İsveçrədə yaşayan soydaşlarımızla görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - Bern, 29 yanvar 1995-ci il


Öncə mən hamınızı və sizin simanızda İsveçrədə yaşayan bütün azərbaycanlıları ürəkdən salamlayıram. Hamınıza doğma Vətənindən - Azərbaycan torpağından salamlar gətirmişəm. Sizə işlərinizdə uğurlar, həyatınızda səadət və xoşbəxtlik arzulayıram.

İndi, müstəqil dövlətimizin olduğu bir vaxtda biz azərbaycanlılar həm dövlətimizin bu günü və gələcəyi haqqında, həm dünyada yaşayan bütün azərbaycanlılar barəsində düşünməliyik. Odur ki, məni bir azərbaycanlı kimi, Azərbaycan Respublikasının Prezidenti kimi, şübhəsiz, hər bir ölkədə yaşayan azərbaycanlı, onun həyatı, yaşayışı, vəziyyəti, durumu maraqlandırır. Ona görə də sizə suallar verdim və çox məmnun oldum ki, İsveçrədə yaşayan azərbaycanlıların güzəranı yaxşıdır, burada yaşamaq, işləmək üçün şəraitiniz var. Allah eləsin, bundan da yaxşı olsun.

İstərdim ki, Avropada, ümumən dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hamısı ilk növbədə yüksək təhsilə, mədəniyyətə, yaxşı sənətə malik olsun, özləri üçün belə indikindən də yaxşı şərait yarada bilsin. Siz azad, demokratik bir ölkədə yaşayırsınız. Bu ölkədə yaşamaq həm çətindir, həm də asandır. Ona görə çətindir ki, burada rəqabət güclüdür, hər bir millətdən olan adamlar var, hər kəs çalışıb cəmiyyətdə özünə yer tutmaq istəyir. Eyni zamanda demokratik ölkələrin o cümlədən sizin yaşadığınız ölkənin qanunları sərbəstliyə çox imkanlar verir, yəni insanın istəyi olsa, bacarığı olsa, öz potensialını reallaşdırmağa şərait var. Ona görə də burada hər bir insan özünə layiq yer tuta bilər. Mən istəyirəm ki, azərbaycanlılar harada yaşayırlar-yaşasınlar, əhalinin, cəmiyyətin aşağı təbəqəsində, orta təbəqəsində yox, yüksək təbəqəsində olsunlar, bu, mənim istəyim, arzumdur.

Doğrudur, azərbaycanlılar tarixən öz torpaqlarına möhkəm bağlıdır, başqa ölkələrə getməyə çox meylləri olmamışdır. Bilirsiniz ki, mən 14 il - 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycan Respublikasına rəhbərlik etmişəm, o vaxt Azərbaycan Sovetlər İttifaqının on beş respublikasından biri idi. Xatirimdədir, o vaxt çalışırdım ki, azərbaycanlılar, xüsusən gənclər təkcə Azərbaycanda qalmasınlar, Sovetlər İttifaqının başqa şəhərlərində, respublikalarında da yaşasınlar (o dövrdə Sovetlər İttifaqından kənara çıxmaq mümkün deyildi), yayılsınlar, səpələnsinlər. Öz torpağımızda azərbaycanlı onsuz da çoxdur. Qoy hər yerdə Azərbaycanın diasporu olsun, lobbisi olsun. Bunu bəlkə də siz bilmirsiniz, mən o vaxt Azərbaycan gənclərinin Sovetlər İttifaqının hər yerinə səpələnməsi, yayılması üçün hətta Moskvadan razılıq almışdım, ildə 800-900 gənc başqa yerlərə - Moskva, Leninqrad, Sverdlovsk və digər şəhərlərin universitetlərinə, institutlarına təhsil almağa göndərilirdi. Mən elə şərait yaratmışdım ki, Azərbaycan gənclərinin həmin universitetlərə daxil olmaları üçün çətinlik yox idi, çünki bəziləri rus dilini yaxşı bilmədiyinə görə gedib orada imtahan verə bilməzdi, bəziləri imtahan verəndən sonra müsabiqədən keçə bilmirdilər. Ancaq mən onlardan ötrü güzəştli şərait yaratmışdım və bayaq dediyim kimi, hər il yüzlərlə gənci Sovetlər İttifaqının böyük ali məktəblərinə təhsil almağa göndərirdim.

Nə üçün? Birinci, mən etiraf etməliyəm ki, o vaxt Moskva Universitetlərində təhsilin səviyyəsi Bakı Universitetinə nisbətən yüksək idi. İstəyirdim ki, azərbaycanlılar daha yüksək səviyyədə təhsil alsınlar. İkincisi, ona görə ki, Rusiya vasitəsilə dünya mədəniyyətinə, dünya elminə qovuşsunlar. Yəni təkcə öz evində, öz kəndində yaşamasınlar, dünyanı görsünlər. Əgər o zaman İsveçrəyə, Almaniyaya, Fransaya getmək imkanı yox idisə, heç olmasa Sovetlər İttifaqının hər yerində olsunlar. Üçüncüsü də ona görə ki, qoy azərbaycanlılar hər yerdə yaşasınlar. Hər yerdə azərbaycanlılar olanda Azərbaycan Respublikasının dayağı da daha çox olur.

Bu gün nahar vaxtı İrlandiyanın prezidenti xanım Meri Robinson ilə yanaşı əyləşmişdik. Söhbət zamanı o mənə dedi ki, İrlandiyanın iki xüsusiyyəti var. Biri odur ki, İrlandiya heç vaxt imperiya olmayıb, həmişə müstəmləkə olmuşdur. İkinci xüsusiyyəti odur ki, 150 il bundan öncə İrlandiyada kartof aclığı düşmüşdü. Bu səbəbdən 4 milyon irlandiyalı ölkəni tərk edib başqa yerlərə getmişdi. Ona görə də indi kənarda yaşayan irlandiyalıların sayı ölkədəkindən daha çoxdur. Xanım Robinson bildirdi ki, bu il həmin hadisənin 150 illiyini qeyd edəcəkdir. Mən dedim ki, bilmirəm, siz bunu hansı səpkidə qeyd edəcəksiniz, ancaq belə hesab edirəm ki, o hadisə 150 il bundan əvvəl sizdən ötrü bir faciə idisə, eyni zamanda xalqınız üçün böyük xoşbəxtlik olmuşdur. Çünki xalqınız bütün dünyaya, xüsusən Amerika Birləşmiş Ştatlarına, Avropanın müxtəlif ölkələrinə yayılmışdır. İndi irlandiyalılar çox böyük lobbi yaratmışlar, kiçik dövlət olan İrlandiyanın xaricdə böyük lobbisi var.

Mən də o vaxtlar azərbaycanlıları faciə nəticəsində deyil, başqa yolla Sovetlər İttifaqına səpələyib Azərbaycana dayaq yaratmaq istəyirdim. İndi isə sərhədlər açılmışdır, azərbaycanlı hər yerdə yaşaya bilər. Hər bir ölkədə nə qədər çox azərbaycanlı yaşasa, bir o qədər yaxşı olar. Əlbəttə, bununla onu demək istəmirəm ki, Azərbaycanda yaşayan adamlar başqa ölkələrə çıxıb getsinlər, yox, ancaq tale kimi isə gətirib bir ölkəyə çıxarıbsa və orada o, yaxşı yaşayırsa, yaxşı təhsil alıbsa, yaxşı işi varsa, bu, Azərbaycanın xeyrinədir. Bir şərtlə ki, gərək millətini, dinini, torpağını, ana Vətəni unutmayasan. Bəzən elələri də olub ki, o vaxtlar 20-30 il Rusiyada yaşayıb, azərbaycanlılığını da, dinini də unudaraq assimilyasiyaya uğrayıblar. Bu, şübhəsiz ki, bizim üçün yaramaz.

Ona görə də çox məmnunam ki, səbəbdən asılı olmayaraq - bu, indi önəmli bir şey deyildir - siz İsveçrədə yaşayırsınız, burada yaşayışınız rahatdır, azərbaycanlıların cəmiyyəti var, lobbisi var. Azərbaycanın dayağı var. Mən sizi təbrik edirəm, həyatınızda, işinizdə, təhsilinizdə uğurlar arzulayıram. Amma onu da bilin ki, indi sizin arxanızda Azərbaycan Respublikası kimi müstəqil bir dövlət var. Əgər öncə bu yox idisə, indi var.

