Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının prezidenti Akademik Boris Yevgenyeviç Patona – Bakı şəhəri, 5iyun 2003-cü il


Çox hörmətli Boris Yevgenyeviç!

Sizi və Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası Şurasının bütün üzvlərini 10 illik yubiley münasibətilə təbrik edirəm.

Bu illər tariximizdə kifayət qədər çətin illər olmuşdur. Postsovet dövrünün mürəkkəb sosial-iqtisadi prosesləri akademik elmin müxtəlif strukturlarının təşəkkül tapmış fəaliyyət mexanizmini, əslində, pozmuşdu. Biz fəxr edirik ki, bu çətin vaxtda Azərbaycanda Elmlər Akademiyasını nəinki saxlaya bildik, həm də onun daha da inkişaf etməsi, beynəlxalq əlaqələrinin, o cümlədən Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası çərçivəsində əlaqələrinin genişlənməsi üçün çox işlər görə bildik.

Sizin başçılıq etdiyiniz assosiasiya bu gün faydalı elmi əməkdaşlığın inkişafına təkan verən səmərəli beynəlxalq təşkilata çevrilmişdir. Xeyli birgə elmi-texniki layihələrimiz Müstəqil Dövlətlər Birliyinin iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq həyata keçirilir. Əminəm ki, Azərbaycan Milli Elmlər Akademiyasının Beynəlxalq Assosiasiya ilə əməkdaşlığı bundan sonra da uğurla inkişaf edərək ümumi elmi məkanın formalaşmasına öz töhfəsini verəcəkdir.

Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasına bundan sonra da inkişaf və tərəqqi, BEAA-ya daxil olan bütün milli akademiyalara elmin inkişafında yeni-yeni uğurlar arzulayıram.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti