Azərbaycanın əməkdar incəsənət xadimi, yazıçı Maqsud İbrahimbəyova - 14 may 1995-ci il


Hörmətli Maqsud!

Sizi - müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, respublikamızda və onun hüdudlarından çox-çox kənarlarda tanınmış gözəl yazıçı və kinodramaturqu 60 illik yubileyiniz münasibətilə təbrik edirəm.

XX əsr Azərbaycan ədəbiyyatının inkişafında siz öz yaradıcılığınızla yeni bir ədəbi istiqamətin əsasını qoyanlardan birisiniz. Ədəbiyyatımızın dünya miqyasında yayılması yə seviləsevilə oxunmasında sizin çox böyük payınız vardır. İki mədəni fəzanın, iki dilin qovuşduğu bir məkanda yaşayan qəhrəmanlarımız Azərbaycan nəsrinə yeni ab-hava gətirmişlər. Onlar müasir olduqları qədər millidirlər. Məhz buna görə də sizin yaradıcılığınız heç kimi laqeyd qoymamışdır.

Azərbaycan kinematoqrafiyasının inkışafında da sizin xidmətləriniz böyükdür. Dünyanın teatr səhnələrində və kino ekranlarında yeni həyat qazanmış əsərləriniz sərt gerçəkliyi real əks etdirməklə yanaşı hər bir insanda sabaha inam, yüksək ideallara sədaqət tərbiyə edir.

Əminəm ki, bundan sonra da siz müstəqil Azərbaycanın gələcəyi naminə fədakarcasına yazıb-yaradacaq, ədəbiyyatımızın inkişafı və onun dünya miqyasında təbliği üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Bu yolda sizə cansağlığı və uğurlar diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MƏDƏNİYYƏT