Üç ildən artıqdır ki, Azərbaycan Müstəqil Dövlətdir. Doğrudur, bu müstəqillik Azərbaycana çox baha başa gəlmişdir, ölkəmiz böyük itkilər, çoxlu şəhidlər vermişdir. Məsələn, yanvarın 20-də biz 1990-cı ildə Sovet qoşunlarının Azərbaycana təcavüzü nəticəsində baş vermiş faciənin beş illiyini qeyd etdik. Biz Şəhidlər xiyabanına gedərək, həmin təcavüz nəticəsində həlak olanların xatirəsini yad etdik. Mən Bakıdakı çıxışımda da qeyd etdim və bu gün burada sizə də deyirəm ki, faciənin beş illiyini biz bir tərəfdən şəhidlərin xatirəsini əziz tutaraq, onların şəhidliyinə minnətdarlığımızı bildirərək qeyd edirik. Eyni zamanda Azərbaycanın milli azadlığı uğrunda, müstəqilliyi uğrunda mübarizəyə qalxmış xalqımızın qəhrəmanlıq, rəşadət nümunəsinin beş illiyini qeyd edirik.

Bəli, Azərbaycanın müstəqillik yolu çətin olub, böyük bəlalardan keçmişik. Birincisi, Ermənistan altı ildən artıqdır ki, Azərbaycana qarşı hərbi təcavüz etmişdir. Altı ildir ki, Azərbaycan müharibə şəraitindədir. Bu müddətdə 20 mindən çox azərbaycanlı həlak olmuş, 100 mindən artıq adam yaralanmışdır. Təəssüf ki, ərazimizin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bir milyon azərbaycanlı öz yurdundan, el-obasından qaçqın düşmüşdür və respublikamızın başqa bölgələrində ağır şəraitdə, çadırlarda yaşayır. Bu, bizim bəlamızdır.

İkinci, bəlamız ondan ibarətdir ki, indi Azərbaycanın iqtisadiyyatı ağır vəziyyətə düşmüşdür. Azərbaycan bir iqtisadi-siyasi sistemdən başqasına, yəni sərbəst iqtisadiyyata, bazar iqtisadiyyatına keçir, dünya iqtisadiyyatına bağlanır. Ona görə də bu keçid yolu asan deyildir. Həmin yolu da keçmək, müstəqillik naminə bu çətinliyə də dözmək lazımdır. Bu da bizim üçün böyük problemlər yaratmışdır. Körpə uşaq yenicə ayaq açanda ata-anası baxır ki, o, necə addım atır, yıxılırmı? Azərbaycan dövləti indi belə vəziyyətdədir. Gənc Azərbaycan dövləti gərək daxildə özü-özünü qorusun. Ancaq ən çətini, bizi daxilən ağrıdan odur ki, gənc dövləti möhkəmlətmək əvəzinə çəkişmələr, dartışmalar gedir, ayrı-ayrı adamlar vəzifə, mənsəb, hakimiyyət uğrunda mübarizə aparır, Azərbaycanı içərisindən dağıdırlar.

Son üç ildə Azərbaycanda üç dəfə hakimiyyət dəyişikliyi olmuşdur. Bunlar hamısı Azərbaycana böyük təsir etmişdir. Bu dəyişikliklərin təbii səbəbləri var, belə də olmalı idi. Məsələn, 1992-ci ildə Azərbaycanın rəhbərləri dəyişildi. Nə üçün? Çünki xalqın etimadını doğrulda bilmədilər. O vaxt kommunist rejimi dövründən qalmış və özünü prezident seçdirmiş Mütəllibov və onun ətrafındakı adamlar Azərbaycana xalqın tələblərinə uyğun rəhbərlik edə bilmirdilər. Xalq buna dözə bilmədiyinə görə onları rədd etdi. Sonra Xalq Cəbhəsi hakimiyyətə gəldi. Xalq buna çox ümidlə baxırdı. Mən də keçmiş siyasi xadim, təcrübəli adam kimi, Azərbaycana 14 il rəhbərlik etmiş bir adam kimi onlara ümid bəsləyirdim ki, bəlkə doğrudan da Azərbaycanın milli müstəqillik məqsədlərini həyata keçirən qüvvə olacaqlar. Ancaq onlar da bunu edə bilmədilər. Ona görə də 1993-cü ilin iyununda Azərbaycanda yeni bir dövlət çevrilişi oldu, vətəndaş müharibəsi başlandı. Mən o vaxt Naxçıvanda idim, orda yaşayırdım, oraya bir növ sürgünə getmişdim. Yəni Moskvada yaşamağım mümkün olmamışdır, odur ki, Bakıya gəldim. On dörd il Bakı şəhərini, Azərbaycanı qurub-yaradan adamı Bakıda yaşamağa qoymadılar. Getdim Naxçıvana, çünki orada doğulmuşam, atamın qəbri də oradadır.

Xalq Cəbhəsi hakimiyyətə gəlmək istəyirdi. Mən də onlara kömək etdim. Onlara ümid bəsləyirdim. Ancaq onlar da ümidləri doğrulda bilmədilər. 1993-cü ildə dövlət çevrilişi başlandı. Azərbaycan parçalandı. Məni Naxçıvandan Bakıya dəvət etdilər. Sizə düzünü deyirəm, - gəncsiniz, övladlarım yaşdasınız, sizə övladlarım kimi baxıram, - mən incimişdim, küsmüşdüm, ona görə də gəlmək istəmirdim. Hesab edirəm ki, bir halda ki, mənə qarşı bu qədər ədalətsizlik olub, Bakıya dönməyəcəyəm, nə qədər çətin olsa, blokada şəraitində də olsa, həyatımın sonunadək Naxçıvanda yaşayacağam. Orada yaşayan adamlar mənim həmvətənlərimdir, əgər onlar üçün çətindirsə, mən də o şəraitdə yaşayacağam. Şaxta iyirmi dərəcəyə çatırdı, qaz, elektrik işığı yox idi, evlər qızdırılmırdı, əhali də donurdu, mən də donurdum. Səhərlər əl-üz yumağa isti su yox idi. Gecə saat ikiyə qədər neft lampasının işığında işləyirdim. Ancaq özümü heç də narahat hiss etmirdim, - yəni o biri insanlar, xalq necə, mən də elə.

Lakin 1993-cü ildə Azərbaycanda baş verən hadisələr məni çox ağrıtdı. Bir tərəfdən ermənilər bizi qırır, digər tərəfdən daxildə özümüzünkülər bir-birini qırmağa, Azərbaycanı parçalamağa başlamışdılar. Cənub tərəfdə guya Talış Respublikası, Şimal tərəfdə başqa bir respublika yaratmaq istədilər. Azərbaycan məhv olurdu, parçalanırdı.

Mənə bir neçə gün ardıcıl surətdə müraciət etdilər. Azərbaycanın parçalanmasından qorxaraq Bakıya gəldim və yeni bir həyat başladı. Çətinlikləri aradan qaldırmağa başladıq və aradan qaldırırıq. Məsələn, səkkiz ay öncə atəşin kəsilməsinə nail olduq, altı il gedən müharibədə ilk dəfədir ki, atəşkəs uzun müddətdir ki, davam edir. Əvvəllər atəş kəsilmirdi, kəsiləndə də beş-on gün davam edir, sonra bu razılaşma pozulurdu. İndi səkkiz aydır ki, atəş dayandırılmışdır, qan tökülmür, döyüşlər yoxdur.

Lakin torpaqlarımız işğal altındadır, biz bununla razılaşa bilmərik. Amma atəşkəs rejimi Azərbaycana bir rahatlıq gətirmişdir. Yaşayış nə qədər çətin olsa da, insanlar üçün rahatlıqdır. Buna nail olmaq üçün nə qədər səy göstərdik, danışıqlar apardıq, beynəlxalq təşkilatlardan, ATƏT-dən, onun Minsk qrupundan, Rusiyanın, Amerikanın vasitəçiliyindən istifadə etdik. Bir sözlə, bütün imkanlardan istifadə edərək atəşi dayandırdıq. Demək, vətəndaş müharibəsinin qarşısını aldıq, Azərbaycanı parçalamağa qoymadıq və atəşi kəsdik ki, qüvvələrimizi toplayaq, görək müharibə edəcəyikmi, yaxud torpaqlarımızı sülh yolu ilə qaytaracağıq? Əvvəllər belə imkanlar yox idi, hər gün cəbhədə atışma gedirdi, evlərə şəhidlər gəlirdi, fikirləşməyə də imkan yox idi.

Belə bir şəraitdə yenə də bəzi qüvvələr Azərbaycanda sabitliyi pozmaq istədi. Bilirsiniz ki, biz Qərb şirkətləri ilə böyük bir neft müqaviləsi imzaladıq. Azərbaycanın bu günü üçün, həm də gələcəyi üçün çox əhəmiyyəti olan bu müqavilə otuz il müddətinə imzalanmışdır. Ola bilər, bu müqavilə ilk illər, məsələn, 1995-1997-ci illərdə o qədər böyük nəticə verməsin. Amma sonra onun çox böyük nəticələri olacaqdır. O Azərbaycanın iqtisadiyyatını qaldıracaqdır. Otuz il müddətində Azərbaycanın üç yatağından 500 milyon ton neft çıxarılacaq. Qərb şirkətləri bu müqavilənin həyata keçirilməsi üçün 7,5 milyard dollar kapital qoyacaqlar. Bu müqavilədən Azərbaycan 33 milyard dollar mənfəət götürəcəkdir.

