Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Elmlər Akademiyasının Prezidenti, Milli Məclisin deputatı, akademik Fəraməz Qəzənfər oğlu Maqsudov ilə vidalaşma mərasimində çıxışı - 31 iyul 2000-ci il


Hörmətli xanımlar və cənablar!

Azərbaycan xalqının böyük şəxsiyyətlərindən biri Fəraməz Maqsudov aramızdan getdi. Fəraməz Maqsudov şərəfli həyat yolu keçmiş, Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərmiş, ölkəmizin həyatında, onun bütün sahələrində, ictimai-siyasi həyatında fəal iştirak etmiş, Azərbaycanın dəyərli insanlarından biridir.

Bu bizim üçün, xalqımız, millətimiz üçün böyük itkidir. Bugünkü gün bizim üçün - təkcə bu salona toplaşanlar üçün yox, bütün Azərbaycan xalqı üçün matəmdir. Çünki biz belə bir böyük insanı itirdik. Bizim imzaladığımız nekroloqda və natiqlərin buradakı çıxışlarında Fəraməz Maqsudovun həyat yolu, yaradıcılığı, elmi və ictimai-siyasi fəaliyyəti haqqında ətraflı yazılıb və deyilibdir. Fəraməz Maqsudov fitri istedada malik olan bir gənc kimi dünyaya gəlmiş və öz fədakarlığı, cəfakeşliyi sayəsində ağır, çətin yol keçərək Azərbaycan elminin zirvələrinə ucalmışdır.

XX əsr Azərbaycan elminin böyük inkişaf dövrüdür. Azərbaycanın qədim və zəngin elmi irsi XX əsrdə sıçrayış dövrü keçiribdir. Riyaziyyat elmi dəqiq elmlər içərisində çətin bir sahədir. Bu elmlə ancaq fitri istedadı olan və bu elmi sevən insanlar məşğul olublar və məşğul ola bilərlər. Bəlkə də 50 il bundan öncə bəşəriyyət heç təsəvvür edə bilmirdi ki, riyaziyyat, fizika elmləri insanların həyatını nə qədər dəyişdirəcək və elmi-texniki tərəqqidə nə qədər böyük sıçrayışlar yaradacaqdır. Ancaq bunlar bu günün həqiqətləridir. Dünya dəyişibdir və burada riyaziyyat, fizika elmlərinin böyük rolu vardır. Azərbaycanda böyük riyaziyyatçılar məktəbi yaranmışdır. Bu məktəbin ən görkəmli nümayəndələrindən biri və Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə qaldıran alimlərdən biri Fəraməz Maqsudov olmuşdur. Fəraməz Maqsudov ona həvalə edilən bütün yerlərdə vicdanla çalışmış, öz əməyi, biliyi, istedadı ilə, yalnız və yalnız özünə məxsus olan xüsusiyyətləri ilə elmdə yüksəlmiş, elmimizi inkişaf etdirmişdir. O, cəmiyyətimizdə, xalqımızın içində yüksəlmişdir.

Fəraməz Maqsudov təkcə riyaziyyat elmi ilə yox, başqa sahələrlə də məşğul olmuşdur. Burada oturanların çoxu yaxşı bilir ki, o bizim mədəniyyətə, ədəbiyyata nə qədər dərindən bağlı bir insan idi. Ədəbiyyatı, doğma dilini - Azərbaycan dilini sevməsi, təbiidir ki, onun böyük üstünlüyünü təşkil edirdi. Fəraməz Maqsudov həmişə cəmiyyətdə, insanların içində olmuşdur, heç vaxt kənara çəkilməmişdir. Xalqımızın böyük əksəriyyəti kimi, o da Azərbaycanı azad, müstəqil görmək arzusunda olmuşdur və bu arzuya da çatmışdır. Ancaq o bu yolda böyük xidmətlər göstərmiş, daim fəal vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.

1988-ci ildən sonra Azərbaycanda yaranmış ağır ictimai-siyasi vəziyyət Fəraməz Maqsudovu həmişə narahat etmişdir. Ancaq o, sadəcə narahatlıq keçirərək müşahidəçi olmamış, bu proseslərdə fəal iştirak etmiş, xalqımızın, millətimizin, torpağımızın, vətənimizin müdafiəsi uğrunda mübarizə aparmışdır.

1993-cü ildə - Azərbaycanda vətəndaş müharibəsi başladığı, ölkəmiz parçalanmaq təhlükəsi qarşısında durduğu zaman Fəraməz Maqsudov respublikamızın bir sıra alimləri və ziyalıları ilə bərabər özünü meydana atmış, heç bir şeydən çəkinməyərək, qorxmayaraq Gəncəyə - qardaş qanı tökülən yerə getmiş, komissiyanın üzvü kimi, orada məsələləri araşdırmış və Azərbaycan parlamentində ədalətli, doğru-düzgün fikirləri ilə xalqımızın bu ağır vəziyyətdən çıxmasına kömək etmişdir.

Doğrudur, ona çoxlu təzyiqlər göstərənlər, əziyyətlər verənlər də olmuşdur. Belə böyük alimi, insanı, ziyalını hətta təhqir edənlər də olmuşdur. Ancaq bunların heç birisi Fəraməz Maqsudovu öz yolundan çəkindirməmişdir. Onun yolu isə vətəninə, millətinə xidmət etmək və millətinin azadlığı yolunda vuruşmaqdan ibarət olmuşdur. Şükürlər olsun ki, o bu günləri - Azərbaycanın müstəqilliyini, millətimizin azadlığını gördü. Ancaq o, sadəcə vətəndaş kimi yox, böyük bir insan, böyük bir siyasi-ictimai xadim kimi, Azərbaycanın müstəqilliyi illərində öz xidmətlərini göstərmişdir.

Fəraməz Maqsudovun bütün həyatı Elmlər Akademiyası ilə bağlıdır. O, universiteti bitirəndən sonra burada çalışmışdır. Azərbaycan Elmlər Akademiyası ölkəmizin, xalqımızın fəxridir, Azərbaycan elminin əsrlər boyu keçdiyi yolu ən yüksək zirvəyə çatdırmış bir elm məbədidir. Bu mühitdə, bu şəraitdə daim elm içərisində çalışan insan - adi insan yox, yüksək istedada malik olan insan, təbiidir ki, elmin yaradıcılarından biri olmuşdur. Fəraməz Maqsudovun ictimai-siyasi fəaliyyətində onun Yeni Azərbaycan Partiyasının qurucularından biri olması da görkəmli yer tutur.

Fəraməz Maqsudovun ölümü bizim üçün çox ağır itkidir. Həyat heç bir insan üçün əbədi deyildir. Ancaq ömrü şərəflə başa çatdırmaq, şərəfli ömür yolu keçmək və həyatda izlər qoymaq, xalqına irs qoyub getmək hər kəsə müyəssər olmur. Fəraməz Maqsudov məhz belə yol keçmişdir. O, böyük vətəndaş, böyük alim, böyük insan, şərəfli şəxsiyyət və gələcək nəsillərə böyük mənəvi, elmi irs qoymuş insandır.

Bizim hamımız, xüsusən onu yaxşı tanıyanlar, onların içərisində mən də bu itkini çox ağır keçiririk. Ancaq bu itkidən ən çox ağırlıq çəkən onun ailəsi, yaxınları, qohum-əqrəbasıdır. Mən bu matəm günü bütün Azərbaycan xalqına başsağlığı verirəm. Fəraməz Maqsudovun ailəsinə, qohumlarına, yaxınlarına başsağlığı verirəm. Azərbaycan elminə başsağlığı verirəm.

Fəraməz Maqsudovun parlaq siması bizim - bütün Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Onun qoyduğu izlər heç vaxt pozulmayacaqdır. Xalqımıza və gələcək nəsillərə onun bəxş etdiyi irs daim yaşayacaqdır.

Allah rəhmət eləsin.