Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Strasburq şəhərinin meri Polan Ri və Asağı Reyn departamenti Baş Şurasının prezidenti Daniel Hoyffelin Avropa Şurasının ikinci zirvə görüşü iştirakçılarının şərəfinə təşkil etdikləri rəsmi qəbuldakı görüşlərdə söhbətindən - Strasburq, Avropa sarayı, 9 oktyabr 1997-ci il


Tarya Halonen (Finlandiyanın Xarici İşlər Naziri): Hörmətli cənəb prezident Heydər Əliyev! Finlandiya ATƏT-in Minsk qrupunun sədri olarkən, 1996-ci ilin noyabrında Bakıya səfərimi və Sizinlə görüşümü məmnunluqla xatırlayıram.

Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi sahəsində imkanlar var və mənim hökumətim qarşılıqlı əlaqələrin inkişafına maraq göstərir. Ermənistan- Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə aradan qaldırılmasını arzuladığımı vurğulayaraq bildirirəm ki, mənim ölkəm bu problemin Lissabon prinsipləri əsasında həllinə tərəfdardır.

Heydər Əliyev: Hörmətli Finlandiya Xarici İşlər Naziri xanım Halonen, Sizinlə yenidən görüşməyimə şadam.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli sahəsindəki vəziyyətdən danışaraq bildirirəm ki, ATƏT-in Minsk qrupuna üç həmsədr təyin edildikdən sonra bu qrup öz fəallığını artırmışdır. Onlar münaqişənin həllinə dair öz təkliflərini vermişlər və Azərbaycan tərəfi sülh danışıqlarını intensivləşdirmək üçün həmin təklifləri əsas kimi qəbul etmişdir. Mən habelə vurğulayıram ki, Minsk qrupunun üzvü kimi Finlandiyanın da bu münaqişənin həllində daha fəal iştirak etməsini arzu edirəm.

Petru Luçinski (Moldova Prezidenti): Moldova ilə Azərbaycan arasında əvvəlki əlaqələri bərpa edib daha da genişləndirməyin hər iki ölkə üçün faydalı olduğunu vurğulayıram. Avrasiya nəqliyyat dəhlizindən istifadə etməyə mənim ölkəm də maraq göstərir.

Heydər Əliyev: Müstəqillik qazanmış ölkələrimizin əməkdaşlığının yeni şəraitdə davam etdirilməsi barədə deyilən fikirlərlə razı olduğumu söyləyərək, iqtisadi əlaqələrin əhəmiyyətini xüsusilə vurğulayıram. Bir daha qeyd edirəm ki, Avrasiya nəqliyyat dəhlizi çox perspektivlidir və bu, Avropanı Mərkəzi Asiya ilə birləşdirən ən qısa, əlverişli və təhlükəsiz yoldur. Həmin nəqliyyat dəhlizi hazırda işləyir və Avropanın bir çox dövlətləri ondan istifadəyə böyük maraq göstərirlər. Bu, Moldova üçün də faydalı olardı.

Jan Setlenje (Avropa Şurasında Fransa nümayəndə heyəti rəhbərinin müavini): Cənab Prezident Heydər Əliyev! Sizi səmimiyyətlə salamlayıram.

Bildirirəm ki, bu ilin mayında ölkənizə etdiyim səfərdən məmnun qalmışam və indi Fransada - Strasburqda Azərbaycan prezidenti ilə yenidən görüşməyimdən çox şadam. Mən Azərbaycanın tezliklə Avropa Şurasına daxil olmasını arzulayıram və Fransa bu məsələdə öz köməyini göstərəcəkdir.

Heydər Əliyev: Cənab Setlenje, səmimi sözlər üçün təşəkkür edirəm.

Azərbaycan ilk dəfədir ki, Avropa Şurasının zirvə tədbirində iştirak edir və bunu yüksək qiymətləndirir. Azərbaycan Avropanın bütün strukturlarında iştirak etməyə çalışır, o cümlədən Avropa Şurasının tam hüquqlu üzvü olmaq istəyir. Bu, hüquqi, demokratik, dünyəvi dövlət qurmaq yolu tutmuş müstəqil Azərbaycan Respublikasının öz siyasətində üstünlük verdiyi istiqamətlərdən biridir.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa