Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan Rəssamlıq Akademiyasının akademiki, xalq rəssamı Ömər Eldarovu qəbul edərkən söhbətindən - Prezident sarayı, 16 iyun 2003-cü il


Heydər Əliyev: Bir neçə gün bundan qabaq səninlə görüşdük. Problemləriniz haqqında mənə danışdınız və dediniz ki, sizə böyük məbləğdə vəsait lazımdır. O vaxt bu, nə qədər idi?

Ömər Eldarov: 1 milyon 600 min dollar. Bu, tədris korpusu üçün lazım olan vəsait idi. Həmin korpus çox yüksək səviyyədə hazırdır.

Heydər Əliyev: İndi istədiyiniz vəsait nə üçündür?

Ömər Eldarov: Akademiyanın Moskva prospektinə baxan binası üçün lazımdır. Orada biz istəyirik ki, muzey, sərgi salonu, akt salonu, kitabxana, kompüter şöbəsi yaradaq. Ona görə də bizə yenə də bir az vəsait lazımdır.

Heydər Əliyev: 1 milyon dollar...

Ömər Eldarov: Bəli əlavə 1 milyon dollar vəsait lazımdır.

Heydər Əliyev: Yaxşı mən maliyyə naziri ilə danışdım, baş nazirlə danışdım, bu məsələləri həll edəcəyəm. Sən mənə qısaca de görüm, akademiya yaranandan indiyə qədər nə iş görülüb və nə iş görüləcəkdir?

Ömər Eldarov: Cənab prezident, bizdə on iki ixtisas - rəngkarlıq, heykəltəraşlıq, memarlıq, qrafika, kitab qrafikası, tətbiqi sənət, xalçaçılıq, keramika, metal işləmə, dizayn, interyer üzrə rəssam və s. ixtisaslar üzrə kadrlar hazırlanır. İndi 700-ə yaxın tələbəmiz var. Sənətşünas ixtisası üzrə də kadrlar hazırlayırıq. Onların sayı çoxdur. Həmin ixtisas üzrə akademiyada 150 tələbə təhsil alır. Təhsil müddəti 6 ildir. Tələbələr 4 il oxuduqdan sonra bakalavr dərəcəsi alır. Sonra iki il də magistraturada oxuyurlar. Yaxşı oxuyanlar təhsillərini davam etdirib magistr dərəcəsi alırlar. Magistrliyə də tələbələr müsabiqə yolu ilə seçilir.

Bir neçə gündən sonra diplom müdafiəsi başlanacaqdır. Akademiyamıza Fransadan, Polşadan, Almaniyadan qonaqlar gəlirlər. Biz diplom müdafiəsi işlərini onlara göstəririk. Onlar bu diplom işlərinə çox yüksək qiymət verirlər.

Deyirlər ki, belə yüksək diplom işi heç yerdə görməyiblər. Mən onlara deyirəm ki, bizim bundan da yüksək diplom işlərimiz olacaqdır. Biz tədris prosesinə çətin şəraitdə başlamışıq. Birinci dərs ilində akademiyanın binalarında təmir-tikinti işləri gedirdi. Biz belə bir şəraitdə tədris prosesini aparmışıq. İkinci ildir ki, şəraitimiz yaxşılaşıbdır.

Cənab prezident, akademiya üçün bundan yaxşı binalar tapmaq qeyri-mümkündür. Binalar geniş və işıqlıdır, istilik sistemi var. Eyni zamanda, akademiyanın həyətində bağ var, yay günlərində burada tələbələrimizlə birlikdə təcrübə məşğələləri keçirik.

Heydər Əliyev: Müəllim heyətiniz nə qədərdir?

Ömər Eldarov: 150-yə yaxın müəllimimiz var.

Heydər Əliyev: Yaxşı müəllimləriniz var?

Ömər Eldarov: Yaxşı müəllimlərdir. Nə qədər yaxşı rəssamlarımız varsa, onların hamısı bizdədir.

Heydər Əliyev: Hamısı sizdədir?

Ömər Eldarov: Bəli. SSRİ xalq rəssamı Mikayıl Abdullayev dünyasını dəyişib, o da bizdə işləyibdir. Xalq rəssamı Mirəli Mirqasımov da bizdə işləyibdir, indi məsləhətçidir.

Heydər Əliyev: Yaxşı. Akademiyanı lazım olan səviyyəyə nə vaxt tam qaldıracaqsınız?

Ömər Eldarov: Bu il, amma bir şərtlə. Biz kənar müşahidəçi yox, sifarişçi olsaydıq, podratçı təşkilatı özümüz tapardıq. Belə olsa, elə bu il bütün işləri qurtarardıq.

Fatma Abdullazadə (Prezidentin İcra Aparatının şöbə müdiri): Bizdə təcrübə belədir ki, Nazirlər Kabineti hansısa tikinti təşkilatına vəsait ayırır. Bunlar isə məsələ qaldırır ki, vəsait bilavasitə akademiyanın özünə ayrılsın. Özləri tikinti təşkilatı seçib müqavilə bağlasınlar və görülən işi özləri qəbul etsinlər. Təchizat da, keyfiyyət də, tikinti də onda daha yüksək səviyyədə olar.

Ömər Eldarov: Layihə işləri başlananda bizim özümüzün buna nəzarət etməyimiz lazımdır. Çünki bu layihə aparılacaq tikinti işləri üçün hazırlanır.

Heydər Əliyev: Yaxşı səninlə görüşəndən sonra mən dedim, maliyyə naziri ilə danışdım, baş nazirlə danışdım. Büdcədə 830 min dollar nəzərdə tutulubdur. Siz bunun hamısından istifadə edəcəksiniz. Bu işləri bir gündə etmirsiniz ki. Nə vaxt ki, bu qurtardı, çatmadı, - sən deyirsən ki, bir milyon dollar, - bir milyonu da verəcəyik. Oldumu?

Ömər Eldarov: Cənab prezident, çox sağ olun.

Heydər Əliyev: Bu məsələni indi mən maliyyə naziri ilə danışaram, Nazirlər Kabineti ilə danışaram. Mən başa düşmürəm ki, niyə vəsaiti tikinti təşkilatına verirlər. Gərək sifarişçiyə versinlər.

Fatma Abdullazadə: Onlar müsabiqə keçirirlər, hansı tikinti təşkilatı aşağı səviyyədə qiymətlər təklif edirsə.

Heydər Əliyev: Kim keçirir?

Fatma Abdullazadə: Nazirlər Kabineti hansısa bir tikinti ilə bağlı müsabiqə keçirir, vəsaiti o təşkilata ayırır, onlar tikirlər. Ömər müəllim xahiş edir ki, bu vəsait bilavasitə bunlara ayrılsın.

Heydər Əliyev: Mən bunu başa düşdüm. Ümumiyyətlə, niyə belə edirlər?

Fatma Abdullazadə: Çünki mövcud olan praktika belədir.

Heydər Əliyev: Yaramaz praktikadır. Yəqin otuz il bundan qabaqkı praktikadır. Demək, bunu belə həll edirik. Orada artıq 200 milyon manat ayırıblar ki, siz işə başlayasınız. Qalanlarını da sonra ayıracaqlar. Beləliklə, siz işinizi görəcəksiniz.

"Azərbaycan" qəzeti, 17 iyun 2003-cü il.

Tarixi arayış

MƏDƏNİYYƏT