Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ölkəmizdə 2002/2003-cü tədris ilində ali məktəblərə ən yüksək balla daxil olmuş tələbələrlə görüşdə nitqi - Prezident sarayı, 30 avqust 2002-ci il


Azərbaycanda test üsulu ilə ali məktəblərə qəbul artıq on ildir ki, aparılır və hər il biz bunun müsbət nəticəsini görürük. Müsbət nəticəsi olduğu üçün də biz bu üsulu dəstəkləyirik və onun Azərbaycanda davam etməsi üçün lazımi imkanlar yaratmışıq və yaradacağıq. Biz ali məktəblərə qəbul ilə əlaqədar keçmişdə də çox üsullardan istifadə etmişdik ki, qəbul ədalətli olsun, ancaq biliyi olanlar ali məktəblərə qəbul edilsinlər. Ancaq təəssüflər olsun ki, o vaxtkı tədbirlər istənilən nəticəni verməmişdir. Test üsulu onlara nisbətən xeyli mütərəqqi üsuldur. Əgər hər bir abituriyentin bilik səviyyəsini tam təyin edə bilməsə də, müqayisədə bütün başqa üsullara nisbətən daha müvəffəqiyyətlə təyin etməkdə öz nəticəsini verir. Ancaq bu o demək deyildir ki, bu üsulun qüsurları yoxdur. Ona görə də mən hesab edirəm ki, gələcəkdə də bu üsuldan istifadə edərək, onun həyata keçirilməsində olan qüsurları aradan qaldırmaq lazımdır. Bu üsulu getdikcə təkmilləşdirmək lazımdır. Güman edirəm ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu barədə lazımi işlər görəcəkdir. Yəni bu komissiya da, heç kəs də belə düşünməməlidir ki, indi bu sahədə hər şey ideal vəziyyətdədir. Bəli, bütün başqa üsullara görə burada biz daha da doğru düzgün nəticələr alırıq. Ancaq yenə də deyirəm, qüsurlar da, çatışmazlıqlar da var. Həm üsulun özü təkmilləşdirilməlidir, həm də onun həyata keçirilmə təcrübəsi təkmilləşdirilməlidir. Yəni onun həyata keçirilməsində buraxılan səhvlər və nöqsanlar aradan qaldırılmalıdır.

Hər halda, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası öz işini tamamilə yekunlaşdıranda hər şeyi çox «çəhrayı» rənglərlə göstərməməlidir. Həm nailiyyətləri, həm də nöqsanları göstərməlidir. Nöqsanları aşkar etməlidir, axtarmalıdır və onları aradan qaldırmaq üçün lazımi tədbirlər görməlidir. Burada Məleykə xanımın verdiyi məlumat, hesab edirəm ki, ilkin məlumatdır. Düşünürəm ki, siz indi bu ilkin məlumatla ictimaiyyəti tanış edəndən sonra gərək daha da dərindən təhlil aparasınız. Bir-iki məsələ var. Siz dediniz ki, bu il ali məktəblərə daxil olmaq istəyənlərin sayı keçən illə müqayisədə 50 faiz azalıbdır. Elədirmi?

Məleykə Abbaszadə: Keçən il 87 min gənc sənəd vermişdi. Bu il onların sayı 30 min azalıbdır.

Heydər Əliyev: 30 min azalıbdır. Yəqin bunun obyektiv səbəbləri var. Bunların hamısını araşdırmaq lazımdır. Yəni, bu rəqəmləri verəndə, onları izah etmək lazımdır. Çünki ötən il ali məktəblərə sənəd verənlərin sayı 87 min idisə, bu il həmin rəqəm 30 min azalıbsa, biz bu barədə düşünməliyik: bu reallıqdırmı və ya reallıq deyilmi? Yaxud hansısa bir meyl əmələ gəlibdir? Mən indi bunun dərinliyinə getmək istəmirəm, hesab edirəm ki, siz bunu anlayırsınız. Bunların hamısının cavabı verilməlidir ki, nə üçün belə vəziyyət yaranıbdır. Sonra siz dediniz ki, keçən ilə nisbətən yüksək göstəricilərin sayı da azalıbdır. Elədirmi?

Məleykə Abbaszadə: Elədir.

Heydər Əliyev: Bu, əvvəl dediyimə nisbətən bizi daha  da narahat edən məsələdir. Əvvəl dediyimin bəlkə də obyektiv səbəbləri ola bilər. Amma nə üçün keçən ilə nisbətən yüksək nəticə göstərənlərin sayı azalmış olsun? Yaxud da ki, mən belə başa düşdüm ki, imtahan verənlərin içərisində də o yüksək nəticələrlə orta məktəbi qurtarmış adamların sayı azalıbdır. Sizin nəticələrə, imtahanların nəticələrinə görə azalıbdır. Elədirmi?

Məleykə Abbaszadə: Elədir.

Heydər Əliyev: Hər halda, bu, narahatedici haldır. Nə üçün? Bu elə bizim orta məktəblərin işinin göstəricisidir. Bu, orta məktəblər, Təhsil Nazirliyi üçün siqnal olmalıdır. Bütün bu təhlillər, geniş araşdırmalar ona görə lazımdır ki, biz həqiqəti bilək, mənzərəni düzgün təsəvvür edək, yaxud da ki, görək. Bu bir də ona görə lazımdır ki, bu vəziyyətdən irəli gələn məsələləri həll edək. Bunların əksəriyyəti, bu məsələlərin həll edilməsi Təhsil Nazirliyinin üzərinə düşür. Ona görə də siz öz təhlilləriniz nəticəsində Təhsil Nazirliyinə çox geniş, ədalətli, doğru, düzgün material verməlisiniz. Onlar da bunun əsasında öz işlərində lazımi dəyişikliklər etməlidir, zəruri tədbirlər görməlidirlər. Ona görə də mən hesab edirəm ki, siz müfəssəl təhlildən sonra bizə də, yəni mənə də geniş məlumat göndərəcəksiniz. O məlumata mən də baxım – görürəm indi sən mənə nə isə vermək istəyirsən, amma hesab edirəm ki, təhlil gərək ondan da dərin olsun. Mən bunun əsasında Təhsil Nazirliyinə, başqa nazirliklərə göstəriş verməliyəm. Düşünürəm ki, heç mənim göstərişim olmadan da, bu ilin nəticələri ilə əlaqədar olaraq Təhsil Nazirliyi lazımi tədbirlər görməlidir. Ancaq eyni zamanda hesab edirəm ki, mən də bu barədə göstərişlər verməliyəm. Bəlkə bəzi məsələləri Təhsil Nazirliyi özü həll edə bilməyəcək, başqa təşkilatlar bu məsələlərin həllinə qoşul- malıdır. Bilirsinizmi, orta məktəb həyatımızın əsas sahələrindən biridir. Bu, xalqımızın gələcəyi ilə bağlı məsələdir. Orta məktəblərdə nə qədər uşaq oxuyur?

Misir Mərdanov (Təhsil naziri): 1 milyon 700 min uşaq oxuyur.

Heydər Əliyev: 1 milyon 700 min uşaq oxuyur. Bu il onların nə qədəri məktəbi qurtarıbdır?

Misir Mərdanov: Azərbaycan bölməsini 51 min uşaq qurtarıbdır.

Heydər Əliyev: 51 min uşaq məktəbi bitiribdir. Bu  51 min uşağın biliyi hansı səviyyədədir, başa düşürsünüzmü? İndi biz iddia etmirik ki, orta məktəbi bitirənlərin hamısı ali məktəblərə daxil olmalıdır. Yox! Bu barədə heç o planın süni surətdə yerinə yetirilməsinə də ehtiyac yoxdur, Bunu bilin. Amma bilməliyik ki, bizim məktəblər uşaqlarımıza orta məktəb səviyyəsində nə qədər keyfiyyətli təhsil verir. Əgər uşaq orta məktəb səviyyəsində yaxşı təhsil alırsa və orta məktəbi yaxşı biliklə, orta məktəb həcmində savadla bitirirsə, onun sonra öz həyatını harada davam etdirməsi o qədər də əsas deyildir. Ali məktəbə getmək istəyən və orada yarışda özünə uğur qazana bilən ali məktəbdə oxuyacaqdır. Amma heç getmək istəməyən, getməsin. Azərbaycanın müxtəlif sahələrində gedib işləyəcəkdir. Keçmişdəki kimi hökm deyildir ki, gənclərin hamısı ali təhsilli olsun. Burada süni surətdə heç bir şey etmək lazım deyildir. Ancaq yenə də deyirəm, biz orta məktəblərimizin səviyyəsini bilməliyik və onu ilbəil yüksəltməliyik. Amma sizin verdiyiniz məlumatlardan mən belə başa düşdüm ki, bu il göstəricilər ötən ilə nisbətən aşağı düşübdür. Deməli, Təhsil nazirimiz bundan ciddi nəticə çıxarmalıdır. Nazirlik çox ciddi nəticələr çıxarmalıdır. Ümumi nəticə yox, ümumi sözlərlə yox. Baxmalıdır, hansı məktəbdə təhsilin səviyyəsi aşağı düşübdür, hansında yox. Məsələn, burada ən yüksək nəticələr əldə etmiş uşaqların hansı məktəblərdə oxumasını mən eşidəndə, görürəm ki, bunların elə bir qismi müəyyən bir qrup məktəblərdə oxuyubdur. Amma eyni zamanda, əgər Oğuz rayonundakı orta məktəbdən gəlib belə yüksək qiymətlə ali məktəbə daxil olubsa, yaxud da ki, Biləsuvardakı çadır şəhərciyindəki məktəbdə oxuyan uşaq belə yüksək göstərici ilə ali məktəbə daxil olubsa, demək, o məktəbdə təhsil yüksək səviyyədədir. Amma indi baxın görün, nə qədər məktəblər olacaq ki, oradan bir nəfər də ali məktəbə daxil olmayıbdır. Güman edirəm ki, ərizə verənlərin içərisində bütün məktəblər təmsil olunubdur. Elədirmi? Amma baxmaq lazımdır ki, hansı məktəblərdən nə qədər gənc ali məktəblərə daxil olubdur. Xatirimdədir, 2-3 il bundan qabaq mənə deyirdilər ki, Sumqayıt məktəbləri – xüsusilə orada 2-3 məktəbin adını çəkirdilər, məzunlarının çoxu uğurla ali məktəblərə daxil olur. Deməli, məktəbdə, ümumiyyətlə, iş yaxşı qurulubdur. Bu təkcə Sumqayıtda deyil, vaxtilə Bakıda da belə məktəblər vardı. Təəssüflər olsun ki, Bakıda belə məktəblərin sayı azalıbdır.

İndi, bu dəqiqə məni daha çox narahat edən nə qədər gəncin ali məktəblərə qəbul olunub-olunmaması deyildir. Məni narahat edən indi bizim universitetlərdə təhsil səviyyəsinin nə dərəcədə olması da deyil, baxmayaraq ki, orada da çoxlu qüsurlar var. Məni narahat edən ümumi təhsil, yəni bizim gənclərin ilkin təhsili, orta məktəblərdəki vəziyyət, orta məktəbin verdiyi təhsil və bu məktəbləri qurtaran uşaqların bilik səviyyəsidir. Məni narahat edən budur. Bu, ümumiyyətlə, bizim xalqın bilik səviyyəsini göstərir. Çünki çox yüksək nəticələr əldə edən ayrı-ayrı insanlar, yaxud da ki, tələbələr, elmi işlə məşğul olanlar hələ xalqın, millətin ümumi bilik səviyyəsini göstərə bilməz. Onun göstəricisi ola bilməz. Bu göstərici orta məktəblərdədir. Sən o məlumatı mənə vermək istədin, eybi yoxdur, verərsən, baxaram, deməyəsən ki, mən onu qəbul etmədim. Ancaq əvvəlcədən deyirəm ki, mənim bu sözlərimlə əlaqədar siz əlavə işlər görməlisiniz. Bizim məqsədimiz müstəqil Azərbaycanın gələcəyi üçün daha bilikli, zəkalı gənclər hazırlamaqdır. Siz indi ali məktəblərə daxil olan bütün gənclərin nümayəndələrisiniz. Siz Azərbaycanın gələcəyini təmin edən insanlar olacaqsınız. Ona görə də ali məktəbdə təhsilə münasibətiniz və təhsilinizin nəticələri sizə ölkəmizin həyatında lazım olan yeri tutmağa imkan verəcəkdir və siz özünüz də öz həyatınızı istədiyiniz kimi qura biləcəksiniz. Eyni zamanda xalqımıza da, ölkəmizə də fayda verəcəksiniz. Sizin qarşınızda duran vəzifə bundan ibarətdir. Ona görə mən sizə və ali məktəbə daxil olmuş bütün bu ilki tələbələrə, təkcə daxil olanlara yox, ali məktəbdə oxuyanlara da arzu edirəm ki, daha da yaxşı çalışın, daha çox bilik alın, daha çox fədakarlıq göstərin.

Bax, buradakı uşaqların bu qədər yüksək bal toplamasının, təbiidir ki, səbəbi, birincisi, o məktəblərdə tədrisin yaxşı qurulmasıdır. Amma əsas uşaqların özləridir. Birincisi, onların hər birinin fərdi istedadı, ikincisi, dərsə və təhsil almağa münasibətidir. İndi bunların dərs keçdikləri siniflərdə, ola bilər, kimlərsə orta məktəbi aşağı qiymətlərlə bitiriblər. Yaxud da ki, heç bitirə bilməyiblər. Amma bunların sinfində yəqin ki, təhsil yüksək səviyyədəymiş ki, bu qədər yüksək bal toplaya biliblər. Ona görə də yaxşı oxumaq birinci növbədə hər bir fərdin özündən asılıdır. Mən bu baxımdan bizim bütün tələbələrə – bu il ali məktəblərə daxil olanlara, ali məktəblərdə təhsil alanlara müraciət edirəm: vaxtınızı boş keçirməyin. Bilin, ali məktəb illərində, universitet illərində keçirdiyiniz dövr – biz bu dövrləri yaşamışıq, ona görə də mən bunu mücərrəd şəkildə demirəm, həyat görmüş adam kimi deyirəm, o illəri siz sonra xatırlayacaqsınız – həyatınızın ən parlaq illəri olacaqdır. Əlbəttə ki, əgər siz o illərdən səmərəli istifadə etsəniz. Ona görə də mən sizi tələbəlik illərindən səmərəli istifadə etməyə, çalışıb maksimum bilik almağa çağırıram.

İndi hər bir gəncin bilik alması üçün çox geniş imkanlar var. Vaxtilə təhsil almaq üçün mənbə ayrı-ayrı kitablar idi. İndi texnika, texnologiya bilik almaq üçün nə qədər yeni imkanlar yaradıbdır. Müasir dünyada bilik almaq üçün o qədər geniş imkanlar yaranıbdır ki, buradan hər kəs özü üçün nə istəyirsə götürə bilər. Amma buna maraq, istək olmalıdır. Mən arzu edirəm ki, sizdə belə maraq, belə istək olsun. Bir də deyirəm, indi Azərbaycanın ali məktəblərində təhsil alan gənclər, siz ölkəmizin gələcəyisiniz. Özü də yaxın gələcəyi yox, uzaq gələcəyisiniz. Azərbaycan gələcəkdə sizin kimi gənclərdən formalaşmış insanların çiyinlərində yaşayacaqdır, inkişaf edəcəkdir. Mən də arzu edirəm ki, Azərbaycanın müstəqilliyi,  Azərbaycanda həyata keçirilən iqtisadi siyasət davam etsin, Azərbaycan müstəqil dövlət kimi daim uğurla yaşaya bilsin. Xalqımızın rifah halı, həyatı gündən-günə yaxşılaşsın. Bunun üçün də çalışmaq lazımdır, fədakarlıq göstərmək  lazımdır və sizin kimi gənclər özlərini gələcəyə hazırlamalıdırlar. Mən sizə və bütün gənclərə, bütün tələbələrə Azərbaycanın gələcəyi ilə əlaqədar böyük ümidlərlə baxıram. Ona görə sizə cansağlığı və yeni-yeni uğurlar arzulayıram. Sağ olun.