Bu hələ müqavilədir. Ancaq bizim başqa neft yataqlarımız da var, onları da işlədəcəyik. İndi bunu ona görə deyirəm ki, siz biləsiniz, - biz belə iqtisadi addımlar atmışıq. Bunu Amerikada da, İngiltərədə də, eləcə də bütün Avropada çox yüksək qiymətləndirmişlər. Düzdür, Rusiya bizə mane olmaq istəyir. İndi Moskvanın müxbirləri yanıma gəlmişdilər, mən onların suallarına cavab verirdim. Rusiya notalar verdi ki, bu müqaviləni tanımır. Biz bunlara da cavab verdik. Başqa maneçiliklər də törətdilər, bunlara da cavab verdik. Yəni xaricdən olan maneələrin qarşısını aldıq.

Ancaq daxildə nə etdilər? Neft müqaviləsinin imzalanmasından bir gün sonra təcridxanadan Azərbaycanın dövlətçiliyinə xəyanət etmiş adamları qaçırdılar. Mən Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin sessiyasında çıxış etmək üçün Nyu-Yorka getmişdim. Həmin günlərdə Bakıda Azərbaycanın iki siyasi xadimini- parlament sədrinin müavini Cəlilovu və Xüsusi İdarənin rəisi polkovnik Rəhimovu qətlə yetirdilər. Bundan iki-üç gün sonra Azərbaycanda yeni dövlət çevrilişi etmək istədilər. O, 1993-cü ilin yayında dövlət çevrilişi edən adamlardan biri idi. Cavan adam idi, istədim tərbiyə edim, işlədim. Ancaq tərbiyə alınmadı, beynində başqa fikirlər yarandı, başqa islahatlar əmələ gəldi. Keçən il oktyabrın 4-də yeni dövlət çevrilişi etmək istədi. Yəqin siz bunu televiziya verilişlərində gördünüz.

Mən bunun qarşısını silahla, ordu ilə almadım. Gecə ikən xalqa müraciət etdim. Bir saat ərzində adamlar yatağından qalxdılar. Prezident sarayının qarşısına bir milyondan artıq insan toplaşdı. Çevriliş etmək istəyən adamların bəziləri yaxalandı, bəziləri qaçdı. Ondan sonra biz Azadlıq meydanında mitinq keçirdik. Oraya da bir milyondan artıq adam gəlmişdi. Adamların dövləti dəstəkləməsini və daxildəki cinayətkarların hərəkətlərini özünüz müqayisə edin.

Bunu ona görə deyirəm ki, bizim bu üç illik həyatımız, görürsünüz, nə qədər ağır, nə qədər çətindir. Ancaq Azərbaycan bütün bu çətinliklərdən keçdi. Gələcəkdə də keçəcək, irəliləyəcəkdir, müstəqilliyimizi saxlayacağıq. Buna arxayın olun. Azərbaycan bundan sonra heç vaxt müstəqilliyini əldən verməyəcəkdir. Amma müstəqil dövlət kimi yaşamaq üçün gərək daxildə də sabitlik olsun, xaricdə yaşayan azərbaycanlılar da bizə kömək etsin, dəstək versin.

Daxildə dövlətçiliyimizə qarşı çıxan qüvvələrin bir qismini həbs etdik, bir qismi qaçıb Moskvaya yığışmışdı. Orada bir il, iki il qalacaqlar, sonra nə edəcəklər? Onlar Azərbaycanın düşmənləridir. Mütəllibov da oraya qaçmışdı. Azərbaycanı dağıdan, onun torpaqlarını, Azərbaycanın qədim, tarixi şəhəri, incisi, gözü olan - Şuşa şəhərini ermənilərə satan Rəhim Qaziyev Moskvadadır. O, vaxtilə müdafiə naziri olmuşdur, guya müharibə edən adam idi. Nə müharibə, - o, alverlə məşğul olan adamdır. Mən onu həbs etdirdim. Lakin dövlət çevrilişi etmək istəyən adamlar onu təcridxanadan qaçırdılar.

