Azərbaycan - İtaliya münasibətləri


 

                                                                                                     

 
 
Münasibətlərin tarixi: Bakıdan 55 km məsafədə yerləşən Qobustan ərazisindəki qayalar üzərindəki qədim latın yazıları Roma imperiyası legionlarının hələ uzaq keçmişdə Azərbaycan ərazisində olduqlarını sübut edir.

Orta əsrlərdə İtaliyadan Azərbaycana çoxlu sayda səyyahlar gəlmişlər. Onların arasında Marco Polonu xüsusilə qeyd etmək olar. XVI-XVIII əsrlərdə Səfəvilər dövləti ilə Venesiya Respublikası arasında intensiv diplomatik və iqtisadi əlaqələr mövcud olub. 1549-cu ildə Romada Nəsrəddin Tusinin "Təhriri-öqlidis" ("Evklid Başlanğıcının təfsiri")" əsərinin latın dilində tərcüməsi çap edilib.

1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikası ilə İtaliya arasında diplomatik münasibətlər mövcud olub və İtaliya Bakıda konsulluğunu açıb.

Siyasi əlaqələr: 1 yanvar 1992-ci il tarixdə İtaliya Azərbaycanın müstəqilliyini tanıyıb. İki dövlət arasında diplomatik münasibətlər 8 may 1992-ci ildə yaradılıb. İtaliya öz səfirliyini Cənubi Qafqaz respublikalarından ilk dəfə 1997-ci ildə Azərbaycanda açıb. İtaliyada Azərbaycan səfirliyi isə 2003-cü ildən fəaliyyət göstərir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün 1992-ci ilin martında yaradılmış ATƏM-in Minsk qrupunun ilk sədri İtaliya olub.

25-28 sentyabr 1997-ci ildə Prezident Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri dövlətlər arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Həmin səfər zamanı Heydər Əliyev İtaliya prezidenti, baş naziri və digər hakimiyyət nümayəndələri ilə görüşüb. İtaliya rəhbərləri Azərbaycan Prezidenti ilə söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına tərəfdar olduqlarını bildiriblər.

1998-2003-cü illərdə İtaliya müxtəlif dövlət orqanlarının təmsilçiləri Azərbaycana səfər ediblər. Tərəflər arasında aparılan danışıqlar və müzakirələr nəticəsində bir çox sahələrdə tərəfdaşlıq məqsədilə müqavilələr bağlanıb.

24-26 fevral 2005-ci il tarixdə İtaliya prezidenti Adzelyo Çampinin dəvəti ilə Prezident İlham Əliyev İtaliyada rəsmi səfərdə olub. Adzelyo Çampi İlham Əliyevlə görüşündə Dağlıq Qarabağ münaqişəsinə toxunaraq vaxtilə İtaliyanın da belə problemlə qarşılaşdığını və bu təcrübədən istifadə edərək, Azərbaycana kömək göstərməyə hazır olduqlarını bildirib. ATƏT-in Minsk qrupunun vasitəçilik səylərinin hələ bir nəticə vermədiyini xatırladan Prezident Adzelyo Çampi bildirib ki, İtaliya Minsk qrupunun fəaliyyətinin gücləndirilməsi üçün köməyini əsirgəməyəcəkdir. Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələrindən, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə aradan qaldırılması sahəsində aparılan danışıqlardan bəhs edib, problemin beynəlxalq hüquq normaları əsasında həll edilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev 25-26 noyabr 2008-ci il tarixdə İtaliya Baş Naziri Silvio Berluskoninin dəvəti ilə İtaliyada növbəti rəsmi səfərdə olub. Səfər çərçivəsində Prezident Silvio Berluskoni və digər dövlət rəsmiləri ilə görüşüb. Görüşlərdə İtaliya və Azərbaycan əməkdaşlığının perspektivləri müzakirə edilib. İlham Əliyev İtaliyanın "Rai international" telekanalına müsahibə verib, Dağlıq Qarabağ münaqişəsindən və Azərbaycanın Avropanın enerji təhlükəsizliyi siyasətində rolundan danışıb.

 İqtisadi münasibətlər: Azərbaycandan xam neft və neft məhsullarının ixracının istiqamətləndiyi əsas ölkə kimi İtaliya ölkəmizin ən iri ticarət partnyoruna çevrilib. İki ölkə arasında ticarət dövriyyəsinin əsasını Azərbaycanın ixracatı təşkil edir. Statistik məlumatlara əsasən, 2003-cü ildən bəri Azərbaycan ixracatının 51,9%-i İtaliyaya istiqamətlənib. İtaliyadan Azərbaycana isə daha çox neft sektoru üçün borular, tütün, dəri məmulatlar, mebel ixrac edilir.

İtaliya işgüzar dairələri Azərbaycanda böyük məbləğdə sərmayələr qoyur, həyata keçirilən bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə iştirak edirlər.

Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri iqtisadi münasibətlərin inkişafında xüsusi rol oynayıb. Bu səfər nəticəsində bağlanan "İqtisadi əməkdaşlıq haqqında Birgə Bəyanat", "İnvestisiyaların qorunması və həvəsləndirilməsi haqqında müqavilə" iki ölkə arasında iqtisadi münasibətlərin inkişafında xüsusi rol oynayıb. Səfər zamanı bu sazişlərdən başqa Azərbaycan Dövlət Neft Şirkəti və İtaliyanın "Eni-Acip" şirkəti arasında "Kürdaşı" blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" sazişin əsas kommersiya prinsipləri və müddəaları barədə sənəd imzalanıb.

24-25 noyabr 2004-cü il tarixdə Italiya Xarici İşlər Nazirinin müavini M.Boniver Azərbaycanda səfərdə olub. 25 noyabr 2004-cü il tarixində "Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi münasibətlər üzrə Məşvərət Forumu haqqında birgə Bəyannamə" imzalanıb.

8 fevral 2007-ci il tarixində İtaliyanın Avropa Siyasəti və Beynəlxalq Ticarət üzrə Nazirinin müavini Milos Budin Bakıda səfərdə olub. Səfər zamanı Xarici İşlər və İqtisadi İnkişaf nazirliklərində, Milli Bank, eləcə də kommersiya banklarında iki ölkə arasında iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi üçün bir sıra məsələlərə dair müzakirələr keçirilib. İlham Əliyev Milos Budinlə görüşündə bildirib ki, Azərbaycan iqtisadiyyatı dünyada ən yüksək sürətlə inkişaf edir və burada böyük investisiyalar tələb edən layihələr həyata keçirilir. Miloş Budin isə öz növbəsində Azərbaycanın regionda və beynəlxalq siyasətdə gündən günə artan rolunun İtaliya şirkətlərinin Azərbaycana olan marağını artırdığını bildirib.

11-22 dekabr 2007-ciil tarixdə İtaliya İqtisadi İnkisaf Naziri Pierluici Bersani Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı Pierluici Bersani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Energetika və Sənaye Naziri və İqtisadi İnkisaf Naziri ilə görüşüb. Səfər nəticəsində iqtisadi inkişaf nazirləri "Azərbaycan və İtaliya arasında təbii qaz sektorunda əməkdaşlığa dair" saziş imzalayıblar.

Mədəni əlaqələr: Azərbaycan və İtaliya arasında mədəni əlaqələrin böyük tarixi var. XIX əsrin sonu XX əsrin əvvəllərində Bakıda italyan arxitektorları tərəfindən müxtəlif binalar tikilib. Dante və Petrarkinin əsərləri Azərbaycan dilinə tərcümə edilib və kütləvi sayda nəşr edilib. Məşhur azərbaycanlı müğənnilər - Şövkət Məmmədova, Bülbül, Müslüm Maqomayev, Azər Zeynalov opera ifaçılığı sənətinin əsaslarına İtaliyada yiyələniblər.

Heydər Əliyevin ilk rəsmi səfəri zamanı 25 sentyabr 1997-ci il tarixində Romada Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında mədəniyyət, elm və texnologiya sahəsində Birgə Bəyannamə, 1 iyun 2002-ci il tarixində isə Bakıda Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında "Mədəniyyət, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında" saziş imzalanıb.

19 dekabr 2006-cıiltarixində Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyi Roma şəhər Meriyasının patronajlığı, İtaliya Respublikası Xarici İşlər Nazirliyi və "Associazione II Tempietto" təşkilatının əməkdaşlığı ilə Romanın məşhur "Sala Umberto"teatrında Azərbaycan incəsənət ustalarının konsertini təşkil edib.

11 dekabr 2006-cı iltarixində İtaliyanın Peruca şəhərindəki Əcnəbilər Universitetində Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyi və "İtaliya-Azərbaycan Dostluq Assosiasiyası" tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş "Azərbaycan-İpək Yolu üzərində Qədim Torpaq" adlı tədbir keçirilib.

İtaliya Azərbaycana ən çox humanitar yardım göstərən dövlətlər sırasındadır. Azərbaycanla İtaliya arasında 1 iyun 2005-ci il tarixində imzalanmış humanitar yardım göstərilməsinə dair saziş Azərbaycanda məskunlaşmış qaçqın və məcburi köçkünlərin çətin vəziyyətinin yüngülləşdirilməsinə yönəldilib. Bundan əlavə İtaliya Hökuməti Azərbaycanda fəaliyyət göstərən bir sıra tibbi-sosial yönümlü müəssisələrə yardım göstərib.

Ümumi tarixi arayış 5 aprel 2010-cu ildə tərtib olunub.