Azərbaycan Respublikasının Prezidenti beynəlxalq müsabiqələr laureatları və diplomantları ilə görüşdə çıxışı - Üzeyir Hacıbəyov adına Musiqi Akademiyası, 8 aprel 1995-ci il


Öncə mən bizim gənc istedadları təbrik edirəm. Çox sevindirici haldır ki, Azərbaycanın böyük tarixə malik olan incəsənəti, musiqi sənəti hər il yeni istedadlar yetişdirir. Bu, xalqımızın mədəniyyətinin, incəsənətinin zənginliyini nümayiş etdirir. Eyni zamanda xalqımızın içində böyük, fitri istedadlı insanların daim olmasını, yaşamasını göstərir.

Bilirsiniz, xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir. Mədəniyyət bir tərəfdən bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir və onların mədəniyyəti bu yolla inkişaf edir.

Amma bundan əvvəl, bundan əsas xalqın, millətin içində o fitri istedadların olmasıdır. Bizim böyük və dahi şairlərimiz, yazıçılarımız, mütəfəkkir adamlarımız, dünya mədəniyyətini zənginləşdirmiş insanlar - Nizami Gəncəvi, Füzuli, onlardan sonra gələnlər xalqımızın öz kökü, geni ilə böyük mədəniyyətə malik olduğunu sübut edir. XX əsrdə mədəniyyətimiz yeni bir inkişaf mərhələsi keçibdir. Xüsusən, incəsənətimizin böyük bir sahəsi olan musiqidə professional musiqi yaranıbdır. Bu sahədə də, şübhəsiz ki, dünya miqyasında yüksək zirvələrə çatmış professional musiqi nümunələrindən istifadə edən, eyni zamanda fitri istedada malik olan şəxsiyyətlərimiz tərəfindən böyük bir məktəb yaradılmışdır. Əsasını mərhum Üzeyir Hacıbəyovun qoyduğu böyük bir məktəb. Bu məktəb əsrin əvvəlində yaranıb. İndi, XX əsrin axırlarında biz bu məktəbin nə qədər böyük yol keçdiyini, eyni zamanda xalqımız üçün nə qədər faydalı olduğunu, onun hörmətini, şərəfini nə qədər yüksəklərə qaldırdığını və xalqımızın ümumi mədəniyyətinə necə böyük təsir etdiyini görürük və bunun şahidiyik.

Bu dövrdə Azərbaycanda incəsənət sahəsində, musiqi sahəsində böyük şəxsiyyətlər - bəstəkarlar, ifaçılar, müğənnilər yetişib. Onların adları məşhurdur və bizim tariximizə yazılıbdır, həyatdan gedənləri də bizim üçün əzizdir, bu gün yaşayanları da xalqımızın, cəmiyyətimizin hörməti və qayğısı ilə əhatə olunublar. Ancaq bu gün məni çox sevindirən odur ki, bizim bu böyük mədəniyyət yolu davam edir və gənc istedadlar meydana çıxır. Doğrudur, son illər xalqımız, respublikamız ağır şəraitdədir. Yeddi ildir müharibə şəraitində yaşayırıq. Cəmiyyətdə böyük ictimai-siyasi proseslər, dəyişikliklər gedir. Belə bir vaxtda mədəniyyətə bəzən diqqət də azalır. İnsanların əksəriyyəti ancaq özlərini dolandırmağa çalışır, mədəniyyətə bəzən o qədər də fikir verilmir. Ancaq belə bir dövrdə də mədəniyyətimizin, incəsənətimizin durmadan inkişaf etməsi və bunun nəticəsi olaraq gənc istedadların meydana çıxması çox sevindirici haldır.

Bilirsiniz ki, mən uzun müddət respublikadan aralı idim. 1982-ci ildən sonra respublikada gedən prosesləri şübhəsiz ki, izləyirdim, uzaqdan da olsa görürdüm. Ancaq bura dönəndən sonra, xüsusən Vətənimizin, torpağımızın müdafiəsi ilə məşğul olduğumuz dövrdə, respublikamızda ictimai-siyasi proseslərin gərgin olduğu bir vəziyyətdə mən vaxtaşırı mədəniyyətimizdə, incəsənətimizdə gənc istedadları görərkən həddindən artıq sevinirəm və bir daha özüm-özümə deyirəm ki, doğrudan da, xalqımız nə qədər ağır vəziyyətdə də olsa mədəniyyəti, incəsənəti unutmayacaq və nə qədər çətin şəraitdə yaşasa da, o istedadlar cücərəcək, meydana çıxacaqlar. Necə ki, bəzən qarın altından çiçək çıxır. Yaxud, bir də görürsən ki, asfaltın altından ot cücərib çıxır. Bax, bu istedadlar da bizim indiki çətin dövrdə, şəraitdə meydana çıxırlar. Bu özü çox səciyyəvidir, çox sevindiricidir. Ona görə mən sizi təbrik edirəm və hamınıza uğurlu yollar arzulayıram.

Bu gün sizin ifanızda incəsənət, musiqi nümunələri çox yüksək professional səviyyəni nümayiş etdirir. Bizim musiqimiz - xalq musiqisi, folklor musiqisi çox rəngarəngdir, çox zəngindir. Elə hər bir kənddə yaşayan adam da atadan-babadan qalmış mahnıları oxuyur. Biri yaxşı ifa edir, biri nisbətən zəif. Ancaq bu folklor musiqisi, xalq musiqisi daim yaşayır.

Amma həm ifa üçün, həm də qavramağa görə mürəkkəb olan professional musiqi nümunələrini yaratmaq, şübhəsiz ki, bundan çox fərqlidir və bu da bizim üçün daha qiymətlidir. Biz Azərbaycanda professional musiqini inkişaf etdirməliyik. Bunun üçün böyük əsas var. Dediyim kimi, böyük bəstəkarlarımızın, musiqiçilərimizin, ifaçılarımızın qoyduğu irs böyük əsasdır. Onunla yanaşı, bu gün bizim böyük məktəbimiz var. Bu məktəb yeni-yeni istedadları cəlb eləyib, tərbiyə edib həyata gətirəcəkdir. Bizim böyük istedadlarımız var. Buradakı gənclərə baxanda mən sevinirəm. Cavan qızlar, oğlanlar həm zərif, həm incə, eyni zamanda nə qədər istedadlıdırlar. Bu, çox gözəl haldır. Sizi təbrik edirəm və bu gün məni buraya dəvət etdiyinizə görə təşəkkür edirəm. Ümidvaram ki, bizim musiqimiz daha da inkişaf edəcəkdir. Əmin ola bilərsiniz - dövlət çalışacaq ki, sizin kimi istedadlı adamların inkişaf etməsi üçün yollar açılsın və qarşınızda duran çətinliklər aradan götürülsün.

Şübhəsiz ki, istedad qayğı istəyir. Qayğı olmayanda istedad bəzən özünə yol tapa bilmir, yaxud da ki, onun inkişaf yolu çətin olur. Bilin ki, indi həyatımız nə qədər çətin olsa, dövlət işləri başımızı nə qədər çox qarışdırsa da, biz istedadlara daim qayğı göstərəcəyik. Buna əmin ola bilərsiniz.

Mən Fərhad Bədəlbəyliyə baxıram. 25 il bundan öncə Fərhad Bədəlbəyli gənc bir pianoçu idi, gəlib konsertlərdə musiqi ifa edirdi. Şübhəsiz ki, fitri istedadı onu gətirib o dərəcəyə çatdırmışdı, ancaq o vaxt o, sizin kimi gənc bir pianoçu idi. Onun yetişməsində rəhmətlik Niyazinin xidmətləri çoxdur. Mənim xatirimdədir, 70-ci ilin əvvəllərində ilk dəfə böyük simfonik konsertlərdə Niyazi Fərhadı təqdim etdi və gördük ki, Fərhad aybaay, ilbəil, hər yeni görüşdə inkişaf eləyir, daha da yüksəlir, öz ixtisasını artırır və nəhayət, böyük yola çıxdı. Bunlar hamısı şəxsən mənim gözümün qabağındadır. Fərhad da yəqin unutmayıb ki, onun inkişafı üçun biz nə qədər qayğı göstərdik. Nə üçün? Çünki mən görürdüm ki, belə bir istedad meydana çıxıb. Ona kömək etmək, qayğı göstərmək, irəli çəkmək lazımdır və onun yolu geniş açılsa, o öz istedadım daha da parlaq göstərə biləcəkdir. İndi sən xatırlatdın ki, 72-ci ildə sənə ilk dəfə əməkdar artist adı verdik. Bu, şübhəsiz ki, o vaxtlar bizim Azərbaycanda incəsənət sahəsində böyük bir ad idi. Amma Fərhad bunu çox gənc ikən aldı. Bilmirəm, neçə yaşın vardı sənin?

Fərhad Bədəlbəyli: İyirmi dörd. 

