Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bəyanatı - Cenevrə, 22 avqust 1999-cu il


Hörmətli mətbuat nümayəndələri!

Bu gün burada Ermənistan Respublikası prezidentinin və Azərbaycan Respublikası prezidentinin görüşü oldu.

Bu, bizim ikinci təkbətək görüşümüzdür. Bir ay əvvəl olmuş görüş də, bu görüş də burada, Cenevrədə keçirilmişdir.

Hər şeydən əvvəl İsveçrənin, Cenevrənin hakimiyyət orqanlarına təşəkkür etmək istərdim. Ona görə ki, onlar bizə görüşmək və qarşılıqlı münasibətlərimizə aid olan məsələləri müzakirə etmək imkanı vermişdir. Burada bu baxımdan hər şey gözəldir və hesab edirəm ki, gələcəkdə də belə görüşlərə zərurət olarsa, bundan ötrü başqa şəhər axtarmaq lazım deyildir.

Biz Ermənistanla Azərbaycan arasında münaqişənin - Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasına aid bir çox məsələləri müzakirə etdik. Hesab edirəm ki, bir ay əvvəlki görüş də, bu görüş, keçirdiyimiz söhbətlər, apardığımız danışıqlar da faydalıdır və bizə münaqişənin dincliklə nizama salınmasının real yollarının axtarışı ilə daha yaxşı məşğul olmağa imkan verir.

Prezident Robert Koçaryanla biz həm Azərbaycanın maraqları, həm də Ermənistanın maraqları barədə çox açıq danışdıq. Lakin mənə xoşdur ki, hər ikimiz belə bir eyni fikirdə olduq ki, biz məsələnin dincliklə nizama salınmasının qarşılıqlı maraqlara cavab verən yollarını axtarıb tapmalıyıq.

Bununla əlaqədar biz görüş zamanı həmin məsələyə toxunduq və bu gün demək istəyirəm ki, Azərbaycan atəşkəs rejiminin qorunub saxlanması, hər hansı pozuntulara yol verilməməsi, münaqişə sülh yolu ilə qəti olaraq nizama salınan vaxtadək bu rejimin saxlanması mövqeyində əvvəlkitək möhkəm dayanmışdır.

Praktiki baxımdan razılığa gəldik ki, biz Azərbaycan Respublikasının və Ermənistan Respublikasının müdafiə nazirlərinə belə bir göstəriş verək ki, onlar görüşüb, atəşkəs rejiminin möhkəmləndirilməsi üçün konkret tədbirlər müəyyənləşdirsinlər. Bunu çox böyük bir nailiyyət kimi qeyd edirəm ki, heç bir xarici ölkənin iştirakı olmadan, sülhyaratma qüvvələrinin hər hansı müdaxiləsi olmadan biz beş ildən artıqdır münaqişə vəziyyətində olsaq da, atəşkəs rejimi vəziyyətindəyik və onu qoruyub saxlayırıq.

Bununla yanaşı, atəşkəs xəttində atışmalar, həm bu, həm də digər tərəfdən itkilər olur. Bu, bizi narahat edir. Ona görə də biz atəşkəs rejimini möhkəmləndirməyi və bu məqsədlə elə etməyi zəruri bilirik ki, atışmalar olmasın, itkilər olmasın.

O ki qaldı nizamasalma probleminə, zənnimcə, biz belə bir yekdil fikirdəyik ki, qarşılıqlı kompromislərə - hər iki ölkənin milli maraqlarına uyğun olan kompromislərə getməliyik. Görünür, dialoqumuzu və danışıqlar prosesimizi hər halda gücləndirmək üçün biz son bir neçə ayda əslində zəifləmiş olan bu danışıqlar prosesinə yenidən başlamalıyıq.

Biz bu məsələ ilə əlaqədar xarici işlər nazirlərinə müvafiq göstərişlər verdik. Buna görə də ümidvaram ki, bizim şəxsi görüşlərimizi və keçirdiyimiz söhbətləri nəzərə alaraq danışıqlar prosesinin yenidən başlanması münaqişənin sülh yolu ilə nizama salınmasına nail olmaq sahəsində bütün işi gücləndirə bilər.

Azərbaycan şübhə etmir ki, münaqişəni nizama salmaq, özü də sülh yolu ilə nizama salmaq lazımdır. Hər şeydən görürəm ki, buna Ermənistanın da şübhəsi yoxdur. Ancaq hər halda, biz bu mürəkkəb məsələdə gərək ən düzgün qərarlar axtarıb tapaq. Azərbaycan məsələnin sülh yolu ilə nizama salınmasını istəyir və biz dincliklə nizamasalmaya nail olmaq üçün hər şey edəcəyik.

Əgər bütövlükdə Qafqazda sülh bərqərar edilsə, xüsusən də Ermənistanla Azərbaycan arasındakı münaqişə nizama salınsa, onda ölkələrimiz qarşısında, ümumən Qafqazda böyük perspektiv açılar. Biz bunu dərk edirik və bunu əsas tutaraq müvafiq tədbirlər görürük və görəcəyik.

Diqqətinizə görə sağ olun.