Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarına işgüzar səfərdən Bakıya qayıdarkən Binə beynəlxalq hava limanında jurnalistlərə verdiyi müsahibə - 14 aprel 2001-ci il


Heydər Əliyev: Sizi maraqlandıran bu səfərdir, səfərin yekunlarıdır. Əlbəttə, bu barədə çox danışmaq olar. Ancaq qısaca onu deyə bilərəm ki, hər şey yaxşıdır. Səfər çox vacib bir səfər idi. Səfər zamanı çox iş görə bilmişik və bundan çox məmnunam. İndi də vətənə gəlmişəm. Sualınız varmı?

Sual: Cənab Prezident, Siz Ki-Uestdə danışıqlara başlayarkən ATƏT-in Minsk qrupunun həmsədrlərini ciddi tənqid etdiniz. Həmsədrlər bundan nəticə çıxardılarmı?

Cavab: Bəli, yəqin ki, mənim bəyanatımı oxumusunuz. Görüşün açılışı günü, düzdür, orada böyük bir salon, filan yox idi ki, bəyanat verəsən. Əgər televiziyada görmüsünüzsə, biz dəyirmi stol arxasında oturmuşduq. Ancaq həmsədrlər hiss etmişdilər ki, mən onları tənqid edəcəyəm. Çünki bu, birinci dəfə deyildi. Mənə xəbər göndərmişdilər ki, tənqid etmək lazım deyildir. Ancaq mən həqiqəti demişəm. Mən deyəndən sonra heç kəs bir şey edə bilməyibdir. Amma nəticə çıxarıblar, yoxsa yox, bu, gələcəyin işidir.

Sual: Cənab Prezident, Azərbaycanın güzəşt limitləri nədən ibarət idi və Ermənistan hansı güzəştlərə getməyə hazır idi?

Cavab: Bilirsiniz, burada limit yoxdur. Siz bilməlisiniz ki, Azərbaycanın bu barədə mövqeyi Azərbaycandan ən uzaq bir yerdə, Floridadan da xeyli uzaq bir adada, kiçik adada açıq-ayın göstərilibdir və bütün dünyaya elan olunubdur. Bilirəm ki, dünyanın ən böyük informasiya orqanları da, qəzetləri də bəziləri mənim bəyanatımın hamısını verib, bəziləri lazım bildikləri yeri veriblər. Hər halda, bəyanat yayılıbdır. Ona görə də bizim mövqeyimiz - bilirəm, mən gedəndə də, mən orada olanda da burada, Azərbaycanda müxtəlif sözlər danışıblar - Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin mövqeyi həmin o bəyanatda öz əksini tapıbdır. Bəyanat həqiqəti əks etdirən bir bəyanatdır. Həm münaqişənin başlanması və sonrakı prosesin tarixi haqqında, həm də 1992-ci ildən ATƏT-in bu işə qarışması, həmsədrlərin gördüyü işlər və indiyə qədər ATƏT tərəfindən onlara tapşırılan bu böyük missiyanın axıra çatdırılması barədə. Ona görə də hər şey orada var.

Sual: Cənab Prezident, ümumiyyətlə, görüşün nəticələri ilə razısınızmı?

Cavab: Bilirsiniz, mən deyə bilmərəm ki, hansısa görüşün nəticələrindən narazı olmuşam. Görüşsək yaxşıdır, yoxsa görüşməsək? Əlbəttə ki, görüşsək. Hər səfər, hər görüş, təbiidir ki, əhəmiyyətlidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün nə qədər ağır və çətin olması məlumdur. Mən bunların hamısını orada verdiyim bəyanatda bildirmişəm.

Ola bilər görüşməyim, oturum, heç bir nəticə də olmasın. Amma hər bir görüş yeni bir irəliləmə əmələ gətirir, yeni bir təsəvvür yaradır. Məsələn, bəzən mən fikirləşirəm - bəzən yox, elə həmişə - bu münaqişə get-gedə unudulur. Ümumiyyətlə, münaqişələr həmişə onlar gedən vaxtı dünya ictimaiyyətinin diqqət mərkəzində olur. Yəni, vuruşmalar gedən vaxtı, döyüşlər gedən vaxtı, qan tökülən vaxtı. Ancaq atəşkəs yaranıb, münaqişə həll olunmamış get-gedə unudulur. Elə Yaxın Şərq münaqişəsini götürün. Məsələn, İsrail ilə fələstinlilər vuruşanda, bir-birinə güllə atanda, nə bilim, bir-birinə bomba atanda, filan edəndə bütün dünya ictimaiyyəti qaynayır. Amma münaqişə həll olunmayıbdır. Bu məsələlər yatanda münaqişə də çox yerlərdə yavaş-yavaş gündəmdən çəkilir.

1994-cü ildən ki, biz atəşkəs haqqında qərar qəbul etmişik, Ermənistan-Azərbaycan münaqişəsi get-gedə unudulur. Elə bu görüşün özü - deyə bilərəm ki, o, bütün dünya dövlətlərinin nəzər-diqqətini cəlb edib və bu görüş zamanı Azərbaycan prezidenti bütün dünyaya bəyan edibdir ki, təcavüzü kim başlayıbdır, münaqişəni kim başlayıbdır, günahkar kimdir, Azərbaycanın bugünkü vəziyyəti necədir, Azərbaycanın nə qədər qaçqını var, nə qədər torpağı işğal olunubdur - bu bütün dünyanın siyasi ictimaiyyətində, siyasi mətbuatında, dövlət orqanlarında, təbiidir ki, münaqişəni hamının yadına salır. Yoxsa ki, məsələn, hansısa qəzetdə yazmışdılar, heç bilmir ki, Dağlıq Qarabağ haradadır, yaxud da nəsə bir şey yazmışdılar. Mən o qədər oxumuşam ki, bunun hansı qəzetdə yazıldığını unutmuşam.

Amma bunun ən böyük əhəmiyyəti ondan ibarət oldu ki, biz həm bu münaqişənin mövcudluğunu, həm də ki, münaqişənin günahkarının Ermənistan olmasını, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini və bir milyondan artıq azərbaycanlının yerindən-yurdundan çıxarılmasını bəyan etdik. Məsələn, mən təyyarədə oxuyurdum. «Nyu-York tayms» qəzetində məqalə var. Orada açıq-aydın yazılır ki, münaqişəni ermənilər başlayıbdır. Orada 800 min qaçqın deyirlər, ola bilər. Çünki biz həmişə Ermənistandan gələn qaçqınları da sayırıq, ona görə bir milyondan artıqdır. Azərbaycan torpaqları işğal olunubdur. İşğal olunmuş torpaqlardan azərbaycanlılar çıxarılıbdır. Belə məlumatı, məqalələri televiziyalarda, mətbuat orqanlarında yaymaq adi vaxtda mümkün olmur. Elə bunun özü-özlüyündə nəticədir, Azərbaycanın ağır vəziyyətini göstərməkdir. Çünki biz etiraf etməliyik ki, erməni diasporu dünyada çox güclü olduğuna görə, aparıcı dövlətlərdə onun təsiri olduğuna görə, onlar elə bu münaqişə başlanandan belə bir fikir yaradıblar ki, guya bunun günahkarı azərbaycanlılardır, Azərbaycandır. Çünki azərbaycanlılar Dağlıq Qarabağda «yazıq erməniləri» əziblər, nə bilim, incidiblər, pis hala salıblar və sair. İndi biz həqiqəti açıb ortaya qoyuruq. Özü də elə bir səviyyədə ki, bütün dünya görür - mən orada da, təyyarədə olanda da qəzetlərə baxırdım - nə qədər məqalələr, dövlət orqanlarında, televiziya, radio vasitələri ilə nə qədər məlumatlar, internetdə nə qədər məlumatlar. Bunlar hamısı Azərbaycanın xeyrinə olandır. Bu bunun birinci tərəfi.

İkinci tərəfi də, əlbəttə ki, danışıqlarda məsələnin həll olunması yolları araşdırılır. Ona görə də hesab edirəm ki, bu görüş çox əhəmiyyətli idi.

Sual: Cənab Prezident, Ermənistan prezidenti Robert Köçəryan bəyan edibdir ki, danışıqlarda bir sıra razılaşmalar əldə olunubdur. Sirr deyilsə, bu razılaşmalar nədən ibarətdir? O deyib ki, bu münaqişə paket şəklində həll olunacaqdır Cenevrədə hansısa bir sənəd imzalanacaqdır.

Cavab: Bilirsiniz, hərə öz sözünə cavabdehdir. Mən bir şey deyəndə, görürsən, Köçəryan da onu demir. Köçəryan deyəndə, mən də demirəm. Demirəm ona görə ki, məsələn, bir şey yoxdur. Mən çox vaxtlar demirəm. Çünki mənim, ümumiyyətlə, xüsusiyyətim bundan ibarətdir ki, məsələ tamamilə həll edilməyənə qədər mən bunları açmağı məsləhət görmürəm.

Sual: Cənab Prezident, Minsk qrupunun amerikalı həmsədri Kavano bildirdi ki, həmsədrlər Dağlıq Qarabağın erməni icmasının nümayəndələrinin bu prosesə qoşulması istiqamətində işlər aparırlar. Danışıqlarda bu barədə hər hansı təkliflər irəli sürüldümü?

Cavab: Heç bir təklif irəli sürülməyibdir. Son görüşlərdə də Dağlıq Qarabağ icmasının bu işdə iştirak etməsi haqqında heç bir söz olmayıbdır.

Sual: Cənab Prezident, ABŞ prezidenti Corc Buşla görüşünüzü necə qiymətləndirirsiniz?

Cavab: Çox yaxşı, çox yaxşı. Biz Klinton hökuməti ilə əməkdaşlıq edirdik. Hər halda, mən onlarla yeddi ildən artıq çox ciddi əməkdaşlıq etmişdim, dəfələrlə hamısı ilə görüşmüşdük. İndi yeni prezident seçilib, yeni hökumətdir. Təbiidir ki, bunlar bu problemləri bilirlər, amma onun içində o qədər də olmayıblar. Ona görə də bu görüşün çox böyük əhəmiyyəti var. Həm də nəzərə alsaq ki, bu görüşdə təkcə prezident Buşun özü deyil, onun bütün komandası iştirak edirdi – vitse-prezident Çeyni, Dövlət katibi general Kolin Pauell, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Kondoliza Rays və orada bu işlərlə məşğul olan başqa adamlar. Yəqin bu, prezidentin əsas komandasıdır. Onların hamısı bu görüşdə iştirak edirdi. Demək, bu onu göstərir ki, onlar tərəfindən bu məsələyə nə qədər böyük diqqət var, maraq var. Görüş də çox yaxşı keçdi.

Sual: Cənab Prezident, Siz Cenevrədən əvvəl Moskvada görüşəcəksinizmi?

Cavab: Belə bir şey planlaşdırılmayıbdır.

Sual: Cənab Prezident, Sizin verdiyiniz gözlənilməz bəyanat danışıqlara necə təsir göstərdi?

Cavab: Hesab edirəm, müsbət təsir göstərdi.

Sual: Cənab Prezident, Sizin Amerikaya bu səfəriniz erməni lobbisinin 200 ildə gördüyü işi heçə endirdi. Ancaq Azərbaycanda fəaliyyət göstərən pozucu müxalifət qüvvələri ağa qara deməkdən usanmırlar. Ağsaqqal kimi, Siz onlara nə tövsiyə edərdiniz?

Cavab: Mən onlara nə tövsiyə edəcəyəm. Bu bizim üçün yeni bir şey deyil ki? Əgər bu, yeni olsaydı, mən deyərdim, bu haradandır, niyə belədir, filandır. Artıq biz buna öyrəşmişik ki, onlar ağa qara deyirlər. Desinlər.

Sual: Cənab Prezident, danışıqlardan əvvəl dövlət departamenti bəyanat verdi və bəyanatda Ermənistan faktiki olaraq ilk dəfə işğalçı kimi təqdim edildi. Bu, danışıqlarda Ermənistanın mövqeyinə təsir göstərdimi?

Cavab: Göstərdi. Bax, dediyin bu sözə əməl edəcəksən, yoxsa yox, düzü-düz, əyrini-əyri yazacaqsan, yoxsa yox? Bax, budur. Sən özün bunu deyirsən, amma bunu sən nə təbliğ edirsən, nə də... Kiçik bir yerdən nəsə çıxarırsınız ki, filankəs filan şeyi belə dedi, onu şişirdirsiniz. Bax, bu kişi sözü tamamilə düz deyir. Elə sənin mənə verdiyin sualın əvvəl hissəsi onu təsdiq edir ki, görürsən, bu görüşün əhəmiyyəti də var və Ermənistan dövlət departamenti tərəfindən təcavüzkar kimi göstərilibdir. Siz bunu göstərin. Onu da göstərin, bunu da göstərin. Demokratiyanın tələbi birtərəflilik deyil. Tələbi ondan ibarətdir ki, pisə pis de, yaxşıya yaxşı de, düzə düz de, əyriyə əyri de. Tənqid elə, səhvləri, nöqsanları, qüsurları de, amma olan şeyləri də gizlətmə. Nəinki gizlətmə, olan şeyə qara yaxma. Bir məsəl var, deyirlər ki, qozbeli qəbir düzəldər.

Sual: Cənab Prezident, İran bu prosesə qoşula bilərmi?

Cavab: Bunu gələcək göstərəcəkdir.

Sual: Cənab Prezident, Ki-Uest danışıqlarından sonra münaqişənin müharibə yolu ilə həll olunmasını istisna edirsinizmi?

Cavab: Bilirsiniz, müharibə elə bir şeydir ki, bu heç vaxt istisna olunmur. Amma mən belə müharibəyə ehtiyacı hiss etmirəm.

Sual: Cənab Prezident, sülh uzaqdadır, yoxsa yaxında?

Cavab: Bilirsən, bəzən baxırsan ki, sülh yaxındadır. Bəzən də baxırsan, uzaqdadır. Hər halda, mən yeddi ildən artıqdır ki, bu işlə gecə-gündüz məşğul oluram və bilirəm ki, bu nə qədər çətindir, nə qədər ağırdır. Bunu orada bəyanatımda açıq göstərdim. Danışıqlar aparıb məsələnin sülh yolu ilə həll edilməsi bizim üçün çətindir. Çünki Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edibdir. Ona görə öz üstünlüyündən istifadə edir. Amma təəssüf ki, bunu Azərbaycanda çoxları anlaya bilmir. Bəziləri də anlayırlar, bunu tərsinə deyirlər.

İndi təsəvvür edin, biz gedib Ermənistanın bir qismini işğal etmiş olsaydıq, bu bizim üçün asanmı olardı? Yox, asan olmayacaqdı. İndi onlar gəlib işğal ediblər. Bu reallıqdır. Ona görə də burda hər şey çətindir.

Sual: Cənab Prezident, Siz gəzinti zamanı Robert Köçəryanla balıq tutmusunuz. Robert Köçəryan üç balıq tutdu. Bu o deməkdirmi ki, artıq onların dəlilləri tükənib, enerjilərini balıq tutmağa sərf edirlər?

Cavab: Sən zarafat edirsən. Amma doğrudan, deyirdilər Köçəryan orada balıq tutubdur. O, balığı mənimlə tutmayıbdır. Ümumiyyətlə, mən balıq ovu ilə məşğul olan adam deyiləm. Əgər şəhəryanı gəzinti, gəmidəki gəzintini deyirsinizsə, o, sadəcə, Amerika hökuməti tərəfindən istirahət üçün təşkil olunmuşdur. Orada hamımız bir gəmidə idik. Orada söhbət edirdik, kimsə kofe içirdi, kimsə dondurma yeyirdi.

Sual: Qeyri-rəsmi görüş danışıqlara müsbət kömək etdimi?

Cavab: Qeyri-rəsmi şərait hər yerdə olur. Bilirsiniz, əgər belə çətin danışıqlar üçün qeyri-rəsmi şəraitlər çox kömək etsəydi, onda 10 dənəsini qurardılar ki, kömək etsin.

Sual: Cənab Prezident, problemin ədalətli həlli Azərbaycan üçün nə deməkdir?

Cavab: Ədalətli həll üçün izahat verməyə ehtiyac yoxdur.

Sual: Cənab Prezident, «ümumi dövlət» prinsipi gündəmdən çıxıb, yoxsa onun elementlərindən istifadə olunacaqdır?

Cavab: Yox. Biz onu müzakirə etmədik.

Sual: Cənab Prezident, Köçəryanla rəsmi təkbətək görüşünüzün olmaması nə ilə əlaqədardır?

Cavab: Ona görə ki, ehtiyac yox idi. Çünki biz orada bir yerdə idik, görüşürdük. Ehtiyac yox idi ki, mən onunla təkbətək görüşüm. Hesab edirəm, bu dəfəki görüşün ən üstünlüyü ondan ibarətdir ki, - mən bunu öz bəyanatımda da xüsusi qeyd etdim - burada format çox uyğun idi. Çünki həmsədrlərin hamısı bir yerdə iştirak edir və iki ölkənin prezidentləri, nümayəndə heyətləri iştirak edirdilər.

