Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Əsr-e-Azadi" qəzetinin redaktoru doktor Vahid Reyhanla müsahibəsi - 10 dekabr 1997-ci il


Sual: Cənab prezident, deyirlər ki, Brejnevin hakimiyyəti dövründə Azərbaycanda bolluq idi. Bu, doğrudan da belə idi? Siz Azərbaycanın prezidenti seçiləndən, neft müqavilələri imzalayandan sonra deyirlər ki, Azərbaycan Küveyt kimi varlı bir ölkə olacaqdır. Bu barədə nə deyə bilərsiniz?

Heydər Əliyev: Brejnevin hakimiyyəti dövründə yox, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zaman respublikada bolluq olubdur. Axı Azərbaycana Brejnev rəhbərlik etmirdi. O vaxt Azərbaycanın rəhbəri Heydər Əliyev idi, Brejnev isə Moskvada oturmuşdu. Azərbaycanda görülən işləri Azərbaycanın rəhbərliyi özü aparırdı. O vaxt doğrudan da bolluq idi, yaşayış çox yaxşı idi. Ancaq 1988-ci ilin ikinci yarısından Azərbaycanın iqtisadiyyatına zərərlər dəymişdi. Xüsusən, Ermənistanın Azərbaycana təcavüzü başlayandan sonra respublikamızda iqtisadiyyat inkişaf etmədi, məhsul istehsalı aşağı düşdü.

Bizim son iki ildə Azərbaycanda apardığımız iqtisadi islahatlar nəticəsində, şübhəsiz ki, bazar iqtisadiyyatını tətbiq etmək, insanlara sərbəstlik vermək, xarici ticarəti sərbəstləşdirmək və xarici ölkələrlə ticarət əlaqələrini genişləndirmək sayəsində ölkəmizdə iqtisadiyyat artıq dirçəlir. Əgər 1988-1989-cu illərdən ta 1995-ci ilə qədər Azərbaycanda iqtisadiyyat, sənaye, kənd təsərrüfatı məhsulları istehsalı ilbəil aşağı düşürdüsə, indi biz bunun qarşısını almışıq, 1996-cı ildə artım başlayıbdır. 1997-ci ildə məhsul istehsalının artımı daha da çox olubdur.

Bu artım nədən ibarətdir? İqtisadçılar bilir, bəlkə siz də bilirsiniz - ümumi daxili məhsul iqtisadiyyatın səviyyəsini müəyyənləşdirən göstəricidir. Azərbaycanda ümumi daxili istehsal bu il əvvəlki ilə nisbətən beş faiz artıbdır. Sənaye məhsulu istehsalı aşağı düşməyibdir, təxminən bir faiz artıbdır. İnsanların pul gəliri 50 faiz artıbdır. İnflyasiya tamamilə yox olubdur. 1994-cü ildə respublikada inflyasiya 1600 faiz təşkil edirdi. Bu, 1995-ci ildə 84 faiz, 1996-cı ildə 6 faiz olmuşdur. İndi inflyasiyanın dərəcəsi sıfırdır. Bunlar iqtisadiyyatın, maliyyənin vəziyyətini əks etdirən ən əsas göstəricilərdən biridir. Son vaxtlar manatın dəyəri dollara nisbətən artır. Bu da çox yaxşı göstəricidir.

Biz ərzaq bolluğunu təmin etmişik. Vaxt var idi ki, respublikada ərzaq məhsulları çatışmırdı. Hətta Sovet İttifaqı vaxtında da, məsələn, 1981, 1982-ci illərdə də bəzi ərzaq məhsulları çatışmırdı. Mən 1982-ci ildə Moskvaya işləməyə getdim. Amma indi bolluqdur. Çünki biz kənd təsərrüfatını özəlləşdirmişik. Heyvandarlığı tamamilə özəlləşdirmişik, mal-qaranı kəndlilərə vermişik. Kəndli keçmiş Sovet İttifaqı dövründəki kolxozlardakına nisbətən indi mal-qaraya daha yaxşı baxır. O dövrdə həm mal-qaraya yaxşı baxmırdılar, həm də məhsulu oğurlayırdılar. Amma indi inək də, qoyun da, keçi də kəndlinin özünündür. Bilir ki, heyvana nə qədər yem versə, yaxşı bəsləsə, o qədər də çox süd, ət, gəlir götürəcəkdir. Bununla da ət, süd məhsulları artacaqdır. Bu, artıq öz nəticəsini verir.

Biz torpaqları camaata paylamışıq. Torpaq əvvəllər dövlət mülkiyyətində idi, insanların deyildi. O yerdə ki, torpaqları camaata paylamışıq, orada insanlar torpaqdan daha səmərəli istifadə edir, daha çox mənfəət götürürlər. Eyni zamanda buğda, başqa məhsullar istehsal edir, gətirib satır, bolluq yaradırlar. Ona görə də bizdə kənd təsərrüfatı məhsulları daha da artır, bu sahədə bolluq vardır. Doğrudur, əhalinin hamısının bu məhsulları almağa imkanı yoxdur. Məsələn, Azərbaycanda bir milyon qaçqın var. Onlar Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi torpaqlardan qaçqın düşüblər, işləmirlər, çadırlarda yaşayırlar, bu adamların vəziyyəti ağırdır. Ümumiyyətlə, bizdə hələ ki, kasıb yaşayan adamlar vardır. Bu da təbiidir. Baxmayaraq ki, İranda nə kolxoz, nə sovxoz olub, elə İranın özündə kasıb yaşayan adamlar var. Amma görürsünüz, indi bir sistemi dəyişdiririk, bir siyasi, iqtisadi quruluşdan digərinə keçirik. Bax, bunların nəticəsində indi respublikamızın iqtisadiyyatında dirçəliş vardır. Bu dirçəliş də get-gedə artır. Bunlar hamısı ölkəmizdəki mövcud imkanlardan meydana gələn nəticələrdir.

Sən neft istehsalı məsələsindən də danışdın. Bəli, biz xarici ölkələrin şirkətləri ilə birgə Xəzər dənizindəki bir çox yataqlardan neft və qaz çıxarmağa başlamışıq. O cümlədən İranın "Oyek" şirkəti Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsi üçün imzalanmış iki müqavilənin həyata keçirilməsində iştirak edir. Həmin müqavilələrin həyata keçirilməsində Rusiyanın, Fransanın, İngiltərənin, Amerikanın və başqa ölkələrin şirkətləri də iştirak edir. Şübhəsiz ki, bu yataqlardan bir neçə ildən sonra xeyli çox neft və qaz hasil olunacaqdır. Biz həmin nefti və qazı dünya bazarında satanda gəlirimiz artacaqdır. Gəlirimiz artdıqca da biz ölkəmizdə müəyyən çətinlikləri aradan qaldıracağıq və iqtisadiyyatın başqa sahələrinə sərmayə qoya biləcəyik. Halbuki indi bizim həmin sahələrə qoymaq üçün vəsaitimiz yoxdur. Bu sahələrə sərmayə qoyanda oradan da gəlir götürəcəyik və beləliklə, Azərbaycanın gələcəyi çox yaxşı olacaqdır.

Sual: Cənab prezident, Azərbaycan mahnılarında Vətən sevgisi həmişə ön planda durur. Bəs ermənilərlə nə edəcəksiniz?

Heydər Əliyev: Ermənistan Silahlı Qüvvələrini Azərbaycanın işğal olunmuş torpaqlarından mütləq çıxaracağıq. Biz heç vaxt torpaqlarımızın Ermənistan işğalı altında qalmasına yol verməyəcəyik. Doğrudur, üç il yarım keçibdir ki, biz müharibəni dayandırmışıq. Nə üçün? Bilirsiniz, 1988-ci ildən 1994-cü ilədək altı il müharibə getdi. Həmin müharibə Azərbaycana bir şey gətirmədi, respublikamıza bəlalar gətirdi - insanlar şəhid oldu, qırıldı, torpaqlarımız işğal olundu. Nə üçün? Ona görə ki, Ermənistanın arxasında bir çox dövlətlər durur, ermənilərə silah-sursat verirlər. Rusiyanın Ermənistanda hərbi, əsgəri bazaları vardır. Rus ordusu Ermənistanda durubdur. Belə bir halda lazım gəlsə, Ermənistanla yenə müharibə etmək olar. Ancaq biz belə fikrə gəldik ki, məsələni sülh yolu ilə həll etmək daha düzgün olar. Ona görə də biz atəşi dayandırdıq, atəşkəs haqqında saziş imzaladıq. İndi sülh danışıqları aparırıq. Bu danışıqlar da ondan ibarətdir ki, Ermənistanın işğalçı ordusu gərək işğal edilmiş yerlərdən çıxsın, qaçqınlarımız öz yerlərinə qayıtsınlar, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Dağlıq Qarabağda yaşayan ermənilərə isə Azərbaycan dövlətinin tərkibində yüksək dərəcəli muxtariyyət hüququ veriləcəkdir.

Sual: Əbülfəz Elçibəyin Bakıya qayıtması nə ilə əlaqədardır?

Heydər Əliyev: Azərbaycanın hər bir vətəndaşı harada istəsə, orada yaşaya bilər. Əbülfəz Elçibəy 1993-cü ildə respublika prezidenti vəzifəsini, camaatı başlı-başına qoyub, dağda yerləşən Kələki kəndinə getdi, orada gizləndi, öz vəzifəsini yerinə yetirmədi, fərarilik etdi. Orada dörd il yarım yaşadı. O, sonra Bakıy a gəlmək istədi, gəldi. Hara istəsə - Gəncəyə, Sumqayıta, Lənkərana gedə bilər. Yəni nə onun qaçmağında, nə də Bakıya qayıtmağında bizim iştirakımız yoxdur.

Sual: Siz dünyanın ən böyük siyasətçisisiniz. Dünyada üç böyük siyasi xadimdən birincisi Sizi hesab edirlər. Siz neft müqaviləsi imzalamaqla Azərbaycanı dünyada bir daha şöhrətləndirdiniz. Bayaq dediniz ki, torpağı özəlləşdirmisiniz. Həmin torpaqlar camaata müftə verilibdirmi?

Heydər Əliyev: Bəli, torpağı xalqa, camaata, kəndliyə tamam müftə vermişik. O, torpaqdan özü istədiyi kimi istifadə edəcəkdir. Həmin torpağı sata da bilər, qohum-əqrəbasına da verə bilər. O, torpağın sahibidir. Hesab edirəm ki, o, həmin torpağı satsa da, başqasına versə də, fərqi yoxdur - torpaqdan səmərəli istifadə edəcəkdir. Ölkəmizin əkinçilikdə imkanları böyükdür. Bizim çox münbit, gözəl torpaqlarımız vardır, onlardan daha çox məhsul götürmək olar. Ölkədə məhsul artacaqdır. Məhsul artanda isə ərzaq bolluğu olacaqdır.

Sual: İKT-nin VIII zirvə görüşü başa çatandan sonra Azərbaycanla İran arasında əlaqələr necə olacaqdır? Bu ölkələr arasında yaxşı münasibətlər var. Bundan da yaxşı olacaq, yoxsa yox?

Heydər Əliyev: İslam Konfransı Təşkilatının VIII zirvə görüşünün bu məsələyə o qədər də dəxli yoxdur. Bilirsiniz ki, bu zirvə görüşünə 55 ölkənin, o cümlədən də Azərbaycanın nümayəndələri gəlibdir. Bu gün mən İran İslam Respublikasının prezidenti cənab Xatəmi ilə görüşəcəyəm. Biz ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin gələcəkdə necə inkişaf etdirilməsi məsələlərini müzakirə edəcəyik. Mənim istəyim də, arzum da budur ki, İran ilə Azərbaycan arasında dostluq, qardaşlıq əlaqələri olsun, bizim ölkələrimizin böyük imkanlarından əməkdaşlığımızı, o cümlədən iqtisadi əməkdaşlığımızı inkişaf etdirmək üçün istifadə edilsin.

Sual: Hörmətli prezident Heydər Əliyev, indiyədək Təbrizdə olubsunuzmu?

Cavab: Mən Naxçıvanda yaşayarkən Təbrizə gəlmişdim. Ancaq Azərbaycanın prezidenti kimi 1994-cü ildə İrana rəsmi ziyarətə gələrkən Təbrizə getmək imkanım olmadı. Təbrizə yenidən getmək arzum vardır, yəqin Allah qismət edəcəkdir.

Jurnalist: İnşallah. Çox sağ olun, cənab prezident.

Tarixi arayış