Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstanda yaşayan azərbaycanlıların nümayəndələri ilə görüşdə çıxışı - Tbilisi, Z.Paliaşvili adına Dövlət Akademik Opera və Balet Teatrı, 9 mart 1996-cı il


Hörmətli prezident Eduard Şevardnadze!

Hörmətli xanımlar və cənablar!

Əziz, hörmətli bacılar və qardaşlar!

Mən sizin hamınıza Azərbaycandan, xalqımız adından atəşin salamlar gətirmişəm. Hamınızı Azərbaycan xalqı adından, müstəqil Azərbaycan Respublikası adından ürəkdən salamlayıram. Hamınıza, Gürcüstanın bütün vətəndaşlarına, xalqına öz hörmət, ehtiramımı və ən xoş arzularımı bildirirəm.

Hörmətli prezident, cənab Eduard Şevardnadzenin dəvəti ilə mən müstəqil Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə olaraq Gürcüstana rəsmi səfərə gəlmişəm. Bu həm Gürcüstan müstəqillik əldə etdiyi vaxtdan indiyədək, həm də Azərbaycan Respublikasının müstəqillik qazandığı vaxtdan indiyədək Azərbaycan prezidentinin Gürcüstana ilk səfəridir.

Mən və mənimlə Gürcüstan torpağına gəlmiş nümayəndə heyətinin üzvləri iki gündür ki, gürcü xalqının, Gürcüstan dövlətinin və onun başçısı Eduard Şevardnadzenin qonaqpərvərliyi və mehribanlığı ilə əhatə olunmuşuq. Hesab edirəm, Gürcüstan Azərbaycan əlaqələri tarixinə iki gündür ki, yeni, gözəl, demək olar, qızıl hərflərlə səhifələr yazılır.

Gürcü xalqı ilə Azərbaycan xalqı arasında olan dostluq və qardaşlıq əlaqələrinin çoxəsrlik tarixi var. Əsrlər boyu biz bir yerdə, yanyana yaşamışıq, bir-birimizə dayaq olmuşuq. Torpaqlarımızı yadelli qəsbkarlardan birlikdə qorumuşuq. Xalqlarımızın milli azadlığı, müstəqilliyi uğrunda birlikdə mübarizə aparmışıq.

Bizim dostluğumuz, əməkdaşlığımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçib, möhkəmlənib, güclənib və artıq sarsılmazdır. Bizim bu dostluq, qardaşlıq tariximizdə şübhəsiz ki, gərgin dövrlər də, bəzən qaranlıq izlər, mərhələlər də olubdur. Xalqlarımızı incidən, narahat edən dövrlər də, illər də olubdur. Xalqlarımızın mənəviyyatına zidd hərəkətlər də olubdur. Ancaq bunlar xalqlarımızın dostluğunun, qardaşlığının o saf, müqəddəs duyğuları altında məhv olub və dostluğumuz, qardaşlığımız daim yüksəklərə qalxıb, heç bir qüvvə onu poza, sındıra bilməyibdir və bundan sonra da sındıra bilməyəcəkdir.

Eyni zamanda onu da qeyd etmək lazımdır ki, keçmiş tariximizə böyük hörmət və ehtiram bəsləyərək, onu yüksək qiymətləndirərək indi, dövlət müstəqilliyini əldə etdikdən sonra biz xalqlarımız, dövlətlərimiz, ölkələrimiz arasında yeni əlaqələrin yaranmasının şahidiyik və bu yeni əlaqələr iki xalqın gürcü və Azərbaycan xalqlarının, iki müstəqil dövlətin əlaqələridir.

Biz əsrlər boyu milli azadlıq, müstəqillik uğrunda mübarizə aparmışıq, əsrlər boyu milli dövlətimizin olmasını arzulamışıq, bunun həsrəti ilə yaşamışıq. Nəhayət, biz buna XX əsrin 90-cı illərində nail olmuşuq və bu, həm gürcü xalqının, həm də Azərbaycan xalqının çoxəsrlik tarixində ən yüksək zirvədir, ən böyük nailiyyətdir. Biz bu nailiyyətlə fəxr edirik və bundan sonra da fəxr edəcəyik. 1918-ci ildə gürcü və Azərbaycan xalqları öz milli dövlətim qurmağa çalışmışlar. İlk dəfə Gürcüstanda da, Azərbaycanda da demokratik respublika yaranmışdır, Ancaq bu respublikaların, dövlətlərin ömrü az olmuş, onlar sonralar süqut etmiş, məhv olmuşlar.

Nəhayət, 1991-ci ilin sonunda gürcü xalqı da, Azərbaycan xalqı da öz milli azadlığına, müstəqilliyinə nail olmuşdur. Artıq dörd ildir ki, biz müstəqil dövlət kimi yaşayırıq. Biz bu nailiyyəti yüksək qiymətləndiririk. Bu gün bütün Gürcüstan vətəndaşlarının, gürcü xalqının, Gürcüstanda yaşayan azərbaycanlıların qarşısında bəyan edirəm ki, Azərbaycan xalqı öz müstəqilliyini əbədi edəcək, öz dövlət müstəqilliyini heç vaxt əldən verməyəcəkdir.

Ona görə də bizim bu mərhələdə olan əlaqələrimiz çox böyük əhəmiyyət kəsb edir. Doğrudur, biz bu mərhələdə də bu günlərə asanlıqla gəlib çatmamışıq. Müstəqillik əldə edildikdən sonra Gürcüstanın da, Azərbaycanın da həyatında çox mürəkkəb proseslər olmuş, xalqlarımız çox əzab-əziyyətli yol keçmiş, dövlət çevrilişləri, vətəndaş müharibələri baş vermiş, xalqlarımıza əziyyət verən, onları ağır vəziyyətə salan cürbəcür hadisələr cərəyan etmişdir. Allaha şükürlər olsun ki, həm gürcü xalqı, həm də Azərbaycan xalqı bu bəlalardan xilas olmuşdur. Gürcüstanda da, Azərbaycanda da müstəqil dövlətlər artıq ayaq üstündə durmuş, möhkəmlənmiş və ictimai-siyasi sabitlik yaranmışdır. İndi həm Gürcüstan, həm də Azərbaycan tam müstəqil dövlət kimi yaşayır və bundan sonra da yaşayacaqdır.

Gürcüstanın həyatında gedən proseslər sizə məlumdur. Siz - Gürcüstanda yaşayan azərbaycanlılar bu proseslərin şahidisiniz, onların içində olmusunuz və bu proseslərdən nə qədər zərbələr almısınız, itkilər vermisiniz, - özünüz yaxşı bilirsiniz. Gürcüstanı, gürcü xalqını, Gürcüstanda yaşayan bütün millətləri, o cümlədən azərbaycanlıları, Gürcüstanın bütün vətəndaşlarını bu ağır vəziyyətdən çıxaran gürcü xalqının mütərəqqi qüvvələrinin milli həmrəylik əldə etməsi və gürcü xalqının böyük oğlu Eduard Şevardnadzenin yenidən Gürcüstana qayıtması və öz xalqına əvvəlki illərdəki kimi, böyük xidmətlər göstərərək, Gürcüstanı bugünkü günlərə çatdırmasıdır. Mən bir dost, qonşu kimi Gürcüstanda gedən proseslərin bugünkü müsbət nəticələrə gəlib çıxmasına sevinirəm, məmnun olduğumu bildirmək istəyirəm. Gürcü xalqına, onun görkəmli başçısı Eduard Şevardnadzeyə cansağlığı, xoşbəxtlik və gələcək illərdə yeni-yeni uğurlar arzulayıram.

Son illər Azərbaycanda gedən proseslər sizə məlumdur. Bu barədə mən burada bir neçə kəlmə deyəcəyəm. Ancaq əvvəlcə qeyd etmək istəyirəm ki, mən buraya Gürcüstan ilə Azərbaycan arasında əlaqələri daha yüksək zirvələrə qaldırmaq üçün gəlmişəm. Hesab edirəm ki, mənim əziz dostum Eduard Şevardnadze ilə, Gürcüstanın başqa rəhbərləri ilə dünən və bu gün apardığımız danışıqlar, əldə etdiyimiz razılıq və imzalanan sənədlər Azərbaycan Gürcüstan əlaqələrini həqiqətən yüksək zirvəyə qaldırıbdır, bizim dostluğumuzu, qardaşlığımızı daha da möhkəmləndiribdir və dostluğumuzun gələcəyi üçün yeni-yeni gözəl yollar açıbdır.

İki gün müddətində aparılan danışıqlar və əldə edilən nailiyyətlər haqqında cənab Şevardnadze çox ətraflı məlumat verdi. Mən sadəcə onu qeyd etmək istəyirəm ki, Gürcüstan ilə Azərbaycan Respublikası arasında bizim imzaladığımız dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında müqavilə ölkələrimizin gələcək inkişafı üçün çox qiymətli bir sənəddir. Biz bu sənəddən irəli gələn vəzifələrin öz tərəfimizdən layiqincə, vaxtlı-vaxtlında yerinə yetirilməsini təmin edəcəyik.

Biz - Eduard Şevardnadze ilə mən Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması üçün çox mühüm əhəmiyyət kəsb edən bəyannamə imzaladıq. Bu bəyannamə onu göstərir ki, həm cənab Eduard Şevardnadze, həm də mən Qafqazda sülhü həqiqətən möhkəmləndirməyə, sülhü bərqərar etməyə çalışırıq. Nəinki öz ölkələrimiz, öz xalqlarımız haqqında düşünürük, bütün Qafqaz haqqında, Qafqazın bu günü, gələcəyi haqqında düşünürük. Bu bəyannamə açıq bir sənəddir və mən ümidvar olduğumu bildirmək istəyirəm ki, Qafqazın bütün respublikaları, dövlətləri də və başqa dövlətlər də bu bəyannaməyə qoşulacaqlar. Çünki Qafqazda sülhü, əmin-amanlığı bərqərar etmək təkcə Gürcüstan, Azərbaycan üçün deyil, Qafqazda yaşayan bütün xalqlar üçündür. Bu təkcə Qafqaz üçün yox, Qafqazla əlaqəsi olan bütün ölkələr, xalqlar üçündür, bütün dünya üçündür.

Qafqaz indi bütün dünyanın diqqət mərkəzindədir. Ona görə də Qafqazda gedən prosesləri düzgün istiqamətə, sülh istiqamətinə yönəldib Qafqazda sülhə, əmin-amanlığa nail olmaq çox böyük, müqəddəs məqsəddir, ali məqsəddir və biz bu məqsəd uğrunda bundan sonra da əzmlə çalışacağıq.

Nəhayət, imzaladığımız sənədlərin ən mühümlərindən biri də Azərbaycanda hasil olunacaq neftin Gürcüstan ərazisindən, Qərb istiqamətində Qara dənizə ixracı ilə əlaqədar müqavilədir. Bu, çox əhəmiyyətli bir sənəddir. Bu barədə dünən də, bu gün də çox sözlər deyilib. Mənim əziz dostum Eduard Şevardnadze bu sənədə çox yüksək qiymət verib. Öz çıxışlarınızda siz də bu barədə danışmısınız. Mən deyilən sözlərin hamısı ilə razıyam. Sadəcə onu əlavə etmək istəyirəm ki, bəli, bu müqavilə, sənəd, - onu Eduard Şevardnadze ilə mən imzalamışam, - nəinki bugünkü insanlar üçün, bütün gələcək nəsillər üçün gözəl imkanlar açır. Ümidvaram ki, bu gün də, qarşıdan gələn illərdə də bizim vətəndaşlarımız və gələcək nəsillər atdığımız bu addımın gözəl nəticələrini, bəhrələrini görəcəklər.

Bildiyiniz kimi, bu neft kəmərinin çəkilməsi haqqında qərarı 1995-ci il oktyabrın 9-da biz Bakıda qəbul etmişik. Bəli, bu qərarın qəbul olunması çox böyük müqavimətlərlə, maneələrlə rastlaşmışdı. Ancaq iradəmiz və amalımızın saflığı bizi bu qərarın qəbul olunmasına gətirib çıxardı və mən bundan çox məmnunam. Ancaq mən belə hesab etdim ki, bu qərar əsasında Gürcüstan ilə Azərbaycan arasında müqaviləni Gürcüstanda, Tbilisidə imzalamaq lazımdır. Ona görə də mən buraya, Gürcüstana dostum Eduard Şevardnadzenin yanına, sizin yanınıza gəlmişəm.

İmzalanan bütün başqa sənədlər də, şübhəsiz ki, ölkələrimiz, xalqlarımız arasında olan dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirəcəkdir. Biz - Gürcüstanın, Azərbaycanın bütün vətəndaşları bu proseslərin həm şahidiyik, həm də iştirakçısıyıq. Mənə və mənimlə buraya gələn nümayəndə heyətinin üzvlərinə dünən və bu gün burada çox böyük qayğı və diqqət, qonaqpərvərlik, hörmət göstərilmişdir. Dünən mənə Gürcüstan parlamentində - müstəqil Gürcüstanın ilk parlamentində çıxış etmək nəsib oldu. Mən orada öz ürək sözlərimi dedim. Bu gün dünyanın ən məşhur universitetlərindən biri olan Tbilisi Dövlət Universitetində Gürcüstanın böyük alimləri mənə universitetin fəxri doktoru adı verilməsi münasibətilə toplaşmışdılar və bu adı, diplomu mənə təqdim etdilər, mənə böyük şərəf verdilər, böyük hörmət etdilər.

Gürcüstanda yaşayan azərbaycanlıların nümayəndələri bu gün buraya, bu gözəl, məşhur Luixi teatra - Gürcüstanın fəxri və iftixarı olan teatra toplaşıblar. Eyni zamanda burada Gürcüstanın başqa nümayəndələri - həm azərbaycanlılar, həm də gürcülər, həm Azərbaycan Respublikasının dövlət rəhbərləri, məsul şəxsləri, həm Gürcüstanın başçısı, həm də dövlət, hökumət rəhbərləri vardır. Bu gün bu salon Gürcüstan - Azərbaycan dostluğu salonuna çevrilibdir. Burada çox dəyərli çıxışlar oldu. Ən dəyərli çıxışlardan biri, əsası mənim dostum, qardaşım Eduard Şevardnadzenin çıxışı oldu. Onun burada söylədiyi sözlər - Azərbaycan Respublikasının ünvanına, mənim ünvanıma, Azərbaycan - Gürcüstan dostluğuna aid dediyi sözlər bu günümüz, gələcəyimiz üçün məndə böyük razılıq, məmnuniyyət hissi doğurmuşdur. Həmin sözlərə görə də, bu gün burada bu gözəl görüşü keçirdiyinə görə də ona və buraya toplaşan Gürcüstan vətəndaşlarına öz hörmət və təşəkkürümü bildirirəm. Azərbaycan Respublikasının həyatında, mən qeyd etdiyim kimi, son illər asan illər olmayıb. Biz bu günlərə çox acı, əzab-əziyyətli yollardan gəlib çıxmışıq. Azərbaycanın həyatmı ağırlaşdıran, çətinləşdirən ən böyük bəla 1988-ci ildə Ermənistanın etdiyi təcavüzdür. Bilirsiniz ki, bu təcavüz nəticəsində 8 ildir Azərbaycan ilə Ermənistan arasında müharibə vəziyyəti mövcuddur. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan çox böyük itkilər vermiş, ölkəmizə böyük zərbələr vurulmuş, respublikamızın iqtisadiyyatına, mənəviyyatına böyük zərbələr dəymişdir.

