Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin "Nezavisimaya qazeta"nın müxbiri ilə müsahibəsi - 24 avqust 1993-cü il


- Heydər Əliyeviç, prezident Elçibəyə etimad haqqında referendum keçirilməsinə dair qərar qəbul edilib. Görünür, hadisələrin inkişafının iki variantı mümkündür. Ona etimad göstərilməsə, üç aydan sonra yeni prezident seçkiləri keçiriləcək. Bəs cənab Elçibəy referendumda qalib gəlsə, onda bu, nəyə gətirib çıxaracaq?

- Bildiyiniz kimi, mən Bakıya onunla əlaqədar qayıtmışam ki, Gəncədə törədilmiş qanlı hadisələrdən sonra Azərbaycanın o vaxtkı rəhbərlərinin hamısı, Elçibəyin özü də mənə müraciət etdilər. Mən bir neçə gün razılıq vermədim, lakin nəhayət, qərara aldım ki, respublika olduqca ağır vəziyyətdədir, artıq söhbət vətəndaş müharibəsindən gedir. Əbülfəz Elçibəyin son vaxtlar tutduğu əməllər nəticəsində Ali Sovetin iclaslarında dəfələrlə məsələ qaldırıldı ki, prezident Konstitusiyanı pozmuşdur, parlamentin onu hakimiyyətdən uzaqlaşdırmaq hüququ var. O, səlahiyyətə malik deyildir, amma öz prezident vəzifəsindən istifadə edir. Mən bu məsələnin səsə qoyulmasından hər dəfə yayınmışam. Məni düz başa düşün, axı, prezident Elçibəy xalq tərəfindən seçilib. Hərçənd indi daha sübuta yetirilib ki, seçkilər saxtalaşdırılmışdı. Daha olan olub, keçən keçib. Buna görə də real vəziyyəti nəzərə alaraq və demokratik prinsipləri əsas tutaraq, onun taleyini xalq özü həll etməlidir. Mən məsələ qaldırdım ki, referendum keçirilsin. Çünki əgər o, xalq tərəfindən seçilibsə, onda qoy xalq da ona öz münasibətini bildirsin. Bəs bu münasibət necə ola bilər? Bütün son vaxtlar Azərbaycanda nələr baş verdiyini nəzərə alsaq, onda görərik ki, bu münasibətin necə olacağı bəri başdan məlumdur.

- Deməli, yaxın vaxtlarda Azərbaycanda yeni prezident seçkiləri keçiriləcək?

- Konstitusiyaya görə, əgər Azərbaycan prezidentinin səlahiyyətləri Ali Sovetin sədrinə verilibsə, bu halda o, həmin səlahiyyətləri üç aydan artıq icra edə bilməz. Deməli, seçkilər keçirilə bilər.

- Amma Azərbaycan prezidenti vəzifəsini tamam ləğv etmək təklifi də var?

- Bəli, belə əhval-ruhiyyə var. Mən hesab edirəm ki, bu, qeyri-məqbuldur. Azərbaycanda prezident də olmalıdır, prezident idarə formaları da. Bu fikri söyləyənlərin özləri prezident vəzifəsinin ləğv edilməsinin bütün nəticələrini başa düşmürlər. Biz parlament idarə formasına hələlik hazır deyilik.

Parlament idarə forması üçün gərək sabit ənənələr olsun. Bu ənənələr isə öz-özünə meydana gəlmir. Dəqiq fəaliyyət proqramları olan güclü, qanuniləşdirilmiş partiyalar gərəkdir, onların proqramlarında zamanın şərtləri ilə səsləşən konkret məqsəd və vəzifələr nəzərdə tutulmalıdır.

Keçmişə, parlamentli respublikaların tarixinə ötəri nəzər salsaq, onda yəqin edərik ki, bu proses bir neçə onillik ərzində yol keçmişdir. Siyasi mübarizənin kəşməkəşlərində, qaynaqlarında müxtəlif qüvvələr peyda olmuş, nurlu şəxsiyyətlər, zəkalı siyasi istedadlar meydana çıxmışlar. Lakin tam dəyərli siyasi partiyaların təşəkkül tapması üçün xeyli vaxt gərək idi. Biz isə çoxpartiyalılıq mərhələsinə yenicə yaxınlaşmışıq, madam ki, söhbət siyasi mənzərədən gedir, onda kəmiyyət göstəriciləri yalnız kənar, qeyri-peşəkar müşahidəçiləri razı sala bilər. Qeyd edim ki, indi bizdə onlarca partiya var. Onların proqramları oxşardır, bu partiyaların başında elə adamlar dururlar ki, onlar öz əqidə və baxışlarına görə bir-birindən çox az fərqlənirlər. Parlaq liderlər yoxdur. Hər halda hələlik yoxdur. Bu partiyalar lazımi sosial bazaya malik deyildirlər və əslində, hamısı da ibtidai siyasi modelə yaxındır. Buna görə də bu gün bizim şəraitdə əsl parlament idarə forması barədə düşünmək özünü aldatmağa bərabərdir. Bu, siyasətin ən adi əsaslarını faktik olaraq bilməmək deməkdir.

Nəzərdən keçirdiyimiz məsələyə dair öz axırıncı dəlilimi gətirim: siyasi partiyalar geniş təbəqələrin mənafelərini əks etdirməli, onların fəaliyyətinin strategiya və taktikasının mahiyyətini, heç olmasa, yaxın perspektivi təmin etməlidir. Bunu isə bizim partiyaların timsalında, təəssüflər olsun, müşahidə etmirik.

- Siz son dövrün Azərbaycan rəhbərlərindən birinci olaraq təhlükəli siyasi addım ataraq, Dağlıq Qarabağ Respublikasının hakimiyyət orqanları ilə birbaşa dialoqa başladınız. Hesab edirsinizmi ki, bu, erməni - azərbaycanlı münaqişəsini dincliklə aradan qaldırmaq üçün son imkandır?

- Mən Bakıya qayıdan kimi, hərbi əməliyyatların real vəziyyətini obyektiv şəkildə araşdıraraq, bu məsələnin həllinin dinc yollarını axtarıb tapmağa çalışdım. ABŞ, Rusiya və Türkiyə sülh təşəbbüsü irəli sürmüşdülər, işğal edilmiş Azərbaycan ərazilərindən erməni silahlı birləşmələrinin çıxarılması haqqında BMT Təhlükəsizlik Şurasının 822 nömrəli qətnaməsi qəbul olunmuşdu. 1992-ci ilin martından ATƏM-in Dağlıq Qarabağ münaqişəsinə dair Minsk konfransı fəaliyyət göstərir, lakin bu təşkilatın imkanlarından istifadə etmək məsələsi ilə Azərbaycanda heç vaxt indiki kimi belə fəal məşğul olmamışlar. Mən Minsk konfransının sədri cənab Mario Raffaelli ilə görüşdüm. O, Azərbaycanda olmuş və konkret surətdə yəqin etmişdir ki, indiki Azərbaycan rəhbərliyi bu məsələnin dincliklə həllinə dair planı qətiyyətlə həyata keçirir. Qoşunların münaqişə zonasından çıxarılması üçün ATƏM-in nümayəndə heyətinin nəzərdə tutduğu plan və təqvimi həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi bəyənmişdir. Amma bilirsinizmi, Dağlıq Qarabağdakı qüvvələr bu plan və təqvimin əleyhinə çıxdılar və Mario Raffaelli də kimlərin əngəl törətdiyini, əslində aydınlaşdırdı. ATƏM nümayəndələri qayıtdıqdan sonra nəticə çıxarıb, məsələyə yekun vurdular. Mən bu numayəndə heyətinin obyektivliyindən razıyam. O, BMT-yə geniş məruzə təqdim etmişdir.

Erməni birləşmələri tərəfindən işğal olunmuş Ağdamdan erməni qoşunlarının təxirə salınmadan çıxarılması haqqında Təhlükəsizlik Şurasının qəbul etdiyi qərar ağıllı qərar idi. Lakin sonradan məlum oldu ki, Dağlıq Qarabağdakı qüvvələr idarəedilməzdir və Ermənistan rəhbərliyinə tabe olmurlar. Bunu bizə Yerevandan dedilər. Əlbəttə, mən belə uydurmalarla razılaşa bilmərəm. Dağlıq Qarabağ kiçicik bir vilayətdir. Təbiidir ki, o, kənardan kömək edilməsəydi, 7 milyonluq respublikaya müqavimət göstərmək iqtidarında olmazdı. Lakin bütün dünya bilməlidir ki, biz bundan sonra müharibə etmək istəmirik, buna görə də Azərbaycan tərəfindən hərbi rəhbərlik erməni birləşmələrinin komandanlığı ilə əlaqə yaratdı. Üç gün müddətinə barışıq haqqında razılığa gəldik. Sonra təkrarən danışıqlar apardıq və barışığı daha 7 gün uzatmağı qərara aldıq. Biz bəlkə bundan sonra da bu yolla getdik.

- Siz inanırsınızmı ki, bu problemi yaxın gələcəkdə, ümumiyyətlə, həll etmək olar? Bunu ona görə soruşuram ki, təxminən bir il əvvəl prezident Elçibəylə görüş zamanı mən bu sözləri ondan da eşitmişdim. Demişdi ki, uzağı bir ildən sonra münaqişə aradan qaldırılacaq...

- Əbülfəz Elçibəyin hansı mülahizələri əsas tutduğunu söyləmək mənim üçün çətindir. O, belə bəyanatları bir neçə dəfə vermiş və hər dəfə də qəti surətdə əmin edirdi ki, üçcə ayın içində qələbə qazanılacaq. Mən onu qınamıram. Çünki onun nə dövlət fəaliyyəti, nə də siyasi fəaliyyət sahəsində azca belə təcrübəsi yox idi. Odur ki, özünün ölçüb-biçilməmiş, götür-qoy edilməmiş əməllərinin bəhrəsini görməli olur.

Parlamentin iclasında mənim seçilməyim məsələsi həll edilərkən soruşurlar ki, mən Qarabağ münaqişəsinin aradan qaldırılmasına nə kimi təminat verə bilərəm. Aydın cavab verib dedim: mən peyğəmbər deyiləm və heç bir təminat vermirəm və heç nə vəd etmirəm. Məsələ olduqca mürəkkəbdir və əgər onu beş il ərzində nəinki həll edə bilməmiş, əksinə, son həddədək ağırlaşdırmışlarsa, indi onun həllinin qeyri-adi yollarından danışmaq ən azı sadəlövhlükdür. Bununla yanaşı qeyd edim ki, hərbi əməliyyatların bundan sonra da aparılması münaqişədə iştirak edən tərəflərin hamısı üçün daha dəhşətli faciəyə gətirib çıxaracaqdır. Buna görə də inanıram ki, xalqların müdrikliyi, nəhayət, öz bəhrəsini verəcəkdir.

- Belə düşünürəm ki, hətta Naxçıvanda olduqda da, siz bu münaqişədə Rusiyanın rolunu izləyirdiniz. Rusiyanın hərəkətləri sizi qane edirmi?

- Mən Naxçıvanda da heç bir konkret bəyanat vermirdim. Demişəm və deyirəm ki, bu strateji məsələdir: Azərbaycanın Rusiya ilə normal dostluq əlaqələri olmalıdır. Amma son vaxtlar bu münasibətlər şəxsən məni razı salmır. Bu, böyük bir siyasi səhvdir ki, hər şeydə günahı Rusiyanın, əvvəlcə sovet Rusiyasının, sonra da indiki Rusiyanın üstünə yıxırdılar. Heç də həmişə hər şey normal olmamışdı, eləcə də Dağlıq Qarabağ ətrafında baş verən hadisələrdə Rusiyanın tutduğu mövqe də. Lakin mən bunu bütünlüklə Rusiyaya aid etməzdim. Zənnimcə, burada ayrı-ayrı adamların və ya müəyyən strukturların münasibətlərindən danışmaq olar. Buna görə də əlbəttə, problemlər var, ola bilsin, iddialar da var. Buna baxmayaraq, ümidvaram ki, Rusiya indi ABŞ və Türkiyə ilə birlikdə Qarabağ probleminin dincliklə həllinə ürəkdən çalışır. Burada, Azərbaycanda belə bir fikir yayılıb ki, Rusiya birtərəfli mövqe tutur. Mən isə, dövlət məsuliyyəti daşıyan bir şəxs kimi deyirəm: biz köhnə anlaşılmazlıqları xatırlayıb üzə vurmaqdansa, mehriban qarşılıqlı münasibətlər üçün imkanlar aramalıyıq.

- Siz artıq neçə dəfə təəssüflə söyləmisiniz ki, Azərbaycandan çoxlu rus gedib və gedir.

