Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Dövlət Neft Akademiyasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində nitqi. 15 dekabr 2000-ci il


Hörmətli müəllimlər!

Əziz tələbələr, xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Mən sizi və eyni zamanda ölkəmizin bütün təhsil işçilərini Azərbaycan Dövlət Neft Akademiyasının 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm və Neft Akademiyasına gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.

XX əsr artıq sona çatır, bu əsrin son günlərini yaşayırıq. Biz 100 illik tarixi bir dövrə nəzər salarkən, təbiidir ki, keçdiyimiz yolu, gördüyümüz işləri təhlil edirik, qiymətləndirməyə çalışırıq və həyatımızda olmuş çətinlikləri, ayrı-ayrı bəlaları çox narahatlıq hissi ilə xatırlayırıq.

XX əsr bəşər tarixində dünyada elmin, mədəniyyətin, elmi-texniki tərəqqinin inkişafında xüsusi yer tutur. Bu, dünyanın bütün ölkələrinə, xalqlarına aiddir. Ancaq təbiidir ki, hər ölkə, hər millət, hər xalq bu əsri yaranmış tarixi şərait içərisində keçirmiş, kimsə çox nailiyyətlər əldə etmiş, daha da irəliyə getmiş, kimsə vaxt itirmişdir. Ancaq bunlara baxmayaraq, minillik tarixdə XX əsr bəşəriyyət üçün ən uğurlu əsr olmuşdur.

Biz indi XX əsrə nəzər salarkən, Azərbaycanın keçdiyi yolu təhlil etməyə və həyatımızın bütün mərhələlərinə doğru-düzgün, ədalətli qiymət verməyə qadirik. Bu əsrdə bizim xalqımız bir tərəfdən böyük çətinliklərlə, faciələrlə rastlaşıb, ikinci tərəfdən də çox böyük nailiyyətlər qazanıb, inkişaf edib, dünya sivilizasiyasının səviyyəsinə çatıbdır. Nəhayət, əsrin sonunda xalqımız öz milli azadlığını, dövlət müstəqilliyini əldə edərək çoxəsrlik arzularına çatıbdır.

XX əsrdə keçdiyimiz tarixi yolda xalqımızın təhsillənməsi, ali təhsilin yaranması və inkişaf etməsi, elmin, mədəniyyətin, iqtisadiyyatın inkişaf etməsi ölkəmizi yüksək səviyyələrə gətirib çatdırıbdır. İndi Azərbaycan müstəqil dövlət olaraq, dünya birliyində özünəlayiq yerini tutubdur. Azərbaycan elmin, təhsilin, mədəniyyətin, iqtisadiyyatın inkişafına görə öncül yerlərdən birini tutur. Xalqımızın kütləvi surətdə təhsillənməsi, ali təhsil sisteminin, bütün sahələrdə milli kadrların, milli mütəxəssislərin yaranması XX əsrdə Azərbaycanın ən böyük nailiyyətlərindən biridir.

80 illik yubileyini qeyd etdiyimiz Neft Akademiyasının Azərbaycanın XX əsr tarixində xüsusi yeri və rolu vardır. Mən sizə - Azərbaycan Dövlət Neft Akademiyasına göndərdiyim təbrik məktubumda sizin institutun, akademiyanın əldə etdiyi nailiyyətlərə dövlət tərəfindən verilən qiyməti qısa şəkildə bəyan etmişəm, gördüyünüz işlərə münasibətimi bildirmişəm və akademiyanın gələcəyi haqqında arzularımı ifadə etmişəm. Ancaq bu gün sizinlə bir yerdə olmaq və bu hadisəni birlikdə qeyd etmək mənim üçün çox əhəmiyyətlidir, şərəflidir. Ona görə də mən bu gün buraya gəlmişəm, sizinlə bərabərəm və təkcə Neft Akademiyası üçün yox, Azərbaycanın bütün ali təhsili üçün, bütün xalqımız üçün əziz olan bu bayramı birlikdə qeyd edirik.

Azərbaycanda ali təhsilin bünövrəsi Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti tərəfindən qəbul olunmuş qərar əsasında 1919-cu ildə Bakı Dövlət Universitetinin yaranması ilə qoyulmuşdur. Ancaq ondan bir il sonra 1920-ci ilin noyabr ayında Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun dekreti ilə Azərbaycanda yeni bir ali məktəb, ali təhsil ocağı yaranmışdır. O vaxt Azərbaycanda sənayenin, iqtisadiyyatın inkişafının ən vacib sahələrdən biri olduğunu nəzərə alaraq, Bakı Politexnik İnstitutu, - sonra isə adını Azərbaycan Politexnik İnstitutu qoyublar, - yaranmışdır. Azərbaycanda 1919-cu ildə Bakı Dövlət Universitetinin və ondan bir il sonra Bakı Politexnik İnstitutunun yaranması eyni əhəmiyyət kəsb edən, xalqımızın XX əsrdə inkişafını və ali təhsilin inkişafını təmin etmiş qərarlardır. Əgər nəzərə alsaq ki, o vaxt Bakı Dövlət Universitetini də, Bakı Politexnik İnstitutunu da yaradanda milli kadrlarımız yox idi, - Azərbaycan bu iki təhsil ocağını yaratmaq üçün Rusiyanın alimlərindən, müəllimlərindən istifadə etmişdir, - onda biz bu təhsil ocaqlarının açılmasının nə qədər qiymətli olduğunu bu gün qeyd etməliyik.

Neft Akademiyası 80 il ərzində Azərbaycanda sənayenin, iqtisadiyyatın, elmin, elmi-texniki tərəqqinin inkişafında xüsusi rol oynamışdır. Onun yaranmasının kökləri də vardır. Bu da ondan ibarətdir ki, Azərbaycan hələ əsrin əvvəlində aqrar, sənaye bölgəsi kimi tanınaraq, eyni zamanda dünyada neft hasilatı sahəsində məşhurlaşmışdı. Ona görə də Azərbaycanın zəngin neft yataqlarından istifadə olunması üçün, eyni zamanda neft yataqlarının kəşf edilməsi, neftin emalı, habelə müvafiq maşınqayırma zavodlarının və bir çox başqa sahələrin yaradılması məhz Bakı Politexnik İnstitutunun yaranmasının əsas səbəbi olmuşdur.

Biz bu gün böyük milli qürur hissi ilə 80 illik yubileyə toplaşmışıq. 80 il ərzində bu ali təhsil ocağı ayrı-ayrı vaxtlarda ayrı-ayrı ad daşıyaraq, heç vaxt öz məzmununu, əsas təhsil istiqamətini itirməmiş və dəyişməmişdir. Bizi ən çox sevindirən odur ki, qısa bir zamanda Politexnik İnstitutunu yaradandan sonra Azərbaycanda milli mühəndis kadrları, milli sənayenin müxtəlif sahələrində fəaliyyət göstərə bilən ali təhsilli kadrlar hazırlamağa başlamış və artıq demək olar ki, 30-cu illərdə Azərbaycan iqtisadiyyatın bu mürəkkəb sahəsində öz milli kadrlarına malik olmuşdur.

Politexnik İnstitutu demək olar ki, Bakı Dövlət Universiteti kimi, Azərbaycanda başqa ali təhsil məktəbləri üçün bir ana rolu oynamışdır. Əgər Bakı Dövlət Universitetində və oradakı fakültələrin əsasında, xüsusən birinci dövrdə, müəllim kadrlarının hazırlanması, dəqiq elmlər, yaxud da təbabət elmləri sahəsində kadrların hazırlanması bizim üçün vacib idisə və bunların nəticəsində Azərbaycanda həm tibb institutu, həm pedaqoji institut, ondan sonra digər institutlar yarandısa, Bakı Politexnik İnstitutu təhsilin digər sahəsinin yaranmasında, bir də deyirəm, ana rolunu oynamışdır.

Azərbaycan qədim neft diyarıdır. Neftin sənaye üsulu ilə istifadə olunması keçən əsrin ortalarından başlanmışdır. Ancaq 1920-ci ildən sonra bizim o vaxt yaşadığımız SSRİ məkanında böyük bir ölkəni, SSRİ-ni sənayeləşdirmək üçün, sənayeləşdirmə proqramını həyata keçirmək üçün neft sənayesinin xüsusi rolu və əhəmiyyəti vardı. Artıq bu gün tam qətiyyətlə demək olar ki, əgər Azərbaycan nefti olmasaydı, əgər Azərbaycanın zəngin təbii sərvətlərinin istifadə olunması üçün qısa müddətdə müvafiq işlər görülməsəydi, bu işlərin görülməsi üçün lazım olan qədər kadrlar - mühəndislər, texniklər, yaxud da ki, yüksək səviyyəli fəhlələrin hazırlanması olmasaydı, onda, bəlkə də yeni yaranmış dövlət kimi SSRİ, ümumiyyətlə, aqrar ölkəsi olmuş rus-çar imperatorluğu qısa bir müddətdə belə sənayeləşmə yolu keçə və yüksək sənaye potensialı yarada bilməzdi. Ona görə də Azərbaycan nefti keçmiş SSRİ kimi böyük bir dövlətin inkişaf etməsində xüsusi rol oynamışdır. Bu neftin hasil olunması, emalı üçün o vaxtkı SSRİ-nin müxtəlif bölgələrinə, sahələrinə çatdırılması üçün kadrları hazırlayan, təbiidir ki, Azərbaycan Politexnik İnstitutu olmuşdur.

Bilirsiniz ki, İkinci Dünya müharibəsində SSRİ kimi böyük bir dövlətin müharibə aparmaq imkanlarının təmin edilməsində Azərbaycan nefti xüsusi rol oynamışdır. Məlumdur ki, o vaxt SSRİ-də neftin 70 faizi Azərbaycanda hasil edilirdi və bu da SSRİ-nin İkinci Dünya müharibəsində qələbə çalmasının əsas şərtlərindən biri olmuşdur.

Sizin Akademiyanın, - o vaxt Sənaye İnstitutu deyirdilər, - məzunu, SSRİ-nin ən böyük nəticələrindən biri, həm mütəxəssis, həm alim, həm də mühəndis və uzun müddət SSRİ-nin neft naziri, sonra isə SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifələrində işləmiş, bizim həmyerlimiz Nikolay Baybakov həm Moskvada müxtəlif görüşlərdə, həm də Bakıda bunu dəfələrlə qeyd etmişdir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsində SSRİ-nin qələbəsi bəlkə də mümkün olmayacaqdı.

O illərdə sənayedə işləmiş, yaxud da bu institutda çalışmış insanlardan bəziləri ola bilər, indi bu salondadırlar. Mən də o dövrü gözlərimlə görmüşəm. İndi arxiv materialları bugünkü gənclərə, nəsillərə göstərilir. Amma mən o dövrü gözlərimlə görmüşəm. Gözlərimlə görmüşəm ki, Bakıda, Azərbaycanda insanlar gecə-gündüz neft sənayesində yorulmadan çalışırdılar, neft hasil edirdilər və alman faşist ordusu gəlib Qafqaz sıra dağlarında duran zaman yol kəsildiyinə görə müxtəlif vasitələrdən istifadə edərək, nefti Xəzər dənizindən şimala, cəbhəyə çatdırırdılar.

Mənim xatirimdədir, müharibə illərində Amerika Birləşmiş Ştatlarından SSRİ-yə böyük yük daşımağa qadir olan avtomobillər və başqa texnika gəlirdi. Onun da bir yolu İran ərazisindən, - oraya qədər isə gəmilərlə daşınırdı - keçirdi. İran ərazisindən, oradan isə bütün Qafqazı keçərək cəbhəyə getmək üçün həmin texnikaya yanacaq lazım idi. Əgər yanacaq olmasaydı, o vaxtlar Amerika tərəfindən verilən texnika heç bir iş görə bilməzdi. Bu barədə çox danışmaq olar. Ancaq mən bu faktları xatırlayaraq, onu demək istəyirəm ki, biz bu gün bu yubileydə böyük qürur hissi keçiririk. Ona görə ki, hələ 80 il bundan öncə Azərbaycanın zəngin neft yataqlarından istifadə olunmasında və Azərbaycanda sənayenin - həm neft sənayesinin, həm də başqa sahələrinin inkişaf etdirilməsində 1920-ci ildə yaranmış Bakı Politexnik İnstitutunun xüsusi tarixi yeri vardır.

Bu gün biz yubileyi keçirərək, o vaxt Politexnik İnstitutunu yaradanların və 80 il ərzində, xüsusən ilk onilliklərdə bu institutda ağır bir şəraitdə fəaliyyət göstərmiş müəllimlərin, professorların, mühəndislərin, mütəxəssislərin xatirəsini böyük münnətdarlıq hissi ilə qeyd etməliyik.

Mən dünən sizin Akademiyanın qabaqcıl müəllimlərinin, professorlarının təltif olunması barədə materiallara baxarkən gördüm ki, bu gün də burada, Neft Akademiyasında yaşlı nəslə məxsus olan böyük bir qrup alimlər çalışır. Onlar yəqin ki, bu salondadırlar - yaxud da kimsə yoxdur, - mən onların xidmətlərini xüsusi qeyd edirəm. Çünki ömrünün əsas hissəsini bu mötəbər təhsil ocağında keçirmiş və bir neçə nəsil mühəndis, neftçi, yaxud sənayenin başqa sahələri üçün mütəxəssislər hazırlamış insanlar böyük hörmətə layiqdir və biz daim onları cəmiyyətimizdə hörmətli insanlar kimi adlandırmalıyıq.

Burada deyildi, Bakı Politexnik İnstitutu yaranandan sonra, o, ayrı-ayrı mərhələlərdə müəyyən adlar daşımışdır. Amma Azərbaycan Sənaye İnstitutu adı daha məşhur idi. Rusca ona Azerbaycanskiy İndisturalnı İnstitut deyirdilər. Azərbaycanda hamı bu instituta xüsusi hörmətlə yanaşırdı. Onu da qeyd etmək lazımdır ki, - hər halda mən öz gənclik və sonrakı dövrdəki təəssüratlarımı deyirəm, - bu instituta daxil olmaq istəyənlər o qədər çox deyildi. Çünki o vaxtlar sənayeni və sənayenin mürəkkəbliklərini gənclərin çoxu hələ o qədər də dərk edə bilmirdilər. Əgər 20-30-cu illəri götürsək, bəlkə də bu, obyektiv səbəb idi ki, respublikamızda təhsili kütləvi etmək üçün daha çox müəllim kadrları lazım idi. Ona görə də Bakı Dövlət Universitetinə, onun əsasında yaranmış Azərbaycan Pedaqoji İnstitutuna və başqalarına axın daha çox idi. Bir də ki, mən sizə deyim, burada oxumaq o birilərindən çətin idi. Bəlkə də kimsə hesab edər ki, bu, mənim subyektiv fikrimdir, ola bilər. Çünki mən vaxtilə burada təhsil almışam. Ancaq məsələ təkcə subyektivlikdə deyil. O vaxt gənclərin çoxu hesab edirdi ki, universitetdə - geologiya, tarix, ədəbiyyat, filologiya fakültələrində hamı oxuya bilər. Amma gəlib burada neft sənayesi, yaxud mexanika, energetika, geologiya fakültələrində oxumaq çox çətin idi. Çünki bu fənlər hələ o vaxtlar bizim gənclər üçün o qədər yaxşı tanış deyildi.

Xatirimdədir, mən də burada bir müddət təhsil almışam. O vaxtlar biz oxuyanda materiallar müqaviməti dərsindən hamımız qorxurduq. Çünki çox çətin idi. İndi bilmirəm, bəlkə asanlaşıbdır. Amma bu, çox çətin problem idi. Özü də bir müəllim, professor var idi, necə deyərlər, heç bir şeyə güzəşt edən deyildi. Gərək ki, onun familiyası Dunin idi. Ondan qiymət almaq mümkün deyildi.

Yenə deyirəm, mən öz dövrümü xatırlayıram, buraya daxil olmaq istəyənlər başqa institutlara daxil olmaq istəyənlərdən az idi. Amma, eyni zamanda, bu instituta daxil olmaq və burada oxumaq hər adam üçün mümkün deyildi. Bəziləri daxil olurdu, ancaq oxuya bilmirdi, sonra çıxıb başqa institutlara gedirdi. Bunun səbəbi təkcə burada olan fənnlərin mürəkkəbliyi, çətinliyi ilə əlaqədar deyildi. Yenə də deyirəm, bunun səbəbi bir də onunla əlaqədar idi ki, o vaxt gənclər hələ bu sahənin nə qədər vacib olduğunu dərindən dərk edə bilmirdilər. Daha bir səbəb o idi ki, - mən o vaxtın təəssüratlarını deyirəm, ancaq bu ənənələr sonrakı illərdə də davam edibdir, - bu institutda nizam-intizam, qayda-qanun, tələbkarlıq, müəllimin, professorun tələbəyə münasibəti, tələbənin müəllimə münasibəti yüksək səviyyədə idi. Qoy, o biri ali məktəblər məndən inciməsinlər. Mən Azərbaycanın uzun illər rəhbəri olmuşam, indi də Prezidentiyəm. Mənim üçün hər bir ali məktəb doğmadır və hər bir ali məktəbin öz yeri vardır. Amma mən bu sözləri deməyə bilmərəm, indiki Neft Akademiyası vaxtilə bütün ali məktəblərə nümunə idi. Mən istərdim ki, o, bu gün də, gələcəkdə də nümunə olsun.

Dövlət Neft Akademiyasının Azərbaycanda sənayenin inkişaf etməsində gördüyü işlər çox böyük qiymətə layiqdir. İndi baxın, Azərbaycanın böyük sənaye potensialı vardır. Doğrudur, indi biz müstəqillik əldə edəndən sonra, keçmiş sovet iqtisadi sistemindən yeni iqtisadi sistemə keçdiyimiz üçün böyük sənaye müəssisələrimizin bir qismi lazımi səviyyədə işləyə bilmir, məhsul vermir və orada çalışan adamların bəziləri işsiz qalırlar. Bunlar müvəqqəti hallardır. Ancaq Azərbaycanın böyük sənaye potensialı vardır.

Təbiidir, Azərbaycan qədimdə aqrar ölkə olubdur - dünyadakı ölkələrin hamısı qədim dövrdə aqrar ölkələr olublar - sənaye sonra inkişaf etməyə başlayıbdır. Amma keçmiş SSRİ-nin tərkibində olmuş başqa respublikalara nisbətən Azərbaycan daha əvvəl aqrar ölkədən aqrar sənaye ölkəsinə çevrilibdir. Ona görə də öz müstəqilliyimizi əldə edən zaman bizim heç bir problemimiz yox idi. Çünki Azərbaycanın inkişaf etmiş böyük sənaye kompleksi və bu sənaye kompleksini səmərəli işlədə bilən mühəndis, texnik, alim kadrları vardır.

Bakı Politexnik İnstitutu, - mən Neft Akademiyasının köhnə adını deyirəm, indiki Politexnik İnstitutunu demirəm, onun da öz yeri var, - Azərbaycan elminin inkişafında da böyük rol oynamışdır. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaranarkən onun əsasını qoyanların əksəriyyəti məhz bu institutun məzunları olmuşdular. Elmlər Akademiyasının bir çox elmi-tədqiqat institutlarını məhz həmin kadrlar tərəfindən yaratmaq mümkün olmuşdur. Bundan başqa, bizim sənayenin bir çox sahələrində, məsələn, neft, yaxud maşınqayırma, energetika və başqa sahələrdə olduqca çox elmi tədqiqat, layihə institutlarımız vardır. Həmin institutların yaranması da bu ali təhsil ocağında hazırlanmış kadrların vasitəsi ilə olmuşdur.

Azərbaycan Dövlət Neft Akademiyasının 80 illik tarixində onun fəaliyyəti çoxşaxəli olmuşdur. Həm sənayenin, həm elmin inkişafı, həm elmi-tədqiqat institutları, burada dedilər, həm də bir neçə yeni ali məktəblər - Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Politexnik İnstitutu məhz Azərbaycan Dövlət Neft Akademiyasından ayrılmış fakültələr əsasında yaranmış, qurulmuşdur.

Azərbaycan Dövlət Neft Akademiyası indi özünün yeni mərhələsini yaşayır. Birincisi, bu onunla əlaqədardır ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil dövlət olaraq öz təhsilini, elmini, iqtisadiyyatını, özünə lazım olan digər sahələri daha çox inkişaf etdirməyə çalışır. Azərbaycan Dövlət Neft Akademiyası bu baxımdan da xüsusi rol oynayır.

İndi müstəqillik dövründə bizim həyata keçirdiyimiz işlərdən ən böyüyü və ən əsası Azərbaycan dövlətinin yeni neft strategiyasıdır. Biz buna 1994-cü ildə başlamışıq. Amma quru yerdən başlamamışıq. Əgər Azərbaycan neftçiləri, geoloqları, alimləri, Azərbaycanın neft sənayesini təmin edən sənaye müəssisələri yüksək səviyyədə olmasaydı, biz bu strategiyanı həyata keçirə bilməzdik. Bizim neft strategiyamızın əsasını on illərlə Azərbaycan neftçiləri və geoloqları tərəfindən ilk növbədə Xəzər dənizinin Azərbaycan sektorunda kəşf edilmiş neft və qaz yataqlarının dünyanın qabaqcıl texnikaya və texnologiyaya, böyük iqtisadi imkanlara malik olan şirkətləri ilə birlikdə işlənməsi təşkil edir. İndi düşünmək lazımdır - əgər bizim alimlərimiz, geoloqlarımız, mühəndislərimiz, neftçilərimiz uzun illər çalışaraq o neft yataqlarını kəşf etməsəydilər, indi biz yeni neft strategiyamızı nəyin əsasında yarada bilərik? Ona görə də mən neft strategiyası haqqında danışarkən, birinci növbədə Azərbaycan neftçilərinə, neft sahəsindəki alimlərimizə, geoloqlarımıza xüsusi minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Azərbaycan dünyada ilk dəfə dənizin dərinliklərindən neft çıxarmağa nail olmuşdur. 50 il bundan öncə Neft daşları yaranmışdır. Yəni dənizdə neft mədəni yaranmışdır. Bu, dünyada birinci təcrübə idi. Ancaq bunu kim kəşf etdi, kim yaratdı? Bu yataqları kəşf edənlər yenə də bizim bu Neft Akademiyasında təhsil almış yüksək səviyyəli geoloqlar olmuşlar. Ancaq o ağır vəziyyətdə dənizin, suyun altından nefti çıxarmaq təbiidir ki, bizim neftçilərin əməyinin və bu işdə toplanmış, təcrübənin nəticəsi olmuşdur. Onlar olmasaydı, bu, ola bilməzdi. Ona görə də Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsi indiyə qədər bizim on illərlə gördüyümüz işlərin nəticəsidir.

Ancaq indi bizim neftçilərin qarşısında, Neft Akademiyasının qarşısında duran vəzifələr Azərbaycana gəlmiş müxtəlif şirkətlərlə sıx əməkdaşlıq edərək, dünya təcrübəsini daha da mənimsəməkdən və dünya təcrübəsini bu gün burada təhsil alan tələbələrə çatdırmaqdan, onları bu sahədə bilikləndirməkdən ibarətdir. Eyni zamanda Neft Akademiyası və neft sahəsində çalışan elmi tədqiqat institutlarımız, Elmlər Akademiyası gərək, bu şirkətlərlə sıx əməkdaşlıq etsinlər, Azərbaycan dünya təcrübəsini - həm elmi, həm də elmi-texniki tərəqqini, təcrübəni qavrasın, gələcəkdə bu işlərin əksəriyyətini özü görə bilsin.

Neft strategiyasının istiqamətlərindən biri də budur ki, biz müəyyən bir dövrdə ayrı-ayrı dünya şirkətləri ilə əməkdaşlıq edərək, təcrübə toplayıb, vəsait əldə edib, müasir texnikanı, texnologiyanı mənimsəyib işlərin çoxunu gələcəkdə özümüz görməliyik. Ancaq bunun üçün bax, bu keçid dövrü lazımdır.

Sevindirici hal odur ki, indi dünyanın qabaqcıl neft şirkətlərinin burada gördüyü işlərin əksəriyyətini milli kadrlar aparır. Mən bu barədə neft şirkətlərinin rəhbərləri ilə, mütəxəssisləri ilə çox söhbət etmişəm. Onlar bildirirlər ki, Azərbaycandakı kadrların, milli kadrların, yəni azərbaycanlıların bu qədər yüksək səviyyədə olduğunu təsəvvür edə bilməzdik. Bu da yenə Neft Akademiyasının xidmətlərindən biridir. Bizim neft sənayesinin xidmətlərindən biridir. Neft sənayesində fəaliyyət göstərən elmi tədqiqat, layihə institutlarımızın xidmətlərindən biridir.

Azərbaycan Dövlət Neft Akademiyasının dünyanın bir çox ölkələrində kadrların hazırlanmasındakı xidmətlərindən burda danışıldı. Bu da bizdə böyük iftixar hissi doğurur. Amma təkcə bu yox, həm də Azərbaycan neftçilərinin müxtəlif ölkələrdə neft sənayesinin yaranması və inkişaf etməsi sahəsində gördüyü işlər. Məsələn, Vyetnamda, Kubada, Əlcəzairdə, digər Afrika ölkələrində və başqa yerlərdə Azərbaycan mütəxəssisləri neft sənayesinin təşkil olunmasında iştirak ediblər, neft sənayesi ilə əlaqədar təhsil müəssisələrində dərslər deyiblər.

Xatirimdədir, 1983-cü ildə mən SSRİ-nin dövlət nümayəndə heyətinin başçısı kimi Vyetnamda oldum. Vyetnamın o vaxtkı başçıları ilə - Fam Van Donqla və başqaları ilə danışıq apararkən, onlar bizim qarşımızda, yəni SSRİ-nin qarşısında bir məsələ qoyurdular ki, siz tezliklə Vyetnamın cənubunda, dənizin sahilində olan neft yataqlarının istifadə edilməsində bizə yardım edin. Xoşimin şəhərindən müəyyən məsafədə, gərək ki, Vunqtau adlı bir yerdə bizim mütəxəssislər işləyirdilər. Gördüm ki, onların əksəriyyəti azərbaycanlıdır. Həddindən artıq sevindim. Onlar orada çox işlər görmüşdülər. İndi Vyetnam çox neft hasil edir və bu, onun iqtisadiyyatının inkişafına kömək edibdir.

Yaxud, burada deyildi - xarici ölkələrin gənclərinin neft sahəsində təhsil alması. Afrikanın böyük ölkələrindən biri olan Anqolanın prezidenti Joze Eduardu Duş Santuş beş il burada təhsil alıbdır, mühəndis olubdur. Sonra öz ölkəsində uzun illərdir prezident seçilir. Mən onunla həm Anqolada, həm də Moskvada bir neçə dəfə görüşmüşəm. Bəzən beynəlxalq təşkilatlarda görüşürük. O, hər dəfə Bakıdakı təhsil dövrünü, müəllimlərini çox böyük məmnuniyyət hissi ilə xatırlayır. Bu da Azərbaycan Dövlət Neft Akademiyasının bir tərəfdən xidmətidir, ikinci tərəfdən, dünya miqyasında qazandığı şöhrətin əsasıdır.

Bir sözlə, bu gün Azərbaycan Dövlət Neft Akademiyasında sizinlə birlikdə mən Azərbaycan neftçilərinin bütün nəsillərinin xalqımız qarşısındakı böyük xidmətlərini xüsusi qeyd edirəm və ölkəmizdə neft sənayesinin inkişafında xidmətlər göstərmiş keçmiş nəsillərin - böyük mühəndislərin, alimlərin, geoloqların xatirəsi qarşısında baş əyirəm.

Mən burada sizinlə danışarkən beynimə bir fikir də gəlibdir. Azərbaycan neft ölkəsidir. Amma bizdə bu böyük sahəyə aid dəyərli bir abidə yoxdur.

Biz böyük şairlərimizin heykəllərini yaratmışıq. Musiqiçilərimizin heykəllərini yaratmışıq. Bunlar hamısı lazımdır, təbiidir. Amma mən bu gün düşünürəm ki, neft sahəsində bir adamın heykəlini yaratmaq çətindir. Amma Azərbaycan neft sənayesinin yarandığı vaxtdan indiyə qədər əldə etdiyi nailiyyətləri əks etdirən bir monumentin yaranmasına böyük ehtiyac vardır. Düşünürəm ki, gərək mən bu barədə müəyyən qərar qəbul edəm və onu həyata keçirəm.

Mən bu gün buraya, bu binaya gələrkən gəncliyimi xatırladım. 1939-cu ildə mən Naxçıvanda orta məktəbi qurtarandan sonra, - onda 16 yaşım var idi, - Bakıya gəldim. Memarlığa çox həvəsim olduğuna görə, inşaat-memarlıq fakültəsinə daxil oldum. Burada iki ildən bir az çox təhsil aldım. İkinci Dünya müharibəsi təhsilimin yarımçıq qalmasına, həyatımın istiqamətinin dəyişilməsinə səbəb oldu. O vaxtdan 60 il keçir. Bir-iki dəfə öz arxivimə baxanda oxuduğum o iki ildə verdiyim imtahanları bildirən qiymət kitabçasını gördüm. İndi burada siz də arxivdən tapmısınız ki, hansı fənlərdən imtahan vermişəm, hansı qiyməti almışam, orada müəllimlərin imzaları vardır. Düzdür, iki il azdır, ondan 60 il keçibdir. Mən ondan sonra hərbi işdə olmuşam, siyasətlə məşğul olmuşam. Görünür ki, mənim memarlığa olan həvəsimlə yanaşı, bu istedadım da var imiş. Ancaq o illəri heç unutmuram.

Bu gün binaya daxil olarkən fikirləşdim ki, o şeylərin hamısı yerindədirmi? Bəli, bu giriş qapısı da yadımdadır. Səhər dərsə gəlirdik. İntizam çox möhkəm idi. Mən keçmiş Solntsev küçəsi 40-da yerləşən yataqxanada yaşayırdım. Buradan 5 nömrəli tramvay keçirdi. Oradan buraya gəlirdim. Tələbələr çalışırdılar ki, dərsə gecikməsinlər. Həmişə qapıda tıxac əmələ gəlirdi, içəri girmək çox çətin idi, bir-birini itələyir, sıxırdılar. Bunlar hamısı xatirimdədir. Burada üçüncü mərtəbədə küncdə böyük bir otaq var. O, bizim memarlıq qrupunun otağı idi. Aşağıda yeməkxana var idi, o da yadımdadır. Ümumiyyətlə, bu bina o vaxtdan gözümün qarşısındadır. Yəni bunun köhnə hissəsi yox, yeni hissəsi. O illər iki il müddətində burada aldığım təhsil, tərbiyə, nizam-intizam, bilik mənim gələcək həyatımda, sonrakı dövrümdə çox böyük rol oynamışdır. Ona görə də mən o illəri böyük məmnuniyyət hissi ilə xatırlayıram. Mənə dərs vermiş müəllimləri xatırlayıram. Bu gün onlara bir daha minnətdarlığımı bildirirəm. Çünki Naxçıvanda orta məktəbi qurtarandan sonra məhz o illər mənim gələcək həyatımda böyük rol oynadı.

Mən burada çox yubileylərdə iştirak etmişəm. Xatirimdədir ki, 1940-cı ildə burada tələbə idim. Bildik ki, 20 illik yubileydir. O vaxt burada rektor Musa Əliyev idi. Bilirsiniz ki, o, sonra böyük alim, akademiyanın prezidenti olmuşdur. Başqa müəllimlərimiz də var idi. Onlar yüksək dövlət ordenləri ilə təltif olunmuşlar, institut təltif edilmişdir.

Yadımdadır, bu salonda mərasim keçirilirdi. Təbiidir, onda mən burada yox, hardasa oralarda oturmuşdum. Çox sevinirdim. Yəqin, təkcə mən yox, bütün tələbələr sevinirdi. Bu, mənim 20 illik yubileydə iştirakım idi.

30, 40 illik yubileylər bilmirəm, nə vaxt olubdur. Amma 1971-ci ildə 50 illik yubileydə iştirak etmişəm və nitq söyləmişəm. 60 illik yubileydə iştirak etmişəm, yenə də nitq söyləmişəm. Artıq burada dedilər ki, 70 illik yubiley olmayıbdır. İndi 80 illik yubileydə də iştirak etmək mənə müyəssər olubdur. Mən buna görə özümü çox xoşbəxt hiss edirəm. Çox məmnunam, mənə nəsib olubdur ki, 60 il bundan öncə burada təhsil almış adam indi bu Akademiyanın 80 illik yubileyində iştirak edir.

Mən sizinlə bərabər olmağımdan bir daha çox şadam, çox sevinirəm. Ümidvaram ki, Neft Akademiyası indiyə qədər əldə edilmiş təcrübəni, gözəl ənənələrini bundan sonra da davam etdirəcək və XXI əsrdə də Azərbaycanın ən qabaqcıl ali təhsil məktəblərindən biri olacaqdır. İndiyə qədər olduğu kimi, gələcəkdə də bizim xalqımız, millətimiz üçün, müstəqil Azərbaycan dövləti üçün yüksək səviyyəli kadrlar hazırlayacaqdır.

Sizi bir daha təbrik edirəm. Hər birinizə cansağlığı arzu edirəm. İşlərinizdə uğurlar arzulayıram. Hər birinizə ailə səadəti arzu edirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 16 dekabr 2000-ci il

Oçerklər

NEFT STRATEGİYASI

Ümumi tarixi arayış

NEFT STRATEGİYASI

Tarixi arayış

Yeni texnologiyaların tətbiqi