Məsələn, müxtəlif yerlərdə biz Köçəryanla görüşdük. Amma bu dəfəki görüşü özümüz yox, Amerika Birləşmiş Ştatlarının Xarici İşlər naziri Kolin Pauell açdı. Münaqişənin sülh yolu ilə həll olunması prosesində bu, ilk dəfə idi. Bu özü-özlüyündə göstərir ki, artıq yeni bir mərhələ başlanır.

Sual: Cənab Prezident, Cenevrədə hər hansı bir sazişin imzalanması ehtimalı varmı?

Cavab: Mən düşünürəm ki, orada bir müqavilə imzalana bilər.

Sual: Cənab Prezident, Ermənistan mətbuatı Rusiya diplomatik qaynaqlarına istinadən belə məlumat yayır ki, guya Laçın rayonu Dağlıq Qarabağla birlikdə gələcəkdə yaranacaq dövlət ərazi qurumuna qatılacaqdır. Bunun müqabilində Azərbaycanın əsas hissəsindən Naxçıvana Mehri dəhlizi açılacaq və ora beynəlxalq sülhyaratma qoşunlarının nəzarəti altında olacaqdır.

Cavab: Bilirsən, Azərbaycanda olduğu kimi, Ermənistanda da adamlar var ki, öz fikrini qəzetə yazır, yaxud da uydururlar. Ona görə hər bir uydurmaya mən cavab verməyəcəyəm ki? Mən bilirəm nə var, nə yox.

Sual: Cənab Prezident, danışıqlar zamanı Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində də hərbi təlim keçirdilər. Bu nə ilə izah oluna bilər? Bu, Azərbaycana təzyiq kimi qiymətləndirilə bilərmi?

Cavab: Bəs görmürsünüz ki, Azərbaycan da hərbi təlim keçirirdi, bunu eşitməmisiniz? Hətta mənə dedilər ki, orada vertolyotlar uçanda sərhəd rayonlarında bəziləri şey-şüylərini yığışdırıb ki, tezliklə çıxa bilsinlər.

Sual: Cənab Prezident, Siz vaxtilə bildirmişdiniz ki, «miatsum» sözü erməni xalqını birləşdirdi. Azərbaycanda elə bir söz varmı ki, Azərbaycan xalqını birləşdirsin?

Cavab: Var, var, var. Azərbaycan xalqının birliyi və Azərbaycan xalqının hamısının düz yol ilə bir-birinə kömək edərək, torpaqlarını işğaldan azad etməsi və ərazi bütövlüyünü bərpa etməsi. Onlar bir sözlə deyirlər, amma mən bir neçə sözlə dedim. Var, amma bu, Azərbaycanda təmin olunmayıbdır. Bu gün də olunmur. Çünki mən bu gün də görürəm ki, bu hadisədən hərə özü üçün, öz şəxsi məqsədləri üçün, siyasi qüvvələri deyirəm - istifadə etməyə çalışırlar. Qurtardı getdi. İndi bəziləri deyirlər ki, gəlin müharibə edək. Yaxşı, get müharibə et. Gedib heç müharibənin yanına çıxmayacaqsan. Hamısı yalan şeylərdir.

Sual: Cənab Prezident, Köçəryan Ki-Uestdən qayıdanda Zvartnos hava limanında deyib ki, münaqişənin «paket həlli» müzakirə olunur, ola bilsin, iyunda Cenevrədə sənəd imzalanacaqdır. Sizcə, onun tərəfindən məxfiliyə əməl edilməməsi Ter-Petrosyamn başına gələndən qorxaraq, danışıqları pozmaq cəhdi deyilmi?

Cavab: Mən onun məxfiliyi pozub-pozmadığını bilmirəm. Hər halda, onun bəyanatı gələcək danışıqlara heç bir zərər vurmayacaqdır. Sanballı bir sualınız var, yoxsa yox?

Jurnalist: Cənab Prezident, «Saman yolu» televiziyasındakı yanğından sonra büromuz yenidən fəaliyyətə başlayıbdır. Xahiş edirəm, bizə öz arzularınızı bildirəsiniz.

Heydər Əliyev: Mən Sizə uğurlar arzulayıram. Sağ olun.

Tarixi arayış