Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliya Respublikası Xarici İşlər Nazirinin müavini, Senator Valentino Martelli ilə görüşdəki söhbətindən - Prezident sarayı, 9 aprel 1999-cu il


Heydər Əliyev: Cənab senator, sizi və italiyalı şəxsləri səmimi-qəlbdən salamlayıram. Azərbaycanda, onun paytaxtı Bakıda özünüzü necə hiss edirsiniz?

Valentino Martelli: Bakıda özümüzü çox yaxşı hiss edirik. Keçirilən görüşlərdən də razı qaldığımızı bildirirəm.

Cənab prezident, hər şeydən əvvəl, Sizə İtaliya hökuməti adından dərin minnətdarlığımı bildirmək istəyirəm. Siz bu gün səfirliyin yeni binasının açılışında iştirak etdiniz. Çox şadıq ki, səfirliyimizin binasını Sizə göstərmək imkanımız oldu.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Azərbaycanın iqlimi İtaliyanın iqliminə bənzərdir. Burada hava İtaliyadakı kimidir. Ola bilər, sizdə havalar daha da istidir.

Valentino Martelli: Bizim ölkəmizdə də havalar Azərbaycandakı kimidir. Təəssüf ki, Bakını ətraflı ziyarət edə bilmədim.

Heydər Əliyev: Sizin səfiriniz səfirliyin binası üçün çox yaxşı yer tapıbdır. Gərək ki, bu, İçərişəhərdə ilk səfirlik binasıdır. İçərişəhər Bakının ən qədim yeridir. Bina da yaxşıdır, mənim xoşuma gəldi. Bir az İtaliyanın arxitekturasına bənzəyir.

Ümumiyyətlə, İtaliya ölkədir. Sizin şəhərlərin hamısı böyük tarixi abidələrlə çox məşhurdur. Amma Azərbaycanın da tarixi böyükdür və memarlıq abidələri də az deyildir. Ona görə də bizim şəhərimizə daha çox baxsaydınız sizin üçün faydalı olardı.

İtaliya-Azərbaycan əlaqələri haqqında mən bu gün səfirlikdə olarkən dedim. Bir daha təkrar etmək istəyirəm ki, biz bu əlaqələrə çox böyük əhəmiyyət veririk. Mənim 1997-ci ildə İtaliyaya səfərimdən sonra biz bu əlaqələri daha da genişləndirməyə çalışırıq və imkanlar da çoxdur. Hər halda, biz öz tərəfimizdən belə bir mövqe tuturuq və bundan sonra da belə edəcəyik.

Valentino Martelli: Ölkələrimizin əlaqələrinin gündən-günə inkişaf etməsi barədə fikirlərinizlə mən də tam razıyam. Onu da vurğulayım ki, İtaliyanın səfirliyi Qafqazda ilk dəfə olaraq məhz Azərbaycanda, Bakıda açılışdır.

Cənab prezident, biz böyük məmnuniyyətlə Sizin Romaya, Neapola və Kapriyə olan səfərlərinizi yada salırıq. Orada Sizinlə birlikdə olan mahnı və rəqs qrupları Sizi çox böyük məmnuniyyətlə xatırlayırlar. Ümid edirik ki, həmin təntənəli şənlikləri bir daha təkrar etmək mümkün olacaqdır.

Mən Sizi özümün yaşadığım, İtaliyanın ən gözəl yerlərindən olan Sardiniyaya dəvət edirəm.

Heydər Əliyev: Çox sağ olun. Mən Sardiniyanın tərifini çox eşitmişəm, amma görməmişəm. İnşallah, növbəti dəfə İtaliyaya gələndə bunu həyata keçirərik.


"Azərbaycan" qəzeti, 10 aprel 1999-cu il.