Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukraynanın Yalta şəhərinə işgüzar səfərdən Bakıya qayıdarkən Binə Beynəlxalq Hava Limanında Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinə müsahibəsi - 20 iyul 2002-ci il


H e y d ə r Ə l i y e v: Axşamınız xeyir olsun. Hər halda, heç bir sutka keçməyib ki, mən buradan gedəndə sizinlə görüşmüşəm. İndi mən qayıtmışam. Orada olarkən bizim apardıgımız işlər haqqında informasiya orqanlarında məlumatlar verilibdir. Qısa onu deyə bilərəm ki, bu, GUÖAM təşkilatının növbəti görüşü idi. Təşkilatın nizamnaməsinə görə, son bir ildə GUÖAM-a Azərbaycan Respublikası sədrlik edirdi.

Orada bir çox vacib məsələləri müzakirə etdik, o məsələlər haqqında lazımi qərarlar qəbul etdik. Həmin məsələlər də sizə məlumdur. Qərarların qəbul edilməsində fikir müxtəlifliyi olmayıbdır. GUÖAM-ın sammiti öz işini müvəffəqiyyətlə başa çatdırdı. İndi, bundan sonra GUÖAM-a Gürcüstan sədrlik edəcəkdir. Sizə bundan başqa bir şey deyə bilmərəm. Əgər köklü sualınız varsa, buyurun, verin.

S u a l: Cənab Prezident, bölgələrdə qaçqınlar üçün evlər tikildi. Sizin bu ay ərzində qaçqınlarla görüşünüz planlaşdırılmışdır. Bu, nə zaman olacaqdır?

C a v a b: Bunların hamısını mən bilirəm, ay cavan oğlan, ay mənim oğlum. Əsas məsələ onların tikilməsidir, qaçqınların böyük bir hissəsinin oraya köçüb yaşamasıdır. Mən isə söz vermişəm ki, o evlər hazır olanda oraya gedəcəyəm. İndi mənim 5 gün tez və ya gec getməyimin əhəmiyyəti yoxdur.

Məqsəd ondan ibarətdir ki, o evlər tikilsin. Orada qaçqınların yaşaması üçün şərait yaradaq və onlar orada yaşamağa başlasınlar. Bunu etmişik. Oraya gedəcəyimi demişdim və bu gün də yenə deyirəm, təsdiq edirəm. Gedin öz gözünüzlə görün, hər şey istənilən kimi olubdur. bəlkə daha bir iş görmək lazımdır. Goranboy rayonunda, Ağcakənddə tikilən evlərin hamısı vaxtilə, 1988-ci ildən Ermənistandan qovulmuş azərbaycanlılar üçündür. Çünki o vaxt 200 mindən artıq azərbaycanlı Ermənistandan qovulmuşdu, ötən dövrdə onlar müəyyən qədər yerləşiblər. Kimsə o vaxt, münaqişə başlayanda evini dəyişdiribdir, kiməsə ev veriblər. Hər halda, az qismi yersiz qalmışdır. Ona görə də mən birinci növbədə Dövlət Neft Fondundan ayrılan vəsaitlə məhz Ermənistandan qovulmuş insanlar üçün evlər tikdirmək istədim. Ona görə ki, onlar artıq Ermənistana qayıtmayacaqlar. Demək, onlar üçün şərait yaratmaq lazımdır ki, yaşasınlar. Yaxşı iqlimi, yaxşı torpağı var. Hər ailə üçün yaxşı bir ev tikilibdir.

Hər evin qabağında 12 sot torpaq var. Ondan əlavə, hər ailəyə istifadə etmək üçün bir hektar torpaq sahəsi verilibdir. Beləliklə, biz bu məsələni həll edirik. Amma təkcə orada deyil, onların bir qismi Şəmkirdə məskunlaşmaq istəyib, digər qisminə burada, Mehdiabadda yer ayırmışıq, onlar üçün evlər tikilir. Bu prosesdir, bunun birinci hissəsi oradadır. İndi vaxt tapıb gedəcəyik.

S u a l: Cənab Prezident, GUÖAM-ın perspektivsiz qurum olması barədə müxtəlif fikirlər söylənilir. Yalta sammitindən sonra bu fikirlər arxa plana keçəcəkmi?

C a v a b: Bilirsiniz, bu fikirlər ola bilər ki, gələcəkdə də söylənsin. Burada təəccüblü bir şey yoxdur. Kimsə GUÖAM-ı istəyir, kimsə istəmir. Kimsə ona inanır, kimsə inanmır. Bu təbiidir, bunlar yenə olacaq-olmayacaq, mən deyə bilmərəm. Amma güman edirəm ki, yenə də olacaqdır.

S u a l: Cənab Prezident, bir gündən sonra mətbuat işçilərinin bayramıdır. Mümkünsə, bununla bağlı fikirlərinizi bölüşəydiniz. Ötən il Sizin mətbuat işçiləri ilə daha da yaxınlaşmağınız müşahidə olundu.

C a v a b: Mən mətbuat günü münasibətilə təbrik göndərmişəm. Ondan sonra da baxarıq.

S u a l: Cənab Prezident, bu yaxınlarda Siz bildirdiniz ki, Ermənistan prezidenti ilə görüşəcəksiniz. Bu görüşün vaxtı məlumdurmu?

C a v a b: Hələ məlum deyildir.

S u a l: Cənab Prezident, Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin nümayəndəsi Uilyam Teylorla görüşünüz oldu. Bu görüş barədə nə deyə bilərsiniz?

C a v a b: Orada görüşdük, elə bir söhbətimiz olmadı. Yəni elə bir əhəmiyyət kəsb edən söhbətimiz yox idi.

S u a l: Cənab Prezident, GUÖAM təşkilatına yeni üzv qəbul oluna bilərmi, kiməsə orada müşahidəçi statusu verilə bilərmi?

C a v a b: Ola bilər, bir çox ölkələrdən müşahidəçilər gəlmişdi. Amma heç kəs istəmir ki, mütləq yeni üzvlər gəlsin. İndi nə varsa, odur. Amma ola bilər. Bu da təbii bir şeydir. Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR