Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin başçılıq etdiyi Azərbaycan Respublikası nümayəndə heyəti ilə Polşa Respublikasının Prezidenti Aleksandr Kvasnevski başda olmaqla bu ölkənin nümayəndə heyəti arasında danışıqlardan - Prezident sarayı, 27 oktyabr 1999-cu il


Heydər Əliyev:  Zati-aliləri, Polşa Respublikasının prezidenti hörmətli cənab Aleksandr Kvasnevski, mən sizi və sizinlə birlikdə Azərbaycana gəlmiş nümayəndə heyətinizi ürəkdən salamlayıram. Əmin olduğumu bildirmək istəyirəm ki, Polşa prezidentinin Azərbaycana ilk səfəri Polşa-Azərbaycan əlaqələrinin inkişafı üçün çox faydalı olacaqdır.

Rus dilindən istifadə edə bildiyimizi nəzərə alaraq, tərcüməyə çox vaxt sərf etməmək üçün mən nitqimin və danışıqların qalan hissəsini rus dilində aparacağam. Bizdə polyak dilini bilən bir adam var, o, yanımda oturub, Polşa-Azərbaycan Cəmiyyətinin sədridir, 1997-ci ildə mənimlə birlikdə Polşada olub, ancaq tərcüməçilik fəaliyyətində böyük təcrübəsi yoxdur və ehtiyat edirəm ki, tərcümədə qeyri-dəqiqliklər ola bilər. Ona görə də rus dilinə keçirəm.

Hörmətli prezident, dəvətimi qəbul edib, Azərbaycana rəsmi səfərə gəldiyinizə görə sizə təşəkkürümü bildirirəm. Son illər Polşa ilə Azərbaycan arasında münasibətlər intensiv inkişaf edir.

Hörmətli cənab prezident, 1997-ci ilin avqustunda sizin dəvətinizlə mən Polşada rəsmi səfərdə oldum. Biz orada çox səmərəli danışıqlar apardıq, mən sizin həyatınızla, ölkənizin həyatı ilə və sizdə də gedən proseslərlə tanış oldum, biz Polşa ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafı haqqında birgə bəyannamə, ölkələrimiz arasında qarşılıqlı münasibətlərin müqavilə-hüquqi əsasını təşkil edən bir sıra mühüm sənədlər imzaladıq. Mən Polşaya rəsmi səfərimi, sizinlə, hökumətimizin üzvləri ilə söhbətləri və danışıqları bu gün də böyük səmimiyyətlə və hörmətlə xatırlayıram. Varşavanın müxtəlif yerlərinə gedərkən Polşa vətəndaşları ilə ünsiyyətdə olmaq imkanım da oldu. Bütün bunlar mənə çox böyük təsir bağışladı. 1997-ci ilin avqustunda Polşada danışıqlarımızda və görüşlərimizdə mənim üçün heç nə ilə müqayisəyə gəlməyən ən başlıca cəhət isə budur ki, biz bəyan etdik ki, Polşa ilə Azərbaycan arasında bütün sahələrdə dostluq münasibətlərini möhkəmlədəcək və inkişaf etdirəcəyik. Şimali Atlantika İttifaqı Şurasında, NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramında əməkdaşlıq üçün Azərbaycanın Avropa strukturlarına inteqrasiyası üçün səylər göstərəcəyik.

Bu baxımdan sizinlə əməkdaşlıq bizim üçün çox mühümdür, çünki Azərbaycan Avropanın bir hissəsidir, özü də Avropa qitəsinin qurtaracağında yerləşir, Azərbaycandan sonra Asiya başlayır. Avropa ilə Asiya arasında yerləşən ölkə kimi Azərbaycan bütövlükdə ölkələrin, xüsusən Qərb və Şərq ölkələrinin öz aralarında münasibətləri üçün, hesab edirəm, az rol oynamır, odur ki, Polşa ilə əməkdaşlıq bizim üçün çox böyük əhəmiyyətə malikdir.

Ümumiyyətlə, biz bunu sizinlə Polşada iki il əvvəl müzakirə etmişdik. Şadam ki, bundan sonra dostluq münasibətlərimiz çox fəal inkişaf etdi, biz sizinlə beynəlxalq təşkilatların iclaslarında görüşdük. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dincliklə nizama salınması prinsiplərinin qəbul edilməsi üçün 1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşü zamanı sizin dəstəyinizi də bütün xalqımız bu gün yaxşı xatırlayır.

Biz sizin NATO-ya daxil olmağınızı alqışladıq, mən bunu Madriddə iclas keçirilərkən demişdim və sizi təbrik etmişdim. Vaşinqtonda NATO-nun 50 illik yubileyi keçirilərkən Azərbaycanın mövqeyini mən bir daha bəyan etdim. Bir sözlə, bütün bunlar bizi çox sıx bağlayır, onu nəzərdə tuturam ki, biz siyasi sahədə də, iqtisadi sahədə də, elmi sahədə də, təhsil və mədəniyyət sahələrində də münasibətlərimizi inkişaf etdirə bilərik.

Hörmətli cənab prezident, bu gün biz sizinlə dünya siyasətinə, o cümlədən Qafqazda vəziyyət haqqında, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dincliklə nizama salınması prosesinə aid bir çox məsələlər barəsində təkbətək çox açıq, səmimi fikir mübadiləsi apardıq. Mən çox şadam ki, biz bütün bu məsələlərdə tam qarşılıqlı anlaşmaya gəldik. Buna görə də biz Polşanı özümüz üçün çox yaxın və dost ölkə hesab edirik.

Şəxsən mən, cənab prezident, sizinlə mənim aramda yaranmış şəxsi münasibətləri çox yüksək qiymətləndirirəm, zənnimcə, bu münasibətlər səmimi, mehriban xarakter daşıyır. Əminəm ki, Azərbaycana səfəriniz zamanı biz çox məsələləri müzakirə edə biləcəyik. Üstəlik, sizinlə görüşümüz zamanı nümayəndə heyətlərimizin üzvləri də məsələləri müzakirə etmiş, nə barədəsə razılığa gəlmiş, hansısa perspektivləri müəyyənləşdirmişlər.

Əlbəttə, şad olacağam ki, siz Azərbaycanın paytaxtı Bakı şəhəri ilə tanış olacaq, bəzi yerlərə gedəcək, xalqımız, ölkəmiz haqqında böyük təsəvvür alacaqsınız. Ölkəmiz keçmişdəki kimi, xüsusən də bu gün bəşəri dəyərləri xüsusilə bərqərar edərək, onları öz milli ənənələri ilə, milli mənəvi dəyərləri ilə birləşdirir.

Yeri gəlmişkən, siz burada hələ əsrin əvvəllərində tikilmiş və Bakıya indiyədək yaraşıq verən bəzi çox gözəl binaları görəcəksiniz. Layihələrin müəllifləri arxitekrotlar Ploşko və Zaslavski olmuşlar. Buna görə də belə düşünürəm ki, Polşa mənim çox xoşuma gəldiyi kimi, şəhərimiz də sizin xoşunuza gələcəkdir. Əlbəttə, məni xüsusilə heyran qoyan bu olmuşdu ki, İkinci Dünya müharibəsi zamanı əslində tamamilə dağıdılmış olan Varşavanı polyak xalqı ötən 50 ildə bərpa edə bilmişdir və indi hətta təsəvvürə belə gətirmək çətindir ki, bu şəhər dağıdılmışdı.

Ümidvaram ki, Bakı ilə, Azərbaycanla tanış olarkən siz Azərbaycan xalqının, Azərbaycan vətəndaşlarının səmimi mehribanlığını daha çox hiss edəcəksiniz. Təbii ki, bütün bunlar münasibətlərimizin daha da inkişaf etməsinə təkan verəcəkdir. Sizi bir daha salamlayıram, Azərbaycana xoş gəlmisiniz.

Aleksandr Kvasnevski (Polşa Respublikasının prezidenti): Hörmətli cənab prezident Heydər Əliyev!

Hörmətli xanımlar və cənablar!

Biz hamımız mühüm tarixi hadisədə iştirak edirik, çünki bu, Polşa Respublikası prezidentinin müstəqil Azərbaycana ilk səfəridir. Yəqin ki, bu, yeni ənənə açır, belə ki, bunun sayəsində prezidentlər bir-birini daha tez-tez ziyarət edəcəklər. Biz bir neçə ildən bəri yaxından apardığımız siyasi dialoqu davam etdirəcəyik.

Mən də tarixi hadisəyə - Azərbaycan prezidentinin 1997-ci ilin avqustunda Polşaya ilk səfəri mövzusuna qayıtmaq istəyirəm. Xoş xatirələrə görə Sizə təşəkkür etmək və xatırlatmaq istəyirəm ki, o vaxt biz dövlətlərarası 8 saziş imzaladıq. Bu sazişlər gələcək əməkdaşlığmız üçün zəmin olmalıdır.

Biz bu gün bəyannamə və digər sazişlər imzalayacağıq, onlar gələcək əlaqələrimizin inkişafı üçün hüquqi əsas olacaqdır. Məmnun qaldığımı bildirmək istəyirəm ki, iqtisadi əlaqələrimiz inkişaf edir və inkişaf perspektivlərinə malikdir. Yəqin ki, nazirlərimiz bu barədə danışacaqlar.

Mənimlə birlikdə Bakıya bir qrup çox ciddi biznesmen, sahibkar gəlmişdir. Ümidvaram ki, onların danışıqları da əlaqələrimizə təkan verəcəkdir. Cənab prezident, Sizdən xahiş etmək istəyirəm ki, hər iki tərəfdən olan sahibkarlarımızın danışıqlarını hamiliyə götürəsiniz.

Polşa və Azərbaycan xalqlarının bir-birini daha yaxşı tanımaları üçün digər sahələrdə - mədəniyyət, turist mübadiləsi sahələrində də əlaqələrimizin genişlənəcəyinə ümid bəslədiyimi ifadə etmək istəyirəm.

Cənab prezident, NATO-ya yolumuzu dəstəklədiyinizə görə Sizə və Azərbaycana təşəkkür etmək istəyirəm. NATO-ya daxil olmağımız münasibətilə Vaşinqtonda bizi təbrik etdiyinizə görə, o vaxt dediyiniz bu sözlərə görə Sizə təşəkkür etmək istəyirəm ki, NATO-nun genişlənməsi kiməsə hədə-qorxu gəlmək deyildir və bu genişlənməni davam etdirmək lazımdır. Sizi əmin etmək istəyirəm ki, Polşa "Sülh naminə tərəfdaşlıq" Proqramında və Şimali Atlantika İttifaqında öz fəallığını davam etdirəcəkdir.

Dağlıq Qarabağ münaqişəsinin dincliklə nizama salınması yollarının axtarışını dəstəklədiyimizi demək istəyirəm. Mənim bu barədə Sizinlə bir neçə dəfə danışmaq imkanım olubdur. Əmin etmək istəyirəm ki, biz bu münaqişənin dincliklə nizama salınmasına xidmət edəcək hər şeyi hər vasitə ilə dəstəkləyəcəyik. Biz Sizin xidmətinizdəyik və ümidvarıq ki, İstanbul zirvə görüşü bu cür axtarışlar üçün məqam ola bilər.

Biz regional əməkdaşlığın inkişafında çox fəal iştirak edirik. Bir neçə həftə bundan əvvəl Yaltada keçirilmiş görüşümüzə qayıtmaq istəyirəm. Nəzərə çarpdırmaq istəyirəm ki, biz Baltik dənizi ilə Qara dəniz, Cənubi Qafqaz ilə Mərkəzi Avropa arasındakı məkanda regional əməkdaşlıq ideyasının dinamik inkişaf etməsini istəyirik. Neftin Xəzər dənizindən Qərbi Avropaya nəqlinə dair iri layihədə iştirak etmək arzumuz var.

Bilirsiniz ki, Polşa Avropa Birliyinə üzv olmaq barədə ərizə vermişdir. Biz buna 2002-ci ilin sonunadək hazır olmaq istəyirik. Əlbəttə, bu, bir çox amillərdən, bizim hazırlığımızdan və Avropa Birliyinin qərarından asılıdır. Lakin Avropa Birliyinə üzv olmaq barədə siyasətimizi həyata keçirərkən Avropa Birliyinin çərçivəsindən kənarda olan və öz siyasəti ilə Avropada qarşılıqlı fəaliyyətə qoşulmaq istəyən ölkələrlə də əlaqələr saxlamaq istəyirik. Buna görə də biz Azərbaycanı ən mühüm tərəfdaşlarımızdan biri sayırıq. Biz bu əməkdaşlığı nəinki dolğunlaşdırmaq, həm də davam etdirmək üçün bütün işləri görəcəyik. Bakıya da məhz bu niyyətlə gəlmişik.

Biz şadıq ki, belə açıq danışıqlar apara bilirik. Cənab prezident, qonaqpərvərliyinizə, mehribanlığınıza, səmimiyyətinizə görə sağ olun. Burada cəmi bir neçə saat olsaq da, özümüzü, demək olar, evimizdəki kimi hiss edirik. Düşünürəm ki, səfərimiz Polşa-Azərbaycan münasibətlərinin strukturu və infrastrukturunu yaratmağa mühüm addım olacaqdır.

Cənab prezident, sizə bir daha təşəkkür edirəm. Düşünürəm ki, nazirlər öz danışıqlarının gedişi barədə bizə məlumat verə bilərdilər.

Heydər Əliyev: Bir neçə kəlmə deyim, sonra isə nazirləri dinləyərik.

Cənab prezident, fikirlərinizə görə və Polşa ilə Azərbaycan arasında münasibətləri müsbət qiymətləndirdiyinizə görə, münasibətlərimizin perspektivi ilə bağlı fikirlərinizə görə sizə təşəkkür edirəm.

Sizə məlum olduğu kimi, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra çox mürəkkəb yol keçmişdir. Biz müstəqillik əldə edərkən Dağlıq Qarabağda münaqişəyə görə Ermənistanla müharibə vəziyyətində idik. 1994-cü ildə biz atəşkəs haqqında saziş imzaladıq və problemin dincliklə nizama salınmasına çalışırıq. İndi biz bu istiqamətdə fəal işləyirik, müxtəlif kanallardan, əlbəttə ki, ən əvvəl ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərindən istifadə edirik. Cari ilin aprelindən başlayaraq biz Ermənistan və Azərbaycan prezidentləri arasında bilavasitə görüşlərdən də istifadə edirik. Biz bir neçə şəxsi görüş keçirmiş, məsələləri çox açıq şəkildə müzakirə etmişik. Ümumiyyətlə, çalışırıq ki, müəyyən kompromisslər yolu ilə hər halda sülhə nail olaq, çünki Azərbaycanın bundan sonra da bu cür vəziyyətdə qalması əslində mümkün deyildir. Bilirsiniz ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur, özü də bu ərazidəki yeddi inzibati rayon Dağlıq Qarabağ vilayətinin hüdudlarından kənardadır. Bütün bu ərazilərdən zorla qovulub çıxarılmış bir milyondan çox azərbaycanlı ağır şəraitdə, əksəriyyəti çadırlarda yaşayır. Buna görə biz də hesab edirik ki, ATƏT və onun Minsk qrupu öz fəaliyyətini gücləndirməlidir. Ümidvarıq ki, İstanbul zirvə görüşü bu məsələni müəyyən dərəcədə irəlilədəcəkdir. Biz sizin dəstəyinizə ümid bəsləyəcəyik.

Bayaq dedim ki, biz Avropa strukturları ilə inteqrasiyaya çalışırıq. Dövlət müstəqilliyi əldə edildikdən sonra Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu xətti götürülmüşdür. Biz bu sahədə böyük uğurlara nail olmuşuq. Biz bazar iqtisadiyyatını, bazar münasibətlərini inkişaf etdirmək, Avropa və dünya ölkələri ilə inteqrasiya xətti götürmüşük. Azərbaycana xarici sərmayələr cəlb edilməsi məsələsi ilə xüsusilə fəal məşğul olmuşuq. Əsasını siyasi və iqtisadi islahatlar təşkil edən bütün bu tədbirlərimiz öz nəticələrini verir, hərçənd, hələ də iqtisadi və sosial xarakterli böyük çətinliklərlə rastlaşırıq. Bu çətinliklər əsasən bir milyondan artıq qaçqının olması ilə bağlıdır, onların əksəriyyəti heç yerdə işləmir və biz onları böyük çətinliklə dolandırırıq. Lakin ümidvarıq ki, apardığımız islahatlar, bazar iqtisadiyyatının, demokratiyanın və demokratik dəyərlərin inkişaf etdirilməsi yaxın vaxtlarda xalqımızın daha yaxşı yaşayışını və təbii ki, ölkəmizin sosial-iqtisadi inkişafını təmin edəcəkdir.

Biz Avropa strukturları ilə inteqrasiyaya çalışaraq Avropa Birliyi ilə, Avropa Şurası ilə, ATƏT və digər təşkilatlarla da fəal əməkdaşlıq edirik. Mən sizin Avropa Birliyinə daxil olmağa hazırlaşmanızı alqışlayıram. Əlbəttə, biz orada səsə malik deyilik, özümüz onun hüdudlarından kənardayıq, ancaq sizi mənəvi baxımdan dəstəkləyəcəyik.

Aleksandr Kvasnevski: Bu da mühümdür.

Heydər Əliyev: Lakin biz hələ Avropa Şurasında qonaq statusuna malik olduğumuz mərhələdəyik və Avropa Şurasına onun tam hüquqlu üzvü kimi daxil olmaq ümidindəyik. Ümidvaram ki, Avropa Şurasının üzvü kimi Polşa bu məqsədə nail olmaqda Azərbaycana kömək göstərmək üçün öz imkanlarından və nüfuzundan istifadə edəcəkdir. Belə ki, son illərdə müxtəlif islahatlar aparılması və müxtəlif tədbirlər görülməsi nəticəsində Avropa Şurasının tam hüquqlu üzvü olmaq üçün, necə deyərlər, Azərbaycanda bütün tələblər yerinə yetirilmişdir. Bunun bizim üçün çox böyük əhəmiyyəti olacaqdır.

Əlbəttə, Varşavada dediyimiz kimi, bu gün də deyirik ki, iqtisadi münasibətləri inkişaf etdirmək, o cümlədən sizin söylədiyiniz kimi neftin nəqlində Polşanın iştirakı üçün bütün tədbirləri görəcəyik. Böyük məmnunluqla qeyd etmək istəyirəm ki, Polşa böyük İpək yolunun bərpasına, TRASEKA proqramının reallaşdırılmasına dair ötən ilin sentyabrında Bakıda keçirilmiş beynəlxalq konfransda iştirak etmişdir. O vaxt biz çox mühüm sənədlər qəbul etdik. Bildiyiniz kimi, Azərbaycan böyük İpək yolunun bərpası üçün tədbirlərin həyata keçirilməsində ümdə əhəmiyyətə malikdir və Polşa bu yolun bərpasına böyük maraq göstərir. Biz bunu qiymətləndiririk, çünki bu, hər iki tərəf üçün çox mühüm və sərfəlidir. Biz hər şey edəcəyik ki, böyük İpək yolunun bərpası haqqında ötən ilin sentyabrında qəbul olunmuş bəyannamədə üzərimizə qoyulmuş vəzifələr həyata keçirilsin.

Təbii ki, Qərblə Şərq, Avropa ilə Asiya arasında münasibətlərin inkişaf etdirilməsinin çox böyük əhəmiyyəti var. Bu baxımdan Azərbaycan öz coğrafi-strateji mövqeyi ilə çox mühüm rol oynayır. Biz iqtisadi əməkdaşlıq məqsədi ilə, digər bütün məqsədlərlə Avrasiya ölkələrinin gələcək inteqrasiyası üçün bu rolumuzu yerinə yetirməyə bundan sonra da çalışacağıq. Hesab edirəm ki, burada niyyət və fikirlərimiz uyğun gəlir. Ona görə də mən bugünkü söhbətlərimizdən razıyam. Ümidvaram ki, sonrakı günlərdə sizin burada olmağınız bizə daha çox fikir mübadiləsi aparmağa imkan verəcəkdir.

(Polşa prezidenti Aleksandr Kvasnevski H.Əliyevə təşəkkürünü bildirərək təklif etdi ki, hər iki nümayəndə heyəti aparılmış danışıqlar barədə məlumat versinlər).

Artur Rasizadə (Azərbaycanın baş naziri): Hörmətli cənab Polşa prezidenti, Azərbaycan Respublikasının hörmətli cənab prezidenti!

Bizə ayrılmış qısa vaxt ərzində Polşada və Azərbaycanda iqtisadiyyatın vəziyyəti haqqında fikir mübadiləsi oldu. Polşada artıq neçə ildən bəri aparılan islahatlar barədə məlumat almaq bizim üçün çox maraqlı idi. Polşanın təcrübəsi bütün dünyada məlumdur və bu islahatların necə həyata keçirildiyi, nə əldə etmək mümkün olduğu barədə, habelə hələ də qalmaqda olan problemlər barədə məlumat almaq çox xoş idi. Polşada həyata keçirilməsi nəzərdə tutulan proqramlar - metallurgiya sənayesinə, hərbi kompleksə, gömrük sənayesi kompleksinə və digər sahələrə aid proqramlar barədə məlumat almaq bizim üçün çox mühüm idi.

Biz ölkəmizdə islahatlar aparılması sahəsində görülən işlərdən danışdıq. Bununla yanaşı, böyük qarşılıqlı maraq doğuran bir sıra konkret layihələrə də toxunduq. Polşa tərəfi neftin emalı, neft məhsulları istehsalı, bu prosesdə Polşa müəssisələrinin iştirakı məsələlərinə böyük maraq göstərdi.

GUÖAM proqramına, bunun nədən ibarət olduğuna, orada iqtisadi məsələlərin necə həll edildiyinə və ya həll etmək nəzərdə tutulduğuna da böyük maraq göstərildi. Sonra, İNOQEYT proqramı barədə söhbət getdi. Biz bu proqramın üzvüyük, Polşa isə hələlik müşahidəçidir. Yeni boru kəmərlərinin çəkilməsi və mövcud olanların təmir edilməsi nəzərdə tutulur. Polşa tərəfi buna maraq göstərir və neftin bu regiondan, konkret olaraq Azərbaycan neftinin Odessa-Brodı-Qdansk marşrutu ilə nəqli barədə məsələni bir daha qaldırdı. Bu layihəyə Ukrayna da böyük maraq göstərir.

Biz MDB ölkələri ilə iqtisadi münasibətlər haqqında da fikir mübadiləsi apardıq.

Əgər Polşa ilə iqtisadi münasibətlərimizdən danışmaq lazım gəlsə, onda, təəssüflər olsun, bu gün etiraf edilməlidir ki, onlar öz həcmlərinə görə nə bugünkü günə, nə də xüsusən sabahkı günə uyğun deyildir. Buna görə də hər iki tərəf yaxın illərdə Azərbaycan ilə Polşa arasında əmtəə dövriyyəsinin kəskin surətdə artırılması yollarını axtaracaqdır. Bu sahədə çox iş görmək lazımdır.

Konkret layihələr barəsində biz dəmir yol, avtomobil nəqliyyatı, dava-dərman, mebel, digər ənənəvi mallar göndərilməsi sahəsində əməkdaşlığı müzakirə etdik. Biz dedik ki, bunda marağımız var və bütün bu proqram nəinki neft və qaz sektoru sahəsində, həm də ölkəmizin iqtisadiyyatının potensiala malik digər sahələrində həmişə aparılmışdır və aparılır. Polşa tərəfinin imkanlarına bələd olaraq biz onu neft sektorunda birgə layihələr axtarışına qoşulmağa dəvət etdik.

Bu gün yalnız birinci gündür, sabah bütün iqtisadi istiqamətlər üzrə işləri davam etdirmək nəzərdə tutulur. Sabah biz cənab prezidentlə birlikdə iqtisadi forum keçirəcəyik. Forumda Polşa tərəfindən və təbii ki, bizim tərəfdən biznesmenlərin böyük bir qrupu iştirak edəcəkdir. Burada mümkün layihələr daha da dəqiqləşdiriləcək və gələcəkdə bu layihələri həyata keçirmək üçün onların üzərində işləmək lazımdır.

Blaşşek (Polşa iqtisadiyyat nazirinin müavini): Hörmətli cənab prezident!

Cənab baş nazir apardığımız danışıqlardan çox ətraflı bəhs etdi. İki kiçik məsələni əlavə edə bilərəm.

Biz Azərbaycan tərəfinin maraqları barədə fikri məmnunluqla dinlədik. Azərbaycanda şəkər və sement zavodlarının tikintisinin mümkünlüyündən, yaxud Azərbaycana sement göndərilməsinin mümkünlüyündən, Polşa texnologiyalarının, ərzaq məhsullarının göndərilməsindən söhbət gedir.

Bizi maraqlandıran ticarət məsələsini geniş müzakirə etdik. Azərbaycanın ümumdünya ticarət təşkilatına üzvlüyü barədə onun vəsatətinin Polşa tərəfindən dəstəkləndiyini təsdiqlədik. Noyabrda Sietldə danışıqların növbəti mərhələsi zamanı Polşa öz mövqeyini bir daha təsdiqləyəcəkdir. Biz həmçinin dedik ki, Polşanın strateji cəhətdən mühüm və perspektivli tərəfdaşla münasibətləri inkişaf etdirmək istəyi qüvvədə qalır.

Pşemıslav Qrudzinski (Polşa xarici işlər nazirinin müavini): Hörmətli cənab prezidentlər!

Cənab prezidentlər, sizin toxunduğunuz problemlər silsiləsinə yalnız iki kiçik məsələ əlavə etmək istəyirəm.

Cənab prezident Aleksandr Kvasnevskinin dediyi kimi, Polşa nəinki Azərbaycanda ikitərəfli münasibətlər saxlamaqda, həm də bu münasibətləri beynəlxalq forumlarda, o cümlədən NATO-da təmsil etməkdə maraqlıdır. Zənnimcə, NATO fəallıq göstərməli və təkcə Azərbaycan barəsində deyil, bütün Cənubi Qafqaz regionu barəsində də əlaqəli siyasət aparmalıdır. Biz məhz bu cür strategiyanın hazırlanmasına kömək etməyə hazırıq. Cənab prezident, bunu səmərəli şəkildə etmək üçün biz sizin rəyləriniz və mövqeyinizlə, Azərbaycanın görkəmli siyasətçilərinin rəyləri, mövqeləri ilə yaxşı tanış olmalıyıq. Biz iki konkret addım atmağı təklif edirik.

Əvvəla, haqqında indiyədək fəal və konkret danışıqlar aparmadığımız bütün məsələlərə dair məsləhətləşmələr keçirilməlidir. Bunlar ən əvvəl təhlükəsizliyə aid məsələlərdir. Azərbaycanda və Polşada müvafiq təsisatlar bu məsələlərlə məşğul ola bilərdilər. Belə məsləhətləşmələrə yazda Varşavada başlamaq istərdik.

İkinci təklif. Bu, diplomatik münasibətlərin inkişaf etdirilməsi ilə bağlıdır. İkitərəfli diplomatiyamıza tarazlıq amili tətbiq olunmasını istərdik. Mən Azərbaycanın Varşavada normal, müntəzəm nümayəndəliyi olmasını nəzərdə tuturam. Bu, hökumətlərimiz və prezidentlərimiz arasında müntəzəm və daha mükəmməl əlaqələr yaradılmasına imkan verərdi.

Aleksandr Kvasnevski: Cənab prezident, siz bizim tərəfimizdən əməkdaşlığımızda təkcə hazırlıq deyil, həm də onu necə dolğunlaşdırmaq barədə ideyalar olduğunu görürsünüz. Mən şadam ki, bu cür mövqeyi, bu cür münasibəti Azərbaycan tərəfi də nümayiş etdirir.

Heydər Əliyev: Cənab prezident, mən də məmnunam ki, mövqelərimiz üst-üstə düşür. Mənə elə gəlir ki, bu, münasibətlərimizi inkişaf etdirmək üçün çox yaxşı şərtdir.

Xüsusi vurğulamaq istərdim ki, cənab prezident, siz öz nümayəndə heyətinizlə Azərbaycana biznesmenlərin böyük bir qrupunu gətirmisiniz. Müxtəlif şirkətlər arasında əməkdaşlıq iqtisadi əməkdaşlığımız üçün çox mühümdür. Polşada, demək olar, hər şey özəlləşdirilmişdir, Azərbaycanda özəlləşdirmə fəal sürətlə gedir. Təbii ki, indi və gələcəkdə bütün iqtisadi əlaqələr, ticarət əlaqələri məhz özəl şirkətlər, özəl strukturlar vasitəsilə, fəal biznesmenlər vasitəsilə inkişaf edə bilər.

Mən sizə dedim ki, biz Azərbaycana xarici sərmayələr cəlb edilməsi üçün olduqca çox işlər görmüşük. Ən çox da neft sektoruna, lakin təkcə oraya deyil, başqa sektorlara da. Biz Polşaya, Polşa biznesmenlərinə, işgüzar adamlara, şirkətlərə də təklif edirik ki, Azərbaycana maraq göstərsinlər. Bundan ötrü bütün lazımi şəraiti yaradacağıq. Məsələn, sement zavodu haqqında, şəkər zavodu haqqında da danışıqlar aparmaq olar. Lakin artıq bunlar dövlət müəssisələri deyil, özəl müəssisələrdir.

O ki qaldı Polşanın və Azərbaycanın xarici işlər nazirlikləri arasında məsləhətləşmələrə, mən bunu çox mühüm məsələ hesab edirəm və belə bir fikri tamamilə dəstəkləyirəm ki, biz bu məsləhətləşmələri fəal surətdə aparmalıyıq. Məsələn, biz buna ehtiyac duyuruq, çünki Avropa strukturları ilə inteqrasiyaya çalışarkən, Polşa kimi Avropa ölkəsi ilə daha sıx əlaqələrimiz və daimi məsləhətləşmələrimiz bizim üçün böyük əhəmiyyətə malikdir.

Polşada Azərbaycan səfirliyinin olmasına gəldikdə isə, biz bunu çox istəyirik. Bilirsiniz ki, mən Ukraynaya səfiri çoxdan təyin etmişəm. O, Polşada da səfir vəzifələrini yerinə yetirir. Açığını deyəcəyəm, Polşada öz daimi səfirliyimizi açmaq üçün biz yaxın vaxtlarda vəsait axtarmağa çalışacağıq. Biz bunu çox istəyirik.

Aleksandr Kvasnevski: Cənab prezident, hələliksə öz səfirinizdən soruşun ki, o harada işləmək istəyir - Kiyevdə, yoxsa Varşavada?

Heydər Əliyev: Mən bunu səfirliyin açılması haqqında qərar qəbul etdikdən sonra soruşacağam. Onda o, bəlkə də Kiyevdən Varşavaya köçmək istəyəcəkdir. Çox sağ olun.

Aleksandr Kvasnevski: Qonaqpərvərliyə görə çox sağ olun. Biz söhbətimizi davam etdirəcəyik. Əlbəttə ki, nazirlərin də bu cür imkanı olacaqdır.


"Azərbaycan" qəzeti, 28 oktyabr 1999-cu il.