Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rusiya ictimai televiziyasının müxbiri Aleksandr Panova müsahibə verərkən söhbətindən - 19 may 1999-cu il


Müxbir: Söz yox ki, hələ o dövrlərlə, necə deyərlər, bizim hamımız birlikdə olduğumuz dövrlərlə bağlı tam aydın səbəblərə görə Siz rusiyalılarda, Rusiyanın televiziya tamaşaçılarında xüsusi maraq doğurursunuz. Suallar vermək üçün ORT-yə Rusiyanın birinci telekanalına imkan yaratdığınıza görə sağ olun. Bizi ən çox maraqlandıran birinci sual, əlbəttə, Sizin ABŞ-a getməyinizlə və Türkiyəyə qarşıdakı səfərinizlə bağlıdır. Lakin insani baxımdan bizi ən əvvəl maraqlandıran budur ki, Siz özünüzü necə hiss edirsiniz? Cərrahiyyə əməliyyatı necə və harada aparıldı?

Heydər Əliyev: Özümü yaxşı, normal hiss edirəm. Əməliyyat aprelin 29-da oldu. Bu gün mayın 19-dur, aradan 20 gün keçibdir. Belə düşünürəm ki, gördüyünüz kimi, bu müddətdə sizi həm qəbul etməyə, həm də suallarınıza cavab verməyə qadirəm. Elə bunun özü çox şey deyir.

Sual: Amerika həkimləri nə deyirlər?

Cavab: Mən Amerikaya aprelin hələ 22-də, NATO-nun zirvə görüşü başlanmazdan əvvəl gəlmişdim. Mənim çox görüşlərim, olduqca böyük, gərgin işim oldu, sonra NATO-da tədbirlər başlandı. Bundan sonra mənim yenidən görüşlərim oldu. Bax, orada özümü bir az nasaz, bir az narahat hiss etdim. Həkimlər baxıb dedilər ki, yaxşı olar, müayinədən keçim. Klivlend klinikasını məsləhət gördülər. O, dünyada çox məşhurdur, bütöv şəhərcikdir.

Mən oraya getdim, - bu şəhər Vaşinqtonun yaxınlığındadır, - orada məni müayinədən keçirib dedilər ki, ürəyimdə cərrahiyyə əməliyyatı aparmaq lazımdır. Doğrudur, mən razılaşmadım. Çünki yəqin ki, bilirsiniz, 1989-cu ildə infarkt keçirmişdim. Bundan sonra iki-üç il özümü yaxşı his etmədim. Lakin 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra halım xeyli yaxşılaşdı və 1990-cı ildən 1999-cu ilədək əslində həkimlərsiz yaşadım. Mənim həkimim yox idi və hətta heç bir müayinədən keçməmişdim.

1999-cu ilin yanvarında bronxitdən sonra məndə ağırlaşma baş verdi. Ankaraya getdim, iki həftə orada müalicə edildim. Qayıtdım, normal, çox fəal işləyirdim, özümü çox yaxşı hiss edirdim. ABŞ-da mənə dedilər ki, cərrahiyyə əməliyyatı aparmaq lazımdır.

Sual: Bu, gərək ki, Debeyki deyildi, başqa bir komanda idi?

Cavab: Xeyr, Debeyki Hyustondadır. Bu, Klivlend klinikasının böyük bir komandası idi. Orada çoxlu adam çalışır. Məni kifayət qədər cavan, - yeri gəlmişkən mən bunu hətta güman etmirdim, - lakin çox təcrübəli kardioloq, Türkiyədən olan Murad Tuzçu müayinədən keçirdi. O, məni müayinədən keçirib cərrahiyyə əməliyyatı aparılmasını təklif etdi. Təbii ki, sonra çox təcrübəli cərrah olan Brüs Laytlı dəvət etdilər. Orada aldığım məlumata görə, o, az qala 25 ildir bu klinikada işləyir. Mənim üzərimdə əməliyyatı o apardı. Aprelin 28-də razılıq verdim, aprelin 29-da səhər mənim üzərimdə cərrahiyyə əməliyyatı apardılar.

Hesab edirəm ki, hər şey normal, yaxşı səviyyədə keçdi. Əməliyyatdan sonrakı dövr normal gedir.

Sual: Siz sabah Türkiyəyə yola düşürsünüz. İnformasiya agentlikləri xəbər vermişlər ki, orada Sizə türk xalqı qarşısında görkəmli xidmətlərə görə Türkiyənin nüfuzlu mükafatını təqdim edəcəklər.

Cavab: İki ay bundan əvvəl mən Türkiyə Respublikasının banisi Atatürkün adını daşıyan mükafata layiq görülmüşəm. Bu, çox nüfuzlu mükafatdır. Zənnimcə, o, 1986-cı ildə təsis olunmuşdur, sülh uğrunda mübarizəyə görə verilir. Bu, sülh mükafatıdır. Mustafa Kamal Atatürkün məşhur sözləri var: "Yurdda sülh, cahanda sülh". Həmin mükafat bu deviz altında mövcuddur. Orada çox nüfuzlu komitə var. Onlar hər şeyi çox diqqətlə öyrənirlər. Ümumiyyətlə, 1986-cı ildən bəri bütün dövr ərzində onlar 8 belə mükafat veriblər. Mən də bu mükafata layiq görülmüşəm. Yeri gəlmişkən, bu gün, mayın 19-da mən Ankarada olmalı idim. Orada Mustafa Kamal Atatürk tərəfindən Türkiyədə qurtuluş hərəkətinin başlanması ilə bağlı bayramdır. Həmin gün qeyd edilir. Mükafat da adətən həmin günə iki ay qalmış verilir və o, təqdim olunur. Lakin təəssüf ki, mən bu gün orada deyiləm, həmin mükafatı ala bilməyəcəm. Görünür, onu mənə sonra təqdim edəcəklər.

Sual: Sabah isə Siz uçursunuz.

Cavab: Sabah mən Türkiyəyə uçuram. Lakin Türkiyə prezidenti, mənim dostum Süleyman Dəmirəlin dəvəti ilə gedirəm. Mən xəstəxanada olarkən o mənə çox böyük qayğı göstərmiş, müalicədən sonra məni istirahət üçün təkidlə Türkiyəyə dəvət etmişdir.

Sual: Yəni bu, diplomatların dediyi kimi, "qalstuksuz görüşdür"?

Cavab: Bəli, bəli. Mən Antalyada, dəniz sahilinə gedirəm.

Müxbir: Rusiyalılara tanış yerdir.

Heydər Əliyev: Deyirlər, rusiyalılar Antalyada tez-tez olurlar. Doğrudur, mən görməmişəm, orada heç vaxt olmamışam. Lakin dəvəti qəbul etmişəm və ora uçuram. Belə ki, orada bir az dincələcək, sonra isə Bakıya, Azərbaycana gedəcəyəm.

Sual: Etiraz etmirsinizsə, bir qədər fəal siyasətdən danışaq. Avropa Balkan yarımadasında hərbi münaqişəyə cəlb olunmuşdur. Yuqoslaviya son illərdə qanlı milli münaqişələr mənbəyinə çevrilibdir. Siz bir çoxlarının potensial təhlükəli region adlandırdığı, çox müxtəlif xalqların yaşadığı və kəskin milli, ərazi problemləri olan Qafqazdakı vəziyyəti necə qiymətləndirirsiniz? Yoxsa belə müqayisə əsassızdır?

Cavab: Bilirsiniz, müqayisə etmək istəmirəm. Hər regionun öz xüsusiyyətləri var. Burada müqayisə o qədər də düz gəlmir. Bununla belə, mən hazırda Qafqazın mürəkkəb vəziyyətdə olması barədə fikrinizlə tamamilə razıyam. Əvvələn, bilirsiniz ki, hələ 11 il bundan əvvəl Dağlıq Qarabağ üstündə Ermənistanla Azərbaycan arasında münaqişə yaranmışdır. Bu münaqişə nəticəsində erməni silahlı birləşmələri Azərbaycan ərazisinin 20 faizini işğal etmişlər. İşğal olunmuş ərazilərdən bir milyondan çox azərbaycanlı qovulub və onlar köçkün vəziyyətində, əksəriyyəti çadırlarda yaşayır. Doğrudur, beş il bundan əvvəl, 1994-cü il mayın 12-də biz atəşkəs haqqında saziş bağladıq və beş ildir ki, tam sülhə nail olmaq üçün ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparırıq.

Bilirsiniz ki, Gürcüstan ərazisində Abxaziya və Osetiya münaqişələri var. Şimali Qafqazın çətinlikləri, vəziyyəti sizə məlumdur. Əlbəttə, Qafqaz özü-özlüyündə qeyri-adi regiondur, son illərdə isə, şübhəsiz ki, millətlərarası toqquşmalar, müstəqillik cəhdləri və sairə buna gətirib çıxarmışdır. Balkanlarda da vəziyyət son dərəcə mürəkkəbləşmişdir.

Doğrudur, deməliyəm ki, 1992-1993-cü illərdə Azərbaycanda vəziyyət yaxşı deyildi. Əlbəttə, indi bütün dünya birliyi, Balkan yarım-adasında qayda-qanun yaratmaq istəyən dövlətlər etnik təmizləmənin əleyhinə, bu vəhşiliyin əleyhinə çıxırlar və sair. Ermənistan silahlı birləşmələrin etnik təmizləmə ilə məşğul olduğu və adamları öz yaşayış yerlərindən didərgin saldıqları, torpaqlarımızı işğal etdikləri vaxtlarda Azərbaycana qarşı da bu cür vəhşilik olmuşdur. Ola bilsin, o vaxtlar Azərbaycan və Ermənistanla bağlı hallara indiki kimi əhəmiyyət verilməmişdir. Ancaq hesab edirəm ki, münaqişə harada olursa olsun, onu aradan qaldırmaq lazımdır.

Sual: Lakin bununla əlaqədar Siz razısınızmı ki, NATO indi Kosovoda olduğu kimi, məsələn, haradasa daha yaxında, sizin Qafqaz regionunda sakitləşdirici rolunu oynasın, qayda-qanun yaratsın?

Cavab: Birlisiniz, açığını deyəcəyəm, kim bizdə, - mən Cənubi Qafqazı nəzərdə tuturam, - qayda-qanun yarada bilərsə, Ermənistanla Azərbaycan arasında münaqişəni aradan qaldırarsa, biz onları məmnunluqla qəbul edərik. Ona görə ki, bizə sülh gərəkdir. Başa düşürsünüzmü, bizə sülh gərəkdir, bizə əmin-amanlıq gərəkdir. Xalqımız sülh şəraitində yaşamaq istəyir. Biz özümüz beş ildir danışıqlar aparırıq. Düzdür, danışıqları tək aparmırıq. Biz bunu həmsədrləri Rusiya, Birləşmiş Ştatlar və Fransa olan Minsk qrupunun iştirakı ilə edirik. Buna görə də biz hər şeyə hazırıq.

Sual: Ötən 10 il nəinki coğrafi sərhədləri labüd surətdə dəyişdirmiş, həm də xalqlarımızı bir-birindən bir qədər uzaqlaşdırmışdır. Lütfən deyin, Siz indiki vəziyyəti və Müstəqil Dövlətlər Birliyinin perspektivlərini necə təsəvvür edirsiniz? Yoxsa, hesab edirsiniz ki, gələcək hər halda müsəlman dünyasının coğrafi cəhətdən Orta Asiyada, Qafqazda yerləşən ölkələrinin daha kiçik, daha məhəlli ittifaqlarınındır?

Cavab: Bilirsiniz, heç bir proqnoz vermək istəməzdim. Əgər hər hansı ittifaq, hər hansı birlik iqtisadi inteqrasiya, ölkələr arasında qarşılıqlı münasibətlərin yaxşılaşmasına, ən başlıcası isə, möhkəm sülhün bərqərar olmasına xidmət edirsə, məqbuldur. Buna görə də əgər Müstəqil Dövlətlər Birliyi, - doğrudur, o, çox ağır irəliləyir, - ən əvvəl özünün daxilindəki münaqişələrin tənzimlənməsi üçün belə səviyyəyə gəlib çıxarsa, bu, gözəl olardı. Məsələn, mən hələ 1993-cü ildə dövlət başçılarının görüşü zamanı bəyanat verərək bildirmişdim ki, birliyin daxilindəki münaqişələri ləğv etmək üçün, gəlin qüvvələri hər halda səfərbərliyə alaq. Əgər birliyin daxilində, hər hansı ittifaqın daxilində ölkələr arasında münaqişələr varsa, onda bu birlik möhkəm, etibarlı ola bilməz. Ümumiyyətlə, siz dünyadakı digər ittifaqlara nəzər salsanız, onların daxilində münaqişə edən, bir-biri ilə müharibə aparan ölkələr olduğunu heç yerdə görməzsiniz. Təəssüf ki, bizim birliyimiz bu məsələni həll edə bilmir.

Sual: Xahiş edirəm deyəsiniz, Siz bu fikirlə razısınızmı ki, Azərbaycanı MDB-nin ən çox qərbpərəst və ya Qərbə meylli ölkələrindən biri adlandırırlar? Yəni iqtisadi əlaqələr vasitəsilə, Xəzər nefti vasitəsilə Britaniya ilə xüsusi əlaqələr yaranıb, Britaniyanın isə ABŞ ilə xüsusi əlaqələri var. Beləliklə, Bakının da təkcə Londonla deyil, həm də Vaşinqtonla xüsusi əlaqələri var. Siz bununla razısınızmı?

Cavab: Bilirsiniz, müstəqil dövlət olaraq biz öz siyasətimizi belə elan etmişik: biz dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq etmək istəyirik. Başa düşürsünüzmü, biz fərq qoymuruq. Bizə öz iqtisadiyyatımızı inkişaf etdirmək lazımdır, xalqımızın həyat səviyyəsini yüksəltmək lazımdır. Bizim iqtisadi potensialımız, təbii ehtiyatlarımız və bir çox digər sərvətlərimiz var. Digər MDB ölkələrində olduğu kimi, biz də indi bütün bunlardan öz gücümüzlə istifadə edə bilmirik. Buna görə də kimlərlə, necə deyərlər, özümüz üçün faydalı, səmərəli əməkdaşlıq edə biliriksə, onlarla da əməkdaşlıq edirik. Biz Amerika Birləşmiş Ştatları ilə, Avropa ölkələri ilə - Böyük Britaniya, Fransa, Almaniya və təbii ki, MDB ölkələri ilə də əməkdaşlıq edirik. Başa düşürsünüzmü, əsla belə mülahizələr yürütmək olmaz, bir halda ki biz MDB-dəyik, deməli, bütün dünyadan təcrid olunmalıyıq. Axı MDB-də başlıca tərəfdaşımız olan Rusiya təcrid olunmur. İndi təcrid olmaq hamıya ziyandır. Odur ki, belə mülahizələr və yeri gəlmişkən, təəssüflər olsun, Rusiyanın kütləvi informasiya vasitələrində verilən belə qiymətlər ədalətsizlikdir. Mən onlarla razı deyiləm.

Sual: Azərbaycan NATO-nun genişlənməsinə necə baxır? Siz Şimali Atlantika Assambleyasına daxil olmaq istərdinizmi?

Cavab: Bilirsiniz, siz belə birbaşa sualları əbəs yerə verirsiniz. Ancaq NATO-nun genişlənməsi prinsipcə artıq reallığa çevrilmişdir. NATO-nun genişlənməsinin əleyhdarları olsa da, Avropanın üç dövləti bu təşkilata daxil olmuşdur. Sonra, Şimali Atlantika Assosiasiyasına təxminən 50 ölkə daxildir, oraya bütün MDB ölkələri də daxildir. Yeri gəlmişkən, onların hamısı Vaşinqtonda NATO-nun 50 illiyində təmsil olunmuşdu.

Müxbir: Demək olar, hamısı.

Heydər Əliyev: Rusiya istisna olmaqla. Amma Rusiya da təmsil edilə bilərdi... Yadınızdadır ki, bir vaxtlar Parisdə Rusiya ilə NATO arasında xüsusi xartiya imzalanmışdı. Bu nəyi göstərir? Onu göstərir ki, Rusiya NATO ilə ən əvvəl əməkdaşlıq etmək istəyir. Buna görə də belə düşünmək ədalətli deyildir ki, Rusiya NATO ilə əməkdaşlıq edə bilər, amma başqaları yox.

Müxbir: Cavaba görə sağ olun. Əlbəttə, Rusiyada baş verən dramatik hadisələr haqqında Sizin rəyinizi bilmək bizim üçün çox maraqlı olardı. İndi Rusiyanın yeni baş naziri var - Sergey Stepaşin. O, bir ildən bir qədər az müddətdə üçüncü baş nazirdir.

Heydər Əliyev: Bilirsiniz, bu, Rusiyanın daxili işidir. Mən bu işə qarışmaq və qiymət vermək istəmirəm. Xalq tərəfindən seçilmiş prezident Yeltsin hər halda ölkəyə rəhbərlik edir və öz məsələlərinin həlli üçün müəyyən tədbirlər görür. Əgər o bunu indi etmişdirsə, görünür, daha yaxşı nəticəyə ümid bəsləyir. Biz isə istəyirik ki, Rusiyada vəziyyət yaxşı olsun. Ona görə ki, biz Rusiya ilə çox, olduqca sıx bağlıyıq. İqtisadi cəhətdən də bağlıyıq, Rusiyada çoxlu azərbaycanlı yaşayır, insani əlaqələr olduqca çoxdur, lap çoxdur. Biz 200 il Rusiya ilə birlikdə olmuşuq. Buna görə də bir neçə ildə, on ildə bir-birindən ayrılmaq qeyri-mümkündür və lazım deyildir. Əgər biz bütün dünya ilə inteqrasiya etmək istəyiriksə, onda nə üçün 200 il birlikdə olduğumuz ölkədən uzaqlaşmalıyıq? Buna görə də biz istəyirik ki, Rusiyada vəziyyət getdikcə yaxşılaşsın. Yeri gəlmişkən, bunu iqtisadi əlaqələrimiz də tələb edir. Məsələn, Rusiyada iqtisadi böhran oldu, bundan biz də çox çətinlik çəkdik. Doğrudur, biz tab gətirdik, Azərbaycanda inflyasiyanın, böhranın inkişaf etməsinə imkan vermədik. Buna baxmayaraq, təzyiq güclü idi. Ona görə də Rusiyada vəziyyət nə qədər yaxşı olarsa, bizim üçün də bir o qədər yaxşı olacaqdır.

O ki qaldı dəyişikliklərə, təkrar edirəm, bu, Rusiyanın daxili işidir. Mən Sergey Vadimoviç Stepaşini tanıyıram, o, təcrübəli, zənnimcə, biz çox vəzifələrdə sınanmış adamdır. Bilirəm ki, Rusiyada kifayət qədər nüfuza malikdir. Görünür, buna belə bir fakt sübutdur ki, Rusiya hökumətinin sədri vəzifəsinə onun namizədliyini Duma elə ilk dəfədən təsdiq etmişdir. Buna görə də ümidvarıq ki, vəziyyət yaxşı olacaqdır.

Müxbir: Heydər Əliyeviç, suallarıma ətraflı, diplomatikcəsinə və olduqca maraqlı cavablar verdiyinizə görə çox sağ olun. Biz Sizə ən əvvəl möhkəm cansağlığı və uğurlar arzulayırıq. Sağ olun.

Heydər Əliyev: Mənə göstərdiyiniz diqqətə görə siz də çox sağ olun. Televiziyanız vasitəsilə bütün rusiyalılara öz salamlarımı və ən yaxşı arzularımı yetirirəm.

"Azərbaycan" qəzeti, 23 may1999-cu il.

Tarixi arayış