Ancaq belə halların heç biri Azərbaycan xalqının iradəsini sarsıda bilməyəcəkdir. İndi xalqımız çətin iqtisadi şəraitdə yaşayır. Adamların bir çoxunun vəziyyəti çətindir, kasıb dolanır. Problemlərimiz çoxdur. Ancaq xalqımızın iradəsi möhkəmdir. Heç kəs bizə mane ola bilməyəcəkdir. Azərbaycan xalqının taleyi indi etibarlı əllərdədir, bunu bilin. Azərbaycanın müstəqilliyi qorunacaqdır. Xalqın milli azadlıq ruhu bundan sonra da yüksələcək və Azərbaycan bütün bu bəlalardan keçəcək, qısa müddətdə zəngin bir dövlət olacaqdır. Buna tam əmin olun.

Ona görə də burada yaşayın, işləyin, amma Vətən həmişə qəlbinizdə olsun, onu unutmayın. İndi yollar açıqdır, həmişə Vətənə gələ bilərsiniz. Hər birinizin gəlib Vətəndə yaşamağa, onu ziyarət etməyə, qohum-əqrabanızla görüşməyə imkanınız var.

Biz Müstəqil Dövlətlər Birliyinə daxilik. Amma bu da sizi narahat etməsin. Keçmiş Sovetlər İttifaqının bir hissəsi kimi bizim həmin birlikdə olmağımız lazımdır. Lakin, bu, müstəqilliyimizə heç bir zərər gətirə bilməz. Bundan da tam arxayın olun. Bəzi adamlar böhtan, iftira atmaq üçün deyirlər ki, nə üçün Müstəqil Dövlətlər Birliyinə daxil oldunuz? Biz NATO-nun "Sülh naminə tərəfdaşlıq" sənədini də imzaladıq. Mən Amerikaya gedib Prezident Klintonla görüşdüm, İngiltərədə Baş nazir Meycorla görüşdüm, Türkiyədə, Çində, Səudiyyə Ərəbistanında, Misirdə də oldum. 52 dövlətin təmsil olunduğu ATƏT-in Budapeştdə keçirilən Zirvə toplantısında iştirak etdim. ATƏT-in 20 illik tarixi ərzində Azərbaycan üçün ən önəmli bir qərar - ATƏT-in çoxmillətli sülhü mühafizə qüvvələrinin yaradılmasına və Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün regiona göndərilməsinə dair qərar qəbul olundu. Bundan əvvəl belə şey yox idi, deyirdilər ki, bu problemi ancaq Rusiya qoşunları gəlib həll edə bilər. Biz buna razılıq vermədik. Mən Budapeşt Zirvə toplantısında çıxış edərək sözümü dedim. Qərarın qəbul edilməsi çox çətin idi. Bizə mane olanlar da var idi. Biz bu çətinliklərdən də keçdik. Sonra Mərakeşdə İslam Konfransı Təşkilatının Zirvə toplantısında iştirak etdim. Orada da 52 dövlət təmsil olunmuşdu. Müsəlman dünyası ölkələrinin rəhbərləri ilə görüşdüm. Orada da Ermənistanın Azərbaycana təcavüzünü pisləyən, islam ölkələrini Azərbaycana yardım göstərməyə çağıran qərarlar qəbul edildi. Səudiyyə Ərəbistanına-Məkkəyə, Mədinəyə getdim. Müqəddəs yerləri ziyarət etdim. Sizin də burada bir Hacınız var, mən gördüm, təbrik edirəm.

Biz Azərbaycanı bütün dünyaya tanıtmalıyıq. Üç gündür buradayam, danışıqlar aparır, görüşlər keçiririk. Mən o vaxt, hələ Sovetlər İttifaqının tərkibində olan Azərbaycana rəhbərlik edəndə də Azərbaycanı dünyaya tanıtmağa çalışmışdım. İndi də çalışmaq lazımdır. Siz də çalışmalısınız, biz də çalışmalıyıq.

Əminəm ki, Azərbaycanın gözəl, xoşbəxt gələcəyi var. Ona da əminəm ki, Azərbaycanın sərhədlərindən kənarda yaşayan soydaşlarımız da öz səviyyələrini yüksəldərək, təhsillərini artıracaq, yaşadıqları ölkələrdə biznesdə, başqa sahələrdə yaxşı yer tutacaq və Azərbaycana layiq olacaqlar.

Sizə bir daha uğurlar, səadət və xoşbəxtlik arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 1 fevral 1995-ci il.

Tarixi arayış

DİASPOR

Əlavə sənədlər