Bu təcavüz nəticəsində Azərbaycan Respublikasının ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal edilmiş torpaqlardan bir milyondan artıq azərbaycanlı yerindən-yurdundan olmuş, didərgin, qaçqın vəziyyətinə düşmüşdür. Onların əksəriyyəti neçə illərdir ki, çadırlarda ağır vəziyyətdə yaşayır. Xalqımız şəhidlər, böyük itkilər vermişdir. Bu dövrdə Azərbaycan xalqına vurulan zərbələrdən biri də 1990-cı ilin yanvarında keçmiş sovet ordusu tərəfindən xalqımıza qarşı edilmiş hərbi təcavüzdür. Bütün bunlar hamısı Azərbaycanın həyatında ictimai-siyasi vəziyyəti həddindən artıq gərginləşdirmişdir.

Bizim son illər apardığımız siyasət, tədbirlər nəticəsində vəziyyət xeyli dəyişmişdir. Birincisi, 1994-cü ilin mayında Ermənistan ilə Azərbaycan arasında gedən müharibəni, hərbi münaqişəni biz dayandıra bilmişik, atəşkəs haqqında saziş əldə etmişik. Artıq iyirmi bir aydır, iki-üç gündən sonra 22 ay olacaqdır ki, atəş yoxdur, qan tökülmür, müharibə getmir və Ermənistan ilə Azərbaycan arasında atəşkəs rejimi davam edir.

1988-ci ildə başlanmış hərbi münaqişədə ilk dəfə belə bir atəşkəs rejiminin əldə olunması və onun 22 ay müddətində saxlanması, hesab edirəm ki, böyük nailiyyətdir. Bu, onu göstərir ki, Azərbaycan xalqı nə qədər itkilər veribsə, ona nə qədər zərbələr dəyibsə, buna baxmayaraq, öz sülhsevər niyyətləri ilə, sülhsevər xarakteri ilə yaşayır. Azərbaycan xalqı müharibə istəmir. Azərbaycan xalqı sülhsevər xalqdır. Azərbaycan xalqı bütün bölgədə - həm ölkəmizdə, həm regionda, həm də dünyada sülh istəyir. Bax, biz bu arzu ilə, bu istəklə 1994-cü ilin mayında atəşkəs haqqında saziş imzalamışıq və bu arzu, bu istəklə də o vaxtdan indiyədək dünyanın beynəlxalq təşkilatları çərçivəsində, ATƏT, onun Minsk qrupu çərçivəsində, dünyanın böyük dövlətlərinin - Rusiyanın, Amerikanın, Türkiyənin və başqa dövlətlərin iştirakı ilə tam sülhə nail olmaq istəyirik. Tam sülhə nail olmaq üçün də bizim çox sadə şərtlərimiz vardır.

Şərtlərimiz ondan ibarətdir ki, işğal olunmuş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələri qeyd-şərtsiz çıxmalıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır. İşğal olunmuş torpaqlardan silahlı qüvvələr çıxarkən, yerindən-yurdundan didərgin düşmüş Azərbaycan vətəndaşları öz evinə-obasına qayıtmalıdırlar. Azərbaycanın sərhədlərinin toxunulmazlığı təmin olunmalıdır. Azərbaycanın suverenlik hüquqları tam təmin edilməlidir. Biz bu şərtlər daxilində Azərbaycanda, Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin olunmasına zəmanət veririk və Dağlıq Qarabağda yaşayan ermənilərə Azərbaycanın tərkibində ən yüksək status verilməsinə razıyıq.

Biz istəyirik ki, bu şərtlər əsasında sülhə nail olaq və müharibəyə son qoyaq, müharibənin bir daha baş verməsinin qarşısını alaq və Qafqazda, o cümlədən Cənubi Qafqazda, sülh yaranması üçün öz addımımızı ataq, öz payımızı verək.

Doğrudur, danışıqlar çətin gedir. Asan getmir. Ermənistan tərəfi müəyyən hərbi üstünlüyündən istifadə edərək irəli sürülən şərtlərin hamısını qəbul etmək istəmir. Ona görə də biz danışıqlar aparırıq. Ancaq biz dözümlüyük, səbirliyik. Biz bu danışıqları səbrlə, təmkinlə, dözümlə aparacağıq. Mən bəyan edirəm ki, atəşkəs rejimi bizim tərəfimizdən pozulmayacaq, bizim tərəfimizdən müharibə, döyüşlər

yenidən başlanmayacaq və əmin olduğumu bildirmək istəyirəm ki, bütün dünyanın sülhsevər qüvvələrinin köməyi ilə, o cümlədən qonşu Gürcüstanın, gürcü xalqının bu məsələlərin həllinə köməyi ilə biz nəhayət, sülhə nail olacağıq.

Biz bu günləri səbirsizliklə gözləyirik. Təkcə gözləmirik, bunlara nail olmaq üçün gecə-gündüz çalışırıq, bütün vasitələrdən istifadə edirik və əmin olun ki, biz Azərbaycan xalqının torpaqlarının müqəddəsliyini, respublikamızın ərazisinin bütövlüyünü qorumuşuq, bundan sonra da qoruyacaq və Azərbaycanın ərazi bütövlüyünü heç vaxt əlimizdən verməyəcəyik.

Biz sizinlə yaxşı bilirik ki, Gürcüstan da eyni problemlərlə rastlaşıb. Gürcüstanın da ərazi bütövlüyü pozulub. Gürcüstan Abxaziya ilə əlaqədar olan məsələləri sülh yolu ilə həll etməyə çalışır. Gürcüstanın bu işi haqq işidir. Gürcüstan dövlətinin, gürcü xalqının tələbi haqlı tələbdir, ədalətli tələbdir. Biz bu tələbləri, Gürcüstan dövlətinin bu fəaliyyətini dəstəkləmişik və dəstəkləyirik. Gürcüstanın bir dövlət, respublika kimi ərazi bütövlüyünün təmin olunması yolunda qoyduğu səylərə biz tərəfdarıq və bundan sonra da tərəfdar olacağıq.

Biz separatizmin əleyhinəyik və dünyanın heç bir yerində separatizmə tərəfdar çıxmamışıq və çıxmayacağıq. Biz terrorizmin əleyhinəyik və bundan sonra da terrorizmin əleyhinə çıxacağıq. Biz ölkəmizdə sülh istəyirik. Biz Qafqazda sülh istəyirik. Biz Cənubi Qafqazda sülh istəyirik. Biz sülh tərəfdarıyıq və sülh yolunda bundan sonra da çalışacağıq, vuruşacağıq.

Son illər Azərbaycanın daxilində gedən proseslər də sizə məlumdur. Onu deyim ki, təxminən 1990-cı ildən indiyədək Azərbaycanın dövlətçiliyi bir neçə dəfə təhlükə altında olmuşdur. Təəssüf ki, xarici düşmənlərlə yanaşı, Azərbaycanın daxilində olan cürbəcür təxribatçı qüvvələr, hakimiyyət uğrunda mübarizə aparan cürbəcür qüvvələr, öz mənafelərini ümumxalq mənafeyindən, ümummilli mənafedən üstün tutan qüvvələr Azərbaycanda daim sabitliyi pozmuş, respublikamızın daxili vəziyyətini gərginləşdirmişlər.

Bu hadisələr sizə məlumdur. Ən dəhşətlisi 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsinin başlanması idi. O zaman - 1993-cü ilin iyununda Azərbaycan parçalanma təhlükəsi qarşısında, faciə qarşısında idi. Vətəndaş müharibəsi baş vermişdi. O vaxt xalqın dəvəti ilə mən yenidən Azərbaycana gəldim. Vətəndaş müharibəsinin qarşısını almağa nail ola bildik. Ancaq təəssüf olsun ki, ondan sonra yenə də dövləti devirmək üçün cəhd göstərən qüvvələrin törətdiyi hadisələr səngimədi, onlar öz səhvlərini anlamadı və yenə də dövləti dağıtmağa çalışdılar. 1994-cü ilin oktyabrında Azərbaycanda dövlət çevrilişinə cəhdlər baş verdi. Biz xalqın milli həmrəyliyi ilə onun qarşısını ala bildik. Cinayətkarların bir qismi həbs olundu, bir qismi şübhəsiz ki, dünyasını dəyişdi, bir qismi isə xarici ölkələrdə gizlənir. 1995-ci ilin martında Azərbaycanda dövlət çevrilişinə yenidən cəhdlər göstərildi. O zaman Azərbaycanın daxilində olan bütün təxribatçı qüvvələr, vaxtilə bir-birinə zidd qüvvələr birləşdilər və Azərbaycanda dövlət çevrilişi edib, respublikanın prezidentini fiziki yolla aradan götürüb ölkəni dağıtmağa çalışdılar. Biz bunun da qarşısını aldıq. Həmin o cinayətkarların bır qismi yenə də qaçıb xarici ölkələrdə gizləndi və onların bir çoxu indi Moskvadadır, orada özlərinə sığınacaq tapıb.

Belə cəhdlər yenə də bir neçə dəfə olmuşdur. Bunların da qarşısı alınmışdır. Nəticədə bizim cəmiyyətimizdə, respublikamızda Azərbaycan vətəndaşları daha da sıx birləşib, milli həmrəylik əldə olunub. Nəhayət, Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar olubdur. Buna görə də biz keçən ilin noyabrında ilk dəfə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etdik və müstəqil Azərbaycan Respublikasının parlamentinə ilk demokratik seçkilər keçirdik. İndi bizim yeni parlamentimiz, ilk konstitusiyamız var. Bunlar hamısı Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsi üçün gözəl əsas yaratmışdır. Biz bunlardan istifadə edib Azərbaycanda dövlətçiliyi inkişaf etdiririk. Azərbaycan demokratiya yolu ilə gedir, ölkəmizdə insan azadlığı bərqərar olubdur. Respublikamızda milliyyətindən, dinindən, dilindən, baxışlarından asılı olmayaraq vətəndaşlarımızın hamısı bərabər hüquqlara malikdir və biz dövlətçiliyimizi bu demokratik prinsiplər əsasında qururuq, inkişaf etdiririk, Siz əmin ola bilərsiniz ki, Azərbaycanın taleyi indi etibarlı əllərdədir. Siz əmin ola bilərsiniz ki, biz müstəqil Azərbaycan dövlətini qoruyub saxlayacağıq, ölkəmizdə sabitliyi qoruyacağıq və Azərbaycanı bu ağır, çətin sosial-iqtisadi vəziyyətdən çıxarıb gözəl, xoşbəxt gələcəyə aparacağıq.

Biz Azərbaycanda bütün bu prosesləri apararkən Gürcüstan dövlətinin, gürcü xalqının təcrübəsindən daim istifadə etmişik. Ona görə də Gürcüstan ilə Azərbaycan arasında əlaqələrin sıx olması, bir-birimizlə daha yaxından fikir mübadiləsi aparmağımız gələcək işlərimizdə də bizə kömək edəcəkdir. Əminəm ki, biz bundan gələcəkdə də bəhrələnəcəyik.

Bir daha deyirəm, indi Gürcüstanda əldə olunmuş nailiyyətlər bizi sizin qədər sevindirir. Biz ona görə sevinirik ki, birincisi, gürcü xalqı bizim üçün dost və qardaş xalqdır. Biz istəyirik ki, o, əmin-amanlıq şəraitində yaşasın. Biz istəyirik ki, Gürcüstan inkişaf eləsin, gürcü xalqı qarşısında duran vəzifələrin hamısını həyata keçirə bilsin. Biz bunu bir də ona görə istəyirik ki, Gürcüstanda azərbaycanlılar da yaşayır. Yüz minlərlə azərbaycanlı yaşayır. Azərbaycanlılar Gürcüstanda öz vətənlərində yaşayır, öz torpaqlarında, öz əcdadlarının, öz ulu babalarının yaşadığı diyarda, eldə, obada yaşayırlar. Borçalı diyarı Azərbaycan xalqının ən dəyərli diyarlarından biridir.

Borçalı diyarı Gürcüstan üçün əziz olduğu kimi, Azərbaycan üçün də əziz olmuşdur, bu gün də əzizdir. Ona görə də Gürcüstanda yaşayan azərbaycanlılar öz vətənlərində yaşayırlar. Mənim dostum cənab Şevardnadze bu gün çıxış edərkən dedi ki, Gürcüstanda yaşayan azərbaycanlılara o, diaspor demək istəmir. Tamamilə düzgün deyir, heç diaspor demək olmaz. Çünki bu kənardan gəlmiş azərbaycanlılar deyil ki, onlara diaspor deyək. Onlar burada əsrlər boyu yaşamış, yaratmış azərbaycanlılardır. Bugünkü çıxışlarda deyildi ki, hələ XII əsrdə burada, Gürcüstanda yaşayan azərbaycanlılar, sizin ulu babalarınız, gürcü xalqı ilə Azərbaycan xalqı yadellilərə qarşı birlikdə vuruşublar və öz torpaqlarını müdafiə ediblər. Bu dostluq XII əsrdən indiyədək davam edir. Ona görə də, əziz bacılar, qardaşlar, bu, sizin doğma vətəninizdir. Bu, sizin doğma torpağınızdır. Siz öz vətəninizdə, doğma torpağınızda yaşayırsınız. Güman edirəm ki, Gürcüstan Respublikasına, müstəqil Gürcüstan dövlətinə şan-şöhrət gətirən bir haldır ki, müstəqil, azad, demokratik Gürcüstanda azərbaycanlılar azad, sərbəst yaşayırlar.

Bu gün sizin həyatınızda çoxlu problemlər var. Bugünkü çıxışlarınızda siz bu problemlər barədə müəyyən fikirlər, təkliflər irəli sürdünüz. Şübhəsiz ki, bunların bir hissəsini Gürcüstanın dövlət orqanları həll edəcəklər. Güman edirəm ki, həll edəcəklər. Bir hissəsini isə biz həll etməliyik. Sərhədlər haqqında sizin dediyiniz fikirlər - sərhədlərin şəffaf olması, gömrük məsələlərinin aradan götürülməsi və ümumiyyətlə Gürcüstandan Azərbaycana, Azərbaycandan Gürcüstana gediş-gəlişin sadələşdirilməsi bizim qarşımızda duran böyük məsələlərdən biridir. Güman edirəm ki, cənab Şevardnadze ilə mən və bizim müvafiq dövlət və hökumət orqanları bu məsələlərlə məşğul olub lazımi bir yol tapacaqlar və biz bu problemi həll edəcəyik.

Siz burada məktəblər haqqında söhbət açdınız. Bu, çox böyük məsələdir. Mən hesab edirəm ki, hər bir xalqa, millətə mənsub olan insan harada, hansı ölkədə yaşayırsa-yaşasın, öz dilini, dinini, milli ənənələrini heç vaxt unutmamalıdır.

Mən çox məmnunam ki, Gürcüstanda yaşayan azərbaycanlılar tarixin cürbəcür mərhələlərində rastlaşdıqları çətinliklərə baxmayaraq, dilini də, dinini də, adət-ənənələrini də qoruyub saxlayırlar. Bu, böyük nailiyyətdir. Ona görə mən Gürcüstanda yaşayan azərbaycanlılara - keçmiş nəsillərə və bu gün yaşayan azərbaycanlılara hörmət və ehtiramımı bildirirəm.

Mirzə Fətəli Axundovun, Mirzə Şəfi Vazehin, Fətəli xan Xoyskinin bu gün ziyarət etdiyimiz qəbirləri buna əyani sübutdur. Bu gün biz Azərbaycan məscidində olduq. Demək, 70 il dinin əleyhinə mübarizə aparılmasına baxmayaraq, din qəlblərdə yaşayıb. Həm gürcülərin dini, həm də azərbaycanlıların dini yaşayıbdır. Bunun özü də çox gözəl bir hadisədir və yüksək tərifəlayiq bir haldır. Dinləri indiyədək yaşada bilmisinizsə, bu gün demokratik, müstəqil, azad Gürcüstanda siz bunları daha da çox yaşadıb, gələcək nəsillərə çatdıracaqsınız.

Hesab edirəm ki, Azərbaycan məktəblərində tədris Azərbaycan dilində keçməlidir. Bunun üçün bizim tərəfimizdən nə görmək lazımdırsa biz bunu edəcəyik. Azərbaycanda gürcülər də yaşayırlar. Onlar da məktəblərdə dərsləri gürcü dilində keçməlidir. Biz buna da qayğı göstəririk, göstərəcəyik və Gürcüstanda da onlara qayğı göstərən, kömək etmək istəyən adamlar üçün yol açıqdır. Əminəm ki, biz ümumi səylərimizlə bu məsələləri həll edə biləcəyik. Burada çıxış edənlər daha bir çox mühüm məsələ də qaldırdılar ki, Azərbaycan məktəblərində gürcü dili də tədris olunsun. Bu, tamamilə doğru, düzgün fikirdir. Mən bu yaxınlarda Azərbaycanda gənclər qarşısında çıxış edərkən bu sözləri demişəm, onu təkrar etmək istəyirəm. Bizdə insanlar var ki, öz dilində, ana dilində, dövlət dilində yaxşı danışa bilmir. Onlar vaxtilə, uzun illər rus dilində təhsil alıblar, ana dilinə o qədər fikir verməyiblər. Gürcüstanda gürcü dili olduğu kimi, Azərbaycanda da Azərbaycan dili dövlət dilimizdir. Ona görə də mən dedim ki, qoy hər bir azərbaycanlı gənc Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini, Mirzə Fətəli Axundovu Azərbaycan dilində oxusun.

İndi isə mən demək istəyirəm ki, Gürcüstanda yaşayan azərbaycanlı da qoy həm Azərbaycan dilini bilsin, həm rus dilini bilsin, həm ingilis dilini bilsin, başqa dilləri bilsin. Ancaq gürcü dilini mükəmməl bilsin. Çünki gürcü dili Gürcüstanın dövlət dilidir. Burada yaşayan azərbaycanlı gürcü dilini bilməlidir.

Mən verilən təklifi müdafiə edirəm ki, Azərbaycan məktəblərində gürcü dili də tədris olunsun. Amma eyni zamanda mən çox arzu edərdim ki, Gürcüstanda yaşayan bütün azərbaycanlılar Azərbaycan dilində təhsil alsın, onu unutmasın, Azərbaycan dilini inkişaf etdirsin. Bu, mənim arzumdur və güman edirəm ki, belə də olacaqdır.

Burada Gürcüstanda yaşayan azərbaycanlılar çıxış etdilər. Mən çox sevindim. Onlar sərbəst olaraq həm gürcü dilində, həm rus dilində, həm də Azərbaycan dilində çox gözəl danışdılar. Deyə bilərəm ki, respublikamızda yaşayan bəzi azərbaycanlılar sizin kimi, burada çıxış edənlər kimi heç Azərbaycan dilində danışa bilmirlər. Bu, onu göstərir ki, Azərbaycan dili Gürcüstanda yaşayır, inkişaf edir. Ümidvaram ki, bundan sonra daha da çox inkişaf edəcəkdir.

Burada "Gürcüstan" qəzeti haqqında danışıldı. Doğrudan da, bu qəzet bizim üçün əziz olan qəzetdir. Bu qəzet Gürcüstanla Azərbaycan arasında, xalqlarımız arasında əlaqələrin inkişaf etməsində çox xidmətlər göstərib. Hesab edirəm ki, bu qəzet yaşamalıdır. Bu gün bunu mənə xatırlatdılar, mən onu heç vaxt unutmamışam. Bilirsiniz ki, 1987-ci ildən sonra bir neçə il böyük təqib altında idim, böyük təcridə məruz qalmışdım. Mənim həyatımın ağır dövrləri var idi. Mən o dövrləri yaşadım, nə əqidəmdən, nə məsləkimdən, nə də ki, öz mənəviyyatımdan geri çəkilmədim. Mən necə varam, eləcə də yaşadım. Ancaq çətinliklərim də çox oldu.

O vaxt Naxçıvanda idim. Naxçıvan blokada şəraitində idi. Gediş-gəliş yox idi. Mən o vaxtkı dövlətlər tərəfindən həm Moskvadan, həm Azərbaycandan çox təzyiq altında yaşayan bir adam idim. Mənim yanıma o vaxt gəlib-getmək də təhlükəli idi. Ancaq məni sevindirən iki halı demək istəyirəm. Mənim üçün gözlənilməyən bir hal idi ki, iki gürcü müxbir Tbilisidən Naxçıvana gəldi. Tamamilə qəflətən. Mən orada bacımın kiçik bir evində yaşayırdım. Bu gün siz deyirsiniz ki, elektrik, qaz, su çatmır. Naxçıvanda vəziyyət bundan da pis idi. Mən belə bir vəziyyətdə orada yaşayırdım. İki gürcü müxbiri - təəssüf ki, adları yadımdan çıxıb - Naxçıvana gəldi. Məni arayıb-axtarıb tapdılar. Məndən bir çox məsələlər barəsində müsahibə götürdülər. Mən azad, müstəqil bir adam idim. Hansı bir qəzetçi, yaxud jurnalist mənə müraciət edirdisə, suallarına cavab verirdim. Onlar mənimlə geniş müsahibəni Tbilisidə gürcü dilində dərc etdirmişdilər, mənə göndərdilər. Bundan sonra həmin müsahibəni o vaxt "Sovet Gürcüstanı" deyilən, indi "Gürcüstan" adını daşıyan qəzet Azərbaycan dilində dərc etdi və onu mənə göndərdilər. O vaxt mənim üçün bu, böyük mənəvi dayaq idi. Baxmayaraq ki, mən Naxçıvanda sürgündə idim, bir tərəfdən gürcülər, o biri tərəfdən Gürcüstanda yaşayan azərbaycanlılar məni unutmamışdılar. Bunu qəzetlər vasitəsilə etmişdilər.

Ona görə də "Gürcüstan" qəzetini yaşatmaq lazımdır. Mən böyük vədlər verən adam deyiləm. Ancaq bu gün bəyan edirəm ki, "Gürcüstan" qəzetinin yaşaması, mütəmadi çıxması üçün Azərbaycan dövləti və şəxsən mən lazımi tədbirlər görəcəyik. İnanıram ki, mənim dostum Eduard Şevardnadze də bu təşəbbüsə qoşulacaqdır. Mən bir daha qeyd etmək istəyirəm ki, bu günlər çox əlamətdar günlərdir. Cənab Şevardnadze bu hadisələri tarixi hadisələr kimi qiymətləndirdi. Doğrudan da biz tarixi günlər yaşayırıq. Tbilisi dövri-qədimdən azərbaycanlılar üçün sevimli bir şəhər, bir yer olubdur. Burada bizim böyük-böyük şəxsiyyətlərimiz yaşayıb, yaradıb, böyük-böyük işlər görüblər. Burada Mirzə Fətəli Axundovun, Mirzə Şəfi Vazehin adları çəkildi. 1918-ci ildə Azərbaycan demokratik dövlətini yaradanlardan biri - Əlimərdan bəy Topçubaşov da Tbilisidə doğulmuşdur. Nəriman Nərimanov da Tbilisidə doğulmuşdur. Bizim böyük yazıçımız, filosofumuz, böyük mütəfəkkir Cəlil Məmmədquluzadə fəaliyyətinin çoxunu Tbilisidə, Gürcüstanda keçirib. Bütün dünyada, xüsusən müsəlman Şərqində məşhur olan "Molla Nəsrəddin" jurnalı məhz Tbilisidə Cəlil Məmmədquluzadənin təşəbbüsü, rəhbərliyi ilə nəşrə başlayıb və uzun illər burada fəaliyyət göstərib, bütün Qafqaza, Orta Asiyaya, İrana, Türkiyəyə, bütün Şərqə böyük, mütərəqqi təsir bağışlayıb.

Böyük bəstəkarlarımız Üzeyir Hacıbəyov, Müslüm Maqomayev Azərbaycan professional musiqisinin baniləri Qori seminariyasını qurtarıblar, öz böyük təhsillərini burada alıblar. Onlar Qori seminariyasında oxuyarkən bəstəkarlığa başlayıblar. Azərbaycan musiqisini Gürcüstan torpağında yaşadıblar. Belə misalları çox saymaq olar. Ona görə də Tbilisi, Gürcüstan bizim üçün əziz bir şəhər və diyardır. Bu iki gündə biz özümüzü elə bil cənnətdə hiss etdik. Biz sizinlə bir yerdəyik, mehriban bir mühit içərisindəyik. Ona görə, mən əziz dostumuz Eduard Şevardnadzeyə və onun bütün həmkarlarına Azərbaycan xalqı adından, öz adımdan bu iki gün üçün bir daha təşəkkürümü bildirirəm.

Əziz bacılar və qardaşlar, Azərbaycan nümayəndələrinə, mənə göstərdiyiniz hörmət və ehtirama görə sizə təşəkkürümü bildirirəm və əmin olduğumu bildirmək istəyirəm ki, bu iki gün ərzində gördüyümüz işlər gələcəkdə gözəl nəticələr, bəhrələr verəcəkdir. Biz dostluğumuzu, qardaşlığımızı möhkəmləndirəcəyik.

Gürcüstan - Azərbaycan, gürcü - azərbaycanlı dostluğu bundan sonra daha da möhkəm olacaq, əbədi, sarsılmaz olacaqdır!

Gürcü xalqına eşq olsun!

Müstəqil Gürcüstana eşq olsun!

Gürcüstanın görkəmli rəhbəri Eduard Şevardnadzeyə eşq olsun!

Sarsılmaz Gürcüstan - Azərbaycan dostluğuna, qardaşlığına eşq olsun! Eşq olsun! Eşq olsun!