Hörmətli sədr!
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının hörmətli üzvləri!
Sizi ürəkdən salamlayır və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvləri ilə ilk dəfə görüşməyi özüm üçün böyük hadisə hesab edirəm. Bu, Azərbaycan prezidenti kimi mənim üçün çox mühüm hadisədir.
Mən Azərbaycan haqqında, onun bugünkü həyatı, qarşılaşmış olduğu və bu gün də qarşılaşdığı mürəkkəb problemlər haqqında məlumat vermək üçün sizinlə görüş keçirilməsini xahiş etmişəm. Sizinlə görüşə çox az vaxt ayrıldığını nəzərə alaraq, Azərbaycan haqqında lap qısaca danışmağı zəruri sayıram.
Sovetlər İttifaqının dağılmasından sonra Azərbaycan öz dövlət müstəqilliyini əldə etmiş, dünyanın bir çox ölkələri ilə dərhal diplomatik əlaqələr yaratmış, Birləşmiş Millətlər Təşkilatına qəbul olunmuşdur və hazırda Dünya Birliyinin tamhüquqlu üzvüdür. Dövlət müstəqilliyinin əldə edilməsi Azərbaycan üçün tarixi hadisədir. Ötən illər Azərbaycanın suverenliyinin və dövlət müstəqilliyinin möhkəmləndirməsinə, dönməz edilməsinə həsr olunubdur. Mən bu gün bəyan edirəm ki, bu bizim üçün müqəddəs vəzifədir. Biz Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişaf etdirməsi, beynəlxalq həyatda daha fəal, müstəqil iştirakı üçün bundan sonra da əlimizdən gələni edəcəyik.
Azərbaycanda demokratik hüquqi, dünyəvi dövlət qurulur, demokratik dəyişikliklər həyata keçirilir. Demokratiya prinsipləri Azərbaycanda milli dövlət quruculuğunun əsasını təşkil edir, bu zəmində konkret tədbirlər həyata keçirilir. 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk demokratik Konstitusiyası qəbul edilmişdir. Elə həmin vaxt çoxpartiyalılıq əsasında Azərbaycan parlamentinə seçkilər keçirilmişdir. İndi parlament fəal işləyir, Azərbaycanda milli dövlət quruculuğunun həyata keçirilməsinin qanunvericilik bazasını yaradır.
Bizim ölkəmizdə şəxsiyyət, insan hüquqlarının hamısı, siyasi plüralizm təmin olunmuşdur, partiyalar, siyasi, ictimai təşkilatlar və hərəkatlar sərbəst fəaliyyət göstərirlər. Bunlar çoxdur. Milli mənsubiyyətindən, dilindən, dinindən, dərisinin rəngindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları bərabər hüquqlara malikdirlər. Bir də deyirəm, Azərbaycanda dünyəvi dövlət qurulur.
Azərbaycanın iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında yenidən qurulur. Bu məqsədlə iqtisadi islahatlar aparılır, özəlləşdirmə prosesi geniş həyata keçirilir. Torpaq islahatı haqqında qanun xüsusilə mühümdür. Bu qanuna əsasən torpaq xüsusi mülkiyyətə verilir. Bazar münasibətləri, bazar iqtisadiyyatı Azərbaycanın bütün iqtisadiyyatının yenidən qurulmasının əsası və strateji məqsədidir. Azərbaycanın iqtisadiyyatı bütün dünya üçün açıqdır, biz xarici sərmayələrin ölkəmizə gəlməsini fəal surətdə təşviq edirik. Bildirməliyəm ki, artıq Azərbaycana sərmayələr gəlir və ümidvarıq ki, bu, gələcəkdə daha da artacaqdır.
Xarici sərmayədarlar üçün Azərbaycanda maksimum əlverişli şərait yaradılmışdır, ən başlıcası isə lazımi qanunlar qəbul edilmişdir. Bütün bunların əsasında, yəni iqtisadi islahatların həyata keçirilməsi, ölkənin xarici sərmayələr üçün açıq olması, xüsusən xarici ticarətin sərbəstləşdirilməsi nəticəsində Azərbaycanın iqtisadiyyatında müsbət dəyişikliklər baş verir.
Sovetlər İttifaqı dağıldıqdan sonra Azərbaycanın iqtisadiyyatı bir çox illər tənəzzül edirdi. Ancaq ötən ildən etibarən bizim ölkəmizdə iqtisadi yüksəliş başlayıb, inflyasiya aradan qaldırılıb və indi əslində yoxdur, milli valyuta - manat digər valyutalara, xüsusən dollara nisbətdə möhkəmlənir. Bu ilin göstəriciləri ümid verir ki, biz iqtisadi islahatların aparılmasından daha böyük nəticələr əldə edəcəyik.
Ancaq Azərbaycan öz müstəqilliyi dövründə çox ciddi problemlərlə də qarşılaşmışdır. Bunlardan ən başlıcası hələ 1988-ci ildə, Ermənistanın və Azərbaycanın Sovetlər İttifaqının tərkibində olduğu dövrdə Dağlıq Qarabağı Azərbaycandan qoparmaq və Ermənistana birləşdirmək məqsədi ilə Ermənistan tərəfindən başlanmış hərbi təcavüzdür. Bu təcavüz böyük faciəyə, böyük müharibəyə gətirib çıxardı. Çoxlu qurbanlar verdik, çox insanlar həlak oldular. Hərbi təcavüz nəticəsində müxtəlif səbəblərə görə Ermənistan silahlı birləşmələri Azərbaycan ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağı işğal edə bildilər. İşğal olunmuş torpaqlardan bir milyondan çox azərbaycanlı zorla qovulub çıxarılmışdır. Onlar neçə illərdir ki, Azərbaycanın müxtəlif bölgələrində çadırlarda, çox ağır şəraitdə yaşayırlar, işğal edilmiş torpaqlarda insanların əsrlərlə topladığı varidat, əmlak, qurub-yaratdıqları hər şey - evlər, istehsal müəssisələri, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları müqəddəs yerlər dağıdılmış, talan edilmişdir. Törədilmiş vəhşiliyin həddi-hüdudu yoxdur.
Bütün bunlara baxmayaraq, biz 1994-cü ildə atəşi dayandırmağa və atəşkəs haqqında saziş imzalamağa razı olduq. 1994-cü ilin mayında atəşkəs haqqında saziş imzalandı və üç ildən artıqdır ki, hərbi əməliyyatlar yoxdur. Eyni zamanda tam sülh də yoxdur. Azərbaycan ərazisinin 20 faizi işğal altında qalır, öz yerlərindən qovulmuş bir milyon azərbaycanlı çox ağır şəraitdə yaşayır.
Atəşkəs illərində bu problemin sülh yolu ilə həllinə dair danışıqlar aparılmışdır. Bilirsiniz ki, bu işlə ATƏT-in Minsk qrupu məşğul olur. O, müəyyən iş görmüşdür, amma bu problemi hələ də həll etmək mümkün olmamışdır.
Yeri gəlmişkən, bu münaqişənin atəşkəs haqqında saziş bağlanana qədərki tarixindən danışsaq, Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında məsələni, yaxud Dağlıq Qarabağ münaqişəsi adlandırdıqları məsələni müzakirə etmişdir. Bu barədə Təhlükəsizlik Şurasının dörd qətnaməsi və Təhlükəsizlik Şurası sədrinin altı və ya yeddi bəyanatı qəbul olunmuşdur. Təhlükəsizlik Şurasının dörd qətnaməsinin hamısı - 822-ci, 853-cü, 874-cü nəhayət, 884-cü qətnaməsi Azərbaycanın müxtəlif bölgələrinin işğalı ilə əlaqədar qəbul edilmişdir. Birinci qətnamə Laçın və Şuşa işğal ediləndə qəbul olunmuşdur. Sonra böyük rayon olan Kəlbəcər rayonu, daha sonra Ağdam, Füzuli, Zəngilan rayonları işğal ediləndə siz qətnamə qəbul etdiniz, qəsbkara öz təcavüzkar hərəkətlərini dayandırmağı tapşırdınız. Ancaq təəssüf ki, bu qətnamələr kağız üzərində qaldı, həyata keçirilmədi. Təcavüzkar öz hərəkətlərini davam etdirdi. Fikir verin, sizin 1992-ci ildə qəbul etdiyiniz birinci qətnamə ilə 1993-cü ilin noyabrında qəbul olunmuş sonuncu qətnamə arasında təxminən il yarım vaxt keçmişdi. Bu müddətdə Ermənistan silahlı birləşmələri Azərbaycanın 6 və ya 7 rayonunu işğal edə biliblər.
Artıq dediyim kimi, axırda elə oldu ki, ərazimizin 20 faizi işğal altına alındı. ATƏT-in Minsk qrupu müvafiq iş görür. 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt Zurvə görüşündə bu məsələ ilə əlaqədar mühüm qərar - danışıqlar prosesini fəallaşdırmaq zəruriliyi və ATƏT-in sülhməramlı qüvvələrini yaradıb onlardan Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında istifadə etmək haqqında qərar qəbul olundu.
Nəhayət, 1996-cı ilin dekabrında ATƏT-in Lissabon Zirvə toplantısında ilk dəfə, zənnimizcə, mühüm sənəd - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dincliklə aradan qaldırılması prinsipləri haqqında ATƏT-in hazırkı sədrinin bəyanatı qəbul edildi. Bu sənədin vacibliyi ondadır ki, burada üç prinsip müəyyənləşdirilib - Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınması, Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa yüksək dərəcədə özünüidarə statusu verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin olunması. Həmin qərar Azərbaycanın suverenliyinə xələl gətirsə də, bizi tamamilə qane etməsə də, biz bu məsələnin dincliklə tənzimlənməsində irəliləmək üçün Lissabonda həmin sənədin qəbul olunmasına razılıq verdik. Lakin erməni tərəfi qeyri-konstruktiv mövqe tutdu -ATƏT-in üzvü olan 54 dövlətdən 53-ü bu sənədin lehinə, Ermənistan isə əleyhinə səs verdi.
Lissabon Zirvə toplantısından sonra ATƏT-in Minsk qrupunun həmsədrliyi yarandı. Onadək bu qrupun həmsədrləri Rusiya və Finlandiya idi. Cari ilin yanvarından Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa Minsk qrupunun həmsədrləridir. Bu, bizdə nikbinlik hissi və böyük ümidlər doğurdu. Ona görə ki, əgər Təhlükəsizlik Şurasının daimi üzvləri olan üç iri dövlət öz üzərinə bu münaqişənin dincliklə aradan qaldırılmasına nail olmaq öhdəlikləri götürmüşsə, bu, təbii olaraq, ümid də doğurur, inam da. İyunun 20-də, "Səkkizlər"in Denver görüşündə Rusiya, ABŞ və Fransa prezidentləri Boris Yeltsin, Bill Klinton və Jak Şirak Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda dincliklə aradan qaldırılmasının zəruriliyi haqqında birgə bəyanat verdilər. Bu, daha böyük ümid və nikbinlik doğurur.
Minsk qrupu bizə konkret təkliflər vermişdir və biz onları nəzərdən keçirmişik, şübhəsiz ki, bu təkliflərdə çox şey bizi qane etmir. Təkliflər iki hissədən ibarətdir. Birinci hissə işğal qoşunlarının çıxarılmasının, Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı altı inzibati rayon ərazisinin azad edilməsinin, həmin rayonların didərgin salınıb qaçqın vəziyyətinə düşmüş sakinlərinin oraya qayıtmasının zəruriliyinə aiddir. İkinci hissə Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağın statusunu müəyyənləşdirməyə və Laçın, Şuşa rayonlarının ərazilərini işğal qoşunlarından azad etmək məsələsinin həllinə həsr olunmuşdur.
Gördüyünüz bu xəritə Azərbaycan ərazisini onun işğal olunmuş torpaqları ilə birlikdə çox inandırıcı surətdə göstərir. Xəritədə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi qırmızı rənglə, erməni silahlı birləşmələrinin işğal etdikləri, Dağlıq Qarabağa daxil olmayan, lakin onu əhatələyən və azərbaycanlılar yaşamış rayonlar yaşıl rənglə, Dağlıq Qarabağın tərkibinə daxil olmayan, daha doğrusu, keçmişdə onun tərkibində olmamış, lakin Dağlıq Qarabağdan Ermənistan ərazisinə gedən yolun keçdiyi Laçın rayonunun ərazisi, habelə əsasən azərbaycanlıların məskunlaşdıqları və mədəniyyət mərkəzi kimi Azərbaycan üçün böyük tarixi dəyərə malik Şuşa rayonunun ərazisi sarı rənglə çəkilmişdir. Bu təkliflərdə həmin rayonlar haqqında müddəaya Dağlıq Qarabağın statusunu müəyyənləşdirməklə eyni zamanda baxmaq nəzərdə tutulur.
Təkrar edirəm, bu təkliflərdə hələ çox şeyi razılaşdırmaq, işləyib təkmilləşdirmək lazımdır. Biz çox şeyi qəbul edə bilmərik. Buna baxmayaraq, biz bu təklifləri danışıqlar üçün əsas kimi götürməyi mümkün hesab etdik. Bu gün sizə bəyan edirəm ki, biz xəritədə yaşıl rənglə boyanmış bu altı rayonunun azad edilməsi və onların sakinlərinin oraya qayıtması barədə razılığa gəlmək üçün həmin əsasda danışıqlar apara bilərik, eyni zamanda danışıqlar aparıb ikinci mərhələdə - Laçın və Şuşa rayonlarının azad edilməsi haqqında, habelə Dağlıq Qarabağın statusu haqqında məsələlər həll olunmalıdır. Bu, buraya ATƏT-in sülhyaratma qüvvələrinin yeridilməsini tələb edəcəkdir. Dediyim kimi, 1994-cü ilin dekabrında Budapeşt Zirvə görüşündə ATƏT Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün xüsusi olaraq sülhməramlı qüvvələr yaradılması haqqında qərar qəbul etmişdir. Biz təxminən bu mərhələdəyik.
Təəssüf ki, erməni tərəfi Dağlıq Qarabağa müstəqillik statusu verilməsində təkid edir, tələb edir. Yeri gəlmişkən, 1996-cı ilin dekabrında ATƏT-in Lissabon Zirvə toplantısında Ermənistan nümayəndə heyəti təxminən bu cür mövqelərdən çıxış etmişdir. Biz demişik və bu gün sizə Təhlükəsizlik Şurasının üzvlərinə bir daha demək istəyirəm, biz işğal olunmuş ərazilərin azad edilməsi, bir milyon qaçqının öz yaşayış yerlərinə qayıtması və Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh yaranması naminə tam sülhə nail olmaq üçün kompromislərə getməyə hazırıq. Biz kompromislərə gedirik, amma yol verə bilmərik ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın. Biz hesab edirik ki, Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa çox böyük səlahiyyətlərlə birlikdə yüksək özünüidarə statusu verilə bilər. Lakin həm ərazicə, həm dövlət quruculuğuna görə, həm də dövlətçilik prinsiplərinə görə Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkibində olmalıdır. Həm də bizim təklif etdiyimiz statusa görə Dağlıq Qarabağ bütün ölkələrlə iqtisadi əlaqələr üçün, digər əlaqələrin - mədəni, humanitar əlaqələrin həyata keçirilməsi üçün, Ermənistanla sıx qarşılıqlı əlaqələr saxlamaq üçün çox böyük səlahiyyətlərə malik olacaqdır. Amma dövlətçilik prinsipləri var və biz bu prinsipləri poza bilmərik. Erməni tərəfi isə Dağlıq Qarabağa müstəqillik verilməsinə çalışır. Təkrar edirəm ki, bu, mümkün deyildir. Bu, heç də ancaq bizim üçün mümkün deyildir, ona görə mümkün deyildir ki, bu, Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in prinsiplərinə və nizamnamələrinə, beynəlxalq hüquq normalarına ziddir. Belə düşünürəm ki, heç kim, o cümlədən Təhlükəsizlik Şurası, BMT, ATƏT bu beynəlxalq hüquq normalarının pozulması ilə razılaşmamalıdır, çünki əks halda bu, nəinki Azərbaycan üçün, eləcə də bir çox ölkələr üçün ağır nəticələrə gətirib çıxarar.
Əslinə qalsa, indi bizim üçün, dövlət quruculuğu, iqtisadi islahatlar sahəsində Azərbaycanın qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün, bir çox digər məsələlərin həll edilməsi üçün problem olan başlıca məsələ bundan ibarətdir.
Demək istəyirəm ki, biz qonşu ölkələrlə normal qarşılıqlı münasibətdəyik. Gürcüstanla tam dostluq münasibətlərimiz var.
Rusiya ilə dostluq münasibətləri, normal münasibətlər, İranla normal münasibətlər, Türkiyə ilə dostluq münasibətləri, yaxşı münasibətlər saxlayırıq. Azərbaycan öz müstəqilliyini və suverenliyini çox ciddi şəkildə qoruyur. Qonşularımızdan, xüsusən Ermənistandan fərqli olaraq, Azərbaycan ərazisində xarici qoşunlar yoxdur, respublikanın sərhədlərini isə Azərbaycanın öz sərhəd qoşunları mühafizə edirlər. Məlum olduğu kimi, Ermənistanda böyük miqdarda Rusiya qoşunları və Rusiya hərbi bazaları var. Rusiya qoşunları Gürcüstan ərazisində də var, orada Rusiyanın hərbi bazasını yerləşdirmək nəzərdə tutulur. Bizdə belə şeylər yoxdur və biz hesab edirik ki, buna heç bir ehtiyac da yoxdur.
Bizi bu da narahat edir ki, üç ildən artıqdır davam edən atəşkəs şəraitində Rusiya Müdafiə Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri, bu yaxınlarda məlum olduğu kimi, bu üç il ərzində Ermənistana qanunsuz olaraq böyük miqdarda silah və döyüş sursatı göndərmişlər. Bu rəqəmlər artıq elan edilmişdir və bizdə silahların konkret siyahısı var, ümumi dəyəri bir milyard dollar olan bu silahlar arasında uzağı vuran zenit raketləri, bir çox digər ağır silah, müasir tanklar, "Qrad" qurğuları və çoxlu başqa şeylər var. Təkrar edirəm ki, indi biz bütün silahların konkret siyahısına malikik. Bu siyahı Rusiya Müdafiə Nazirliyi tərəfindən elan olunmuşdur, Rusiya Baş Prokurorluğunda da var və o, həmin məsələ ilə əlaqədar istintaq aparır.
Əlbəttə, bu, son dərəcə ağır faktdır. Rusiya Minsk qrupunda vasitəçilik etdiyi və biz bu məsələnin dincliklə nizama salınmasına kömək göstərilməsi üçün bu ölkəyə böyük ümidlər bəslədiyimiz bir vaxtda bu silahların göndərildiyi aşkara çıxarılmışdır. Hələ bu ilin martında mən bu məsələ barəsində prezident Boris Yeltsinə xüsusi məktub göndərmişdim. Bu yaxınlarda mən Rusiyada rəsmi səfərdə oldum və onunla bu barədə bir daha danışdım. O bildirdi ki, bu məsələ prokurorluğa tapşırılıb, təhqiqat aparılır, təqsirkarlar aşkara çıxarılacaqdır. Bizə isə təkcə təqsirkarların aşkara çıxarılması deyil, həm də bu silahların aşkara çıxarılması, Ermənistandan alınıb Rusiyaya qaytarılması lazımdır. Çünki Ermənistanda böyük miqdarda qanunsuz silahın olması təkcə Azərbaycan üçün deyil, həm də bütün qonşu ölkələr üçün böyük təhlükə törədir.
Demək istədiyim əslində bunlardır. Mən çox şey deyə bilərdim, ancaq vaxtımız azdır, istəyirəm ki, Sizin mənə sual verməyinizə də vaxt qalsın. Diqqətinizə görə sağ olun.
Rusiya Federasiyası nümayəndəsinin 1-ci müavini Aleksandr Qorelikin çıxışına arayış
Çıxışınıza görə təşəkkür edirəm. Sağ olun. Biz Minsk konfransının həmsədri kimi Rusiyaya bu gün də böyük ümidlər bəsləyirik və əməkdaşlıq edəcəyik.
O ki qaldı axırıncı qeydinizə, (Rusiyanın Ermənistana ümumi dəyəri bir milyard dollar olan qanunsuz silah satması. -Red) həqiqətən, mən Moskvada olarkən Rusiya-Azərbaycan-Ermənistan komissiyası yaradılması haqqında qərar qəbul edildi. Onun yaradılmasında məqsəd, əvvəla, Rusiyanın hərbi strukturlarından Ermənistana bu qədər böyük miqdarda silahların hansı yolla, haradan qanunsuz, qeyri-leqal surətdə verildiyini, ikincisi, Sovet İttifaqı parçalanan dövrdə Ermənistanda, Azərbaycanda nə qədər silah qaldığını aydınlaşdırmaqdır.
Məsələyə aydınlıq gətirmək istəyirəm. İş burasındadır ki, yanvar-fevral aylarında Rusiya Müdafiə Nazirliyinin və MDB ölkələri ilə əməkdaşlıq nazirliyinin öz orqanları Rusiyadan Ermənistana qanunsuz olaraq silahlar göndərilməsi barədə məsələ qaldırdıqda, bunu əvvəlcə hamı inkar etdi. Lakin faktlar üzə çıxarıldıqda və onların bir çoxu mətbuat səhifələrində dərc edildikdə, iyulun əvvəllərində Moskvada prezident Boris Yeltsinlə və Rusiya Federasiyasının digər rəhbərləri ilə görüşlərim zamanı birdən ortaya məsələ çıxdı ki, demə, Sovet İttifaqı parçalanan dövrdə Azərbaycanda Ermənistandakına nisbətən daha çox silah qalmışdır. Mən təbii olaraq dedim ki, əvvəla, bunu yoxlamaq lazımdır, ikincisi isə, bunun artıq 1994-1997-ci illər dövründə Rusiyanın hərbi idarələri tərəfindən Ermənistana silahların qanunsuz, qeyri-leqal surətdə göndərilməsi faktlarına heç bir dəxli ola bilməz. Bu, əsla ona kompensasiya ola bilməz ki, Azərbaycanda Ermənistandakına nisbətən daha çox silah qalmışdır. Buna baxmayaraq, yoxlamaq lazımdır. Mən, məsələn, bu gün bəyan edirəm ki, həmin məlumat gerçəkliyə uyğun deyildir. Lakin ortaya belə bir fakt atıldığına görə biz razılaşdıq. Deməliyəm ki, mən baş nazirin birinci müavini başda olmaqla Azərbaycan tərəfindən nümayəndə heyətinin tərkibi haqqında Rusiya Federasiyasına təqdimat vermişəm və bu komissiyanın əməli fəaliyyətini gözləyirəm.
Sədr: Zati-aliləri, cənab prezident Əliyev, Sizə göndərilmiş suallara cavab verə bilərsinizmi?
Heydər Əliyev: Əslinə qalsa, cəmi bir sual oldu ki, bunu da Böyük Britaniyanın səfiri verdi.
Hər şeydən öncə, bu görüşlə əlaqədar məmnun qaldığımı bir daha ifadə etmək istərdim. Buraya toplaşdığınıza görə, məni diqqətlə dinlədiyinizə görə Sizə təşəkkür edirəm. Mən bunu Azərbaycanın problemlərinin həllində, xüsusən Ermənistan-Azərbaycan münaqişəsinin Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında Təhlükəsizlik Şurasının fəal iştirakı kimi qiymətləndirirəm.
Təhlükəsizlik Şurasının çıxış edən üzvləri ATƏT, onun Minsk qrupu, Minsk konfransı tərəfindən həyata keçirilən tədbirlərlə, başa düşdüyüm kimi, bizim tədbirlərimizlə həmrəy oldular. Bir daha demək istəyirəm ki, biz işğal olunmuş Azərbaycan torpaqlarının erməni silahlı qüvvələrindən tamamilə azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa yüksək özünüidarə statusu verilməsi şərtilə münaqişənin dincliklə aradan qaldırılması mövqelərində möhkəm dayanmışıq. Biz Minsk konfransının həmsədrləri, onun bütün üzvləri ilə də, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ilə də bu mövqelərdə əməkdaşlıq edəcəyik.
Ümidvaram ki, Təhlükəsizlik Şurasının üzvü olan ölkələrin səfirləri bu problemin həllində bizə dəstək verməkdə və kömək göstərməkdə davam edəcəklər. Bunun üçün hamınıza təşəkkür edirəm.
Böyük Britaniyadan olan səfirin sualına cavab verərək demək istəyirəm ki, biz Xəzər dənizində onun mineral ehtiyatlarından istifadə edilməsi, neft və qaz hasilatı üçün Xəzərin hələ 1970-ci ildə müəyyən olunmuş sektorlara bölünmə prinsipləri əsasında fəaliyyət göstəririk.
O vaxtlar Xəzər dənizi bütünlüklə Sovetlər İttifaqına məxsus idi. SSRİ dövründə Xəzərdə neft və qaz çıxarılması ilə Azərbaycan məşğul olurdu. Amma Sovetlər İttifaqına daxil olan müttəfiq respublika kimi, o, Azərbaycan neftçilərinin fəaliyyət dairəsinin genişləndiyini və Xəzər dənizinin xeyli hissəsini əhatə etməyə başladığını nəzərə alaraq bunu edirdi. Bu isə Xəzəryanı digər ölkələrin, o cümlədən Türkmənistanın və Qazaxıstanın mənafelərinə toxunurdu. 1970-ci ildə sovet hökuməti Xəzər dənizinin sektorlara bölünməsi haqqında qərar qəbul etdi. Bax, bu sektor bölgüsü çərçivəsində də biz işimizi görürük. Sizə bildirmək istəyirəm ki, Xəzər dənizinin dibindəki mineral ehtiyatlardan istifadə olunmasına dair gələcək işlərin həyata keçirilməsi üçün bu sektor bölgüsünü biz məqbul hesab edirik.
Doğrudur, bəzi ölkələr bununla razılaşmır, kondominium - sahildən 45 mil məsafədəki zona haqqında qalan ərazinin isə ümumi olması barədə təkliflər irəli sürürlər. Amma bu məsələdə Xəzəryanı dövlətlərin fikirləri eyni deyildir. Azərbaycan və Qazaxıstanın rəyi bir cür, Rusiya, İran və müəyyən dərəcədə də Türkmənistanın rəyi başqadır. Ancaq hesab edirəm ki, biz danışıqlar aparacaq və vahid fikrə gələcəyik. Hələlik isə nümunə, yaranmış praktika var və biz bunun əsasında fəaliyyət göstəririk.
O ki qaldı Türkmənistanın bu yaxınlarda meydana çıxmış iddialarına, birincisi, təkrar edirəm, biz Xəzərdə çoxdan, 50 ildir ki, iş görürük. "Azəri", "Çıraq" yataqlarının istifadə olunmasına dair birinci müqavilə 1994-cü ilin sentyabrında beynəlxalq neft şirkətləri konsorsiumu ilə, o cümlədən həm Amerika şirkətləri, həm "Britiş petroleum", həm "Statoyl" şirkətləri, Türkiyə şirkəti və digər şirkətlərlə imzalanmışdır. İndi bu yaxınlarda Türkmənistan tərəfi qəfildən deyir ki, guya bu yataqlara Türkmənistanın da aidiyyatı var. Şübhəsiz ki, bu, düzgün deyildir, çünki 1970-ci ildə müəyyən edilmiş və bu gün də mövcud olan sektor bölgüsünə görə həmin yataqlar Azərbaycan sektorunda yerləşir. Buna baxmayaraq, əgər onlar belə məsələ qaldırırlarsa, bunu müzakirə etmək və yataqların kimə mənsub olduğunu müəyyənləşdirmək olar.
Mənim başa düşdüyüm kimi, "Kəpəz" yatağına gəldikdə isə, o, Türkmənistan və Azərbaycan sektorlarının sərhədində yerləşir. Biz bu yatağa dair müqavilə imzalamamışıq. Mən Moskvada olarkən Rusiyanın "LUKoyl" və "Rosneft" şirkətlərinin təklifi ilə həmin yatağın işlənməsində əməkdaşlığın mümkünlüyü haqqında saziş imzalanmışdır. Bu zaman yatağın sərhəddə olması nəzərə alınmışdır, yəni yatağın bir hissəsi Azərbaycan sektorunda, digər hissəsi Türkmənistan sektorunda yerləşir. Ona görə də vaxtilə, SSRİ dövründə bu yatağa rus sözü olan "promejutoçnı" adı vermişdilər, yəni o deməkdir ki, - Rusiyanın buradakı nümayəndəsi təsdiq edə bilər,- yatağın yarısı orada, yarısı burada yerləşir və o vaxt belə də qəbul olunmuşdu. Sonra Azərbaycan bu yatağı "Kəpəz", Türkmənistan isə "Sərdar" adlandırdı. Yatağın əzəli adı isə "promejutoçnı" dır, yəni sərhəddə yerləşən. Biz bu yataq barəsində Rusiya şirkətləri ilə birlikdə Türkmənistanla əməkdaşlıq etməyə hazırıq.
Bu məsələ ilə əlaqədar vəziyyət belədir. Yeri gəlmişkən, Türkmənistan ümumiyyətlə, ziddiyyətli bəyanatlar verir. O, Xəzərin sektorlara bölünməsi ilə indiyədək razılaşmaq istəmir, hesab edir ki, Xəzər dənizinin müəyyən sahil zonaları üzrə, onun qalan hissəsindən isə ümumi qaydada istifadə olunmalıdır. Lakin Türkmənistan indi birdən "Kəpəz" yatağı və digər yataqlar barəsində iddialar irəli sürərək, Xəzərin sektorlara bölünməsini əsas götürür. Əgər Türkmənistan Xəzər dənizinin sektorlara bölünməsinə tərəfdardırsa, qoy bunu bəyan etsin və biz də bilərik ki, bizim kimi, o da buna tərəfdardır, onda biz müəyyənləşdirərik ki, hansı yataq kimin sektorunda yerləşir. Xəzər dənizinin sektorlara bölündüyünü tanımadan, bu yatağın Azərbaycan sektorunda deyil, Türkmənistan sektorunda yerləşdiyi barədə gözlənilmədən iddialar irəli sürmək, sadəcə olaraq, məntiqə uyğun deyildir. Məsələ, bax, belədir.
Bu görüşə görə, məni dinlədiyinizə görə, sizinlə şəxsən tanış olduğuma görə sizə bir daha təşəkkürümü bildirirəm. Təkrar edirəm, mən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına ilk dəfədir gəlirəm və bunu özüm üçün mühüm hadisə hesab edirəm. Mənim kitablarımı sizə veriblər. Odur ki, onlardan istifadə etməyə çalışın.
Sağ olun. Diqqətinizə görə təşəkkür edirəm.
"Azərbaycan" qəzeti, 30 iyul 1997-ci il