Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə işgüzar səfərdən Bakıya qayıdarkən Binə hava limanında jurnalistlərin suallarına cavabı - 27 aprel 2001-ci il


Heydər Əliyev: Türkiyəyə səfərim haqqında, yəni türkdilli dövlətlərin başçılarının VII zirvə görüşü və mənim orada iştirakım haqqında hesab edirəm ki, elə bir məlumat verməyə ehtiyac yoxdur. Çünki Türkiyə televiziyası bütün bunların hamısını veribdir və siz də burada dinləmisiniz. Açıq iclasları, başqa görüşləri və mənə dedilər ki, bugünkü mətbuat konfransını da veriblər, izləmisiniz. Ona görə bu barədə bir söz deməyə ehtiyac yoxdur.

Onu deyə bilərəm ki, mən çox məmnunam, türkdilli ölkələrin dövlət başçılarının VII zirvə görüşü baş tutdu və biz toplaşdıq. Orada türkdilli dövlətlərin əlaqələrinin inkişaf etdirilməsi haqqında fikir mübadiləsi apardıq, müzakirə etdik, bəyannamə qəbul olundu. Təbiidir ki, bunlar məni sevindirir.Çünki mən daim türkdilli dövlətlərin birliyinin möhkəmlənməsinin və inkişafının tərəfdarıyam. Baxmayaraq ki, müəyyən ölkələrdə bəzən buna müxtəlif baxışlar var. Ancaq indi hamımızın Türkiyədə toplaşmağımız çox gözəl haldır.

İkincisi də, Türkiyə Cümhuriyyəti və onun prezidenti hörmətli Əhməd Necdət Sezər və onunla bərabər, hökumət üzvləri, hansılar ki, bu işin təşkilati məsələləri ilə məşğul idilər, bunu çox yaxşı, yüksək səviyyədə təşkil etmişdilər. Bəzən olur ki, belə toplantılar bir gün içərisində keçir. Hətta bəzi dövlət başçıları belə bir təklif vermişdilər. Amma mən yox. Mən Türkiyənin verdiyi proqramı tamamilə qəbul etmişdim. Ancaq ona baxmayaraq, onları da inandırmışdılar və iki gün - dünən və bu gün çox sərbəst şəkildə bu toplantı keçdi. Hesab edirəm ki, Türkiyə Cümhuriyyəti, Türkiyənin prezidenti, Türkiyənin hökuməti, dövlət orqanları bu işi çox yüksək səviyyədə hazırlamışdılar və yüksək səviyyədə keçirdilər. Mən bütün bunların hamısından məmnunam.

Sual: Cənab Prezident, Türkmənistan prezidenti Saparmurad Niyazovla görüşünüz zamanı Transxəzər qaz kəməri və Xəzərin statusu məsələləri ilə bağlı hər hansı razılaşma əldə edildimi?

Cavab: Bilirsiniz, sizin sualınıza iki hissədə cavab verdim. Bu Transxəzər qaz kəməri sizə lazımdır? Niyə maraqlanırsınız? 1998-ci ildə Ankarada, Türkiyə Cümhuriyyətinin 75 illiyi zamanı Türkiyənin prezidenti və Türkmənistanın prezidenti saziş imzalamışdır. 1999-cu ildə ATƏT-in İstanbulda keçirilən sammitində bu sazişi biz də təsdiqlədik. Bunu Amerika prezidenti Klinton da etdi. Biz tranzit ölkəyik. Fikrimizi deyə bilərik ki, bizim ölkəmizdən, ərazimizdən bu boru xəttini, qaz xəttini buraxırıq, ya buraxmırıq. Bizim başqa marağımız yoxdur. Ona görə biz o vaxt razılıq verdik. Çünki Türkiyə bizə dost ölkədir, bilirik ki, qaza ehtiyacları var. Təbiidir ki, Türkmənistan da dost ölkədir, türkdilli ölkədir. Ona görə biz buna razılıq verdik və müəyyən işlər aparıldı. Bilirəm ki, Amerika Birləşmiş Ştatlarının hökuməti də bu işlə çox ciddi məşğul olurdu. Amma müəyyən bir mərhələdə Türkmənistanın prezidenti bundan imtina etdi. Imtina etdi, etsin. Bunun bizə nə istisi var, nə soyuğu var. Ona görə sənə məsləhət görürəm ki, başını belə şeylərə qarışdırmayasan.

O ki qaldı Xəzərin statusuna, bilirsiniz ki, Xəzərin statusu neçə ildir müzakirə olunur. İndi nəzərdə tutulub ki, Xəzəryanı ölkələrin dövlət başçıları oktyabr ayında Aşqabadda görüşsünlər. Ancaq Niyazov mənimlə görüşdüyü zaman yenə də orta xətlə əlaqədar neçə ildir bizimlə davam edən danışıqlara toxundu. Onların bu barədə, necə deyərlər, fikri özləri istədiyi kimidir. Amma bizim fikrimiz beynəlxalq hüquq normalarına uyğun olan bir şeydir. Biz bunu dəfələrlə bildirmişik. Bizim nümayəndə heyətləri bir neçə dəfə oraya gedib, onlarınkı buraya gəlibdir və bu, sübut olunubdur. Ancaq buna baxmayaraq, onlar yenə bəzi yerlərdə bizimlə mübahisə aparırlar. Ona görə də o bu məsələni qaldırdı. Biz onunla belə qərara gəldik ki, may ayının 1-də Azərbaycanın ekspertləri Aşqabada gedəcəklər. Onlarla bu barədə bir də danışıqlar aparacaqlar.

Sual: Cənab Prezident, Azərbaycan-İran sərhədində baş verən hadisəyə Sizin münasibətiniz?

Cavab: Bilirsinizmi, düzü, bununla əlaqədar mənim o qədər məlumatım yoxdur. Özü də bu, böyük bir insident deyildir.

Sual: Cənab Prezident, mətbuatda belə çıxışlar var ki, Azərbaycan-Rusiya münasibətləri yaxınlaşdıqca, Azərbaycan-Türkiyə münasibətləri soyuyur. Siz orada belə bir soyuqluq hiss etdinizmi?

Cavab: Siz hiss elədiniz? Televiziya ilə görürdünüz. Mən bir ay bundan öncə Türkiyədə rəsmi səfərdə olmuşam. Bilirsiniz. Məni orada nə qədər mehriban, türkcə desək, nə qədər sıcaq, dostyana qarşıladılar. Bu sizin gözünüzün qarşısında idi. Indi bir ay keçibdir. Nə olubdur? Heç bir soyuqluq yoxdur. Əksinə, əgər siz bu gün həmin mətbuat konfransını dinlədinizsə, orada Azərbaycan dünyaya bir daha nümayiş etdirdi ki, Türkiyənin dərdi bizim dərdimizdir, bizim dərdimiz Türkiyənin dərdidir. O ki qaldı ermənilərin iddiasına, "soyqırımı" haqqında - mən orada dedim. Biz bir neçə dəfə bəyanatlar vermişik. Bizim Milli Məclis bəyanat veribdir. Mən Fransanın prezidenti Şiraka etirazımı bildirmişəm. Hər yerdə bildirmişəm. Amma görürsünüz, o biri ölkələrin dövlət başçıları heç bir şey demədilər. Hətta dedilər ki, bizim bu barədə məlumatımız yoxdur. Bundan artıq nə qədər dostluq ola bilər? Bundan artıq nə qədər isti münasibət ola bilər? Amma iş bundadır ki, sən kimi təmsil edirsən - sizin hərəniz bir şeyi uydurursunuz, götürüb yayırsınız və sonra da bunu suala çevirirsiniz. Indi təyyarə gələndə Dilarə Seyidzadə mənə bizim bir neçə qəzetdən məlumat oxuyurdu. Deyəsən, "Yeni Müsavat" qəzetində, haradasa yazıblar ki, Heydər Əliyevi soyuq qəbul ediblər və guya orada əsgərlər, yəni fəxri qarovul olmayıbdır. Televiziyada baxın, görün olub, olmayıbdır. Amma sən buna başqa şey deyəsən, belə yaramaz.

Sual: Cənab Prezident, bizim deputatlar Avropa Şurası Parlament Assambleyasının sessiyasında ermənilərin uzun illərdən bəri azərbaycanlılara qarşı soyqırımı etməsi haqqında bəyannamə yayıblar. Buna necə münasibət bəsləyirsiniz?

Cavab: Əlbəttə, yaxşı münasibət bəsləyirəm. Mən keçən dəfə gedəndə dedim ki, bizim Avropa Şurasındakı nümayəndə heyətimiz orada çox yaxşı işləyir, necə deyərlər, çox iradə ilə, güclü işləyir. Onlar orada hər şeyi açıq deyiblər, düzdür, indi Ermənistan qəzetlərində, başqa yerlərdə İlham Əliyevin üzərinə hücumlar etməyə başlayıblar. Ancaq biz bunlardan heç vaxt qorxmuruq.

Sual: Cənab Prezident, Dağlıq Qarabağda ermənilərin narkotik bitkilər becərməsi ilə bağlı İlham Əliyev Avropa Şurasının sessiyasında ciddi faktlarla çıxış etmişdir. Biz bu ciddi məsələdən necə bəhrələnə bilərik?

Cavab: Çıxış etmişik ki, bəhrələnək də. Biz Avropaya birinci dəfə bu cür çatdırmışıq ki, ermənilər Dağlıq Qarabağ ərazisində və Ermənistan tərəfindən işğal olunmuş digər torpaqlarımızda qaçaqmalçılıq və s. edirlər. Bu öz yerində. Narkotiklərin daşınması haqqında. Bunu ilk dəfə olaraq Azərbaycanın nümayəndə heyəti, onun başçısı İlham Əliyev Avropa Şurasının Parlament Assambleyasında deyibdir. Bu da böyük əks-səda yaradıbdır. Hesab edirəm ki, bu bizim çox uğurlu addımımızdır.

Sual: Cənab Prezident, Ermənistan parlamentindəki fraksiyalar bu gün birgə bəyanat yayıblar ki, onlar sülh yoluna tərəfdardırlar. Ancaq o şərtlərlə ki, ya Dağlıq Qarabağ müstəqil olmalıdır, ya da Ermənistana birləşdirilməlidir. Sizcə, bu, danışıqlar prosesini pozmağa yönəlməyib ki?

Cavab: Bilirsiniz, burada hərə bir söz deyir. Bu gün bir partiya durub deyir ki, bunu eləmək olmaz, ya bunu eləmək lazımdır. Bəziləri deyir ki, Qarabağa yürüş edək. Mən nə onlara fikir verirəm, nə də Ermənistandakı fraksiyalara fikir verirəm. Mən onlara cavab verməyəcəyəm ki?

Sual: Cənab Prezident, Bakı-Ceyhan layihəsi ilə bağlı işlər nə yerdədir?

Cavab: Bakı-Ceyhan layihəsi üzrə işlər çox normal gedir. Burada heç bir çatışmazlıq yoxdur.

Sual: Hörmətli Cümhur başqanım, əvvəlki toplantılarla müqayisədə indiki görüşün daha yaxşı getdiyini müşahidə etdik. Mən 1994-cü ildən bu yana keçirilən görüşlərdə iştirak edirəm. Indiki toplantı qapalı şəraitdə keçdi. Siz türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşünün gələcəyini necə görürsünüz? Çünki müxtəlif fikirlər var. Son üç ildən bu yana Özbəkistanın, bəzən də Türkmənistanın prezidentləri görüşlərdə iştirak etmirlər.

Cavab: Bilirsiniz, hər kəs özünə cavabdehdir. Mən Azərbaycanın prezidentiyəm və vaxtilə, 1992-ci ildə Türkiyə Cümhuriyyətinin təşəbbüsü ilə Ankarada əsası qoyulmuş Türkdilli Dövlətlər Birliyini dəstəkləmişəm və dəstəkləyirəm. Harada keçirilməsindən asılı olmayaraq, bütün zirvə görüşlərinin hamısında iştirak etmişəm. Bəzən başqa işlərimə görə imkanım olmadığı halda, yenə də o işləri kənara qoyub toplantılarda iştirak etmişəm. Bu mənim mövqeyimdir. Amma başqa dövlətlərin müxtəlif mövqeləri var. Bəli, məsələn, Türkmənistanın prezidenti son iki toplantıda iştirak etməyibdir. Bu onun öz işidir. Amma hesab edirəm ki, indiki toplantı çox yüksək səviyyədə keçdi və bir daha göstərdi ki, bəli, bu toplantı bizim ölkələrimiz, xalqlarımız üçün lazımdır, zəruridir. Mən Azərbaycanın prezidenti kimi, öz tərəfimdən bu birliyin bundan sonra genişlənməsi və inkişaf etməsi üçün çalışacağam.

Sual: Hörmətli Cümhur başqanım, Türkiyədən ayrıldığınız zaman Enerji naziri Cümhur Ərsümər istefaya getdi. Onun istefasına Türkmənistan Cümhur başqanının "Mavi axın" layihəsinə qarşı təkidlərinin önəmli rol oynadığı söylənildi. Görüşləriniz zamanı həmin layihə ilə bağlı söhbətləriniz oldumu?

Cavab: Bilirsiniz, mən bunu hava limanında eşitdim. Mən bilmirəm, nə üçün istefa etdi, "Mavi axın" nə oldu, filan oldu. Amma bilirəm ki, orada mətbuat konfransında siz gördünüz, Türkmənistanın prezidenti o suala cavab verdi ki, biri min dollara alma satır, o biri üç yüz dollara satır. Hansını alarsan - üç yüz dollara alaram. Ona görə də deyir ki, mənə harada gəlirlidir, oraya da satıram. Türkmənistanın prezidenti "Mavi axın"a da toxundu. Amma bu onların işidir. Bizim işimiz deyildir.

Sual: Cənab Prezident, Sirus Təbrizli bəyan edib ki, Mətbuat Şurası yaradılsa, o, Prezident Aparatından idarə olunacaqdır. Bununla da mətbuat azadlığına təhlükə yaradacaqdır...

Cavab: İndi mən hər kəsin dediyi sözə və mənə məlum olmayan şeyə burada cavab verməliyəm? Görürəm ki, bir lazımlı sualınız yoxdur. Deyir, bəzən aşığın sözü qurtaranda nanay-nanay deyir. Siz də nanay-nanay deyirsiniz.

Sual: Cənab Prezident, türkdilli dövlətlərin başçıları "erməni soyqırımı" məsələsinə nə üçün birmənalı münasibət bildirmirlər?

Cavab: Heç bildirmirlər. Necə yəni birmənalı? Əgər sən mətbuat konfransına baxdınsa, heç bildirmirlər. Deyirlər, bizim bundan xəbərimiz yoxdur.

Sual: Cənab Prezident, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədovu Amerikaya dəvət ediblər. Onların partiyası belə bir bəyanat yayıb ki, onu Ağ evdə də qəbul edəcəklər və o, Amerikanın yeni rəhbərliyi ilə görüşəcəkdir. Bundan əlavə, aprelin 21-də Bakıda ADP icazəsiz mitinq keçirmişdi və polis bu mitinqi dağıtmışdı. ABŞ-ın Dövlət Departamenti bununla bağlı narahatlığını bildiribdir. Ümumiyyətlə, ABİ-ın bizim müxalifətə bu cür diqqətini necə qiymətləndirirsiniz?

Cavab: Amerika demokratik ölkədir. Əgər Etibar Məmmədovu lap yüksək səviyyədə qəbul edəcəklərsə, mənim buna nə etirazım var. Əksinə, bunu yaxşı hal hesab edirəm.

Tarixi arayış

MÜSAHİBƏLƏR