Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün Türкiyənin İstanbul şəhərinə işgüzar səfərə yola düşməzdən əvvəl Binə beynəlxalq hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi müsahibə - 13 oktyabr 2002-ci il


Hеydər Əliyеv: Salaməleyküm. Məlumatınız var, mən İstanbula gedirəm. Orada İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşündə iştirak edəcəyəm. Ertəsi gün də Türkiyənin iş adamları ilə görüş keçirəcəyəm. Ondan sonra isə Vətənə dönəcəyəm. Mənim Türkiyəyə səfərimin məqsədi budur. Nə sözünüz varsa, buyurun.

Sual: Cənab Prezident, İstanbulda hansı ikitərəfli görüşlər gözlənilir?

Cavab: Türkiyə Prezidenti Əhməd Necdət Sezərlə, Pakistan Prezidenti Pərviz Müşərrəflə, İran Prezidenti Məhəmməd Xatəmi ilə görüşlərim olacaqdır.

Sual: Cənab Prezident, Ali Hərbi Məktəbdə yenidən müəyyən problemlər yaranıbdır. Bununla əlaqədar nə deyə bilərsiniz?

Cavab: Orada heç bir problem yoxdur. Oranın rəisi azad olunmuşdur, mən həmin məktəbə yeni rəis təyin etmişəm. Piriyev çox hazırlıqlı adamdır, uzun müddət cəbhədə olubdur. Bilikli adamdır, orada işlər gedir. Problem yoxdur, şişirtmək lazım deyildir.

Sual: Cənab Prezident, Azərbaycanın hərbi prokuroru, Bakı qarnizonunun hərbi prokuroru nə vaxt təyin ediləcəkdir?

Cavab: Necə yəni hərbi prokuror nə vaxt təyin olunacaqdır, hərbi prokuror var.

Sual: Cənab Prezident, Siz sahibkarlığa maneələrin aradan qaldırılması məqsədi ilə fərman vermisiniz. Bundan sonra da yeni fərmanlar olacaqmı?

Cavab: Bundan sonra nə fərman olacaqdır? Fərmanların hamısını vermişəm, Milli Məclisə təkliflər göndərmişəm. Lizinq haqqında qərar qəbul ediləcək, başqa dəyişikliklər olacaqdır. Bunların hamısı da sahibkarların işi ilə əlaqədardır. Beləliklə, hər şeyi etmişəm. Bundan sonra bir yekun görüş keçirəcəyik.

Sual: Cənab Prezident, sahibkarların arzularından biri də vergi «yükünün» azaldılması ilə bağlıdır. Bəzi dövlət məmurları bu barədə təkliflər verirlər. Bu haqda nə deyərdiniz?

Cavab: Mənim fərmanimla vergi «yükü» azaldılıbdır. Dövlət məmurlarının burada nə işi var? Vergi Nazirliyinin ştatları 40 faiz ixtisar olunur və nazirliyin təsiri azalır. Sahibkarlara daha da böyük imkanlar verilir.

Sual: Cənab Prezident, dediniz ki, Türkiyənin iş adamları ilə görüşəcəksiniz. Azərbaycanın onlara konkret təklifləri varmı?

Cavab: Nə təkliflər olacaq? Təkliflərimiz odur ki, gəlsinlər, burada investisiya qoysunlar, böyük işlər görsünlər və əsasən də istehsalat yaratsınlar, iş yerləri açsınlar.

Sual: Cənab Prezident, Pakistanla hərbi əməkdaşlıq barədə saziş imzalanmışdı. Siz dediniz ki, orada Prezident Müşərrəflə görüşəcəksiniz. Bu barədə söhbətiniz olacaqmı?

Cavab: Prezident Müşərrəflə bizim köhnə tanışlığımız var. Nə barədə söhbət olacaqsa, bunu özümüz bilirik.

Sual: Cənab Prezident, İstanbul zirvə görüşündə Azərbaycan hansı təşəbbüslər irəli sürəcək?

Cavab: Zirvə görüşündə elə bir təşəbbüs yoxdur. Orada məsələləri müzakirə edib, fikir mübadiləsi aparacağıq.Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR