Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-ın Misirdəki Ticarət Palatasının nümayəndələri ilə görüşdə çıxışı - 6 sentyabr 1994-cü il


Misirdə olduğum müddətdə bir sıra görüşlər keçirmişəm və şadam ki, sizinlə görüşərək, təmsil etdiyim Azərbaycan Respublikası barədə danışmaq imkanım var.

Azərbaycan üç il əvvəl istiqlaliyyət qazanmış gənc dövlətdir. Bundan əvvəl Sovet İttifaqının tərkibində idi. Müstəqil dövlət kimi Azərbaycan Birləşmiş Millətlər Təşkilatına, bir çox beynəlxalq təşkilata daxildir və dünya birliyində layiqli yer tutmağa çalışır. Azərbaycan Qafqazda yerləşir, əhalisi 7,5 milyon nəfər, ərazisi 86 min kvadrat kilometrdir.

Azərbaycan 1918-1920-ci illərdə müstəqil respublika olmuşdur. Bundan əvvəl iki əsrə yaxın Rusiya imperiyasının tərkibində idi. Respublikanın milli istiqlaliyyət, milli dövlətcilik qazanması, onun beynəlxalq birliyə daxil olması Azərbaycan xalqı üçün tarixi hadisədir və xalqımız bu imkandan özünun gələcək inkişafı naminə istifadə etmək əzmindədir.

Azərbaycan qədim və zəngin tarixi olan ölkədir. Xalqımız bəşər mədəniyyətinə qiymətli incilər bəxş etmişdir. Respublikanın əhalisi İslam dininə etiqad edir. Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələri eyni hüquqa malikdir. İstiqlaliyyətini bərqərar edən və möhkəmləndirən Azərbaycan indi dünya üçün açıqdır, bütün ölkələrdə bərabərhüquqlu münasibətlərə tərəfdardır və onlarla hərtərəfli, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmağa çalışır. Respublikada hüquqi dövlət qurulur, demokratiya, şəxsiyyət azadlığı, söz azadlığı, siyasi plüralizm prinsipləri bərqərar olur. İqtisadi sahədə Azərbaycan bazar iqtisadiyyatı, azad sahibkarlıq yolu ilə gedir.

Müstəqil Azərbaycan dövləti indi dünyanın bütün ölkələri ilə iqtisadi ticarət əlaqələri yaratmağa çalışır. Hazırda Azərbaycanın xarici investisiyalara ehtiyacı var və biz istəyirik ki, həm böyük, həm də kiçik biznes ölkəmizdə özünə yer tapsın.

Azərbaycanın zəngin təbii ehtiyatları, kifayət qələr iqtisadi və sanballı sənaye potensialı var. Respublikada neft, neftayırma, kimya və neft kimyası sənayesi, neft və kimya maşınqayırması, elektrotexnika, radiotexnika, elektronika, cihazqayırma və başqa sənaye sahələri inkişaf etmişdir. Kənd təsərrüfatı istehsalı da çox sahəlidir. Respublikada pambıq, üzüm, taxıl, tütün, tərəvəz və başqa kənd təsərrüfatı məhsulları istehsal olunur. Bu, ölkədə emal sənayesinin, yüngül sənayenin, o cümlədən toxuculuğun inkişafına şərait yaratmışdır. Respublikada metallurgiya, o cümlədən qara və əlvan metallurgiya inkişaf etmişdir... İndi xalqımız bütün bunlardan öz dövlətini inkişaf etdirmək, rifahını yüksəltmək üçün istifadə etmək niyyətindədir. Ona görə də hazırda Azərbaycanda xarici investisiyalar üçün geniş fəaliyyət meydanı acılır və biz Amerika Birləşmiş Ştatlarının, Misirin işguzar adamlarını bütün sahələrdə əməkdaşlığa dəvət edirik.

Respublika neft sənayesinin 150 illik tarixi var. Azərbaycanın neft və qaz yataqları həm quruda, həm də Xəzər dənizinin akvatoriyasında yerləşir. Biz neft və qaz çıxarır və bunları emal edirik. Lakin bu sahədə xarici şirkətlər də bizimlə fəal əməkdaşlıq edə bilərlər. Ticarət palatasının prezidenti burada çıxış edərkən sizin kiçik və orta biznesi inkişaf etdirməyə səy göstərməyinizdən danışdı. Azərbaycanda bundan ötrü geniş imkan var və mən sizin diqqətinizi buna cəlb etmək istərdim. Keçmişdə Sovet İttifaqına daxil olan başqa respublikalar kimi, Azərbaycan da İttifaqın dağılması ilə, bir sosial, siyasi və iqtisadi sistemdən digərinə keçidlə əlaqədar indi böhran içərisindədir. Siz yaxşı bilirsiniz ki, sosialist iqtisadiyyatından bazar iqtisadiyyatına keçid böyük çətinliklər və müəyyən məsrəflərlə bağlıdır. Ümidvaram ki, sahibkarlığı inkişaf etdirmək, bazar iqtisadiyyatına keçmək, özəlləşdirmə proqramını həyata keçirmək, xarici investisiyalardan istifadə etmək və xarici şirkətləri Azərbaycanda iqtisadi əməkdaşlığa daha fəal cəlb etmək yolu ilə biz bu çətinlikləri aradan qaldıracağıq.

Burada Azərbaycanın tərkibinə daxil olan Dağlıq Qarabağdan söhbət gedir, onu respublikadan qopararaq Ermənistana birləşdirmək istəyirlər. Biz Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına əməl olunmaqla bu məsələni sülh yolu ilə həll etməyə səy göstəririk. Biz bu yolla beynəlxalq hüquq normalarını əsas tuturuq və zənn edirik ki, münaqişənin ədalətlə, sülh yolu ilə aradan qaldırılmasına nail olacağıq.

Hərbi münaqişə, şübhəsiz, respublikanın iqtisadi vəziyyətinə də təsir göstərir. Bununla belə, Azərbaycanda sosial-iqtisadi və ictimai-siyasi vəziyyət sabitdir və xarici şirkətlərin geniş fəaliyyəti üçün kifayət qədər əlverişli imkan var. Azərbaycan xalqının ənənəvi qonaqpərvərliyi də, Azərbaycanın iqlimi - istər sırf təbii iqlimi, istər siyasi iqlimi də buna kömək edəcəkdir. Siz Xəzər sahilində yaxşı işləyə, həm də yaxşı dincələ bilərsiniz.

Sual: Siz Rusiyanın gələcəyini necə görürsunuz, o, dinc və sabit ölkə olacaq, yoxsa, əksinə, gərgin ölkə olacaq?

Cavab:  Axı, mən Azərbaycanın prezidentiyəm, Rusiyanın əvəzinə nə isə demək mənə çətindir. Ola bilər, siz bu sualı ona görə verirsiniz ki, keçmişdə mən üzun müddət Sovet İttifaqının rəhbərlərindən biri olmuşam. O zaman Sovet İttifaqında sosializm quruluşu idi. Biz ondan imtina etmişik və şəxsən mən bir daha bu quruluşa qayıtmayacağam. Rusiyada nə olacağına gəldikdə isə, mən istəyirəm ki, Rusiya demokratik ölkə olsun, onun böyük iqtisadi potensialından bazar iqtisadiyyatının inkişafı üçün istifadə edilsin. Rusiya sülhsevər ölkə olsun. Zənnimcə, bu, Azərbaycana da lazımdır, - axı biz Rusiya ilə qonşuyuq, - bütün dünya birliyinə də lazımdır. Umidvaram ki, Rusiya bütün çətinlikləri aradan qaldıracaq və duzgün yolla gedəcək.

Sual: Cənab prezident, mən sizə iqtisadiyyatla bağlı sual vermək istərdim. Siz Azərbaycanın xarici investorlara verə biləcəyi güzəştlərdən və təminatlardan daha ətraflı danışa bilərdinizmi?

Cavab: Görünür, indi bu məsələnin təfərrüatına varmağımın mənası yoxdur. Bu, çox vaxt aparardı. Lakin sizə deyə bilərəm ki, əgər mən xarici investorları, sizi Azərbaycanda əməkdaşlığa dəvət edirəmsə, deməli, biz bundan ötrü hər cür şərait yaradacağıq. Xarici investorların, Azərbaycanda işləmək istəyən hər hansı biznesmenin fəaliyyətinin ən əlverişli şəkildə təmin olunması üçün bizdə müvafiq qanunlar, hüquqi zəmin var. Guzəştlər kifayət qədər, bəlkə də hər hansı başqa yerdəkindən çox olacaq, çünki biz respublikamıza investisiyaların geniş cəlb edilməsini istəyirik.

Sual: Cənab prezident, siz kommunist rejimi dövründə də işləmisinz, indi - sərbəst bazar iqtisadiyyatı şəraitində də işləyirsiniz. Belə qısa müddətdə necə dəyişilə bilmisiniz? Siz hansı rejimi xalq üçün yaxşı sayırsınız?

Cavab: Əvvəla, mənim belə tez dəyişdiyimi haradan bilirsiniz? (Guluşmə, alqışlar). Mən dəyişmişəm, lakin sizin təsəvvür etdiyiniz kimi belə tezliklə yox. Mən həqiqətən Sovet İttifaqının, Kommunist Partiyasının rəhbərlərindən biri olmuşam. 14 il Sovet İttifaqının tərkibindəki Azərbaycan Respublikasına rəhbərlik etmişəm. Lakin Moskvada yaşayarkən, 1990-cı ilin yanvarında Azərbaycan xalqına qarşı hərbi təcavüz etmiş Sovet İttifaqı rəhbərliyinin, Kommunist Partiyası rəhbərliyinin düzgün olmayan hərəkətlərinə qarşı etirazla çıxış etdim. 1991-ci ilin iyununda Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxdığımı rəsmi şəkildə bəyan etdim. Hələ həmin ilin əvvəlində, Sovet İttifaqının saxlanması haqqında referendum keçirilərkən, mən SSRİ-nin saxlanmasının əleyhinə çıxdım, Sovet İttifaqına daxil olan bütün xalqlara azadlıq verilməsinə, bütün respublikaların müstəqilliyinə tərəfdar olduğumu bildirdim.

Keçmişdəki istər dövlət, istərsə də siyasi fəaliyyətimdə mən o vaxtkı mövcud rejim çərçivəsində hər halda ədalətin və demokratiya prinsiplərinin bərqərar olmasına çalışırdım. Yeddi il əvvəl, 1987-ci ildə mən Sov.İKP MK Siyasi Bürosunun uzvu və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefaya getdim. Gördüyünüz kimi, MK Siyasi Bürosunu və Sovet İttifaqında dövlət rəhbərliyini tərk etdiyim həmin dövrdən bu gün məni yeddi il ayırır. Bir il bundan əvvəl xalqın iradəsi, təkibi, tələbi ilə mən Azərbaycanda prezident seçkilərinə namizədliyimi verdim və bütün xalq tərəfindən artıq müstəqil və demokratik dövlət olan Azərbaycan Respublikasının prezidenti seçildim.

Zənnimcə, bütün bu dediklərim nəyi yaxşı saymağım barədə sizin sualınıza cavab verir. Daha konkret desəm, bu gün malik olduğumuzu yaxşı sayıram. Keçid dövrünün bütün çətinliklərinə baxmayaraq, Azərbaycan xalqı milli istiqlaliyyət qazanmışdır, demokratik hüquqi dövlət quruculuğu və bazar iqtisadiyyatı, azad sahibkarlıq prinsiplərinin bərqərar olması yolu ilə gedir. Belə hesab edirəm ki, bu, ən düzgün yoldur, prezident kimi mən xalqımı bu yolla aparacağam! Bu zəmində də sizə əməkdaşlıq təklif edirəm.

Bir daha sizin hamınızı salamlayır, cansağlığı və firavanlıq arzulayıram. Sağ olun!