Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin TQRT telekanalının "Üz-üzə" proqramına müsahibəsi - Prezident sarayı, 13 noyabr 1996-cı il


Müxbir: Cənab prezident, axşamınız xeyir. Görüşümüz gec oldu, bir neçə saatdan sonra günəş doğacaq, azan oxunacaq.

Heydər Əliyev:  Axşamınız xeyir.

Sual:  Cənab prezident, necəsiniz?

Heydər Əliyev: Yaxşıyam, sağ olun, siz necəsiniz?

Sual: Sag olun. Sizə cansağlığı arzulayıram. TQRT-yə xoş gəlmisiniz! İcazə verin, hörmətli tamaşaçılarımıza qısa bir məlumat verim. Azərbaycanın paytaxtı Bakıdayıq. Azərbaycandan hamınıza xeyirli axşamlar diləyirik. İndi Azərbaycanda gecə saat 1-dir. Bəli, üç saatdan sonra səhər azanı oxunacaq, dörd saatdan sonra günəş doğacaq. Gecənin bu saatında cənab prezident Heydər Əliyev ilə "Üz-üzə"də bir yerdəyik. Cənab Heydər Əliyev önəmli bir şəxsiyyətdir. O, Naxçıvandan Sovet Sosialist Respublikaları İttifaqı baş nazirinin birinci müavini vəzifəsinədək yüksələn bir yol, mənalı bir həyat yolu keçmişdir. Heydər Əliyev oradan təkrar Naxçıvana qayıtmış və hazırda Azərbaycan Respublikasının prezidentidir.

Bəli, Sovet Sosialist Respublikaları İttifaqının ən parlaq dövründə görkəmli bir türk adlandırılan şəxsiyyət həmin imperiyanın dağılmasının şahididir. Biz həmin imperiyanın yüksəlişinin və süqutunun canlı şahidini bu gecə dinləyəcəyik.

Necəsiniz, cənab prezident? Cənab prezident, öz həyatınız haqqında qısa məlumat verərsinizmi ki, harada doğulmusunuz, atanız nə işlə məşğul idi?

Heydər Əliyev: Həyatım haqqında danışmaq üçün çox vaxt lazımdır. Buna bir saat bəs etməz. Amma qısa olaraq deyə bilərəm ki. mən 1923-cü ildə Naxçıvanda anadan olmuşam.

Sual: Yəni bizdə Türkiyə Respublikasının yaradıldığı ildə?

Heydər Əliyev: Bəli, Türkiyə Respublikasının yaradıldığı ildə mən anadan olmuşam.

Sual: Cənab prezident, Siz hansı ayda doğulmusunuz?

Heydər Əliyev: Mən may ayında doğulmuşam. Sizin Cümhuriyyətiniz isə noyabr ayında yaranıbdır.

Sual: Demək, bizim cümhuriyyətlə eyni yaşdasınız?

Heydər Əliyev: Bəli, elədir, eyni yaşdayam. Naxçıvanda böyümüşəm, orada orta təhsilimi almışam. Sovet sistemində orta təhsil on il olmalıdır. O vaxtlar da, indi də belədir. On il oxuyandan sonra ali məktəbə daxil olmaq imkanı yaranırdı. Mən 1939-cu ildə Naxçıvanda onillik orta təhsil alandan sonra Bakıda texniki universitetin memarlıq fakültəsinə daxil olmuşam. İkinci dünya müharibəsi başlandı. Sovet İttifaqı bu müharibəyə qoşuldu.

Sual: Cənab prezident, Sovetlər İttifaqının bu müharibəyə qoşulması haqqında danışmazdan əvvəl istərdim ki, deyəsiniz, atanız nə işlə məşğul olurdu?

Heydər Əliyev: Mənim atam dəmir yolunda fəhlə işləyibdir. Keçmiş dövrlərdə Bakıda neft mədənlərində fəhlə olub, sonra Naxçıvanda dəmir yolunda işləyibdir.

Müxbir: Bəli, indi 1941-ci ilə qayıdaq.

Heydər Əliyev: O illərdə mən universitetdə oxuyurdum. Ancaq müharibə başlandı, təhsilim yarımçıq qaldı, həyatımız bu dünya müharibəsi ilə bağlandı. O vaxt Daxili İşlər Nazirliyində KQB deyilən bir təşkilat var idi, siz bunu bilirsiniz.

Sual: Siz KQB-yə o vaxt qəbul olundunuz?

Heydər Əliyev: Bəli, gənc vaxtlarımda mən ali məktəbdə təhsil alırdım, oradan da bu təşkilata işə keçdim.

Sual: Bu təşkilatda işləməyə necə keçdiniz, bu barədə qısa məlumat verə bilərsinizmi?

Heydər Əliyev: Universitetdə oxuyarkən məni oraya dəvət etdilər. Sonra orada zabit oldum.

Sual: Yəni KQB-nin zabiti oldunuz?

Heydər Əliyev: Bəli, orada zabit oldum.

Sual: O vaxt KQB-də türk zabit təkcə siz idiniz, yoxsa başqaları da var idi?

Heydər Əliyev: Türk var idi, ancaq az idi. Ruslar və başqa millətlərdən olanlar çox idi. Bu işdə türk millətindən çox az adam var idi.

Sual: Lütfən, daha bir söz soruşum. Siz KQB-yə daxil oldunuz, nə işlə məşğul idiniz? Çünki bu, xəbəralma, yəni casusluqla məşğul olan bir təşkilatdır.

Heydər Əliyev: Bu elə bir casusluq deyil. Dünyada kəşfiyyat aparmaq casusluq deyil. Bilirsiniz, bunu kim hansı ölkəyə qarşı aparırsa, həmin ölkə ona casus deyir. Amma kimsə başqa bir ölkədə bunu edirsə bu, casus deyil. O öz ölkəsinə xidmət edir, casus deyil. Bu, şərəfli bir vəzifədir. Türkiyədə də belə olubdur. O vaxtlar mən məktəbdə oxuyurdum. Türkiyədə MAH təşkilatı var idi. Siz cavansınız, bəlkə xatirinizdə deyil. O vaxt belə bir təşkilat var idi, ona MAH deyirdilər, indi onun adı MİT olubdur.

Sual: O vaxt siz orada rütbə aldınız. Əsasən hansı işlə məşğul olurdunuz?

Heydər Əliyev: Elə bir şey deyil ki, bu barədə geniş danışım. Geniş danışsam, gərək sizinlə beş saat söhbət edək. Ona görə də vaxtınızı belə şeylərə itirməyin.

Sual: KQB-də olduğunuz illər, aylar barədə qısaca məlumat verə bilərsinizmi?

Heydər Əliyev: KQB-də günlərim, aylarım çox olub. 25 yaşımdan başlayaraq orada 27-28 il işləmişəm. Ən kiçik zabit rütbəsindən - leytenantdan generaladək yüksəldim.

Sual: Siz general idiniz?

Heydər Əliyev: Bəli, general idim. O vaxt sovet generalı olmaq çox şərəfli vəzifə idi. Bu rütbəyə hər adam çata bilməzdi.

Sual: Türk dünyasından Sizdən başqa general çıxdımı?

Heydər Əliyev: Məndən sonra çıxdı, mənə qədər yox idi. Orduda vardı, amma KQB-də mənə qədər türk günüralı olmamışdı.

Sual: Siz KQB-də çalışırdınız. Təbii ki, bu təşkilata İkinci dünya müharibəsindən sonra daxil olmuşdunuz. Türkiyə İkinci dünya müharibəsinə qoşulmadı. Türkiyənin bu siyasəti o vaxt necə qarşılandı, necə qiymətləndirildi?

Heydər Əliyev: O vaxt biz Türkiyənin dünya müharibəsinə qoşulasından çox qorxurduq. Yəni belə bir təhlükə var idi ki, Türkiyə dünya müharibəsinə qoşulsun. Amma Türkiyədə ağıllı adamlar oldular. Türkiyənin İkinci dünya müharibəsinə qoşulmasına imkan vermədilər. Çünki Türkiyə bu müharibəyə qoşulsaydı, gərək Qafqaz da qoşulaydı. Necə olacaqdı, - bunu demək mümkün deyil. Burada ordu çox idi. Mən o vaxt bu barədə düşünürdüm. Amma müharibədən sonrakı illərdə, yaşa dolandan sonra tarixə, bu işlərə baxanda gördüm ki, -mən Türkiyənin dövlət adamları ilə görüşlərimdə də bu barədə dəfələrlə demişəm, - çox vacib bir hal odur ki, Türkiyə dünya müharibəsinə qoşulmadı.

Sual: Əgər Türkiyə İkinci dünya müharibəsinə girmiş olsaydı, müharibənin nəticəsi dəyişə bilərdimi?

Heydər Əliyev: Yox, dəyişə bilməzdi.

Sual: Yəni demək istəyirsiniz ki, Türkiyə məğlub olacaqdı?

Heydər Əliyev: Türkiyə də Almaniya kimi məğlub olacaqdı. Amma bilirsiniz ki, Almaniyanın məğlubiyyətindən bir az əvvəl Türkiyə Almaniyaya müharibə elan etdi.

Sual: O vaxt Sovetlər İttifaqındakı bir türk kimi Siz yəqin ki, Türkiyənin müharibəyə girməsini istəmirdiniz?

Heydər Əliyev: Bəli, Türkiyənin müharibəyə girməsini istəmirdim. Əgər Türkiyə müharibəyə girsəydi, müharibə Qafqazda gedəcəkdi. Çünki almanlar gəlib Qafqaz dağlarında durmuşdular. Bakıya girə bilmirdilər. Bilirsiniz ki, o vaxt bütün Sovetlər İttifaqı ordusunun nefti Bakıdan gedirdi. Əgər Bakının nefti olmasaydı, Sovetlər İttifaqının qələbəsi bəlkə də mümkün deyildi. Müharibədə qələbənin əldə edilməsində Azərbaycan neftinin müstəsna, fövqəladə xidməti, rolu var. Amma Türkiyə bu savaşa girsəydi, burada, Qafqazda müharibə başlayacaqdı. Burada kim müharibə edəcəkdi? Burada türk türkə qarşı müharibə edəcəkdi. Burada sovet ordusu rus ordusu da var idi. Amma burada türklər, azərbaycanlılar da yerləşirdi. Ona görə də Türkiyənin bu müharibəyə girməməsi tarixdə çox önəmli bir haldır.

Sual: O vaxt eyni zamanda Siz kəşfiyyatçı idiniz. Stalinin o vaxt Türkiyəyə qarşı siyasəti necə idi? Çünki Siz illərlə bu işin içində olmusunuz?

Heydər Əliyev: O vaxt Türkiyəyə düşmən münasibəti bəslənilirdi. Çünki Türkiyə Almaniya ilə bir blokda idi. Ona görə də Türkiyəni düşmən hesab edirdilər. Amma eyni zamanda Türkiyənin savaşa girməməsi Sovetlər Birliyi tərəfindən çox yaxşı qəbul olunurdu.

Sual: Yəni Sovetlər Birliyi Türkiyənin savaşa girməsini istəmirdi?

Heydər Əliyev: Əlbəttə ki, istəmirdi.

Sual: Kommunist Partiyasına Siz o vaxt daxil oldunuz?

Heydər Əliyev: Bəli, Kommuist Partiyasına müharibə vaxtı, 1943-cü ildə daxil olmuşam.

Sual: Partiyaya Siz özünüz daxil oldunuz, yoxsa Sizi qəbul etdilər?

Heydər Əliyev: Bilirsiniz ki, o vaxt vəziyyət belə idi. Kommunist Partiyası elə bir hörmətli partiya idi ki, burada başqa bir partiya yox idi, hər bir gənc, yəni gənclərin əksəriyyəti, - o vaxt komsomol, gənclər təşkilatı var idi, - bu təşkilatdan sonra Kommunist Partiyasına daxil olmaq imkanı alırdısa, bu, onun üçün şərəf idi. Mən də o vaxt istedadlı bir gənc idim, yəni tanınan bir gənc idim. Ona görə də mənim Kommunist Partiyasına daxil olmağım çətin olmadı.

Sual: Naxçıvanda tanınırdınız, yoxsa bu bölgədə?

Heydər Əliyev: O vaxt partiyaya girəndə məni ancaq Naxçıvanda tanıyırdılar. Amma KQB-də, Azərbaycanda da tanıyırdılar. Kommunist Partiyasına daxil olanda gənc idim. 20 yaşım var idi.

Sual: Sizi kim qəbul etdi? Partiyaya özünüz daxil oldunuzmu?

Heydər Əliyev: O vaxt partiya komitəsi var idi. Onlar imtahan edirdilər, sual verirdilər. Partiyaya qəbul olunmaq asan iş deyildi.

Sual: Parlaq zəkalı insanları partiyaya qəbul edirdilər?

Heydər Əliyev: Bəli, zəkalı, etibarlı insanlar o vaxt Kommunist Partiyasına qəbul oluna bilərdilər.

Sual: Partiyaya qəbul olunandan sonra Sizin ilk vəzifəniz nə oldu?

Heydər Əliyev: Partiyada elə bir vəzifəm olmadı. Mən KQB-də işləyirdim. Partiyanın üzvü o demək deyildi ki, gərək onun partiyada bir vəzifəsi olsun. Kqb-də çalışırsan, amma Kommunist Partiyasının üzvüsən.

Sual: Siz 20 yaşında Kommunist Partiyasının üzvü oldunuz. Xatirinizdədirmi ki, Siz bu işləri doğru və yaxud yanlış etmisiniz?

Heydər Əliyev: O vaxt mən hesab edirdim ki, mən bunları çox doğru etmişəm. İndi də hesab edirəm ki, doğru etmişəm.

Sual: Nə üçün fikirləşirsiniz ki, doğru etmisiniz?

Heydər Əliyev: Çünki o vaxt həyat belə idi. Mən bu ölkədə doğulmuş, təhsil almış, böyümüş bir insanam, bu quruluşu, cəmiyyəti sevmiş bir adamam. Mən orada yanlış heç bir şey etməmişəm.

Sual: O vaxt komunist sistemi Sizə tərs görünmürdü ki?

Heydər Əliyev: Xeyr, kommunist sistemi mənə tərs görünmürdü. Bunu dəfələrlə demişəm, - həyatımın bütün mərhələləri mənim üçün əzizdir. Heç bir şeyi yanlış etməmişəm. Nə etmişəmsə hamısını doğru etmişəm. Heç bir şeyə də heyfslənmirəm.

Sual: Sizdən daha başqa şeylər soruşmaq istəyirəm. O vaxtlar Sovetlər Birliyi və orada yaşayan insanlar, Komminist Partiyası bizə çox soyuq görünürdü.

Cavab: Kommunistlərin istisi də, soyuğu da var. Hər bir insan insandır. Kommunist olan insanı kommunist soyutmur ki, yəni onun istisini çıxarmır ki! o da insandır. Hər ölkədə insanın yaxşısı da var, pisi də var. Sizin dildə desək, iyisi də, kötüsü də var.

Sual: İkinci dünya müharibəsi başa çatdı. Siz o vaxt KQB-də işləyirdiniz. O vaxtdan sonra Sizin həyatınızda hansı yeniliklər oldu?

Heydər Əliyev: Ondan sonra mən KQB sistemindəki ən yüksək məktəblərdə - Moskvada, Peterburqda oxudum.

Sual: Bu məktəblərdə hansı ixtisaslara yiyələndiniz?

Heydər Əliyev: KQB, sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində oxudum. Müharibədən əvvəl mən memar olmaq istəyirdim. Müharibəyə görə bu pozuldu. Sonra mən siyasətə qoşulduğuma görə tarix fakültəsini bitirdim, tarix elmini öyrəndim. KQB-nin ən yüksək məktəblərini bitirdim, hamısını da çox gözəl. Yəni mən harada oxumuşamsa, - biz əla deyirik, sizdə isə ən yüksək deyirlər, qiymətlərlə oxumuşam.

Sual: KQB-nin məktəblərində Siz hansı ölkənin, yaxud xalqın tarixini, türk tarixinimi, Osmanlı tarixinimi öyrənirdiniz?

Heydər Əliyev: Orada bütün tarixləri - Osmanlı, rus, Avropa, qədim yunan, Çin tarixini də - hamısını öyrənirdik.

Sual: Bunların içərisində İslam tarixi də var idimi?

Heydər Əliyev: Bəli, İslam tarixi də var idi.

Sual: Daha sonra Siz Azərbaycanda, Naxçıvanda partiyanın baş katibi vəzifəsinə yüksəldiniz, elədirmi?

Heydər Əliyev: Yox, Naxçıvandan 1948-ci ildə oxumağa getdim. Ondan sonra Bakıda çalışmağa başladım. Bakıda mən çox böyük pillələrdən keçdim.

Sual: Hansı pillələrdən?

Heydər Əliyev: Bilirsiniz, KQB sistemində çox mərtəbələr var. Onlar onun daxilindədir. Mən çox gənc vaxtlarımdan ən yüksək mərtəbəyə qalxdım.

Sual: Azərbaycanda, Bakıda olarkən Sizin vəzifəniz nə idi?

Heydər Əliyev: Burada mən böyük bir idarənin başçısı idim. Yəni KQB-də həm xarici kəşfiyyat, həm də daxili kəşfiyyat sahəsinə rəhbərlik edirdim. Sonra Azərbaycanda KQB-nin sədr müavini, daha sonra isə sədri oldum.

Sual: O vaxt kəşfiyyat sahəsində Sizi ən çox hansı ölkələr maraqlandırırdı, - İran, Türkiyə...

Heydər Əliyev: Nə barədə?

Sual: Yəni məlumat toplamaq baxımından ən çox maraq göstərdiyiniz sahə...

Heydər Əliyev: Hamısından - İrandan da, Türkiyədən də, Amerikadan da toplayırdıq.

Sual: Ən çox hansı sahədə - siyasi. Hərbi, iqtisadi sahələrdə məlumatlar toplayırdınız?

Heydər Əliyev: Ən çox hərbi məlumatlar. Bir də biz Sovetlər Birliyinə qarşı casusluq edib, məlumatlar toplayıb öz ölkələrinə vermək istəyənləri çox arayırdıq.

Sual: Ələ keçirdiyiniz adamlar oldumu?

Heydər Əliyev: Bəli, çoxlarını yaxaladıq. Eyni zamanda digər ölkələrdə də bu işləri gördük.

Sual: Heç Türkiyədən də yaxaladığınız adamlar oldumu? Məsələn, neçə nəfər yaxalandığı yadınızdadırmı?

Heydər Əliyev: Xatirimdə deyil.

Sual: O vaxt yaxaladığınız adamlar içində indi Türkiyədə yüksək vəzifə tutanlar varmı?

Heydər Əliyev: Yox, xatırlamıram. Bunlar çoxdan olub.

Sual: Siz burada Azərbaycan KQB-sinin sədri idiniz...

Heydər Əliyev: Bəli, mən Azərbaycan KQB-sinin sədri idim. Bu, azərbaycanlı, türk üçün çox əhəmiyyətli bir vəzifə idi. Çünki mənə qədər Azərbaycanda 1920-ci ildən bəri KQB-nin heç bir sədri azərbaycanlı olmamışdır. Bu vəzifədə həmişə ruslar, ermənilər, yəhudilər və digər millətlərdən olan adamlar işləmişdilər. Mən ilk türk, azərbaycanlı - Heydər Əliyev idim ki, KQB sədri olmuşdum.

Sual: Bu vəzifədə Sizdən sonra kim oldu? Siz bueadan Moskvaya getdiniz, deyilmi?

Heydər Əliyev: Yox, mən buradan Moskvaya getmədim. Mən KQB-nin sədrliyindən Azərbaycan Respublikasının rəhbəri oldum, yəni Azərbaycan KP MK-nin birinci katibi oldum. Birinci katib indiki mənada respublika prezidenti demək idi.

Sual: Buradan Moskvaya, Siyasi Büroya getdiniz, deyilmi?

Heydər Əliyev: Bəli, buradan Moskvaya getdim.

Sual: Orada uzun müddət yaşadınız. İndi gəlin, Moskvadan dünyaya baxaq.

Heydər Əliyev: Mən Moskvaya 1982-ci ilin dekabrında getdim. Bu belə oldu. Mən Bakıda işləyirdim, amma burada çalışarkən Moskvada Siyasi Büro üzvlüyünə namizəd idim. Bu da Azərbaycanın tarixində ilk dəfə baş vermişdi. Yəni Sovet hakimiyyəti qurulandan bəri Azərbaycan rəhbəri heç vaxt burada işləyə-işləyə Moskvada Siyasi Büronun tərkibində olmamışdır - nə üzv, nə də üzvlüyə namizəd. Mən ilk dəfə 1975-ci ildə, burada rəhbər ikən Siyasi Büro üzvlüyünə namizəd seçildim.

Sual: 1970-ci ildə rəhbər oldunuz, 1982-ci ildə isə...

Heydər Əliyev: Xeyr, mən 1969-cu ildə Azərbaycanın rəhbəri oldum. Rəhbər olmaq avtomatik surətdə Siyasi Büronun üzvü olmaq deyil. Məndən əvvəl də, sonra da burada nə qədər rəhbərlər olmuşdu. Onların heç biri Siyasi Büro tərkibinə seçilmədi.

Sual: Amma Siz seçildiniz.

Heydər Əliyev: Mən altı il Azərbaycana rəhbərlik etdikdən sonra eyni zamanda, Siyasi Büro üzvlüyünə namizəd oldum. Bu o deməkdir ki, mən həm Azərbaycanın rəhbəri idim, həm də Siyasi Büro üzvlüyünə namizəd olduğum üçün SSRİ rəhbərliyinə daxil idim. 1982-ci ildə Brejnev vəfat etdikdən sonra Andropov baş katib seçildi. O, məni Moskvaya dəvət etdi. Büronun üzvü, həm də baş nazirin birinci müavini işləyim. Baş nazirin 12 müavini var idi. Siyasi Büronun isə cəmi 10 üzvü var idi. Amma mən həm Siyasi Büro üzvü, həm də baş nazirin birinci müavini olduğuma görə o vaxt Sovetlər Birliyinin rəhbərliyində üçüncü-dördüncü şəxs idim.

Müxbir: 1982-ci ildən Sovetlər İttifaqı süquta uğramağa başladı.

Heydər Əliyev: Yox, süqut 1982-ci ildən başlamadı. Süqut 1985-1986-cı illərdən başladı.

Sual: O zaman Siz bu sistemin çökdüyünü görürdünüzmü?

Heydər Əliyev: Bəli, artıq görürdüm. Mən 1987-ci ilin sonunda istefaya getdim.

Müxbir: Brejnev vəfat etdi, Andropov gəldi. Siz Moskvaya getdiniz. Qorbaçov gəlməzdən öncə orada idiniz.

Heydər Əliyev: Mən Qorbaçovla da bərabər işlədim.

Sual: 1940-cı ildən etibarən Siz həm KQB-də, həm də partiyada işlədiniz. 1969-cu ildən Azərbaycanın rəhbəri, 1982-ci ildən isə Sovetlər Birliyinin rəhbərlərindən biri oldunuz. Bu müddət ərzində sovet rəhbərlərindən Sizə ən çox kim təsir göstərib, onların ən ağıllısı, ən çalışqanı kim idi?

Heydər Əliyev: Bilirsiniz, bu məsələ belədir. Brejnev 18 il ölkəyə rəhbərlik etdi. 1982-ci ildə vəfat etdi. Brejnevin vaxtında mən Azərbaycana rəhbər seçildim. 1969-cu il idi, Brejnev məni Moskvaya çağırdı və təklif etdi ki, Azərbaycanın rəhbəri olum. Mən imtina etdim, istəmirdim. Çünki KQB əməkdaşı, general, bu işin mütəxəssisi kimi mən Azərbaycan Respublikasına rəhbərlik etməyi özüm üçün bəlkə də çətin hesab edirdim. Amma onlar xahiş etdilər. Mən də buna razılıq verdim. Mən Brejnevlə çox işlədim. 1969-cu ildən 1982-ci ilədək, yəni təxminən 14 ilə yaxın Brejnevin rəhbərliyi altında işlədim.

Sual: Brejnevi ondan əvvəl tanıyırdınızmı?

Heydər Əliyev: Yox. Tanıyırdım, ancaq şəxsi tanışlığımız yox idi. 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra Brejnevlə təmaslarımız çox oldu. Ondan sonra daim əlaqədə olurduq.

Sual: Brejnev türk dünyasına necə baxırdı?

Heydər Əliyev: Brejnev də, Andropov da türk dünyasına, əslində Sovetlər İttifaqının rus olmayan xalqlarına çox normal münasibət bəsləyirdilər.

Sual: Yaxşı, ən pis münasibət kimin dövründə oldu?

Heydər Əliyev: Qorbaçovun dövründə.

Sual: Bəs Qorbaçovdan əvvəl?

Heydər Əliyev: Qorbaçovdan əvvəl Andropov bir il rəhbər oldu, öldü. Ondan sonra bir il Çernenko oldu, o da vəfat etdi. 1985-ci ildə biz Qorbaçovu seçdik. Qorbaçovu seçənlərdən, ona səs verənlərdən biri də mənəm.

Sual: Bəli, Qorbaçov dövrü başlandı və Siz Moskvadasınız.

Heydər Əliyev: Moskvada Qorbaçovla birlikdə işləyirdik.

Sual: Sovet sistemi yavaş-yavaş çökürdü, deyilmi? Siz bunu nə vaxt hiss etdiniz?

Heydər Əliyev: 1986-cı ildə. Hiss etdim ki, sistem tədricən süquta uğrayır.

Sual: Sizcə, bu sistem niyə çökdü?

Heydər Əliyev: O vaxt mən belə düşünmürdüm, amma sonrakı təhlillər göstərdi ki, bu məhz belə olmalı idi, sistemin çökməsi labüd idi.

Sual: Niyə labüd idi?

Heydər Əliyev: Bilirsiniz, bu quruluş dünyadakı bütün quruluşlardan fərqli idi. Ya gərək bütün dünya sovet sisteminə keçəydi, ya da gərək sovet sistemi dağılaydı. Artıq sovet sistemi özünün bütün proqramlarını yerinə yetirə bilmirdi, Qərb isə getdikcə güclənirdi. Qərbdə iqtisadiyyat çox gücləndi, yüksəldi, Stalin dövründə Sovetlər Birliyi qapalı cəmiyyət idi, yəni dünya ilə heç bir əlaqəsi yox isi. İnsanlar xaricdə - Almaniyada, Fransada nələr baş verdiyini bilmirdilər. Elə bilirdilər ki, həyat elə budur, bundan artıq həyat yoxdur. Stalin öləndən sonra qapılar açıldı, insanlar xaricə getdilər-gəldilər, iqtisadi əlaqələr genişləndi. Get-gedə insanlar gördülər ki, Qərbdəki həyat bizdəkindən firavandır. Qərbdə hürriyyət var, burada o qədər yoxdur, iqtisadiyyat Qərbdə daha yaxşıdır. Bu fərq isə get-gedə çoxaldı. 20, 30, 40-cı illərdə insanları mübarizəyə qaldıran, səfərbər edən sovet quruluşu, sistemi artıq buxova çevrildi, işləmədi. Ona görə də sistem yavaş-yavaş çökməyə başladı.

Sual: 1985-ci ildən Qorbaçovla bərabər işlədiniz?

Heydər Əliyev: Biz Qorbaçovla Brejnevin vaxtından bir yerdə çalışırdıq, o da Siyasi Büroda idi, mən də, yan-yana otururduq. Ancaq 1985-ci ildə biz onu baş katib seçdik. Yenə də bərabər işləyirdik. Yəni Siyasi Büronun üzvü, baş nazirin birinci müavini baş katiblə hər gün təmasda idi. O vaxt sistem belə idi.

Sual: O vaxt Qorbaçovla Sizin aranızda narazılıq başladı. Bu, nədən oldu?

Heydər Əliyev: 1986-cı ildə ilk dəfə Qorbaçov Sovetlər Birliyinin tərkibindəki türkdilli respublikaların rəhbərlərini çıxarıb, onların yerinə rusları və başqa millətdən olan adamları təyin etməyə başladı. Mən ona anlatdım ki, belə etmək olmaz. Onunla bir neçə dəfə belə söhbətim oldu. Nəhayət, 1986-cı ilin dekabrında Qazaxıstanın rəhbəri Kunayevə qarşı ədalətsizlik oldu. Kunayev qazax, türk idi. O, 22 il orada bu vəzifədə çalışmışdı. Onun vaxtı gəldi, yəni o, vəzifədən istefa verməli idi. Mən ona qarşı olan ədalətsizliyə etiraz etdim. Digər tərəfdən, o, istefa verəndən sonra onun yerinə Moskvadan Qorbaçova yaxın, rus millətindən olan bir adamı təyin etdilər. Mən Qorbaçova söylədim ki, bunu etmək olmaz. Qazaxıstan böyük bir respublikadır. Kunayev qazaxdır, o, 22 ildir ki, oraya rəhbərlik edib. Bundan əvvəl də bu respublikaya rəhbərlik edənlər qazaxlar olublar. Amma indi Qazaxıstana başqa millətdən olan bir adamı rəhbər göndərmək doğru deyil. O, mənə dedi ki, qazaxlar özləri bunu rica ediblər. Ancaq yanlış deyirdi, əslində belə şey yox idi. Mən bilirdim ki, bunu qazaxların hamısı istəmir. Ola bilər, bəziləri istəsinlər, amma hamısı istəmir. Bu, doğru siyasət deyil.

Qazaxlar yeni təyin olunan adamı qəbul etmədilər. Orada gənclər ayağa qalxıb üsyan etdilər. Onların bir çoxlarını həbs etdilər, bəziləri həlak oldular. Sonra araşdırmalar aparıb "Qazaxıstan millətçiliyi" barədə qərar qəbul etdilər. Yəni qazax xalqına qarşı bir qərar çıxardılar. Mən buna qarşı da etiraz etdim.

Tək bu deyildi. Şimali Qafqazda bir çox kiçik müsəlman respublikaları var. Məsələn, Kabardin-Balkar Muxtar Respublikasının rəhbəri Malbaxov da müsəlman idi. Qorbaçov onu çıxarıb, yerinə Sibirdən bir rusu gətirib qoymaq istəyirdi. Mən buna da, digər belə məsələlərə də etiraz etdim. Siyasi Büroda mənim - bir türkün, müsəlmanın olması onlar üçün əlverişli deyildi.

Sual: Təbii ki, Siz bütün bunlara qarşı çıxdınız. Əslində KQB kimi böyük bir kəşfiyyat təşkilatı var idi. Yəni Qorbaçov Qazaxıstandakı bu vəziyyəti kəşfiyyatdan aldığı məlumatlara görə idarə edirdi, yoxsa ona yanlış məlumatlar verilirdi? Siz bu işin içində idiniz,bu barədə Sizə etibarlı məlumatlar gəlmirdimi?

Heydər Əliyev: Qorbaçov doğru kəşfiyyat məlumatlarını yox, özü istədiyi məlumatları alırdı.

Sual: Yəni o, oradakı vəziyyəti və KQB-nin üzvlərini özü istədiyi şəkildə istiqamətləndirirdi?

Heydər Əliyev: Bəli. O vaxt KQB məlumatları mənə vermirdi.

Sual: Siz artıq kənarda qalmışdınız?

Heydər Əliyev: KQB kəşfiyyat məlumatlarını ancaq Qorbaçova verirdi.

Sual: O da yəqin ki, bu məlumatlar əsasında hərəkət edirdi. Siz buna qarşı çıxdınız, sonra mübahisə etdiniz?

Heydər Əliyev: Yox, elə bir böyük mübahisə olmadı. Doğrudur, bir neçə mübahisəmiz oldu, sonra mən gördüm ki, işləmək mümkün deyil, istefa verdim.

Sual: Siz istefa verdikdən sonra Naxçıvana döndünüz?

Heydər Əliyev: Yox, istefa verib, qalıb orada yaşadım. 1987-ci ilin sonundan Moskvada yaşamaqda davam etdim. 1988-ci ildə mənə qarşı kampaniya qaldırdılar ki, Heydər Əliyev Azərbaycanda bunu düzgün etməyib, onu düzgün etməyibdir, bu yanlış olub, o yanlış olub. Azərbaycanda da bəzi pis adamlar Qorbaçova qoşuldular, məni ləkələmək, hörmətdən salmaq istədilər. Mənim haqqımda qəzetlərdə yazdılar. Etiraz etmək istədim, amma buna imkan vermədilər.

Bax, o quruluşa mən sonralar nə üçün etiraz etdim? Çünki imkan vermədilər ki, mən öz hüquqlarımı qoruyum, müdafiə edim. Qəzetlərdə mənim əleyhimə yazılar yazırdılar. Mən qəzetin redaktoruna zəng edirəm, - onların hamısı məni tanıyır, mən də onları tanıyıram, - deyirəm ki, mənə imkan ver, balaca bir cavab yazım. Deyir ki, olmaz. Televiziyada mənim haqqımda deyirlər, televiziyada mənim yaxın adamım olan, baş nazirin birinci müavini işləyərkən mənə tabe olan, yəni əlimin altında çalışan bir adama zəng edirəm ki, icazə ver, mən də beş dəqiqəlik cavab verim. Deyir ki, olmaz.

Yəni bir tərəfdən məni təhqir etmək, ləkələmək olar, ancaq mənim cavab vermək imkanım yoxdur.

Müxbir: Siz Sovetlər Birliyi baş nazirinin birinci müavini işləyərkən Azərbaycanın inkişafında mühüm rol oynamısınız. Neft sənayesinin, ölkənin sənayesinin inkişafı üçün çox böyük işlər görmüsünüz.

Heydər Əliyev: Bilirsiniz, mən 1969-cu ildə Mərkəzi Komitənin birinci katibi olanda 14 il Azərbaycanda çox böyük xidmətlər göstərmişəm. Zavodlar, fabriklər, yollar, elektrik stansiyaları, binalar, xəstəxanalar, mədəniyyət sarayları, ali məktəblər, universitetlər tikilib. Bakıda hansı binaya baxsan, deyəcəklər ki, bunu Heydər Əliyevin vaxtında tikiblər. Bunun çoxunu mən burada işləyərkən etmişəm. Azərbaycanın rəhbəri olakən Sovetlər Birliyinin vəsaitindən, imkanlarından çox faydalanıb respublikamızda, Bakıda, digər şəhərlərdə bu işləri gördüm. Gördüyünüz bu binanı da mən tikdirmişəm. Təkcə bu bina deyil.

14 il burada çalışdım. Beş ildən artıq Moskvada işləyərkən orada yenə də Azərbaycana daha çox vəsait ayırmaqla, respublikamızın işlərini daha da irəliyə aparmaqla məşğul oldum. Mən üst-üstə 20 il bu işləri gördüm. Ancaq 1987-ci ilin sonunda istefaya getdim. Vaxtı itirməmək üçün demək istəyirəm ki, 1990-cı ilədək Moskvada yaşadım. Mən Moskvada heç bir siyasi fəaliyyətlə məşğul olmadım.

O vaxt Sovetlər İttifaqında, Qorbaçov hakimiyyətində mənə qarşı çox mənfi münasibət yarandı. Onlar məni bir millətçi kimi ittiham etmək istədilər. Hətta məni təqib etməyə başladılar. Məni həbs etmək istədilər.

1990-cı ilin yanvarında Azərbaycana qarşı bir təcavüz edildi. Onda mən Moskvada idim. Mən o vaxt Moskvada bununla əlaqədar keçirilən mitinqə getdim. Orada Qorbaçovun Kommunist Partiyasının, Sovetlər Birliyinin əleyhinə sözlər dedim. Onları məhkum etdim ki, siz Azərbaycana qarşı ədalətsizlik, təcavüz etmisiniz, insanlar şəhid olub, qan tökmüsünüz, siz cinayətkarsınız. Bundan sonra məni həbs etməyə çalışdılar. Qəzetlərdə mənim əleyhimə yazılar yazdılar.

Mən Moskvada daha beş ay yaşadım. Məni həbs etməyə çalışdılar, oradan çıxıb buraya gəldim. Gələndə məni buraya buraxmırdılar. Azərbaycana rəhbərlik edənlər, yetirdiklərim, tələbələrim olan adamlar məni Azərbaycana buraxmırdılar. Azərbaycana gəlmək istəyəndə Moskvadan da, buradan da mənim qarşımı almaq istədilər. Mən gələndə Bakıda bir kişini, ziyalı bir insanı gecə öldürdülər. O gəlib hava limanında məni qarşılayacaqdı. Onu vurub öldürdülər ki, məni qorxutsunlar. Dedilər ki, Heydər Əliyev gəlsə, onu da öldürəcəyik. Amma mən 10 gün keçəndən sonra Bakıya gəldim.

Burada - binaları, evləri qurduğum, yaratdığım şəhərdə mənə yaşamağa yer vermədilər. Üç gün qardaşımın evində qaldım. Ondan sonra mənə xəbərdarlıq etdilər ki, sən buradan çıxmalısan. Dedim ki, mən haraya çıxacağam? Bildirdilər ki, ya Moskvaya, ya da haraya istəyirsən qayıt. Mən Moskvaya qayıda bilməzdim. Buradan təyyarə ilə Naxçıvana getdim.

Sual: Siz buradan Naxçıvana gizli, yaxud açıq getdiniz?

Heydər Əliyev: Yox, buradan Naxçıvana gizli getdim. 1990-cı ilin iyun ayında Naxçıvana gəldim. Naxçıvanda məni insanlar bağrına basdı, qucaqladı. Bakıda da insanlar məni çox yaxşı qarşılayırdılar. Ancaq məni camaat arasına çıxmağa qoymurdular. Naxçıvanda bir il sərbəst yaşadım, heç bir şeylə məşğul olmadım. Amma insanlarla görüşürdüm. Onlara söyləyirdim ki, Sovetlər Birliyi, Kommunist Partiyası dağılacaqdır. Mən Kommunist Partiyasından Moskvada çıxmışdım. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı mən Kommunist Partiyasını tərk etdim və Sovetlər Birliyinə qarşı çıxdım. Naxçıvanda Kommunist Partiyasının, Sovetlər Birliyinin əleyhinə və Azərbaycanın müstəqil dövlət olması ilə əlaqədar təbliğat aparmağa başladım.

Sual: Siz Naxçıvanda olarkən Bakı ilə əlaqələriniz var idimi?

Heydər Əliyev: Heç bir əlaqəm yox idi. Yəni mən buraya gəlmirdim. Ancaq mənim yanıma buradan çox adamlar gəlirdi. Mənim gəlib-getməyim yasaq idi. Mən Naxçıvanda yaşayırdım, onlar da məni qoruyurdular. Yenə də deyirəm, amma Bakıdan yanıma çox adamlar mənimlə görüşmək, bəzi şeyləri öyrənmək, məsləhət almaq üçün gəlirdilər. Mən də onlarla görüşürdüm. Alimlər, ziyalılar, elm adamları yanıma gəlirdilər.

1991-ci ilin sentyabrında Naxçıvan əhalisi ayağa qalxdı, meydanlarda dörd gün tələb etdi ki, Heydər Əliyev Naxçıvana rəhbər olmalıdır. Mən istəmirdim. Çünki Sovetlər Birliyi kimi bir fövqəldövlətin rəhbərliyində olmuş bir adam kimi gəlib Naxçıvana, kiçik bir muxtar respublikaya rəhbərlik etmək mənim üçün o qədər də yararlı bir şey deyildi. Mən bunu özümə sığışdırmırdım. Amma xalq gəlib məndən rica etdi, meydanlarda dörd gün bunu tələb etdi, mən də bunu qəbul etdim. Qəbul etməyim də çox gözəl, yaxşı oldu. Nə üçün? Çünki Ermənistan tərəfindən blokadaya alınmış Naxçıvan Azərbaycandan ayrılmış bir vəziyyətdə idi, Azərbaycanın yolu kəsilmişdi, elektrik işığı, istilik, qaz yox idi. Naxçıvan çox ağır bir şəraitdə idi.

Naxçıvanın rəhbəri olduğuma, hörmətimə, gördüyüm işlərə görə muxtar respublika ayağa qalxmağa başladı. Türkiyə ilə Naxçıvan arasında körpü tikdik. Körpü tikilib qurtarmamışdan əvvəl Süleyman Dəmirəl məni Ankaraya dəvət etdi. Süleyman Dəmirəllə mən 1968-ci ildən dost idik. Mən burada çalışarkən Türkiyənin baş naziri kimi o, ilk dəfə Azərbaycana gəlmişdi. Burada ilk görüşümüz olmuşdu, sonra isə əlaqələrimiz davam etmişdi. Mən Moskvada çalışanda da onunla əlaqələrimiz var idi. Ona görə də Naxçıvana gələn kimi o, mənə diqqət yetirdi, yəni qayğı göstərdi. Məni Ankaraya dəvət etdi. Süleyman Dəmirəl mənim üçün Naxçıvana təyyarə göndərdi. Ankaraya getdim, görüşdük. O, Naxçıvana yardım etdi. Biz körpünü istifadəyə verdik, Türkiyəyə yol açıldı. Sonra Türkiyədən elektrik xətti çəkdik. Digər elektrik xəttini isə İrandan çəkdik. Bundan sonra məni İrana dəvət etdilər. Rəfsəncanı da mənə təyyarə göndərdi. Tehrana getdim, onunla da əlaqə qurdum. Biz Naxçıvanı qaldırdıq, yaşatdıq.

Sual: Naxçıvandan sonra Azərbaycanın paytaxtına gəldiniz?

Heydər Əliyev: 1993-cü ilin iyununda Azərbaycanda vətəndaş müharibəsi başlandı. Gəncədən silahlı adamlar gəlib burada Elçibəy hakimiyyətini devirdilər. Bu zaman insanlar gəlib dedilər ki, Azərbaycan dağılır, qardaş qanı tökülür, vətəndaş müharibəsi başlayıbdır, mən Bakıya gəlməliyəm. Gəlmək istəmədim. Çünki doğrusunu deyim, mən Bakıdan küsmüşdüm. Burada bu qədər xidmət göstərməyimə baxmayaraq, mənə qarşı belə münasibət bəslənildiyinə görə küsdüm. Dedim ki, ömrümün sonunadək Naxçıvanda yaşayacağam. Əbülfəz Elçibəy dörd gün ərzində hər gün təyyarə göndərirdi, ancaq mən gəlmirdim. Nəhayət, gəldim gördüm ki, burada işlər, vəziyyət necədir? Gəlib gördüm ki, Azərbaycan dağılır, parçalanır, qardaş qardaşı öldürür. Mən gələndən sonra bir həftə ərzində danışıqlar getdi, sonra parlament sədri seçilməyimə razılır verdim. Amma iki gün sonra Əbülfəz Elçibəy buradan gizli olaraq qaçdı. Respublika prezidentsiz qaldı. Mən prezidentin səlahiyyətlərini üç-dörd ay icra etdim. Ondan sonra məi prezident seçdilər.

Müxbir: Beləcə, Azərbaycan xilas oldu, qardaş qanı tökülməsinin qarşısı alındı. Ermənistan-Azərbaycan müharibəsində atəşkəs əldə edildi.

Heydər Əliyev: Azərbaycan bu vətəndaş müharibəsindən xilas oldu. Sonra Ermənistanla müharibəni dayandırmaq lazım idi. 1994-cü ilin mayında buna da nail oldum. Atəşkəs haqqında saziş imzalandı. İndi iki il yarımdır ki, atəş yoxdur. Amma burada yenə də çevriliş etmək istədilər.

Sual: Sizə qarşı neçə çevriliş cəhdi edilib?

Heydər Əliyev: Çox.

Sual: Bu çevrilişləri kimlər etmək istəyirdi?

Heydər Əliyev: Mən Surət Hüseynovu baş nazir təyin etmişdim. O, Gəncədən gəlib Əbülfəz Elçibəy hakimiyyətini devirən adam idi. Amma o vaxt vəziyyət elə idi ki, onun əlində ordu, çoxlu silah var idi. Mən birlik yaratmaq, Azərbaycanı vətəndaş müharibəsindən xilas etmək üçün onu baş nazir təyin etdim. Gənc adam idi. Dedim ki, sən mənə qulas as, öyrən, gələcəkdə bəlkə doğrudan da baş nazir oldun. Çünki indi baş nazir deyilsən. O, bu vəzifədə bir il oldu, ancaq bir şey edə bilmədi. Onun başında prezident olmaq iddiası var idi. Bir gün çevriliş etmək istədi ki, məni devirsin. O vaxt mən televiziyadan istifadə etdim, xalq müraciət etdim ki, Azərbaycan təhlükədədir, çevriliş edirlər, kim Azərbaycan dövlətini qorumaq istəyirsə bu meydana gəlsin. Bir-iki saatdan sonra bu meydana 500 min adam toplaşdı. Surət Hüseynov öz ordusu, silahları ilə heç bir şey edə bilmədi. Gəlib 500 min adamı öldürə bilməyəcəkdi ki! Qaçmağa çalışdı, qoymadım. İkinci gün bütün şəhərlərdən bir milyondan çox adam gəlib məni dəstəkləmək üçün bu meydana toplaşdı. Bundan sonra mən Surət Hüseynovu işdən çıxardım. Surət Hüseynov qaçıb Moskvaya getdi.

Altı aydan sonra dövlət çevrilişinə yeni bir cəhd oldu. Burada bir Xüsusi Təyinatlı Polis Dəstəsi var idi, adı OMON idi. Ona Rövşən Cavadov kimi yaramaz bir insan rəhbərlik edirdi. O, daxili işlər nazirinin müavini idi. O, bir çevriliş etməyə çalışdı. Buna özü tək cəhd göstərmədi, Moskvaya qaçmış keçmiş prezident Mütəllibov, Kələkidə oturan Əbülfəz Elçibəy və Xalq Cəbhəsindən olan bir neçə adam ona qoşuldular. Onun min nəfərlik bir silahlı dəstəsi var idi. Tələb etdi ki, mən istefaya verim. İstefa verməsəm, öldürəcəyi ilə hədələdi. Bildirdim ki, istefa vermirəm, kim məni öldürmək istəyirsə gəlsin. Gecə saat 2-də buraya hücum etdilər. Mən bunun qarşısını aldım.

Sonra səfərdən qayıdarkən mənim təyyarəmi raketlə vurmağa çalışdılar. Ondan da xilas oldum. Hava limanına gedən yolda 600 metrlik bir körpü var, onun altına çox güclü partlayıcı maddələr qoydular ki, körpünü partlatsınlar. Ukraynanın prezidenti Leonid Kuçma ilə məni oradan keçərkən öldürmək istədilər. Onu da edə bilmədilər. Sonra yenə də bir-iki terror aktına cəhd göstərildi. Amma Allah məni qorudu.

Sual: Allah Sizi qorudu. İndi sakitlikdir, eləmi?

Heydər Əliyev: Bəli, indi sakitlikdir.

Sual: İcazənizlə, Türkiyə-Azərbaycan əlaqələri məsələsinə toxunaq. Çünki proqramımız sona çatmaq üzrədir. İndi türkiyə ilə yaxın əlaqələriniz vardır. Bakı-Ceyhan neft kəmərinin çəkilib-çəkilməməsi məsələsi tez-tez gündəliyə çıxır. Vəziyyət nə yerdədir?

Heydər Əliyev: Bilirsiniz, Türkiyə Azərbaycanda imzalanmış ilk neft müqaviləsinin iştirakçısıdır. Müqavilə imzalananda orada Türkiyəin payı 1,75 faiz idi. Müqavilə imzalanandan sonra mən Azərbaycanın payı hesabına bunu5 faiz artırdım, 6,75 faiz oldu. İyun ayında biz "Şahdəniz" yatağının birgə işlənməsi barədə yeni bir müqavilə imzaladıq. Türkiyə bu müqavilənin də iştirakçısıdır. Orada türkiyənin payı 9 faizdir. İlkin neftin ixrac edilməsi üçün iki neft kəməri marşrutunu müəyyənləşdirdik. Bu xəttin birincisi Rusiya ərazisindən keçərək Qara dənizin Novorossiysk limanına gedir, digəri isə buradan Gürcüstanın Qara dənizdəki Supsa limanına, Türkiyənin yaxınlığına çıxacaq. Böyük boru xəttinin çəkilməsi barədə danışıqlar gedir. Yəni biz bu boru xəttini iki-üç ilə müəyyənləşdirməliyik. Şübhəsiz, mənim ürəyimdən keçən bu xətti Ceyhana çəkməkdir.

Sual: Necə fikirləşirsiniz, bu boru xətti Ceyhana çəkiləcəkmi?

Heydər Əliyev: Onun çəkilməsi tək məndən asılı deyil. Bu konsorsiumda 11 neft şirkəti var. Burada Amerikanın da, Norveçin də, Rusiyanın da, İngiltərənin də şirkətləri var.

Sual: Sizcə, buna kim mane olur?

Heydər Əliyev: Mane olan yoxdur. Bu məsələ hələ həll edilməyibdir. Mən kimin mane olduğunu deyə bilmərəm. Mən bilirəm ki, kimsə bunu istəmir.

Sual: Bunu bilirsiniz?

Heydər Əliyev: Bəli, bilirəm. Amma bu məsələnin həll edilməsinin vaxtı hələ çatmayıb. Onun həlli üçün hələ vaxt var. İndi bu barədə danışmağın əhəmiyyəti yoxdur. Hər şeyi vaxtı gələndə həll edəcəyik.

Sual: Türkiyənin iş adamları Azərbaycana sərmayə qoyurlar. Onlara deyəcəyiniz bir söz varmı?

Heydər Əliyev: Mən türkiyəli iş adamlarını buraya çox dəvət edirəm. Bu günlərdə Bakıda Azərbaycan-Türkiyə əməkdaşlıq şurasının iclası oldu. Türkiyənin dövlət naziri Namik Kamal Zeybək də bu iclasda iştirak edirdi. Azərbaycanın baş nazirinin müavini Abid Şərifov bizim tərəfimizdən bu işlərə rəhbərlik edir. Burada keçən iclasda araşdırmalar aparıldı. Mən türk iş adamlarının böyük heyətini qəbul etdim. Bu gün də televiziyadan istifadə edib deyirəm: türkiyənin iş adamlarını Azərbaycana dəvət edirəm. Təkcə ticarət üçün yox, sərmayə qoymaq üçün. İndi dünyanın ən böyük şirkətləri Azərbaycana sərmayə qoyurlar, respublikamıza gəlirlər. Məsələn, Norveç kimi kiçik bir ölkənin 50 şirkətinin hazırda burada ofisi var. Amerikanın 60 şirkətinin, İngiltərənin 60 şirkətinin Azərbaycanda ofisi fəaliyyət göstərir. Yaponiyalılar da Bakıya gəlirlər, onlar da burada ofis açıblar. Ona görə də Türkiyənin iş adamları buraya daha çox gəlməlidirlər. Azərbaycanın iqtisadiyyatının gələcəyi çox genişdir. Türkiyəli iş adamlarına bir daha deyirəm ki, gecikməyin, erkən gəlin, daha yaxşı yer tutun. Azərbaycana gələn iş adamlarına hər cür yardım edilir. Gələnlər çoxdur, amma bundan da çox iş adamlarının gəlməsi lazımdır.

Müxbir: Cənab prezident, proqramımız sona yaxınlaşır. TQRT-nin rəhbərləri adından zati-alinizə plakat təqdim etmək istəyirik. Çox sağ olun, təşəkkür edirəm.

Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Mən TQRT-yə uğurlar arzulayıram. Güman edirəm ki, sizinlə gələcəkdə yeni-yeni görüşlərim olacaqdır.

Müxbir: Cənab prezident, proqramımız sona yetdi. Lütf edib bizi qəbul etdiniz. Artıq 53 dəqiqədir ki, Sizinlə söhbət edirik. Təbii ki, Sizinlə 53 saat da belə söhbət etmək kifayət deyildir. Çünki Siz bir tarixsiniz, tarixdə silinməz iz qoyan lidersiniz. Buna görə Sizə çox təşəkkür edirik. Azərbaycan televiziyasının əməkdaşlarına da minnətdarıq. Hamınıza təşəkkür edirik, çox sağ olun.

Heydər Əliyev: Çox sağ olun, mən də sizə təşəkkür edirəm. Sizin bu imkanlarınızdan istifadə edib öz hörmətimi, ehtiramımı, salamlarımı Türkiyə Cümhuriyyətinin bütün vətəndaşlarına çatdırıram. Türkiyə Cümhuriyyətinə, dövlətinə, xalqına öz sevgimi, məhəbbətimi bildirirəm. Türkiyə ilə azərbaycan arasında olan dostluq, qardaşlıq əlaqələri sarsılmazdır. Bunu artıq heç kəs sarsıda bilməz. Azərbaycanın dövlət müstəqilliyi yenilməzdir, dönməzdir, əbədidir. Azərbaycan əbədi müstəqil bir dövlətdir. Müstəqil dövlət kimi Azərbaycan Türkiyəni özünə ən yaxın bir qardaş, dost ölkə kimi qəbul edibdir. Mən türkiyədə olarkən demişəm ki, biz bir xalq iki məmləkət, iki dövlət, bir xalqıq. Bu sözləri Türkiyədə indi çox adamlar təkrar edirlər. Bu sözləri bir daha deyirəm. Bu, o deməkdir ki, xalqlarımız bir kökdən olan xalqlardır. Biz bir dildə danışan xalqlarıq. Ənənələrimizin, adətlərimizin hamısı eynidir. Adlarımız da, bütün həyatımız da eynidir. Xalqlarımız bu köklər əsasında əsrlərdən-əsrlərə dost kimi yaşayıblar. Məhəmməd Füzuli kimi böyük türk - Azərbaycan şairinin 500 illik yubileyini biz bu günlərdə qeyd etdik. Buraya bütün türk dünyasının nümayəndələri toplaşdılar. Türk dünyasının ən böyük təmsilçiləri ilk dəfə olaraq Azərbaycan torpağında Məhəmməd Füzulinin 500 illik yubileyinə toplaşdılar. Bunlar hamısı dostluğumuzu, qardaşlığımızı həm göstərir, həm də dünyaya nümayiş etdirir. Bu dostluğumuz da əbədidir.

Müxbir: Bu dostluğun əbədi qalması arzusu ilə Sizə çox təşəkkür edirəm. Hörmətli tamaşaçılar, TQRT telekanalı öz tarixində bu axşam daha bir yeni addım atdı. Azərbaycanın paytaxtı Bakıda Prezident sarayında hörmətli prezident Heydər Əliyevin iştirak etdiyi ilk canlı yayımı, "Üz-üzə" proqramını sizə təqdim etdik. bu proqram Azərbaycan televiziyasının birinci və ikinci kanalları ilə də birbaşa yayıldı.

Hamınıza xeyirli gecələr arzulayıram. Sag olun.

Tarixi arayış