Heydər Əliyev: Hə, iyirmi dörd yaşında əməkdar artist adı aldı. Ondan sonra da hər il görüşlərimiz davam edirdi. Atası rəhmətlik Şəmsi Bədəlbəyli ilə də mənim çox dostluq əlaqəm vardı. O, uzun müddət bizim Teatr Cəmiyyətinin sədri idi. Ümumiyyətlə, teatrın inkişafında, Teatr Cəmiyyətinin fəaliyyətində çox böyük xidmətləri olmuşdur. Şübhəsiz ki, həm incəsənət ustası kimi, həm rejissor kimi, həm teatrımızın böyük bir xadimi kimi və eyni zamanda Teatr Cəmiyyətinin sədri kimi son vaxtlara qədər böyük işlər görürdü. Xatirimdədir, bir vaxt Sovetlər İttifaqında "Drujba narodov" teatrı yaranmışdı. Şəmsi Bədəlbəyli cürbəcür şəhərlərin, ölkələrin, respublikaların yüksək səviyyəli teatrlarını dəvət edib gətirdirdi bura. Moskvadan da, Leninqraddan da, Gürcüstandan da, hətta indi bizim üçün düşmən olan Ermənistandan da bura teatrlar gəlir, tamaşalar göstərirdilər. Bunlar hamısı xatirimdədir.

Ancaq mən Fərhad Bədəlbəylinin yaradıcılıq yolunu yadıma salıram və o da xatirimdədir ki, bizim büro iclasında yenə də bir qrup incəsənət xadiminə ad verirdik. O vaxtlar mən təklif elədim Fərhada xalq artisti adı verilsin. Neçənci il idi?

Fərhad Bədəlbəyli: 78-də.

Heydər Əliyev: Bəli, 78-ci ildə. Təklif elədim ki, ona xalq artisti adı versinlər. Bizim bəzi yoldaşlar, şübhəsiz ki, Fərhadın istedadını qiymətləndirməklə bərabər, mənə dedilər ki, çox cavandır, o biri adı da tez vermisiniz, bunu da tez verirsiniz, ola bilər, onu korlasın. Yox, pis fikirlə demirdilər bunu, xeyirxahlıqla deyirdilər bəziləri. Mən onları dinlədim, dedim, eybi yoxdur, mən belə güman edirəm ki, əksinə, bu ad onu özünə daha da tələbkar olmağa məcbur edəcəkdir. 78-ci ildə o adı verdik.

İndi bax, onun həyat yolu göz qabağındadır. Sizin üçün də örnəkdir. Bəzən tarixdə belə olubdur: böyük istedadlar meydana çıxıb, amma qısa bir müddətdə sönüblər. Ona görə yox ki, onların istedadı birdən kəsilibdir. Yox, ona görə ki, bəzi səbəblərdən onlar o yolu düz seçə bilməyiblər, o yolla inamla gedə bilməyiblər.

Ona görə də mən demək istərdim ki, bu gün sizin həyatınızda yeni bir mərhələ başlanır. Adlar almısınız, qalib gəlmisiniz, məşhurlaşmısınız. İstərdim ki, bununla kifayətlənməyəsiniz. Öz üzərinizdə çox çalışasınız, işləyəsiniz. Mənə belə gəlir ki, sizing hər biriniz böyük yaradıcılıq yolu ilə gedəcəksiniz. Hər birinizin böyük gələcəyiniz var. Mən buna ümid bəsləyirəm, mən bunu arzu edirəm.

Burada Fərhad dedi ki, biz incəsənət adamıyıq, siyasətə qarışmırıq. O qədər də düz demədi. O özü siyasətə qarışır, cür-bəcür təşkilatlarda iştirak edir. Bəzisində sədrdir, bəzisində müavindir. Bəzisində üzvdür. Demək istəyirəm ki, heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır. Bir var dövlət işi ilə məşğul olan adamlar, bir var siyasətlə məşğul olan adamlar, bir də var adi vətəndaş. Adi vətəndaş da, əgər həqiqətən vətəndaşdırsa, Vətəninin övladıdırsa, demək, öz Vətəninə, burada gedən proseslərə, dövlətinə biganə qala bilməz. İndi Azərbaycan dövləti çox ağır sınaq dövrü keçirir. Üç ildən bir az artıqdır ki, müstəqillik əldə etmişik. Biz müstəqil dövlətik. Yeni dövlət qururuq, irəliyə gedirik. Keçdiyimiz yollar sizin bu yaradıcılıq yollarınızdan bilirsiniz nə qədər ağırdır, nə qədər çətindir! Çox çətindir. Bu müstəqillik yolu qədər çətin yol yoxdur. Kim belə hesab edirsə ki, biz müstəqilliyi elan etdik, deməli, hər şey qurtardı, - belə deyil. Bizim müstəqilliyimizi xaricdən də boğmaq istəyənlər var, daxildən də buna qarşı təxribat etmək istəyənlər var.

Son illərdə Azərbaycanda gedən ictimai-siyasi proseslər bunu sübut edir. Bunlar hamısı göz qabağındadır və heç bir vətəndaş, o cümlədən mədəniyyət işçiləri, mədəniyyət xadimləri, incəsənət sahəsində çalışan vətəndaşlar bu işlərə biganə qala bilməzlər. Necə biganə qala bilərsiniz ki, əgər sabah bu müstəqil dövlət dağılsa siz nə olacaqsınız, başınıza nə iş gələcəkdir?

Bu son mart hadisələri ilə əlaqədar mənə danışırlar ki, çox yerlərdə, bütün kollektivlərdə müzakirələr gedir, insanlar öz fikrini bildirirlər, müraciətlər qəbul edirlər. Yaxın günlərdə mədəniyyət xadimlərinin böyük bir toplantısı keçirilmişdir. Orada bəstəkarlar da, teatr xadimləri də, yazıçılar da olmuşlar. Hətta televiziyada da bir balaca göstərdilər. Mənə danışdılar və mən bunu çox tutarlı bir söz kimi qəbul etdim. Bizim çox dəyərli bir şairimiz var - Qabil, çox orijinal bir adamdır, durub deyib ki, ay camaat, gəlin bir dəqiqə təsəvvür eləyək ki, Rövşən Cavadov və onun ətrafında olan o cinayətkar OMON adamları gəldilər bu dövləti dağıtdılar, gəlib girdilər bu teatra, gəlib girdilər bu Yazıçılar Birliyinə, elə təsəvvür eləyin ki, bu cinayətkarlar, bu vəhşilər gəlib girdilər konservatoriyaya. Neyləcəkdiniz? Bu, Qabil İmamverdiyevin sözüdür. Çox orijinal söz olduğuna görə mən bunu təkrar eləyirəm.

Doğrudan da belədir. Bu adamlar nə mədəniyyət anlayırdılar, nə incəsənət, nə insanlıq - heç bir şey yox. Ancaq cinayətkarlıqla məşğul idilər, və cinayət yolu ilə də gəlib dövləti devirmək istəyirdilər. İndi tutaq ki, dövləti devirdilər, kimi isə öldürdülər, nəyi isə dağıtdılar. Bu bir tərəfə. Axı bu xalq var, bu cəmiyyət var, yüz illərlə toplanmış mədəniyyət, incəsənət sərvətlərimiz var, bu insanlar var, yeni-yeni addım atan, parlaq gələcəyi olan bu gənc qız, gənc oğlan var. Bunlar gəlib burada fortepiano və ya skripka çalır. Birdən kimsə avtomat əlində gəlib vurdu dağıtdı. Neyləyəcəksən?

Ona görə də siz bilməlisiniz, biz bu cür cinayətkarların qarşısını alarkən, dövləti qoruyarkən hər bir vətəndaşı qoruyuruq. Hər birinizi bu bəlalardan qoruyuruq. Ona görə də bu işlərə biganə qalmaq olmaz. İncəsənətlə də məşğul olun, mədəniyyətlə də məşğul olun, əsərlər də yazın, ifaçılıq işini də inkişaf etdirin. Ancaq həyatda heç nəyə biganə olmayın. Həyatınızın hər bir sahəsi sizin üçün doğma olmalıdır və belə də var, belə də olacaqdır.

Bax bu son vaxtlar bir dəfə 93-cü ilin iyun ayında dövlət çevrilişi oldu, biz vətəndaş müharibəsinin qarşısını aldıq, böyük bir bəladan qurtardıq Azərbaycanı. Parçalanmışdı Azərbaycan, qan tökülmüşdü. Keçən ilin oktyabr ayında da, bu ilin mart ayında da yenə dövlət çevrilişinin qarşısını aldıq. Qan töküldü. İnsanlar həlak oldu. Mən o gün fərmana imza atırdım, fərqlənmiş adamları mükafatlandırırdım. Bizim ordumuzun 27 gənc zabiti, əsgəri həlak olubdur. Mən onlara Milli Qəhrəman adı verdim. Bir gecənin içində həlak olublar. Nə üçün? Gənc insanlardır, bunların 18-19-20-21-22 yaşı var. Qarşıda onların nə qədər böyük həyat yolu var idi. Amma həlak oldular. Doğrudur, onların ölümü şərəfli ölümdür, çünki Vətən yolunda, Azərbaycanın müstəqil dövlətçiliyini qoruyarkən şəhid olublar. Ancaq bir var ki, erməni işğalçıları bizə hücum ediblər, biz müharibə aparırıq, Vətənimizi qoruyuruq. Ermənini biz idarə edə bilmirik, erməni bizim torpaqlarımızı almaq istəyir, Azərbaycanı dağıtmaq istəyir Ermənistan. Biz onunla müharibə aparırıq. Orada həlak olmaq, aydındır ki, Vətəni qorumaq, şəhid olmaq deməkdir. Amma kimsə gəlib öz Vətəninin, dövlətinin içində, öz şəxsi iddialarına, şəxsi məqsədlərinə, cinayətkar məqsədlərinə görə qan töksün və bir belə adam şəhid olsun, - bunlar, bilirsiniz, çox ürəkağrıdıcıdır, çox incidicidir.

Təəssüf ki, bizim həyatımız bax, belə çətinliklərlə rastlaşır. Amma mən sizi əmin etmək istəyirəm ki, bizim dövlətimiz indi o qədər güclüdür və xalq tərəfindən o qədər müdafiə olunur ki, dövlətçiliyimizə qarşı hər bir qəsdin qarşısı alınacaqdır. Ancaq mən heç də istəməzdim ki, belə qəsdlər olsun. Çünki belə qəsdlər faciəli hadisələrə, insan tələfatına gətirib çıxarır. Şübhəsiz ki, qəsd edən adamlardan da həlak olanlar var. Onların da atası var, anası var, qohum-əqrəbası var. Onlar da bizim vətəndaşlarımızdır. Ancaq onları o cinayətkar yola salanlar var və bu yolla gedirdilərsə, şübhəsiz, onların aqibəti elə olmalı idi, elə də olacaqdır. Başqa cür ola bilməz.

Bu hadisələr münasibətilə o cinayətkarlar, şübhəsiz ki, həbs olunublar. Ancaq mən dünən baş prokurora göstəriş verdim ki, çox ciddi yanaşsın. O adamlar ki, doğrudan da cinayət ediblər, - onlar cəzalanmalıdırlar, cəzasını almalıdırlar. Amma elə adamlar var ki, ola bilər, yolunu azıblar, yanılıblar, yaxud təsadüfən gəlib cinayətkarların təsiri altına düşüblər. Şübhəsiz ki, onlara münasibət başqa cür olmalıdır. Yəni mən istəyirəm deyəm ki, bu cinayətkarlar nə qədər ağır cinayət etmiş olsalar da, onların haqqında qəbul ediləcək qərarlar tam ədalətli olacaqdır və ədalətli də olmalıdır. Birinci növbədə qatı cinayətkarlar cəzalanacaq və cəzalandırılmalıdırlar.

Bunları sizə, bizim gənc istedadlara deməkdə məqsədim ondan ibarətdir ki, arxayın olun. Hər bir vətəndaşın hüququ, həyatı qorunur və biz çalışacağıq ki, dövlətimizi də, cəmiyyətimizi də, hər bir vətəndaşı da, onun hüququnu da qoruyaq. Kim bizim dövlətçiliyimizə, vətəndaşların hüququna, insanlara qəsd edəcəksə, biz onlara qarşı amansız olmuşuq və şübhəsiz ki, bundan sonra da amansız olacağıq. Ancaq mən söhbətimi yenə də incəsənət mövzusu ilə bitirmək istərdim. Çox sevinirəm ki, bu gün bu gənclərlə bərabər bizim dostumuz Tofiq Quliyev də burada göstərdi ki, o yenə də gəncdir. Çünki onun ifa etdiyi musiqi mənə belə gəlir ki, sizinkindən heç geri qalmadı.

Fərhad Bədəlbəyli: Yox, bizdən yaxşı oldu.

Heydər Əliyev: Siz hələ gərək o səviyyəyə çatasınız. Bu göstərir ki, bizim nəsillər estafeti, öz təcrübəsini, biliyini gənclərə verir, amma özü də yerində durmur. İrəliyə gedir. Tofiq də inkişaf edir, irəliyə gedir. Fərhad da, baxmayaraq ki, bu gün özünü başqalarına nisbətən ağsaqqal hesab edir, onu mən gənc vaxtında görəndə bir cocuq kimi baxırdım. Amma indi böyük bir kişidir. Bax, bu yaradıcılıq yolu gənclər üçün örnəkdir və güman edirəm ki, bütün bu müsbət təcrübələrdən siz faydalı istifadə edəcəksiniz. Hamınıza yeni-yeni uğurlar arzulayıram. Cansağlığı, xoşbəxtlik arzu edirəm. Sağ olun.

Tarixi arayış

MƏDƏNİYYƏT