Azərbaycan Respblikasının Prezidenti Heydər Əliyevin Azərbaycan-Qırğızıstan ikitərəfli sənədlərinin imzalanması mərasimindən sonra birgə mətbuat konfransında bəyanatı - Prezident Sarayı, 23 aprel 1997-ci il


Hörmətli Qırğızıstan prezidenti cənab Əsgər Akayev!

Hörmətli qonaqlar, hörmətli xanımlar və cənablar!

Bu gün Qırğızıstan prezidentinin, dostumuz cənab Əsgər Akayevin Azərbaycana rəsmi səfəri başlanmışdır. Artıq bir neçə saat keçibdir və böyük məmnunluq hissi ilə deyə bilərik ki, səfər uğurla keçir. Biz çox səmərəli, faydalı danışıqlar, söhbətlər apardıq və dövlətlərarası, hökumətlərarası sənədlər imzalanıbdır.

Gördüyünüz kimi, görüş, danışıqlar, söhbətlər ölkələrimiz arasında qarşılıqlı münasibətlər üçün xarakterik olan tamamilə dostluq, səmimilik şəraitində keçir. İndinin özündə demək olar ki, Qırğızıstan prezidentinin Azərbaycana səfəri respublikamızın həyatında əlamətdar hadisədir, bu səfərin tarixi əhəmiyyəti var. Bu, Qırğızıstan Respublikası prezidentinin Azərbaycana ilk səfəridir və bu gün imzalanmış 13 sənəd müstəqil respublikalarımız arasında imzalanmış ilk sənədlərdir. Qırğızıstan ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında müqavilənin xüsusi əhəmiyyəti var, o, bizim dostluğumuzun, qardaşlığımızın, əməkdaşlığımızın möhkəm müqaviləli-hüquqi bünövrəsini qoyur. Ümidvaram ki, bu müqavilə xalqlarımız arasında dostluğun və qardaşlığın əbədiliyini bildirir. İmzalanmış digər bürün sənədlər də müxtəlif sahələrdə ölkələrimiz arasında əməkdaşlığın təşkili və həyata keçirilməsi üçün müstəsna əhəmiyyətə malikdir, respublikalarımızın qarşılıqlı münasibətlərinin yaxşı müqaviləli, hüquqi əsasını təşkil edir.

Şübhəsiz ki, bütün bunlar əməkdaşlığımızı dərinləşdirmək və inkişaf etdirmək üçün yaxşı zəmindir. Əməkdaşlığımızın bundan sonra da inkişaf etməsi, şübhəsiz, hökumətlərarası bir çox digər sənədlərin də hazırlanmasına və imzalanmasına gətirib çıxaracaqdır. Biz bunu edəcəyik. Ancaq bu gün imzalanmış sənədlər bünövrədir, yaxşı başlanğıcdır və tam əminlik var ki, münasibətlərimiz bu zəmində daha uğurla inkişaf edəcəkdir. Prezident Əsgər Akayev ilə təkbətək söhbətimizdə, nümayəndə heyətləri arasında danışıqlar zamanı bir çox məsələlərə dair ətraflı fikir mübadiləsi aparıldı. Biz qarşılıqlı surətdə faydalı əməkdaşlığı, Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in prinsiplərini, qırğız və Azərbaycan xalqlarının dostluq və qardaşlıq ənənələrinə əsaslanan prinsipləri rəhbər tutaraq ilk növbədə dövlətlərarası, hökumətlərarası məsələlərimizi müzakirə etdik. Regional məsələləri, Avropada, Asiyada, ümumən dünyada müasir vəziyyətə dair məsələləri müzakirə etdik. Qafqazda sülhün və sabitliyin təmin edilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olubdur. Biz belə bir yekdil fikirdəyik ki, Qafqazda, Zaqafqaziyada sülh və əmin-amanlıq yaratmaq üçün əlavə tədbirlər gərəkdir. Ermənistan-Azərbaycan münaqişəsi barədə məsələ söhbət və danışıqlarımızın diqqət mərkəzində idi. Biz yekdil olduq ki, bu məsələ sülh danışıqları yolu ilə, ATƏT-in Lissabon Zirvə toplantısının sənədlərində əksini tapmış prinsiplər əsasında həll edilməlidir. Yaradılmış Transqafqaz dəhlizinin əməli fəaliyyəti ilə bağlı məsələlər danışıqlarımızda mühüm yer tutdu. Qırğızıstan bu sazişə qoşuldu və biz yekdil olduq ki, bu iqtisadi cəhətdən son dərəcə səmərəli nəqliyyat dəhlizinin Qafqaz və Mərkəzi Asiya ölkələri arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa ölkələri arasında gələcək əməkdaşlıq üçün böyük əhəmiyyəti olacaqdır ki, bu da nəinki iqtisadi bəhrələr verəcək, həm də həmin nəqliyyat dəhlizindən istifadə edəcək ölkələrin əməkdaşlığını hərtərəfli genişləndirmək və dərinləşdirmək üçün müstəsna əhəmiyyət kəsb edəcəkdir.

Biz MDB ölkələri dövlət başçılarının görüşünün bu yaxınlarda, martın 28-də keçirildiyini və onların yayda yeni görüşə toplaşacağını nəzərə alaraq, MDB-nin vəziyyəti barədə fikir mübadiləsi apardıq. Biz yekdil olduq ki, MDB-nin fəaliyyətini təkmilləşdirmək üçün səmərəli tədbirlər gərəkdir.

Biz bir çox digər məsələləri də müzakirə etdik. Bir daha demək istəyirəm ki, görüşlərimiz, söhbətlərimiz, danışıqlarımız səmimilik və dostluq şəraitində keçdi və bu gün ötən saatlar ərzində baş verənlərin hamısı sübut edir ki, Qırğızıstan ilə Azərbaycan arasında sıx münasibətlər, dostluq münasibətləri möhkəm zəminə və yaxşı perspektivə malikdir. Biz daha da irəliləmək, gözəl gələcəyə doğru getmək əzmindəyik. Diqqətinizə görə sağ olun.

Sual: - Hörmətli Heydər Əliyeviç, Dağlıq Qarabağ probleminin həllində MDB-nin rolu nədən ibarətdir? Bu barədə Əsgər Akayeviçin də flkrini bilmək istərdim.

Heydər Əliyev: - Ermənistan-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ münaqişəsinin həllində MDB-nin əslində heç bir rolu yoxdur. Rusiya vasitəçilik səyləri göstərir. ATƏTin, Minsk qrupunun üzvü kimi, böyük ölkə kimi o, vasitəçilik vəzifəsini üzərinə götürübdür və 1994-cü ilin dekabrından ATƏT-in Minsk konfransının, xüsusi olaraq Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün yaradılmış konfransın həmsədridir. Rusiya bu müddət ərzində və ondan əvvəl də vasitəçilik funksiyalarını həyata keçirmişdir. Bir halda ki, sual verilir, bu imkandan istifadə edərək demək istəyirəm ki, Rusiyanın, Minsk qrupunun vasitəçiliyi və mayın 5-də Bişkekdə imzalanmış protokolun köməyi ilə 1994-cü il mayın 12-də Ermənistan ilə Azərbaycan arasında atəşkəs əldə olunmuşdur. O vaxtdan bəri döyüş əməliyyatları, atəş yoxdur. Bir sözlə, Rusiya vasitəçilikdə iştirak edibdir, 1994-cü ilin dekabrında Minsk qrupunun həmsədri olana qədər də münaqişənin aradan qaldırılmasında fəal iştirak edibdir. İndi, ATƏT-in Lissabon Zirvə görüşündən sonra Minsk qrupunun həmsədrliyi tərkibində dəyişiklik baş veribdir. Hazırda onun həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadır. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasında Rusiyanın fəal rolu olduğunu deyə bilərəm. Ancaq təəssüf ki, bu məsələdə MDB-nin hansısa bir fəal iştirakı yoxdur. Deməliyəm ki, MDB dövlət başçılarının 1993-cü ilin dekabrında Aşqabatda keçirilən novbəti görüşündə mən belə bir bəyanatla çıxış etdim ki, MDB çərçivəsində kollektiv təhlükəsizlik haqqında müqavilənin iştirakçısıyıq, bununla belə, MDB-yə daxil olan iki ölkə arasında hərbi münaqişə mövcuddur, bu, yolverilməzdir. O zaman fəal hərbi əməliyyatlar, müharibə gedirdi və mən təklif etdim ki, MDB məsələni müzakirə edib qərar qəbul etsin ki, MDB-yə daxil olan ölkələr bir-birilə hərbi münaqişə vəziyyətində ola bilməzlər. Əgər münaqişə baş verərsə, onu MDB-nin ümumi səyləri ilə aradan qaldırmaq lazımdır. Ancaq təəssüf ki, MDB dövlət başçılarının Aşqabat görüşündəki bu bəyanatım diqqətdən kənarda qaldı. Bu yaxınlarda, martın 28-də Moskvada MDB dövlət başçılarının görüşü zamanı müstəqil dövlətlərin bir çoxunun prezidentləri MDB məkanında hərbi münaqişələrin olmasını yolverilməz sayaraq, qapalı iclasda bu mövzunu qaldırdılar. Çoxlu təkliflər oldu ki, bu məsələni xüsusi olaraq nəzərdən keçirib münaqişələri ləğv etmək, onların yaranmasına yol verməmək üçün səmərəli tədbirlər görmək lazımdır. Mən də bu cür çıxış etdim, çünki ölkələrin öz daxilində, məsələn Rusiyada Çeçenistan, Gürcüstanda gürcü-abxaz və gürcü-osetin, Moldovada Dnestryanı münaqişələr var, Zaqafqaziyada isə MDB-nin üzvü olan iki dövlət Ermənistan ilə Azərbaycan arasında münaqişə var. Ona görə mən də bu mövzuda fəal çıxış etdim. Bəyan edildi ki, tədbirlər görüləcək, münaqişələrin həllinə dair hansısa bir komitə yaradıldı. Ümid edəcəyik ki, tədbirlər görüləcəkdir. Hələlik isə bu sahədə MDB-nin fəaliyyətini mən qənaətbəxş saymıram. Diqqətinizə görə sağ olun.

Əsgər Akayev: - Bu suala Heydər Əliyeviç, məncə, ətraflı cavab verdi. Mən əslində heç nə əlavə edə bilmərəm, ancaq buna təəssüflənirəm ki, Müstəqil Dövlətlər Birliyi, mən onun möhkəmlənməsi naminə həmişə ardıcıl çıxış etmişəm, birlik daxilindəki bu cür regional münaqişələrin aradan qaldırılması üçün, yeni münaqişələrə yol verilməməsi üçün səmərəli mexanizm yaratmamışdır. Yeni münaqişələr də mümkündür, ona görə ki, əgər Siz MDB-nin iclasına cəmi bir neçə gün qalmış, martın ya 26-da, ya da 27-də çıxmış "Nezavisimaya qazeta"nı oxumuş olsanız, görərsiniz ki, bu qəzet bax, beləcə millətlərarası ədavəti qızışdırmaq, yeni münaqişələr törətmək əhvalı oyadır, elə bil ki, indiki münaqişələr bizim üçün azdır. Buna görə də mən ancaq təəssüflənirəm ki, MDB bu cür səmərəli mexanizm işləyib hazırlamamışdır. Heydər Əliyeviç dedi ki, biz həmin məsələni müzakirə etdik və bu məqsədlə iyunda da görüşəcəyik. Mən də buna qoşulmaq və ümid etmək istəyirəm ki, səmərəli mexanizm, kifayət qədər səlahiyyətlərə malik komitə olacaqdır. Elə bir komitə ki, MDB məkanında münaqişələr yaranmasının qarşısını qətiyyətlə ala bilsin, hər hansı formada, hər hansı təzahürdə və hər hansı yerdə separatçılığa, xüsusən təcavüzkar separatçılığa qarşı əzmlə mübarizə apara bilsin. Çünki münaqişələr də, separatçılıq da heç bir xalqa yaxşı heç nə gətirmir. Mən Heydər Əliyeviçin bu məsələ barəsindəki fikrinə şərikəm.

Sual: - Sual hər iki prezidentədir. Hazırda MDB çərçivəsində gedən və fövqəlmilli strukturlar, o cümlədən Qırğızıstanın da üzv olduğu Gömrük İttifaqı kimi, yaxud Belarus-Rusiya İttifaqı kimi strukturlar yaradılmasına gətirib çıxaran inteqrasiya prosesləri, Sizcə, nə dərəcədə əsaslıdır?

Əsgər Akayev: - Qırğızıstan Gömrük İttifaqının üzvü olmağı həqiqətən istəyir, çünki bizim iki əsas müttəfiqimiz, ənənəvi ticarət-iqtisadi tərəfdaşımız -Qazaxıstan və Rusiya bu ittifaqa daxildirlər. Bu gün xarici iqtisadi fəaliyyətimizin, xarici ticarət dövriyyəmizin 50 faizi onların payına düşür. Əgər bu Gömrük İttifaqı bizim müəyyənləşdirdiyimiz, Sizə söylədiyim kimi, Mərkəzi Asiya İttifaqında, - bu ittifaq sayəsində, Qırğızıstan ticarətin həcmini təxminən iki dəfə artırmışdır, - tətbiq olunan prinsiplər əsasında işləsəydi, onda biz başlıca ticarət-iqtisadi tərəfdaşımız olan Rusiya ilə ticarətin həcmini genişləndirə bilərdik. Amma təəssüf ki, belə olmadı. Bunun isə, bildiyiniz kimi, obyektiv və subyektiv səbəbləri olmuşdur. Gömrük İttifaqı haqqında sənəd imzalandıqdan sonra Rusiyada prezident, qubernator seçkiləri keçirildi və digər hadisələr baş verdi. İndi də hökumətin tərkibi təzələndi. Gömrük İttifaqına daxil olan dövlətlərin başçıları may ayında Moskvada görüşəcəklər. Əgər biz Gömrük İttifaqını işə salsaq, onda bu, Qırğızıstana da, Qazaxıstana da, Rusiyaya da iqtisadi cəhətdən sərfəli olar. O ki qaldı Belarusa, onunla əlaqələrimiz azdır. Belarusun Rusiya ilə ittifaqına gəldikdə, bu, iki dövlətin, iki xalqın öz işidir. Mən Rusiya Federasiyasının prezidenti Boris Nikolayeviç Yeltsinin yalnız bu sözlərini xatırlatmaq istərdim ki, inteqrasiya proseslərinin, xüsusən də maliyyə, bank sahəsində, digər çox mühüm sahələrdə bu proseslərin dərinləşdirilməsi məsələlərində hər hansı şəkildə irəliyə qaçmaq inteqrasiyanın dərinləşməsi prosesinə ancaq ziyan vura bilər. Mənə elə gəlir ki, bundan da yaxşı heç nə demək olmaz. Buna görə də biz yaxın illərdə vəzifəmizi bunda görürük ki,Gömrük İttifaqı yalnız iqtisadi əsasda işləsin.

Sizdə heç şübhə qalmasın deyə həmçinin nəzərə çarpdırmaq istərdim ki, biz MDB-nin tərəfdarıyıq, Qırğızıstan həmişə birliyin tərəfdarı onun möhkəmlənməsinin tərəfdarı olmuşdur. 1997-ci il martın 28-də istisnasız bütün prezidentlər yekdilliklə belə bir fikirdə olmuşlar: biz elə bir birliyin tərəfdarıyıq ki, o, yeni müstəqil dövlətlərin müstəqilliyinin, suverenliyinin möhkəmlənməsi naminə işləsin, regional münaqişələri aradan qaldırmağa, yenilərinin yaranmasına yol verməməyə qadir olsun. Avropa Birliyindəki kimi, qarşılıqlı surətdə faydalı, bərabərhüquqlu əsasda iqtisadi əməkdaşlığa kömək etsin. Odur ki, Qırğızıstan fövqəlmilli orqanlar yaradılacaq hər hansı ittifaqa daxil olmayacaqdır. Çox sağ olun.

Heydər Əliyev: Görünür, mən də bir-iki kəlmə deməliyəm, çünki bu sual mənə də verilib, sonra deməsinlər ki, cavabdan yayınıram.

Azərbaycan Gömrük İttifaqına daxil deyil, ona görə də heç nə deyə bilmərəm. O ki qaldı Rusiya və Belarusun ittifaqına, bu, onların işidir. Sağ olun.

Sual: - Sualım prezident Əsgər Akayevədir. Lissabon Zirvə görüşünün iştirakçısı, ATƏT sədrinin bəyanatını dəstəkləyən dövlət başçısı kimi Sizə müraciət edirəm. Həmin bu üç prinsipə, o cümlədən Azərbaycanın tərkibində Dağlıq Qarabağa muxtariyyət verilməsi prinsipinə Ermənistana səfərinizdən sonra münasibətiniz necədir?

İkinci sualım Ermənistana Rusiyanın qanunsuz olaraq hərbi texnika göndərməsi ilə bağlıdır. Bununla əlaqədar Azərbaycan MDB-nin bütün ölkələrinə və ATƏT-ə müraciət etmişdir. Qırğızıstanın münasibətini bilmək istərdim.

Əsgər Akayev: - Birinci suala cavab verərkən, Ermənistanla münasibətlərimizin necəliyindən asılı olmayaraq, qəti, aydın mövqeyimizi bildirmək istəyirəm. Lissabonda ATƏT-in üzvü olan bütün ölkələr Heydər Əliyevin ifadə etdiyi üç prinsipə əsaslanan bəyanatı dəstəklədilər. Bu üç prinsip bütün beynəlxalq hüquq normalarına cavab verir, Yer kürəsinin bütün nöqtələrində bu cür münaqişələri aradan qaldırmaq üçün əsas rolunu oynayır. Ona görə də, şübhəsiz ki, bu bəyanat yekdilliklə dəstəkləndi. Məsələ yalnız həmin bəyanatı praktikada nə cür həyata keçirməkdədir. Heydər Əliyeviç artıq dedi ki, Lissabon Zirvə görüşündən sonra Qarabağda münaqişənin aradan qaldırılması üzrə ATƏT-in Minsk qrupunun həmsədrliyində dəyişiklik baş vermiş, üç böyük dövlət - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa onun həmsədrləri olmuşlar. ATƏT-in və MDB-nin üzvləri kimi biz hamımız ürəkdən arzu edir və inanır, ümid bəsləyirik ki, bu üç böyük dövlət Lissabon bəyanatı əsasında həmin problemi həll edə biləcəkdir.

O ki qaldı ikinci suala, burada iki fikir ola bilməz, çünki bu məsələ Rusiyanın özündə də müzakirə edilmişdir. Bilirsiniz, Rusiya Federasiyasının prezidenti Boris Nikolayeviç Yeltsin qapalı iclasda, zənnimcə, hətta ümumi iclasda da qəti şəkildə demişdir ki, Rusiyanın ən səlahiyyətli orqanlarına həmin məsələni araşdırmağı və bu qanunsuz əməliyytda əli olanların hamısını cəzalandırmağı tapşırır.

Sual: - Cənab Akayev, Yerevana səfəriniz zamanı Siz 1915-ci il hadisələri ilə bağlı abidənin qarşısına əklil qoymusunuz. Əklili qoyanda bilirdinizmi ki, ermənilər bu abidəni bütün türk xalqlarına tarixi düşmənçilik kimi səciyyələndirirlər, yoxsa abidəyə Sizin münasibətiniz başqadır?

Əsgər Akayev: - Demək istərdim ki, əziz dostlar, biz hamımız ümumbəşəri prinsipləri və ümumbəşəri dəyərləri rəhbər tutmalıyıq. Yeri gəlmişkən, bu gün biz danışıqlar apararkən sizin prezident Heydər Əliyev bu barədə çox yaxşı dedi ki, qarşıdurmaya səbəb olan, dünyanı parçalayan, vətəndaş müharibələrinə gətirib çıxaran amillərdən biri də insanları xristianlara, müsəlmanlara bölmək, dinləri bir-birinə qarşı qoymaqdır. Ona görə də biz hər halda ümumbəşəri prinsipləri əsas götürməliyik. Harada, hansı ölkədə baş verməsindən, kim tərəfindən törədilməsindən asılı olmayaraq, soyqırımına bəraət qazandırmaq olmaz. Hesab edirəm ki, bütün sivilizasiyalı bəşəriyyət, biz hamımız mümkün olan hər şeyi etməliyik ki, belə hallar heç vaxt baş verməsin. Azərbaycanın azadlığı, müstəqilliyi, bütövlüyü uğrunda həyatlarını qurban vermiş minlərlə azərbaycanlı oğlanın və qızın dəfn olunduğu Şəhidlər xiyabanını bu gün ziyarət edəndə də mən xatirə kitabına bu sözləri yazdım. Ona görə də hesab edirəm ki, biz bu məsələdə Sizin dediyinizi əsas götürməməliyik. Bilirsiniz, mənim qarşımda həmişə Almaniyanın böyük kansleri Villi Brandt nümunə kimi dayanır, neçənci ildə olduğunu yada sala bilmirəm, Varşavada diz üstə çökərək öz xalqının törətdiyi soyqırımını pisləmişdir.

Müxbir: Hesab edirsiniz ki, türk xalqı doğrudan ermənilərə qarşı soyqırımı törətmişdir?

Əsgər Akayev: Bu məsələ barədə fikrimi bildirdim.

Sual: Hörmətli Heydər Əliyeviç, Azərbaycan Qərbə neft ixracına yaxın bir neçə ildə Şərqə ixracı da əlavə etməyi planlaşdırırmı? Azərbaycanın neft biznesinin bu yeni istiqamətində Qırğızıstan bir növ ilk qaranquş olacaqmı?

Sualım hörmətli Qırğızıstan prezidentinədir: Siz Azərbaycandan Qırğızıstana neft, neft məhsulları, kimya sənayesi məhsulları göndərilməsi baxımından əvvəlki əlaqələri bərpa etmək arzusunda olduğunuzu bildirdiniz. Əgər bu sazişlər imzalanarsa, Qırğızıstan hesablaşmaları necə - sərbəst dönərli valyuta ilə, yaxud mal göndərməklə aparmağı planlaşdırır? Əgər mal göndəriləcəksə, bu nədən ibarət olacaqdır. Başqa sözlə, hazırda Qırğızıstan Azərbaycandakı tərəfdaşlarına nə təklif edə bilər?

Heydər Əliyev: Azərbaycanın böyük nefti olanda, - bu isə, şübhəsiz, olacaq, çünki biz beş müqavilə imzalamışıq və yəqin ki, bu işi indən belə də davam etdirəcəyik, - biz Qərbə də, Şərqə də neft göndərə bilərik, Qırğızıstana isə ələlxüsus göndərə bilərik, çünki o dost, qardaş ölkədir. Axı Qırğızıstana nə üçün neft göndərilməsin? Bir sözlə, qoy bu məsələyə heç kim şübhə etməsin.

Əsgər Akayev: Demək istəyirəm ki, biz Azərbaycandan vaxtı ilə həmişə aldıgımız neftin, neft məhsullarının idxalına çox maraq göstəririk. Xüsusi ilə yağları nəzərdə tuturam. Ona görə ki, benzini, dizel yanacağını qonşuluqda da almaq mümkündür. Mən bu gün imkanları öyrənməyi və Qırğızıstana ildə bir milyon ton neft göndərilməsi haqqında uzunmüddətli saziş imzalamağı təklif etdim. Bu bizim üçün çox faydalı olardı, çünki hazırda neftin dərin emalı ilə məşğul olacaq neftayırma zavodu tikirik. Təkcə benzinə, dizel yanacağına deyil, həm də neftdən alınan kimya məhsullarına ehtiyacımız var. Ona görə də maraq göstəririk. İndi isə necə hesablaşacağımız barədə. Bilirsiniz ki, Qırğızıstan milli gəliri az olan kiçik ölkədir, lakin hazırda biz bütün ölkələrlə yalnız dönərli valyuta ilə hesablaşırıq, iki ildir ki, Qırğızıstan somu da sərbəst dönərlidir. Siz Bişkekdə istənilən sərbəst dönərli valyutanı soma və əksinə dəyişə bilərsiniz, heç bir məhdudiyyət yoxdur. Som möhkəm valyutadır və bilirsiniz ki, biz onun məzənnəsini saxlaya bilmişik. Somu 1993-cü il mayın 10-da dövriyyəyə buraxmışdıq və birinci il, əlbəttə, məzənnəsini bir qədər itirdi. Biz dörd somu bir dollara bərabər götürməklə tətbiq etmişdik. Birinci il 11 som endi və bu məzənnəni əslində üç il saxlaya bildik. Keçən il ödəmə balansımızı, ticarət balansımızı yaxşılaşdırmaq üçün onu azacıq devalvasiya edərək dollara nisbətdə 18-ə endirdik. Bu məzənnəni saxlayacağıq. Bir sözlə, bizim valyutamız möhkəmdir və hesablaşmaları yalnız onunla aparırıq. Təəssüf ki, bizimlə ticarətdə daha güclü dövlətlərdən belə münasibət görmürük. Onlar bizə barteri qəbul etdirməyi çalışırlar. Zənnimcə barterdən uzaqlaşmaq lazımdır, əgər Bakıdan neft, neft məhsulları idxal etsək, əvəzini valyuta ilə ödəməyə hazırıq. Azərbaycan bizim məhsullumuza, mallarımıza maraq göstərərsə, sivilizasiyalı ticarət aparmaq mümkündür. Qırğızıstan bu yolu çoxdan tutmuşdur. Başqa ölkələrin isə, təssüflər olsun, buna hazır olmaması ayrı məsələdir, heç də hamının sərbəst dönərli valyutası yoxdur və bizə barter təklif edir. Bu da bizim üçün faydalı deyıldir. Sağ olun.

Heydər Əliyev: Qurtardı, daha sual yoxdur? Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR