Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Pennzoyl" Şirkətinin Prezidenti Ceyms Peyt ilə görüşdə söhbətindən - Hyüston, "Vinham Varvik" oteli, 2 avqust 1997-ci il


Hörmətli cənab Peyt!

Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfərim, xüsusən Ağ evdə yüksək səviyyədə keçirilmiş görüş və danışıqların çox uğurlu olması barədə söylədiyiniz xoş sözlərə görə təşəkkürümü bildirirəm. Xatırladıram ki, prezident Bill Klinton ilə görüşlərimiz və danışıqlarımız çox uğurlu keçdi və dövlətlərimiz arasında siyasi-iqtisadi təhlükəsizlik sahəsində vacib, dəyərli sənədlər, o cümlədən Amerika ilə Azərbaycanın tərəfdaşlıq əlaqələri barədə çox mühüm bəyannamə imzalandı. Biz Ağ evdə bir çox sənədlər imzaladıq. Amma ən əsas sənəd Amerika-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi haqqında prezident Bill Klintonla mənim imzaladığımız Birgə bəyanatdır. Mən ABŞ-ın bir neçə neft şirkətlərinin rəhbərlərini Ağ evə apardım və biz orada yeni neft müqavilələri imzaladıq. Onlar indiyədək Ağ evdə olmayıblar. Mən Sizdən qabaq "Şevron" şirkətinin prezidenti ilə görüşdüm. O dedi ki, indiyədək heç vaxt Ağ evə getməmişdim. Məni oraya ilk dəfə Siz apardınız.

… Azərbaycan ilə "Pennzoyl" şirkəti arasındakı əlaqələrdən razı qaldığımı bildirərək deyirəm: "Pennzoyl" Azərbaycana gələn ilk xarici şirkətlərdən biridir. Mən ölkəmizdəki qaz-kompressor stansiyasının yaranmasında və Azərbaycanda qaz istehsalının artırılması sahəsində "Pennzoyl"un xidmətlərini yüksək qiymətləndirirəm.

"Əsrin müqaviləsi"ndə "Pennzoyl"un payı vardır. "Qarabağ" yatağının birgə işlənməsi barədə imzalanmış müqavilənin həyata keçirilməsində isə Sizin şirkət aparıcı rol oynayır. Mən bilirəm ki, Amerika Birləşmiş Ştatlarında Azərbaycanın mənafelərini təmsil və təbliğ etmək üçün Siz çox işlər görürsünüz. Bu barədə məlumatlarım var. Güman edirəm ki, biz bu əməkdaşlığı davam etdirməliyik. Buna görə də "Qarabağ" yatağında işləri gərək daha da sürətləndirəsiniz. Çünki biz o müqaviləni 1995-ci ilin noyabrında imzalamışıq.

Mən "Pennzoyl" ilə Azərbaycan arasında əlaqələrin daha da sıxlaşdırılması haqqında Sizin təkliflərinizi razılıqla qarşılayıram və bununla əlaqədar ARDNŞ-in rəhbərliyinə lazımi göstərişlər verirəm.

… General Skoukroftla dünən görüşmüşəm və onu yaxşı tanıyıram. ABŞ-a ilk rəsmi səfərim günlərində mənə göstərilən qonaqpərvərlikdən razılıqla bəhs edərək deyirəm: Mən bu qonaqpərvərliyi hər yerdə hiss edirəm. Xüsusən prezident Bill Klintonun mənə göstərdiyi qayğı, diqqət və qonaqpərvərliyi yüksək qiymətləndirirəm.

ABŞ Konqresinin vaxtilə qəbul etdiyi "Azadlığı müdafiə aktı"na 907-ci düzəlişin aradan qaldırılması sahəsində gördükləri işə görə "Pennzoyl"un rəhbərliyinə təşəkkürümü bildirirəm və nəzərə çatdırıram ki, "Bleyer haus" iqamətgahında general Skoukroft və Amerikanın digər görkəmli siyasi xadimləri ilə görüşlərimdə də bu barədə ətraflı söhbət aparmışam.

Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintonla Ağ evdəki görüşümdə də 907-ci düzəlişin ləğv edilməsi barədə fikir mübadiləsi aparmışam. Cənab Klinton Ağ evdə keçirdiyimiz danışıqlarda tam bəyan etdi və bizim imzaladığımız sənəddə də qeyd olunubdur ki, ABŞ prezidenti Bill Klionton 907-ci düzəlişin aradan qaldırılması üçün öz səylərini göstərəcəkdir. Mən parlamentdə 40-dan çox görüş keçirdim. Konqresmenlərlə, senatorlarla, xarici əlaqələr komitəsinin sədri Gilman, Nümayəndələr Palatasının spikeri Qinqriç ilə görüşdüm. Siz bilirsiniz ki, konqresmen Kinq 907-ci düzəlişin ləğv olunması barədə çox yaxşı bir layihə təqdim edibdir. Konqresdə mənə söz verdilər ki, sentyabr ayında onlar bu məsələnin həll olunmasına çalışacaqlar. Mən belə hesab edirəm ki, bütün bunların, o cümlədən də, Sizin və bizim səylərimizlə bu məsələnin həllinə nail olacağıq.

… Cənab Peyt, Sizdən rica edirəm ki, cənab Skoukrofta, senator Beykerə və cənab Brauna mənim salamlarımı yetirəsiniz və onları Azərbaycana dəvət edirəm.

… Vurğulayıram ki, ABŞ-ın keçmiş prezidenti cənab Buşun mənimlə görüşmək istəməsi barədə məktubunu almışam və elə mən özüm də onunla görüşmək istəyirəm. Xatırladım ki, keçmiş prezidentin yaşadığı yer uzaq olduğuna görə bu görüş baş tutmamışdır. Mənim Hyüstona gəlməyim çox vacib idi. Düşünürdüm ki, cənab Buş burada olacaq və biz onunla görüşəcəyik. Ancaq bu, mümkün olmadı. Mənim salamımı ona çatdırın və deyin ki, mən onu Azərbaycana dəvət edirəm. Gələ bilsə, orada görüşərik. Gələ bilməsə, mən yenidən Amerikaya gələrkən mütləq onunla görüşəcəyəm.

Mən Sizin, cənab Buşun general Skoukroftla birlikdə "Pennzoyl"un təyyarəsində Bakıya səfər etməsi barədə təklifinizi məmnunluqla qəbul edirəm.

"Azərbaycan" qəzeti, 6 avqust 1997-ci il