Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyənin "Samanyolu" televiziyasına müsahibəsi - Ankara, 6 may 1997-ci il


Sual: Cənab prezident, bir neçə gündən sonra 74 yaşınız tamam olacaqdır. Bu münasibətlə Sizi təbrik edir, Sizə uzun ömür, cansağlığı arzu edirəm. Cənab prezident, Siz Böyük Millət Məclisində çox tarixi bir nitq söylədiniz. Azərbaycan ilə Türkiyə arasındakı mövcud iqtisadi iş birliyindən razısınızmı?

Cavab: Bilirsiniz, iş birliyindən mən məmnunam. Çünki - mən bunu Məclisdə də dedim - son üç ildə Türkiyə ilə Azərbaycan arasında ticarət üç dəfə artıb. Ancaq mütləq rəqəmi götürəndə bu, o qədər də böyük deyil. Mən bu artımdan məmnunam, amma hesab edirəm ki, Türkiyə ilə Azərbaycan arasında iqtisadi iş birliyinin daha böyük imkanları vardır. Bu imkanlardan istifadə etmək lazımdır. Biz də öz tərəfimizdən çalışmalıyıq. Mən Türkiyənin iş adamlarını Azərbaycana dəvət edirəm, gəlsinlər, respublikamızın imkanlarından istifadə etsinlər. Onlar bir çox ölkələri gəzirlər, amma qonşuluqda yerləşən və Türkiyə üçün ən yaxın dost olan Azərbaycanı unudurlar. Mən onları Azərbaycana dəvət edirəm.

Müxbir: Dünyanın hər yerində yaxşı bilirlər ki, Azərbaycanda iqtisadi əlaqələr üçün çox geniş imkanlar, zəngin neft yataqları vardır.

Cavab: Bəli, Qərb ölkələrindən bizə çox böyük şirkətlər gəlib.

Sual: Bəs Türkiyədən?

Cavab: Türkiyədən böyük şirkətlər Azərbaycana gəlmir.

Sual: Cənab prezident, indi Türkiyədə xeyli azərbaycanlı tələbə təhsil alır. Son illər Azərbaycanda xeyli türk təhsil ocaqları fəaliyyətə başlamışdır. Azərbaycan dövləti bunu necə qiymətləndirir?

Cavab: Mən həmişə buna dəstək vermişəm və bu gün də dəstək verirəm. Mən güman edirəm ki, bunlar Azərbaycan-Türkiyə dostluğunun və əməkdaşlığının inkişaf etməsinə kömək edəcəkdir.

Sual: Cənab prezident, neft kəmərləri haqqında Sizə çoxlu sual verilib. İcazə versəniz mən də "Samanyolu" televiziyası adından Sizə bir sual verərdim. Sizcə, bu neft kəməri borusunun Türkiyədən keçməsi şansı böyükdürmü?

Cavab: Mənim könlüm həmişə Türkiyə ilə birgədir. Ona görə də çalışacağam ki, bu kəmər Türkiyədən keçsin.

Sual: Cənab prezident, Siz Gürcüstan və Ukrayna ilə strateji əməkdaşlıq barədə bəyannamə imzalamısınız. Bu bəyannamələrin Azərbaycan üçün faydası əsasən nədən ibarətdir?

Cavab: Bilirsiniz, biz Türkiyə ilə strateji əməkdaşlığın dərinləşdirilməsi barədə bəyannamə imzaladıq. Biz Gürcüstan və Ukrayna ilə də belə bir sənəd imzalamışıq. Bu, Azərbaycanın Gürcüstanla, Ukrayna ilə əlaqələrinin daha da genişləndirilməsi və gələcək üçün çox faydalıdır, əhəmiyyətlidir.

Müxbir: Hörmətli prezident, bu gün cənab Süleyman Dəmirəl Sizə "Dövlət nişanı"nı təqdim etdi.

Cavab: Bu nişan Türkiyə Cümhuriyyətinin ən böyük mükafatıdır. Mən bu "Dövlət nişanı"nı çox böyük məmnuniyyətlə qəbul etdim. Türkiyə Cümhuriyyətinin, dövlətinin belə bir hörmətli nişanına layiq olmaq, şübhəsiz ki, böyük şərəfdir. Mən bunu fərəh hissi ilə qəbul edirəm. Hesab edirəm ki, bu, mənim xidmətlərimə verilən ən böyük qiymətdir, eyni zamanda Azərbaycan-Türkiyə dostluq əlaqələrinin yüksəlməsinə xidmət edir.

Sual: Son zamanlar Ermənistan sürətlə silahlanır. Ermənistanın belə sürətlə silahlanması təkcə Azərbaycan üçün təhlükəlidir?

Cavab: Təkcə Azərbaycan üçün təhlükəli deyil. Mən Böyük Millət Məclisində bu məsələ barədə ətraflı danışdım. Rusiyanın Ermənistana verdiyi 1 milyard dollar məbləğində silah təkcə Azərbaycanın əleyhinə işlətmək üçün deyil. Ümumiyyətlə Ermənistanda Rusiyanın böyük sayda əsgərlərinin və hərbi bazasının, silahlı dəstələrinin olması təkcə Azərbaycan üçün yox, o cümlədən Türkiyə üçün təhlükəlidir.

Sual: Ölkə xaricində, başda Azərbaycan olmaqla türk dünyasında bizim xeyli tamaşaçımız vardır. "Samanyolu" televiziyası barədə nə deyə bilərsiniz?

Cavab: Sizə birinci növbədə uğurlar diləyirəm, bu televiziyanı yaradanlar bir neçə ildir ki, mənimlə yaxşı ünsiyyət qurublar. Mən bu televiziyanın yaradılmasına dəstək vermişəm, yardım etmişəm və bundan sonra da edəcəyəm. Sizə uğurlar diləyirəm.

Müxbir: Hörmətli prezident, biz Sizi anadan olmağınız günü münasibətilə bir daha ürəkdən təbrik edir və sizə daha böyük uğurlar, möhkəm cansağlığı arzulayırıq.