Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin GUÖAM Təşkilatının Üzvü Olan Ölkələrin Dövlət Başçılarının Zirvə görüşündə iştirak etmək üçün Ukraynanın Yalta şəhərinə işgüzar səfərə yola düşməzdən əvvəl Bakının Binə Hava Limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibəsi- 19 iyul 2002-ci il


H e y d ə r Ə l i y e v: Mənim Yaltaya getməyimin səbəbi məlumdur. Orada GUÖAM-ın növbəti zirvə görüşü keçiriləcəkdir. Sizə bundan savayı başqa bir şey deyə bilmərəm. Əgər sözünüz, suallarınız varsa, verin.

S u a l: Cənab Prezident, dövlətlərarası iqtisadi saziş imzalanacaqmı?

C a v a b: Orada bir çox saziş imzalanacaqdır.

S u a l: Cənab Prezident, zirvə görüşündə qərarlar konsensus əsasında qəbul olunur. Özbəkistanın bu görüşdə iştirak etməməsi sənədlərin qəbul olunmasına maneçilik törədə bilərmi?

C a v a b: Onun əhəmiyyəti yoxdur.

S u a l: Cənab Prezident, Yalta görüşü çərçivəsində münaqişələrlə bağlı müzakirələrin aparılacağı və xüsusi bəyanat veriləcəyi gözlənilirmi?

C a v a b: Müzakirələr, ümumiyyətlə, dünyada təhlükəsizlik və sabitlik haqqında aparılacaqdır. Bütün bu problemlər də buraya daxildir. Bu barədə də xüsusi qərar qəbul olunacaqdır.

S u a l: Cənab Prezident, görüşdə GUÖAM-ın möhkəmləndirilməsi, onun fəaliyyətinin səmərəsinin artırılması üçün hansı işlər görüləcək və bunun nəticəsini Siz necə təsəvvür edirsiniz? 

C a v a b: Əgər bu təşkilat varsa və o, müəyyən olunmuş qaydada, təyin edilmiş vaxtlarda öz toplantılarını keçirirsə, hər belə zirvə görüşü o təşkilatın möhkəmlənməsinə kömək edir. Güman edirəm ki, bu dəfə də belə olacaqdır.

S u a l: Cənab Prezident, azad iqtisadi zonaların yaradılması ilə bağlı məsələ müzakirə ediləcəkmi?

C a v a b: Bəli, biz bu barədə saziş imzalayacağıq.

S u a l: Cənab Prezident, enerji sektoru ilə bağlı keçirilmiş müşavirədə Siz bildirmişdiniz ki, taxıl zəmilərində yanğın olan rayonların icra hakimiyyətlərinin başçıları buna görə məsuliyyət daşıyırlar. İki gün əvvəl Qusar rayonunda da belə bir yanğın baş vermişdir. Buna görə həmin rayonun icra hakimiyyətinin başçısı məsuliyyət daşıyırmı?

C a v a b: Bilirsiniz, kim nə üçün məsuliyyət daşıyır, bu həmişə araşdırılır. Mən sizdən çox xahiş edirəm, jurnalistsiniz, dəfələrlə sizə demişəm, səviyyənizi artırın. Dünyanın bir çox ölkələrində meşələr yanır. Meşələri yanan ölkələrin, nə bilim, prezidentlərini, qubernatorlarını və sair – bunları həbs etmək, yaxud məsuliyyətə cəlb etmək lazımdır? Hər bir faktın özünəməxsus xüsusiyyətləri var. Məsuliyyət də onunla müəyyən olunur. İndi sən belə bir sual verəndə özünü də pis vəziyyətə qoyursan, məni də məcbur edirəsən ki, sənə belə sərt cavab verim.

S u a l: Cənab Prezident, Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin rəsmi nümayəndəsi Riçard Bauçer bildirmişdir ki, biz Azərbaycanda referendumun təxirə salınmasına tərəfdarıq. Sizin buna münasibətiniz?

C a v a b: Biz referendumu təyin etmişik və avqustun 24-də də keçirəcəyik.

S u a l: Cənab Prezident, bir sıra müxalifət partiyaları referendumu boykot etmək barədə qərar çıxarıblar…

C a v a b: Bu onların öz işləridir. Bizdə demokratiyadır, hər bir partiya, yaxud da ki, təşkilat istədiyi işi görə bilər. Boykot edə bilsələr, qoy etsinlər.

S u a l: Cənab Prezident, Rusiya Xəzərdə hərbi təlimlərə hazırlıqla əlaqədar işləri yekunlaşdırır. Azərbaycan bu təlimlərdə iştirak edəcəkmi?

C a v a b: Azərbaycan bu hərbi təlimlərdə iştirak edəcəkdir.

S u a l: Müşahidəçi kimi iştirak edəcək?

C a v a b: Əgər iştirak edəcəksə, deməli, müşahidəçi deyildir.

Tarixi arayış

MÜSAHİBƏLƏR