Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşdə çıxışı - Kiyev, 25 mart 1997-ci il


Mən Ukraynaya ilk dəfədir ki, rəsmi səfərə gəlmişəm. Xarici ölkələrə bütün səfərlərim zamanı mən orada olan azərbaycanlılarla, həmvətənlərimizlə görüşürəm. Şübhəsiz ki, indi burada da belə bir görüşə ehtiyacım vardır. Mən xahiş etmişdim ki, Ukraynada yaşayan azərbaycanlıların hamısı da olmasa, bir hissəsi gəlsin, görüşək.

İstəyirəm biləm ki, Ukraynada nə qədər azərbaycanlı var, burada necə yaşayırsınız, nə iş görürsünüz, Vətənlə əlaqələriniz necədir, hansı problemləriniz var? Doğrudur, mənə dedilər ki, vaxt çox azdır. Ancaq bu az müddətə də bir şey öyrənmək, demək olar. Bilirsiniz ki, mən bu gün Bakıya qayıdıram. Bu, bizim ilk görüşümüzdür. Mən heç də bilmirdim ki, Ukraynada 500 min azərbaycanlı yaşayır, bu böyük rəqəmdir. Şübhəsiz ki, azərbaycanlıların Ukraynada yaşaması nə sizdən, nə də məndən asılı deyildir. Bu hər kəsin öz taleyidir - gəlib, buraya düşüb, yaşayır. Mən buna mənfi bir hal kimi baxmıram, əksinə, müsbət hal kimi baxıram. Çünki hər bir millət öz torpağında cəmləşib yaşamamalıdır. Bilirsiniz ki, hansı millətin nümayəndələri bir çox başqa ölkələrdə yaşayırsa, onlar öz xalqları, ölkələri üçün orada yaxşı təmsilçi olurlar. Ona görə də bunun xeyri var, zərəri yoxdur.

Dedilər ki, burada yaşayan azərbaycanlıları bəzən incidirlər. Onları kim, necə incidir? Bu gün mən Ukrayna Prezidenti ilə görüşəcəyəm, ona nə deməliyəm? Deməliyəm ki, kimi, necə incidiblər?

Yerdən səs: Burada yaşayan azərbaycanlıları incidən əsasən milis orqanlarıdır. Onlar başqa millətlərin nümayəndələrinə nisbətən, daha çox azərbaycanlılara təzyiq göstərirlər.

Heydər Əliyev: Aydındır, burada yaşayan yerli əhali ukraynalılardır, ruslar da çoxdur, başqa millətlərin nümayəndələri də vardır.

Yerdən səs: Ukraynada təqribən 17 min erməni yaşayır.

Heydər Əliyev: Ukrayna dövlətinin, şəxsən prezidentin Azərbaycana çox böyük və gözəl münasibəti vardır. Ümumiyyətlə siz bilməlisiniz ki, Ukrayna və Azərbaycan dövlətləri arasında son illər çox yaxşı münasibətlər yaranıbdır. Ukraynanın Prezidenti Leonid Kuçma 1995-ci ilin iyul ayında mənim dəvətimlə Azərbaycanda rəsmi səfərdə olmuşdur. Səfər çox uğurlu keçdi. Biz ölkələrimiz arasındakı əməkdaşlığın möhkəmləndirilməsinə dair bir çox sənədlər imzaladıq.

Prezident Leonid Kuçma məni buraya, Ukraynaya rəsmi səfərə dəvət etmişdi. Təəssüf ki, işlərimiz çox olduğuna və başqa səbəblərə görə mən 1996-cı ildə bu səfəri həyata keçirə bilmədim. İndi, 1997-ci ildə mən buraya rəsmi səfərə gəlmişəm.

Mənim indi də işim çoxdu. Sabah axşam Fransaya getməliyəm. Martın 28-də Moskvada olmalıyam. Bir neçə işlərim də vardır. Ancaq buna baxmayaraq, martın 24-25-nə təyin olunmuş bu səfərimin vaxtını dəyişdirmədim.

Burada bizi çox böyük qonaqpərvərliklə, mehribanlıqla dostluq şəraitində qarşıladılar. Prezident Leonid Kuçma ilə mənim danışıqlarım çox uğurlu keçdi. Bizim nümayəndə heyətimizlə Ukraynanın Baş naziri cənab Lazarenko, xarici işlər naziri cənab Udovenko, parlament sədrinin birinci müavini cənab Tkaçenko ilə çox ətraflı söhbətimiz oldu. Dünən biz 17 sənəd imzaladıq. Onların içərisində ən mühüm xarakter daşıyan odur ki, Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq prinsipləri əsasında əlaqələr yaranıbdır. Bu, çox yeni bir məsələdir. Belə bir sənədi biz yalnız Gürcüstanla imzalamışıq, indi isə Ukrayna ilə imzaladıq. Bu da Ukraynanın Azərbaycana nə qədər böyük marağı və bizim də Ukraynaya necə böyük marağımız olduğunu göstərir.

Keçmiş Sovetlər İttifaqına mənsub olmuş və indi Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrlə münasibətlərimizdə Ukrayna Azərbaycan üçün xüsusi yer tutur. Əvvəl də bilirdik ki, dünən və bu gün də bizim üçün bir daha aydın oldu ki, Azərbaycan da Ukrayna üçün çox mühüm əhəmiyyət kəsb edir. İqtisadi əlaqələri inkişaf etdirmək üçün geniş imkanlarımız vardır. Ukrayna gələcəkdə Azərbaycanın xüsusən neftindən və qazından istifadə etmək istəyir. Dünən biz bu barədə də bir sənəd imzaladıq. Bu da çox böyük bir əhəmiyyət kəsb edən bir sənəddir.

Beləliklə, ölkələrimiz arasında, yəni dövlət səviyyəsində Prezident, Baş nazir və başqa səviyyələrdə çox dost, mehriban münasibətlər yaranıbdır. Deyə bilərəm ki, bəlkə də bu, başqa dövlətlərə nisbətən müsbət cəhətdən fərqlənir, ona görə də belə bir halda mən təəccüblərinəm - deyirsiniz ki, burada azərbaycanlılara münasibətdə nə isə var. Sizi dinlədikcə mən belə bir nəticəyə gəlirəm ki, əgər belə hallar varsa, - bir halda siz deyirsiniz var, - bu dövlət siyasətinə aid deyil, bu Ukrayna hökumətinin siyasəti deyildir. Bu, yəqin ki, müəyyən vəzifəli şəxslərin özlərinin hərəkətlərindən doğan məsələdir. Bir də, bilirsiniz, keçmişdəki kimi deyil ki, hamı bir fikrə tabe olsun. Görürsünüz, burada da parlament bir şey, icra orqanları başqa bir şey deyir, bəzən bir çox məsələlərdə parlament ilə icra orqanları arasında razılıq olmur. Buradakı parlamentdə də cürbəcür partiyalar vardır. Bizdə də belədir. Hərə bir fikir söyləyir. Birinin fikri o birisinə xoş gəlmir. Yəni belə bir şəraitdə ola bilər ki, hansısa bir şəxs öz subyektiv hissiyyatlarına bağlı olaraq azərbaycanlılara qarşı mənfi münasibət göstərsin. Bu, ola bilər.

İkincisi, gəlin açıq danışaq, ola bilər ki, bəzi azərbaycanlılar cinayət edirlər, qanunu pozurlar, nalayiq işlər görürlər. Bunların da nəticəsində azərbaycanlıların hamısına belə bir münasibət bəslənilir. Hesab edirəm ki, bunlar aradan götürülə biləsi hallardır. Mən Leonid Kuçma ilə bu barədə danışacağam. Ancaq yenə də öz fikrimi deyirəm ki, bu, dövlətin, hökumətin siyasəti deyil. Bu, sadəcə, subyektiv təəssüratlardan, hissiyyatlardan doğan bir hadisədir. Güman edirəm ki, bunu aradan qaldırarıq. Ancaq biz nə qədər desək də, göstəriş verilsə də sizin özünüzdən, yəni azərbaycanlılardan da daha çox şey asılı olacaqdır. Gərək azərbaycanlılar hər yerdə bütün dövlət qayda-qanunlarına riayət etməklə nümunə olsunlar. Əgər nümunə olsanız, mənə elə gəlir ki, onda azərbaycanlılara qarşı belə ədalətsiz hallar az ola bilər. İndi bu məsələləri həll etmək üçün artıq bizim Azərbaycanın Ukraynada, Kiyevdə səfirliyi vardır. Mən səfiri təyin etmişəm. Siz onu tanıyırsınız. Özü deyir ki, burada üç il sizin kimi adi, vətəndaş kimi yaşayıbdır, müəyyən bir işlə məşğul olubdur. İndi də səfir təyin edilibdir. Onun səfir təyin olunmasının əsas səbəblərindən biri də odur ki, o, burada yaşayıb, işləyib. Ukraynanı tanıyır. Ona görə də o, burada səfir vəzifəsini apara bilər.

Bundan sonra səfir və səfirlik bu məsələlərlə məşğul olacaqdır. Belə halları dərhal, təcili aradan götürmək mümkün deyildir. Bunlar tədricən ola bilər. Güman edirəm ki, bunları tədricən aradan götürmək mümkün olacaqdır. Ancaq mən sizdən bir şeyi xahiş edirəm. Mən səfirə də bu barədə göstəriş verirəm ki, ayrı-ayrı insanların azərbaycanlılara qarşı subyektiv hissiyyatlarından doğan hərəkətləri ümumiləşdirməyin və bunu Ukrayna xalqının, hökumətinin, dövlətinin azərbaycanlılara qarşı münasibəti kimi qiymətləndirməyin. Bu, qətiyyən olmaz.

Mən bir daha deyirəm, bizim dövlətlərarası münasibətlərimiz indi o qədər sıxdır, səmimidir, yaxındır, xüsusən şəxsən Leonid Kuçma ilə mənim münasibətlərim o qədər yaxşıdır ki, hesab edirəm, bu, dövlətlərarası münasibətlərə gərək heç bir xələl dəyməsin.

Yəqin, dünən siz televiziyada gördünüz ki, Azərbaycan Prezidenti Heydər Əliyevi müstəqil Ukrayna dövlətinin ən yüksək mükafatı olan "Yaroslav Mudrı" ordeni ilə təltif etdilər. Özləri də mənə dedilər ki, bu ordenlə 2-3 dövlət başçısı təltif olunubdur. Bu, çox nadir bir haldır. Hər halda keçmiş sovetlər birliyinə mənsub olmuş, indi Müstəqil Dövlətlər Birliyinin tərkibində olan dövlətlərin başçılarının heç biri belə bir ordenlə təltif edilməyibdir. Demək, bu, Ukraynanın Azərbaycan Respublikasına, ölkəmizə olan münasibətidir. Bu, iki ölkəmizin arasında olan dostluq əlaqələrinin daha da inkişaf etməsinə yönəldilmiş çox mühüm bir dövlət qərarıdır. Məsələn, mən bunu çox yüksək qiymətləndirirəm.

Hesab edirəm ki, Ukraynanın Azərbaycana olan münasibətini bax, bununla ölçmək lazımdır, xırda şeylərlə ölçmək lazım deyildir.

Bilirsiniz ki, biz respublikamızda da cinayətkarlığa qarşı ciddi mübarizə aparırıq. Eşitmiş olarsınız ki, Azərbaycanda xüsusən 1989-1990-cı illərdə cürbəcür böyük cinayətkar qruplar, silahlı dəstələr yaranmışdı, bir çox adamların öz silahlı dəstələri olmuşdur. Bunlar nəinki dövlət qanun-qaydalarını pozmuş, dövlətə qarşı cinayətlər etmişlər, hətta ayrı-ayrı adamlara qarşı zorakılıq etmişlər, onları incitmişlər, reketçiliklə məşğul olmuşlar. Son üç ildə biz respublikamızı cinayətkarlardan təmizləmişik.

Bizdə olan məlumatlara görə Azərbaycanda çox böyük bir cinayətlər etmiş adamlar gəlib Ukraynada gizləniblər. Biz bilirik ki, onlar gəlib burada saxta pasportlar alıblar, burada gizlənərək Azərbaycanın hakimiyyətinə, dövlətçiliyinə qarşı terror aktları hazırlayıblar. Bir neçə belə adam yaxalanıbdır. Xarkovda, Ukraynanın başqa yerlərində bir neçə belə adam yaxalanıb Azərbaycana gətirilmişdir. Onlardan bir neçəsi də Rusiyaya, Moldovaya gedibdir. Biz onları Rusiyada, Moldovada yaxalamışıq.

Yəni Azərbaycanda cinayət etmiş adamlar gəlib burada yaşayırlarsa, cinayətkar - cinayətkardır. O burda da cinayət edir. Azərbaycanda cinayət etmək üçün gəlib burada hazırlıq işi görürsə, demək, o, burada da cinayət edir. Ona görə də biz deyə bilmərik ki, azərbaycanlıların hamısı burada "quzudurlar", heç bir şey etmirlər, yəni qeyri-qanuni heç bir hərəkətə yol vermirlər. Biz bunu deyə bilmərik.

Bir halda ki, sizin burada belə bir cəmiyyətiniz var, gərək siz özünüz də, cəmiyyətiniz də azərbaycanlıların əxlaqı, mənəviyyatı haqqında çox ciddi düşünəsiniz, bu işlərə fikir verəsiniz, çalışasınız ki, azərbaycanlılar hər yerdə özlərini yüksək əxlaqlı, mədəniyyətli, dövlət qayda-qanunlarına riayət edən insanlar kimi göstərsinlər. Azərbaycanlılar həqiqətən belə insanlardır. Bizim xalqımız belə xalqdır. Amma xalqımızın içində cinayətkar da, yaramaz da vardır.

Azərbaycanın özündə bizim hakimiyyəti nə qədər devirmək, terror etmək istəmişlər. Məsələn, 1995-ci ilin martında bizdə dövlət çevrilişi etməyə cəhd göstərdikləri üçün cəzalandırılmalı olan adamlar qaçıb müxtəlif yerlərdə, bəziləri isə gəlib Ukraynada gizlənmişlər. Leonid Kuçma 1995-ci ilin iyul ayında Azərbaycanda rəsmi səfərdə olarkən onlar gəlib Bakıda hava limanına gedən körpünün altına 170 kiloqram trotil partlayıcı qoymuşdular ki, körpünü partlatsınlar, məni öldürsünlər, mənimlə bərabər cənab Kuçmanı da öldürsünlər. Belə bir hadisə də olub. Biz onları yaxaladıq. Həmin o trotil partlayıcı maddəsini oradan çıxardıq və respublikada hamıya göstərdik. Onlar mühakimə olundular, cəza aldılar. Demək, belələri də vardır. Vaxt az olduğuna görə mən bu barədə geniş danışa bilmərəm.

Mənim buradakı danışıqlarım, görüşlərim çox müvəffəqiyyətlə keçibdir. Bayaq dedim ki, biz 17 sənəd imzalamışıq. Ukrayna-Azərbaycan iqtisadi əlaqələrinin və digər sahələrdəki əlaqələrimizin inkişaf etdirilməsi üçün bu sənədlər çox yaxşı şərait yaratmışdır. Mən hesab edirəm ki, Ukrayna ilə Azərbaycan arasındakı əlaqələr ölkəmiz üçün çox lazımdır. Biz bu əlaqələri bundan sonra da inkişaf etdirəcəyik. Bu sadəcə iqtisadi əlaqələr deyildir. Bu, Avropa Birliyində, dünyada, beynəlxalq aləmdə Azərbaycanın problemlərinin həll olunmasında bizə yaxın olan bir ölkə ilə yaranmış əlaqələrdir.

Bilirsiniz ki, bizim ən ağır problemimiz Ermənistanın Azərbaycana etdiyi təcavüzdür. Təəssüf ki, bu təcavüz nəticəsində Azərbaycanın ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. İşğal olunmuş ərazidən bir milyondan artıq soydaşımız didərgin düşübdür, çoxları ağır vəziyyətdə çadırlarda yaşayırlar. Hərbi təcavüz zamanı bizim 20 mindən artıq insanlarımız həlak olubdur. Çoxlu adam əsir düşübdür, onların bir qismini biz geri almışıq. Amma onların bir hissəsini hələ də geri verməyiblər. Məlumatlara görə əsirlərin bir çoxunu öldürüblər. Təkrar edirəm ki, Azərbaycan torpağını Ermənistan silahlı qüvvələrinin təcavüzündən qoruyarkən 20 mindən çox vətəndaşlarımız şəhid olub.

Biz 1994-cü ilin mayında "Atəşin dayandırılması haqqında" saziş imzalamışıq. Biz bu sazişə riayət edirik. İndi atəş yoxdur. Ancaq sülh də yoxdur. Biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz hərbi əməliyyatların, döyüşlərin, müharibənin yenidən başlanmasını istəmirik. İstəyirik ki, məsələni sülh yolu ilə həll edək. Amma bu, asan məsələ deyildir. Bütün səviyyələrdə həm Birləşmiş Millətlər Təşkilatı, həm Avropa Birliyi, ATƏT çərçivəsində, ATƏT-in Minsk qrupu vasitəsilə, həm də böyük dövlətlərin imkanlarından istifadə edərək danışıqlar aparırıq. Sağlıq olsun. Ola bilər, mənim sizə bu barədə geniş məlumat verməyə imkanım olacaqdır.

Ancaq sizdən bir xahişim var: harda yaşamasından asılı olmayaraq heç bir azərbaycanlı öz Vətənini, ulu babalarını, dilini unutmamalıdır. Harda yaşayırsansa yaşa, yaxşı da, pis də yaşasan, gərək ürəyin öz vətəninlə, torpağınla döyünsün. Gərək nəbzin vətənin nəbzi ilə vurulsun. Bu vətənpərvərlik hissi bizim hər birimizdə olmalıdır. O cümlədən, respublikamızdan kənarda, Ukraynada yaşayan azərbaycanlılarda da olmalıdır.

Mən arzu edirəm ki, bu hissiyyatlar sizdə daha çox olsun. Əminəm ki, indi burada Azərbaycanın Ukraynadakı səfirliyi ətrafında daha çox toplaşacaqsınız, bir-birinizlə daha yaxşı ünsiyyət, əlaqə yaradacaqsınız, birləşəcəksiniz, həmrəy olacaqsınız, bir-birinizə kömək edəcəksiniz, dayaq olacaqsınız. Eyni zamanda Azərbaycanın qayğıları ilə yaşayacaqsınız.

Sağ olun. Sizə cansağlığı, xoşbəxtlik arzu edirəm.

"Azərbaycan" qəzeti, 26 aprel 1997-ci il