- Ömrümün əsas hissəsi Azərbaycanda keçib, Azərbaycan öz çoxmillətliliyi ilə səciyyəvidir. Bugünkü Azərbaycan isə XIX əsrdə təşəkkül tapmış Azərbaycana oxşayır, yəni, son illərdə milli tərkibdə güclü dəyişikliklər baş vermişdir. Xüsusən 1990-cı ilin yanvar hadisələrindən sonra. Rusdilli əhalinin köçhaköçü də məhz onda başladı. Mən bunu normal hal saymıram. Bütün sivilizasiyalı ölkələr çoxmillətlidir. Rusdilli əhalinin olması Azərbaycan üçün və onun gələcəyi üçün olduqca mühüm amildir. Bir çox azərbaycanlılar rus dilində təhsil almış, öz övladlarına bu dildə oxumağa imkan yaratmışlar. Mən öz millətimi və öz xalqımı sevirəm, amma bir çox xalqların nümayəndələri ilə ünsiyyət zamanı rus dilindən istifadə etmişəm. Bu isə mənə yalnız fayda gətirmişdir.

Mən çalışacağam ki, ruslar, ukraynalılar, yəhudilər və başqa millətlərin nümayəndələri buradan köçüb getməsinlər, adamlar özlərini azad və rahat hiss etsinlər. Azərbaycanın bütün vətəndaşları bərabər hüquqlara malik olmalıdır. Yoxsa, elə düşünürsünüz ki, son illərin hadisələri ilə əlaqədar köçüb getməyə məcbur olmuş şəxslərin Azərbaycana qayıtması problemi məni narahat etmir? Biz bunun üzərində fikirləşirik. Çətinlik ondadır ki, bizdə çoxlu qaçqın var - ermənilər Ağdamı işğal etdikdən sonra qaçqınların sayı daha 200 min nəfər artmışdır. Lakin mənə elə gəlir ki, əgər biz müharibəni qurtarsaq, əgər adamlar daimi yaşayış yerlərinə qayıtmağa başlasalar, onda rahat nəfəs alarıq və çox dərd-sərimizi, vaxtı çatmış problemlərimizi həll edə bilərik. Çoxları öz torpağına qayıtmaq həsrətindədir, nisgillidir, adamlar qurub-yaratmaq eşqiylə yanırlar.

- Rusiyada, Ukraynada, Qazaxıstanda çoxları indiki dövlətlər birliyinə nisbətən daha möhkəm ittifaq yaradılmasına tərəfdardırlar. Siz bu problemə necə baxırsınız?

- Suveren respublikaların yaranması obyektiv tarixi prosesdir. Yalnız Xalq Cəbhəsi adamların beyninə yeritməyə çalışırdı ki, Azərbaycanın müstəqilliyinə məhz o, nail olmuşdur. Bu, doğru deyildir. Bu prosesi dayandırmaq çətin ki, mümkün idi. Lakin bunların hamısını, əlbəttə, ağrısız-acısız, sivilizasiyalı yolla - münaqişələrsiz, qan tökülmədən həyata keçirmək olardı. Hər hansı yeni ittifaq haqqında ideya həmçinin köhnəlməyibdir. Biz, məsələn, əgər keçmiş Sovet İttifaqından danışırıqsa, o, bolşeviklərin iradəsi ilə yaranmışdı. Həmin ittifaqın əsas təşəbbüsçüsü Rusiya olmuşdur. Amma Ukrayna, Belorusiya və tərkibində üç respublika, o cümlədən də Azərbaycan olan Zaqafqaziya fəal rol oynamışdılar. Bununla əlaqədar mən belə bir nöqteyi-nəzərə tərəfdaram: hər cür ittifaqlar, bloklar barəsində az düşünmək, az danışmaq lazımdır. Gərək bacardığın qədər çalışıb qonşularla itirilmiş əlaqələrin bərpa edilməsinə nail olasan. Tam müstəqillik, əsl suverenlik barədə heç bir şüar, bəyannamə istər böyük, istərsə də kiçik xalqların real tələbatını əvəz edə bilməz. Harada ki, tamhüquqlu, qarşılıqlı münasibətlər yaradılmasına cəhd göstərilir, orada hər şey çox sadə bir model - mehriban qonşuluq münasibətləri əsasında həll edilir.

- Rusiyada, elə burada, Bakıda da eşitdim ki, son vaxtlar Azərbaycan İrana və Türkiyəyə güclü meyl göstərir, din birliyi amili az qala milli birlik amili kimi qəbul edilmişdir.

- Hər dövlətin öz xarici siyasəti var. Milli xüsusiyyətlər, din - bunlar da əhəmiyyətli amillərdir. Şəxsən mən milli hisslərlə dini hissləri qarışdırmazdım. Bu kateqoriyalar heç də hər cəhətdən oxşar deyildir, hərçənd əksər hallarda onları bəziləri az qala eyniləşdirməyə çalışırlar.

Bir vaxtlar bütün Qərb elə Şərq də sovet xalqlarının hamısına ən böyük şər kimi baxırdılar, səbəb də onların, Allaha "inanmaması" idi. Bəs indi, adamlar, xalqlar Allaha, dinə üz tutduqları vaxtda necədir, onlar yenə də günahkardırlar?.. Sonra, təməlçilik niyyətləri və sair təhlükəli meyllər barəsində söhbətlərin əksəriyyəti mənə uydurma kimi görünür. O ki qaldı milli xüsusiyyətlərə, burada hətta səthi etnoqrafik bilik, zənnimcə, hər şeyi ətraflı şəkildə izah edir. Türk və Azərbaycan dilləri qohum dillərdir, elə bunun özü də yaxınlığın labüdlüyünü qabaqcadan müəyyənləşdirir. İranda on milyonlarla azərbaycanlı yaşayır. Məgər bu amillər iki böyük ölkə ilə yaxınlığın olmasını zərurətə çevirmirmi?

Daha bir məsələ barəsində. Yetmiş ildən artıq bir müddətdə biz öz cənub qonşularımızdan, demək olar ki, tamamilə ayrı düşmüşdük, indi, birləşmə, inteqrasiya əhval-ruhiyyəsi bütün dünyaya hakim kəsildiyi bir vaxtda nəyə görə də bizim qonşularla normal münasibətlərimiz olmasın? (Axı, bu münasibətlər başqa dövlətlərə heç bir ziyan gətirə bilməz). Mən bizim münasibətlərimizi nəzərdə tuturam… Azərbaycanı Türkiyə və İranla qədim tarix birləşdirir. Lakin təxminən 200 il Azərbaycan Rusiyanın tərkibində olmuşdur. Bu isə dərin iz buraxmışdır. Azərbaycanın həm Rusiya, həm Türkiyə, həm də digər dövlətlərlə yaxşı dostluq münasibətləri olmalıdır. Misal üçün, Qazaxıstanda, Özbəkistanda, Türkmənistanda çoxlu azərbaycanlı yaşayır. Rusiyada onlar təqribən 2 milyon nəfərdir. Onların sayı Şimali Qafqazda xüsusilə daha çoxdur. Bütün bunlar ona dəlalətdir ki, son dərəcədə ağıllı xarici siyasət yeritmək lazımdır. Rusiyanın Qafqaz bölgəsində həmişə mənafeyi olmuşdur. Azərbaycan Rusiya ilə sıx əlaqələr saxladığı dövrlərdə çox şey qazanmışdır. Rusiyanın mədəni təsiri ilə milli mədəniyyətimizin vəhdəti Azərbaycanda çox maraqlı sintez əmələ gətirmişdir. Rusiya ilə normal münasibətlər bərpa edilməlidir. Əlbəttə, bütün dünyaya olduqca güclü təsir göstərən ABŞ və digər böyük ölkələrlə də normal münasibətlər yaradılmalıdır. Əgər Rusiya kimi böyük bir dövlət ABŞ-ın mənafeləri ilə hesablaşırsa, onda Azərbaycan kimi kiçik ölkələr bu mənafeləri, sözsüz, nəzərə almalıdırlar. Dünya siyasəti sadə bir iş deyildir.

- Müsahibəni qurtararaq, bir daha Azərbaycanın daxili siyasətinə qayıdıram. Müxalifət, Xalq Cəbhəsi hadisələrin inkişafından razı deyildilər. Bəs təyin edilmiş referendum nəticəsində və ya referendumdan sonra onlar Konstitusiyaya zidd hər hansı tədbirlərə əl atsalar, onda necə?

- Mən bunu istisna etmirəm.

- Belə isə, onda necə hərəkət edəcəksiniz?

- Yeri gəlmişkən, onlar artıq buna əl atmışlar. Əbülfəz Elçibəy apreldə fövqəladə vəziyyət elan etmişdir. Sonra onu yenidən iki ay müddətinə uzatmışdır. Bu cəbhədə şəraitlə və daxili siyasi vəziyyətlə bağlı idi. Lakin Gəncə hadisələri başladıqda, Xalq Cəbhəsinin özü qanunu pozmağa və mitinqlər toplamağa başladı, doğrudur, mitinqlərə az adam gəlirdi - onlara, bir qayda olaraq, ən çox iki-üç min adam toplaşırdı. Elçibəy qaçıb aradan çıxdıqdan sonra Xalq Cəbhəsi tərəfdarlarını öz iqamətgahının qarşısına toplayaraq mitinq keçirdi. Hüquq-mühafizə orqanlarımız fövqəladə vəziyyət haqqında qanunu əsas tutaraq asayişi pozanlara qarşı sərt tədbirlər görülməsinə təkidlə çalışırdılar. Amma mən buna mane oldum. Hətta televiziya icazəsiz keçirilən mitinqdən reportaj göstərdi. AXC əvvəlki şöhrətə malik deyil və məsələ də əsla mitinqlərdə deyildir. Onun üzvlərində çoxlu silah var. Onlar bax, bununla vəziyyəti mürəkkəbləşdirə bilərlər.

- Yaxın vaxtlarda Azərbaycanda iqtisadi vəziyyət necə olacaq, daha doğrusu, hökumət necə hərəkət edəcək?

- İqtisadiyyat son dərəcə bərbad vəziyyətdədir. Zavod və fabriklərin əksəriyyəti boş dayanır. Bütöv sahələr böhran içərisindədir, idarəetmə kadrlarının, texniki kadrların kəskin şəkildə çatışmadığı aydın nəzərə çarpır. Halbuki vaxt var idi, respublikanın yüksəlişini məhz onlar təmin etmişdilər. İqtisadi əlaqələr qırılmışdır. Biz, əslində, bütün istiqamətlərdə iş görməliyik. İqtisadi islahatlar mümkün olan yerlərdə həyata keçirilməlidir, onlar lap köklü olsa da. Lakin sağlam haqq-hesab əsasında əvvəlki iqtisadi potensialdan da istifadə etmək vacibdir. Bəd əməllər az tutulubmuş kimi hələ bəziləri müxtəlif sıçrayış və sürətli irəliləyişdən dəm vurur. Mən bunun əleyhinəyəm: böhranın kor düyününü yavaş-yavaş açmaq, inkişafın inqilabi yoluna deyil, təkamül yoluna, transformasiya metodikasına keçmək lazımdır. Biz çox tez-tez belə çağırışlar eşidirik ki, bazar yaradılması sahəsində fəaliyyəti gücləndirmək gərəkdir. Çoxları isə bizim artıq bazar şəraitində olduğumuzdan danışaraq özlərini də, ətrafdakıları da çaş-baş salırlar. Mən belə hesab edirəm ki, biz iqtisadi mənada bazarda deyil, olsa-olsa adi bazara malikik, o da ki, çox bəsitdir. Bəs bu adi bazarı iqtisadi bazara necə çevirməli? Bax, məsələ də bundadır. Bax, burada yada salmaq lazımdır ki, bazar iqtisadiyyatının və əmək bazarlarının infrastrukturlarını, texnologiyaları, vergi sistemlərini ardıcıl surətdə yaratmaq və bir çox digər məsələləri yoluna qoymaq lazımdır. Biz intellektual ehtiyatlar olmadığı təqdirdə də işin öhdəsindən gələ bilməyəcəyik.

- Sizin bu vəzifədə hər hansı səfəriniz nəzərdə tutulurmu?

- Mən hələ heç nəyi nəzərdə tutmamışam. Yalnız daxili problemlərlə məşğulam. Bir tərəfdən, müharibə davam edir, təxminən bir milyon adam öz torpağında qaçqına çevrilmişdir, digər tərəfdən, hüquqi özbaşınalıq baş alıb gedir, qanunsuz yaradılmış silahlı dəstələr var. Bu problemlərin hamısı ilə hesablaşmaq və onların üzərində işləmək gərəkdir. Lakin xalq mənə inanır. Bu isə ən başlıca məsələdir. Buna görə də belə düşünürəm ki, həmvətənlərimin etimadını doğruldacaq və ölkəni sabitliyə gətirib çıxaracağam.

Söhbəti Vitali Tretyakov aparmışdır

"Nezavisimaya qazeta", 24 avqust 1993-cü il.

Tarixi arayış