdi. Bu işə qoşulan adamları burada təqib edir və onları bəzən tutur, bəzən sıxırdılar, bəzilərini incidirdilər. Ziya Bünyadov bunların heç birisindən nə qorxur, nə də çəkinirdi, heç birisindən! Həqiqətən, ilk dövrlərdə Yeni Azərbaycan Partiyası idarə heyətinin iclasları akademiyada Ziya Bünyadovun iş otağında, kabinetində keçirilirdi. O, heç bir şeydən qorxmurdu. Niyə qorxmurdu? Çünki o, həmişə olduğu kimi, 50 il ondan sonra da öz əqidəsinə sadiq idi. O, əqidə adamı idi, əqidəsinə sadiq idi. Mən bunu çox yüksək qiymətləndirirəm.
Bunlar olsa da, olmasa da, Ziya Bünyadovun qiyməti yüksəkdir və onun xidmətləri əvəzsizdir. Azərbaycan vətəndaşı kimi və keçmiş illərdə Ziya Bünyadovla bir yerdə işləmiş və Azərbaycana rəhbərlik etmiş bir şəxs kimi, indi isə Azərbaycan prezidenti kimi mən də Ziya Bünyadovun xidmətlərini yüksək qiymətləndirirəm. Amma bu mərhələni də, bu dövrü də ona görə xüsusi qeyd edirəm ki, Ziya Bünyadov ahıl yaşa çatdığı bir zamanda da öz əqidəsinə sadiq qaldığını göstərirdi və Yeni Azərbaycan Partiyasına da öz əqidəsi ilə gəlmişdi. Ona görə də 1995-ci ilin noyabrında müstəqil Azərbaycanın ilk parlament seçkilərində Ziya Bünyadovun adı Yeni Azərbaycan Partiyasının siyahısında birinci yazılmışdı və o, Milli Məclisə deputat seçildi. Milli Məclisin deputatı olduğu vaxtlarda Ziya Bünyadov fəal, mərd, obyektiv olmuşdur.
Ziya Bünyadovun akademiyada vitse-prezident kimi, alim kimi fəaliyyəti böyükdür, yenə də deyirəm, bu barədə çox danışmaq olar. Bilirsinizmi, bu gün matəm mitinqində mənim bu qədər danışmağıma ehtiyac yox idi. Ancaq qəlbim Ziya Bünyadovun xidmətləri haqqında sözlərlə o qədər doludur, eyni zamanda bu faciə mənə də, xalqımıza da o qədər təsir edibdir ki, bu gün bu sözləri deməyi özümə borc bilirəm.
Ziya Bünyadovun vəhşicəsinə qətlə yetirilməsi dəhşətli bir hadisədir. Bilirsinizmi, son illər biz belə dəhşətli hadisələrlə qarşılaşırıq. Son illərdə Azərbaycanda bir çox müsbət amillərlə, nailiyyətlərlə, Azərbaycanın dövlət müstəqilliyi ilə əlaqədar gedən müsbət proseslərlə yanaşı, təəssüflər oldun ki, belə qatı cinayətkarlar da, vəhşilər də meydana çıxıbdır. Məsələn, 50 il bundan qabaqkı tarixi götürsək, yadıma gəlməz ki, Ziya Bünyadov kimi adama kiminsə əli qalxıb güllə atsın, ona bıçaq vursun. Gərək nə qədər vəhşi olasan, nə qədər imansız olasan, xalqına nə qədər düşmən olasan ki, bu cür qatillik edəsən. Qatil qatildir. Hər bir insanı qətlə yetirən insan qatildir. Ancaq bu cür qatillik hədsiz-hüdudsuz qatillikdir. Kimə qarşı? Ziya Bünaydov kimi şəxsiyyətə qarşı! Bu qədər dahi, bu qədər ali, bu qədər böyük həyat yolu keçmiş şəxsiyyətə atılan güllə, onun qətlə yetirilməsi bütün Azərbaycana xalqına edilən təcavüzdür, Azərbaycan xalqına atılan güllədir. Çünki Ziya Bünyadov Azərbaycan xalqını ən gözəl təmsil edən şəxsiyyətlərdən biri və o şəxsiyyətlərin içində seçiləni idi. Belə bir adamı, bu qədər həyat yolu keçmiş adamı necə qətlə yetirmək olardı! Bu cinayət tək onu qətlə yetirən adamların cinayəti deyildir, onları bu işə sövq edən, bu cinayətə yönəldən, bu cinayət yoluna salan adamların əməlidir, o qüvvələrin işidir, o terroristlərin işidir.
Biz son illər belə terror hərəkətləri ilə rastlaşmışıq. Bəli, son illərdə burada belə terror hərəkətlərinə əsas qoyan qüvvələr, adamlar da var.
1990-cı ildə gözəl bir ziyalını, günahsız bir adamı - Əjdər Xanbabayevi qətlə yetirdilər. 1994-cü ildə Afiyəddin Cəlilovu, Şəmsi Rəhimovu qətlə yetirdilər. Neçə dəfə terror etmək cəhdi olmuşdu. Allaha şükürlər olsun ki, biz bu cəhdlərin qarşısını ala bildik. Neçə dəfə belə cəhdlər olmuşdu. O cəhdləri göstərmiş olan adamlar indi istintaq altındadırlar, yaxud da məhkəmə onların barəsində hökm çıxarmış və onlar cəzalarını çəkirlər.
Nəhayət, belə bir cinayət, belə bir terror, belə bir qətl xalqımıza qarşı qətldir. Bu, Azərbaycanın dövlətçiliyinə qarşı, Azərbaycanın müstəqilliyinə qarşı olan terrordur. Bu, Azərbaycanın iqtidarına qarşı olan terrordur. Ona görə də bu, bizim üçün ağırdır.
Burada Ziya Bünyadovun ailəsi, ailə üzvləri matəm, qəm içindədirlər. Onlar ağır itki ilə üzləşiblər. Bizim hamımız da eyni qəm-qüssə içindəyik. Bu itki hamı üçün itkidir, bütün xalq üçün itkidir, dövlətimiz üçün itkidir. Bu, şəxsən mənim üçün böyük itkidir.
Görünür ki, Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq, Azərbaycanı müstəqil bir dövlət kmi yaşatmaq, Azərbaycanda həqiqi demokratik, hüquqi dövlət qurmaq, Azərbaycan xalqını bu ağır vəziyyətdən çıxarmaq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, işğal olunmuş torpaqları azad etmək, yerindən-yurdundan didərgin düşmüş vətəndaşlarımızı öz el-obasına qaytarmaq yolu hələ çətin yoldur, ağır yoldur. Amma biz bu yol ilə gedirik, gedəcəyik, biz mübarizə aparırıq, aparacağıq və heç kəs iradəmizi sındıra bilməyəcəkdir, heç kəs bizi sarsıda bilməyəcəkdir! Qoy, o terroru təşkil edən qüvvələr bilsinlər ki, bu cinayət açılacaq, cinayətkarlar mühakimə ediləcəkdir. Lakin bu cinayətkarlar, bu cinayəti təşkil edənlər, terroru təşkil edən qüvvələr təkcə məhkəmə tərəfindən deyil, bütün xalq tərəfindən bu gün lənətlənirlər, sabah da lənətlənəcəklər. Qatı cinayətkar kimi onlar xalq qarşısında cavab verəcəklər. Mən buna əminəm. Biz buna nail olacağıq!
Ola bilsin ki, biz gələcəkdə də itki verəcəyik. Mən dəfələrlə demişəm, heç kəsin heç şeydən zəmanəti yoxdur ki, nə isə ola bilər, ya ola bilməz. Hər şey ola bilər. Ancaq biz mübarizəmizdən dönməyəcəyik! Biz irəli gedirik, Azərbaycanın müstəqilliyini möhkəmlətmək yolu ilə gedirik. Azərbaycanda demokratik dövlət qurmaq yolu ilə, Azərbaycanın milli mənafelərini qorumaq yolu ilə irəliləyirik və irəliləyəcəyik!
Ziya Bünyadov mübarizəmizin ön cərgəsində duran şəxsiyyətlərdən biri idi. Ziya Bünyadov bu mübarizənin qurbanı oldu. Ziya Bünyadov bu mübarizədə şəhid oldu. Bu gün biz onu millət yolunda, dövlət yolunda şəhid kimi son mənzilə yola salırıq.
Lakin gələcəkdə itkilərimiz olsa da yolumuzdan dönməyəcəyik. Hər bir belə hadisə, əksinə, bizi daha da səfərbər edəcək, sayıq edəcək və daha mübarizə edəcəkdir. Bu gün mən bütün terrorçu qüvvələrə və onların arxasında duran cürbəcür siyasi qruplara, başqa qüvvələrə xəbərdarlıq edirəm, Azərbaycanın daxilində və xaricində olan qüvvələrə xəbərdarlıq edirəm - qoy bilsinlər ki, onlar bu yolla heç nəyə nail ola bilməyəcəklər. Qoy bilsinlər ki, onlar məğlub olublar və məğlub olacaqlar. Qoy bilsinlər ki, Ziya Bünyadovun qanı yerdə qalmayacaqdır!
Ziya Bünyadov mübarizəmizin şahididir. O, Sovet İttifaqı Qəhrəmanı kimi öz mübarizəsi ilə, şəhidliyi ilə həm də müstəqil Azərbaycan Respublikasının Qəhrəmanı səviyyəsinə qalxmış bir insandır.
Ziya Bünyadov öz yaradıcılığı ilə, öz böyük yolu ilə özünə böyük heykəl yaratmışdır, özünə böyük bir abidə qoymuşdur. Biz Ziya Bünyadovun xidmətlərini heç vaxt unutmayacağıq. Hesab edirəm ki, Ziya Bünyadovun Azərbaycan xalqı qarşısındakı xidmətləri günü-gündən daha geniş, daha parlaq açılacaq, görünəcəkdir. Ziya Bünyadovun gördüyü iş, xalqımıza qoyduğu irs, onun xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Mən Ziya Bünyadovun müqəddəs cənazəsi qarşısında baş əyirəm və sizi əmin edirəm ki, biz tutduğumuz yoldan dönməyəcəyik. Azərbaycanın milli azadlığı, dövlət müstəqilliyi bizim məqsədimiz, amalımızdır. Bu amal uğrunda Ziya Bünyadov fədakarcasına mübarizə aparıb şəhid oldu. Bu amal uğrunda axıradək mübarizə aparacağıq!
"Azərbaycan" qəzeti, 24 fevral 1997-ci il.