SSRİ xalq artisti bəstəkar Aleksandra Paxmutovaya - Bakı şəhəri, 26 dekabr 1999-cu il


Hörmətli Aleksandra Nikolayevna!

Sizi - Rusiyanın musiqi mədəniyyətinin görkəmli xadimini 70 illik yubileyiniz münasibətilə təbrik edir, sizə cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq uğurları arzulayıram.

Siz bənzərsiz yaradıcılığınızla müasir musiqi sənəti tarixinə sovet mahnı janrının tanınmış ustadı kimi daxil olmusunuz. Bir çox illərdir ki, sizin adınız bütöv bir dövrün musiqi simvolunun təcəssümüdür. Bu gün müxtəlif siyasətçilər tarixin həmin dövrünü necə səciyyələndirsələr də, bütün bunlar bizim ümumi keçmişimizdir. Həmin günlərlə bağlı ən parlaq xatirələr isə sizin adınızla bağlıdır.

Əsərlərinizin hər birində sizin qeyri-adi şəxsiyyətinizin cizgiləri vardır. Siz musiqinin bir çox janrlarında müxtəlif nəsillərə mənsub insanlara ünvanlanmış, mövzu və forma rəngarəngliyi ilə seçilən əsərlər yaratmısınız. Lakin sizin fitri istedadınız məhz mahnı janrında novatorluqla varisliliyi birləşdirərək, zaman və məkan hüdudlarını aşaraq milyonlarla insanın qəlbini fəth edə bilmişdir.

Siz kök salmış basmaqəlibləri və stereotipləri dəf edərək, rus mahnısına müasir inkişaf mərhələsində yeni yaradıcılıq ruhu vermiş və onun çox böyük cəzbedici gücünü dünyaya nümayiş etdirə bilmisiniz. Rus musiqi folklorunun, şəhər romansının, tələbə mahnısının bütün zəngin potensialı sizin yaradıcılığınız süzgəcindən keçərək Paxmutova mahnısı kimi nadir bir fenomen yaratmışdır.

Son dərəcə zəngin musiqi ənənələrinə malik ölkə olan Azərbaycanda həmişə sizin istedadınızın çoxlu pərəstişkarları olmuşdur. Sizin mahnılarınız milli və ümumbəşəri dəyərləri özündə ahəngdar şəkildə birləşdirərək, bu gün də Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafına və möhkəmlənməsinə xidmət edir. Əminəm ki, siz həmişə xeyirxahlıq və humanizm ideallarına xidmət edən yeni əsərlərinizlə qarşıdakı əsrdə də hamımızı sevindirəcəksiniz.

Bu əlamətdar gündə mənim səmimi təbriklərimi və ən xoş arzularımı həyat yoldaşınız Nikolay Nikolayeviçə çatdırmağı sizdən xahiş edirəm.

Sizə uzun ömür arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 5 yanvar 2000-ci il.

Tarixi arayış

MƏDƏNİYYƏT