Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rumıniya Prezidenti İon İliyesku arasında keçirilən təkbətək görüşü başa çatdıqdan sonra dövlət başçılarının rəhbərliyi ilə Azərbaycan və Rumıniya nümayəndə heyətlərinin geniş tərkibdə görüşündə söhbəti – Prezident sarayı, 29 oktyabr 2002-ci il


Heydər Əliyev: Zati-aliləri hörmətli cənab Prezident İon İliyesku!

Hörmətli qonaqlar!

Mən Sizi Azərbaycanda səmimi-qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz!

Cənab Prezident, çox məmnunam ki, Siz mənim dəvətimi qəbul edib Azərbaycana rəsmi səfərə gəlmisiniz.

Rumıniya–Azərbaycan əlaqələri son illərdə ardıcıl surətdə inkişaf edir və bunun da əsası hələ 1995-1996-cı illərdə Azərbaycan prezidentinin Rumıniyaya rəsmi səfəri, 1996-cı ilin mart ayında, cənab Prezident, Sizin Azərbaycana rəsmi səfəriniz zamanı qoyulubdur. Bundan sonra çoxsaylı səfərlər, görüşlər olubdur. Biz birlikdə bir çox beynəlxalq proqramlarda iştirak edirik. Bunlar hamısı Rumıniya ilə Azərbaycan arasındakı əlaqələrin, qeyd etdiyim kimi, çox yaxşı səviyyədə olduğunu göstərir.

Cənab Prezident, mən ümidvaram ki, Sizin bu səfəriniz də Rumıniya–Azərbaycan əlaqələrinin daha da genişlənməsinə, sürətlə inkişaf etməsinə təkan verəcəkdir və biz gələcəkdə daha uğurlu əməkdaşlıq edəcəyik. Mən Sizi bir daha salamlayıram. Xoş gəlmisiniz!

Ion Iliyesku: Cənab Prezident!

Əziz dostlar!

İcazə verin, ilk növbədə, Azərbaycan Respublikasına səfərə gəlmək üçün mənə yaradılan imkana görə təşəkkürümü bildirim. Biz Azərbaycan Respublikası ilə münasibətləri müəyyən dərəcədə öncül hesab edirik, sizin ölkənizlə əlaqələri genişləndirmək istəyirik.

Rumıniya Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ikinci ölkədir. Biz bütün bu illərdə baş verən iqtisadi və siyasi hadisələrin gedişini, ümumən, ölkələrimizdə vəziyyətin inkişafını izləyirdik. Qara dəniz regionunda əməkdaşlığa həsr edilmiş tədbirlər çərçivəsində tez-tez görüşlərimiz olurdu. Biz Prezident Heydər Əliyevin Böyük İpək Yolunun bərpa olunması, özü də təkcə bunu deyil, həm də bu dəhlizlə neftin, qazın və digər malların daşınması barədə təşəbbüsünü dəstəkləmişik.

Biz Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaqişənin gedişini diqqətlə izləyirdik. Biz ATƏT çərçivəsində məhz bu baxımdan gərəkli olmağa çalışırdıq, çünki Rumıniya 2001-ci il ərzində bu təşkilatın sədri olmuşdur. Biz bu münaqişənin dincliklə və siyasi yolla həlli üçün Azərbaycan Respublikasının göstərdiyi səyləri müsbət qiymətləndirmişik və qiymətləndiririk. Ümidvarıq ki, münaqişənin ən münasib həllini ancaq bu yolla tapmaq olar. Biz əsl dostlar olaraq qalırıq, o mənada ki, ixtiyarımızda olan vasitələr baxımından köməyimiz dəyə bilər.

Ölkələrimiz çətin keçid dövrünü, iqtisadi və siyasi sahədə böyük dəyişikliklər prosesi dövrünü yaşayırlar. İstər Azərbaycanın, istərsə də Rumıniyanın iqtisаdiyyatında vəziyyətin normallaşdığını göstərən müsbət cəhətlər var. Zənnimcə, biz ikitərəfli münasibətlərimizin inkişafı qeydinə qalmalıyıq. Bu gün ticarət münasibətlərimiz, ümumən iqtisadi əməkdaşlığımız aşağı səviyyədədir.

Bu istiqamətdə irəliyə doğru bir addım atılmış, yəni iqtisadi əməkdaşlıq məsələlərinə dair birgə komissiya yaradılmışdır. Rumıniya hökuməti ölkənin Nəqliyyat nazirini Rumıniya tərəfindən komissiyanın həmsədri təyin etmişdir. Biz belə başa düşdük ki, bu komissiyada Azərbaycanın da nümayəndəsi var. Zənnimcə, bu işdə bizim ilk addımımız birgə komissiyanın iclasını çağırmaq və həmin iclasda ticarət əlaqələrinin, eləcə də iqtisadi əməkdaşlığın digər formalarının inkişafına dair hər iki tərəfin konkret təkliflərini araşdırmaqdan ibarət olmalıdır. Rumıniya tərəfi energetika, neft və qaz, onların emalı sənayesində bir sıra ideyalar irəli sürə bilər. Nəqliyyat, ağac emalı, yeyinti sənayesi və bir sıra digər sahələrdə həyata keçirilə biləcək ideyalar da mövcuddur. Zənnimizcə, əsas vəzifə ondan ibarətdir ki, iqtisadi məsələlərə dair birgə komissiya meydana çıxa bilən bütün təklifləri və ideyaları uzlaşdıraraq, özünün gələcək fəaliyyətini müəyyənləşdirsin.

Biz Gürcüstanla əməkdaşlıq şəraitində Xəzər dənizi regionu ilə Rumıniya ərazisindən keçməklə Avropaya gedən tranzit yolun üstündə yerləşən ölkələri əhatə edən iqtisadi layihəni həyata keçirmək istərdik. Gürcüstanla əldə edilmiş razılıq əsasında biz Konstansa və Batumi limanlarından Poti limanınadək bərə xətti açmışıq. Dünyanın beş ən iri gəmi bərəsindən ikisi Rumıniyaya məxsusdur. Onlarla birdəfəyə 120 dəmir yol vaqonu göndərmək mümkündür. Lakin hələlik onları tam həcmdə yükləmək olmur. Buna görə də sizin köməyinizlə, sizin dəstəyinizlə onları tam yükləmək istərdik. Təbiidir ki, bu gəmi-bərələr vasitəsilə istənilən malları, o cümlədən neft sisternlərini daşımaq mümkündür. Sizin neftinizin göndərilməsini təmin edən Supsa limanının imkanlarından daha yaxşı istifadə etmək barədə də danışmaq olar. Bizim Konstansa limanı yaxınlığında neft emalı kombinatı, habelə bütün ölkə ərazisində bir sıra müəssisələr vardır. Ola bilsin, bu sahədə ixtisaslaşmış 2 milli şirkəti Azərbaycan neftinin əvvəlcə Rumıniyanın neft emalı zavodlarına, gələcəkdə isə Avropa bazarına çıxarılmasına dair müəyyən saziş imzalamağa həvəsləndirmək məqsədəuyğun olardı.

Konstansa yaxınlığında yerləşən özəl şirkət «Rompetrol» adlanır və o, artıq Azərbaycan Respublikasındakı tərəfdaşları ilə birgə işləyir. Hələlik isə Rumıniya Milli Neft Şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında tərəfdaşlığın genişləndirilməsinə yönəldilmiş danışıqlar aparılır. Özü də bizim milli şirkət kəşfiyyat işləri aparmaq, habelə neft hasilatı və təbiidir ki, onun emalı, nəqli, indiki halda isə ixracı ilə də bağlı işləri görmək imkanlarına malikdir. Adriatik dənizinədək neft kəməri tikintisinə dair Yuqoslaviya, Xorvatiya və İtaliya ilə birgə layihəmiz vardır. Biz bu layihə ilə artıq mövcud olan sistemə qoşula bilərik. Zənnimcə, bütün bu problemlər nümayəndələrimiz arasında danışıqlar çərçivəsində məsələyə konkret yanaşmanın mövzusu ola bilər. Bu diskussiyalar ölkələrimiz arasında əməkdaşlığın inkişafına dair konkret layihələrin əsasını təşkil edə bilərdi. Belə hesab edirəm ki, bu bizim ikitərəfli münasibətlərimizin inkişafının əsas məsələsi, əsas ideyasıdır və bu, siyasi sahədə əməkdaşlığımıza da dəstək olardı.

Bu gün bəyannamə və daha 3 sənəd imzalanacaqdır. Xarici İşlər Nazirliyimiz ikitərəfli əməkdaşlıqla bağlı bir sıra digər sənədlər də hazırlamışdır. Silahların, narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasına dair ikitərəfli sənədlər imzalamaq üçün Daxili İşlər və Ədliyyə nazirlikləri arasında əməkdaşlığa başlamaq ideyasını da təklif etmək olar. Təhsil, mədəniyyət sahələrində də əməkdaşlıq imkanları mövcuddur. Hər halda, biz istərdik ki, bu səfər nəticəsində ən yaxın müddət ərzində konkret nəticələr əldə edilsin. Xüsusən ona görə ki, biz iqtisadi münasibətlərin inkişafına yeni təkan vermək istəyirik. Regional planda, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində işbirliyindən əlavə, Cənubi Qafqaz ölkələri ilə daha intensiv dialoqa başlamaq istərdik. Azərbaycan Respublikası iqamətgahı Buxarestdə yerləşən Avropa ölkələri əməkdaşlıq təşkilatı çərçivəsində artıq müşahidəçi kimi iştirak edir.

Biz ölkələrimizin Avropadakı coğrafi mövqeyinə bir qədər yenidən baxmaq istərdik. Balkanı, bir qayda olaraq, Cənub-Şərqi Avropa hesab edirlər. Bu, düzgün deyildir və həqiqətə uyğun gəlmir. Bu hələ Sovet İttifaqı mövcud olan vaxtdan qalmış fikirdir, o zaman Avropa SSRİ ilə həmsərhəd idi. Onda Rumıniyanı, Bolqarıstanı və digər Balkan ölkələrini Avropanın cənub–şərq ölkələri hesab etmək qəbul olunmuşdu. Elə isə, bəs Qafqazın özü və Cənubi Qafqaz harada yerləşir? Avropanın arxasındamı? Biz hesab edirik ki, siz Atlantik okeanından Xəzər dənizinə və Uraladək uzanan Avropada yerləşirsiniz. Əsl cənub–şərq məhz burada, Qafqazdadır. Rumıniya isə Avropanın lap mərkəzində, Atlantik okeanından da, Uraldan və Xəzər dənizindən də iki min kilometr aralıda yerləşir. Belə ki, biz tarixi və siyasi həqiqəti bərpa etməli, eyni zamanda, müxtəlif ölkələr arasında mövcud olan çox böyük fərqləri aradan qaldıra biləcək yeni demokratik Avropanın birləşməsinə nail olmalıyıq.

Bu, ölkələrimiz arasında, bir növ, ümumi fəaliyyət platforması ola bilər.

Heydər Əliyev: Cənab Prezident, təşəkkür edirəm.

İlk növbədə, Sizin son sözləriniz haqqında öz fikirlərimi bildirmək istəyirəm. Təbiidir, indi Avropanın sərhədləri dəyişibdir. Siz doğru deyirsiniz, coğrafiyada Qərbdən Ural dağlarına qədər hamısı Avropadır. Amma düz deyirsiniz ki, Sovet İttifaqı vaxtı SSRİ ilə Qərbin sərhədlərini götürəndə, Rumıniya Cənub–Qərbi Avropaya düşürdü. Ona görə mən Sizin fikrinizlə razıyam ki, indi Rumıniyanın yerini, yəni Cənub–Qərbi Avropanı Qafqaz, o cümlədən Azərbaycan tutur. İndi Azərbaycan Avropanın ən şərq sərhədidir. Eyni zamanda, cənub sərhədidir.

Hörmətli cənab Prezident, Siz söhbətimizin başlanğıcında Dağlıq Qarabağ probleminə toxundunuz. Biz Sizinlə təkbətək görüşdə bu məsələni çox ətraflı müzakirə etdik. İndi burada Sizin bəyan etdiyiniz fikirlərlə əlaqədar bildirmək istəyirəm ki, Rumıniya Ermənistan–Azərbaycan münaqişəsində həmişə Azərbaycanın mövqeyini müdafiə edibdir. Rumıniya bu yaxın vaxtlarda, ATƏT-ə sədrlik etdiyi zaman da məsələnin həll olunması üçün xeyli fəaliyyət göstəribdir.

Mən bu gün Sizə təkbətək görüşdə dediyim kimi, biz bu məsələni sülh yolu ilə həll etmək istəyirik və bu mövqedən çəkilmirik. Ancaq Siz bilirsiniz ki, atəşkəs əldə edilən zamandan indiyə qədər 8 ildən çox keçibdir. Mən Sizə söylədim, bir milyondan artıq qaçqının əksəriyyəti çox ağır vəziyyətdə çadırlarda yaşayır. Onların daim belə vəziyyətdə yaşaması mümkün deyil və Azərbaycan öz torpaqlarını da uzun illər Ermənistan silahlı qüvvələrinin işğalı altında qoya bilməz. Ona görə beynəlxalq təşkilatlar – ATƏT, onun Minsk qrupu və ATƏT-ə daxil olan ölkələr Azərbaycanın bu vəziyyətinin nə qədər ağır, çətin olduğunu gərək bilsinlər və məsələnin həll olunması üçün öz səylərini göstərsinlər.

İqtisadi əlaqələr, gələcək əməkdaşlığımız haqqında sizin fikirləriniz və təklifləriniz çox maraqlıdır. Mən onların çoxu ilə tamamilə razıyam. Həqiqətən, iqtisadi əməkdaşlıq etmək üçün bizim çox böyük imkanlarımız var. Bu, iki istiqamətdə aparıla bilər. Birincisi, bilavasitə Rumıniya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələri genişləndirmək üçün, Sizin buyurduğunuz kimi, yaratdığımız müştərək iqtisadi komissiya çox böyük iş görə bilər. Azərbaycan tərəfdən müştərək komissiyaya Baş nazirin müavini Yaqub Eyyubov rəhbərlik edir. Güman edirəm ki, o və onunla bərabər, bu komissiyada Azərbaycan tərəfdən olan şəxslər bu gündən sonra bu istiqamətdə öz fəaliyyətlərini gücləndirməlidirlər.

İkinci istiqamətə gəldikdə, biz bir bölgədəyik. Siz Balkandasınız, biz Qafqazdayıq, bizi birləşdirən Qara dəniz var, başqa kommunikasiyalar var. Bu sahədə də Avropa Birliyi tərəfindən həyata keçirilən bir neçə layihələr– TRASEKA proqramı, İNOQEYT proqramı çərçivəsində indiyə qədər əməkdaşlıq etmişik və bundan sonra da edə bilərik.

1998-ci ilin sentyabrında Azərbaycanda, Bakıda İpək Yolunun bərpası, TRASEKA proqramının həyata keçirilməsi üçün beynəlxalq konfrans təşkil olunmuşdur. Rumıniya bu konfransın fəal iştirakçısı olmuşdur və qəbul edilən sənədləri imzalamışdır. Biz bu sahədə əməkdaşlığımızı fəallaşdırmalıyıq.

Sizin irəliyə sürdüyünüz təkliflər çox maraqlıdır. İndi biz Xəzər dənizinin Azərbaycan sektorundan hasil olunan nefti Qara dəniz vasitəsilə hələ ki, ixrac edirik. Bakı–Supsa neft kəməri ilə ildə təxminən 5-6 milyon ton neft ixrac olunur. Bu layihəyə də TRASEKA proqramının bir hissəsi kimi baxılmalıdır. Batumi, ya da Potidən neft sisternlərinin bərəyə yüklənib Konstansaya, oradan isə Dunay çayı ilə şimala, ya da Adriatik dənizinə qədər aparılması barədə Sizin təklifləriniz tamamilə əsaslıdır. Biz bunları gələcəkdə nəzərə almalıyıq.

Mən Sizə bildirdim ki, biz sentyabrın 18-də Bakı–Tbilisi–Ceyhan neft kəmərinin inşasının başlanması mərasimini keçirdik. Bu neft kəməri vasitəsilə ixrac olunacaq neftin bir hissəsini gələcəkdə Qara dəniz vasitəsilə Balkan ölkələrinə də ixrac etmək olar. Yaxud da bu kəmərlə yanaşı, yenə də deyirəm, Bakı–Supsa neft kəmərindən daha fəal istifadə etmək mümkündür. Mən bunları Sizə bildirdim.

Azərbaycanda çox yaxşı perspektivlər görünür. Neft hasilatı yaxın 3-4 ildə təxminən 50 milyon tona qədər qalxmalıdır. Ona görə də biz bu neftin müxtəlif kəmərlərlə ixrac olunması məsələsini də düşünməliyik. Hər halda, bu məsələlər Sizə də, bizə də məlumdur. Ancaq Siz buyurduğunuz kimi, bizim müştərək komissiya, müvafiq orqanlar gərək bunları müzakirə etsinlər və lazımi tədbirlər görsünlər.

Mən Sizinlə razıyam ki, ölkələrimiz arasında elm, mədəniyyət, təhsil, səhiyyə və başqa sahələrdə də çox sıx əməkdaşlıq edilir. Biz bunu davam etdirməliyik. Xalqlarımızı bir-birinə yaxınlaşdırmalıyıq və ölkələrimizi bir-birinə yaxınlaşdırmalıyıq.

Sizin ölkənin böyük perspektivləri var. Avropa Birliyinə daxil olacaqsınız, NATO-ya daxil olacaqsınız. Təbii ki, biz də bu yollarla getmək istəyirik. Avropa Şurasına daxil olmağımız bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Rumıniya və Azərbaycan parlamentlərinin nümayəndələri Avropa Şurasında sıx əməkdaşlıq etməlidirlər.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa