Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Kimio Fucita ilə görüşdəki söhbətindən - Tokio, Azərbaycan Prezidentinin iqamətgahı, 24 fevral l998-ci il


Cənab Fucita!

Vaxt tapıb görüşümə gəldiyiniz üçün sağ olun. Sizə minnətdarlığımı bildirirəm.

Agentliyiniz Azərbaycanla əlaqələrə böyük maraq göstərdiyi, ölkəmizlə əməkdaşlığın konkret istiqamətləri barədə verdiyiniz məlumatlar üçün Sizə təşəkkür edirəm. Və məlumunuz olsun ki, söylədiyiniz fikirlərdən ətraflı xəbərdaram. Azərbaycan ilə bu agentliyin əlaqələrinin qurulması hər iki tərəf üçün çox faydalıdır və əməkdaşlığın daha da möhkəmləndirilməsindən ötrü mövcud imkanlardan səmərəli istifadə edilməsinə xüsusi diqqət yetirmək lazımdır. Makroiqtisadiyyat, maliyyə sistemi, ətraf mühitin mühafizəsi, idarəetmə sahələri üçün mütəxəssislər hazırlanmasında Azərbaycana göstərdiyiniz köməyə görə, cənab Fucita, Sizə təşəkkür edirəm.

Yeni müstəqillik qazanmış ölkəmizin inkişafı üçün bu qurumlar vacibdir. Azərbaycana bundan sonra da təmənnasız kömək göstərməyə, respublikamızın kənd təsərrüfatı üçün maşın və avadanlıq göndərməyə böyük imkanlarınız olduğu üçün, ətraf mühitin qorunması ilə əlaqədar layihənin hazırlanması barədə təkliflərinizi minnətdarlıqla qarşılayıram və belə layihələrin həyata keçirilməsini faydalı hesab edirəm.