Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in İstanbul zirvə görüşündə Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə görüşdəki söhbətindən - İstanbul, "Çırağan sarayı", 18 noyabr 1999-cu il


Heydər Əliyev:  Əziz dostum Eduard Şevardnadze!

Sizi səmimi-qəlbdən salamlayıram. Bizim ölkələrimiz - Gürcüstan ilə Azərbaycan qədim dostluq ənənələrinə malikdir. Bu əlaqələrin gündən-günə inkişaf etməsini bir daha yüksək qiymətləndirirəm. Mən dövlətlərimizin, xalqlarımızın ənənəvi dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verirəm.

Eduard Şevardnadze:  Əziz dostum Heydər Əliyev!

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşası ilə əlaqədar tarixi sənədlərin ATƏT-in İstanbul zirvə görüşünün keçirildiyi günlərdə yüksək səviyyədə imzalanmasından son dərəcə məmnun olduğumu bildirirəm. Bu layihənin reallaşması yolunda ölkələrimizin məruz qaldığı təzyiqlərə, qarşılaşdığı maneələrə, çətinliklərə baxmayaraq, Siz çox uzaqgörənliklə bölgədə təhlükəsizlik və əməkdaşlığın daha da genişlənməsinə, təcavüzə, separatçılığa son qoyulmasına bütün varlığınızla çalışırsınız.

Bu boru kəmərinə dair sazişin imzalanmasının məhz həmin layihənin təşəbbüskarı və müəllifi Sizsiniz. Bu layihə Sizin ardıcıl və məqsədyönlü siyasətiniz, qətiyyətli mövqeyiniz, əzmkarlığınız sayəsində gerçəkləşdiyini xüsusi vurğulamaq istəyirəm və bu münasibətlə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Heydər Əliyev:  Mən də Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasına dair sənədlərin imzalanması münasibətilə ürəkdən təbrik edirəm. Nəzərə çarpdırıram ki, qonşu Gürcüstanın ərazisindən keçəcək əsas ixrac boru kəməri dost ölkənin iqtisadi tərəqqisi, regionda sülh və sabitlik yaranması üçün əhəmiyyətli olacaqdır.

Eduard Şevardnadze: ATƏT-in İstanbul zirvə görüşünü də söylədiyiniz dərin məzmunlu nitqinizdə Siz Cənubi Qafqazda sülhün, əmin-amanlığın və sabitliyin bərqərar edilməsi üçün irəli sürdüyünüz təklifləri yüksək qiymətləndirirəm. Siz Azərbaycanın haqq işini bir daha bütün dünyaya bəyan etdiniz və sülh danışıqlarını beynəlxalq hüquq prinsipləri və normaları əsasında başa çatdırmağa çağırdınız.

Heydər Əliyev: İstanbul sammitində qaldırılan məsələlərə toxunaraq, qeyd etmək istəyirəm ki, tarixi sənədlərin imzalanması bölgəmizin parlaq gələcəyinin inkişafında mühüm rol oynayacaqdır. Bu tarixi sənədlər dövlətlərimizin müstəqilliyinin möhkəmləndirilməsi və iqtisadi yüksəlişi üçün əlbir səylər göstərilməsinin vacibliyini daha da artıracaqdır.

Eduard Şevardnadze: Bütün bunlar bizi daha da yaxınlaşdırır, ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi və möhkəmləndirilməsi üçün son dərəcə əlverişli şərait yaradır.