Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT; EKO) üzvü olan ölkələrin dövlət başçılarının növbədənkənar Aşqabad Zirvə Görüşünə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərə müsahibəsi - 13 may 1997-ci il


Bu növbədənkənar toplantıdır, əsasən nəqliyyat, kommunikasiya məsələlərinə həsr olunubdur. Xüsusi bəyannamə Aşqabat Bəyannaməsi hazırlanıbdır və mən hesab edirəm ki, bu, çox əhəmiyyətlidir. Şübhəsiz ki, əvvəlki görüşlərdə də çox iş görülübdür. Ancaq bu bəyannamədə İƏT regionundan, ona daxil olan ölkələrdən həm Şərqə, Qərbə, həm də Şimala, Cənuba gedən bütün nəqliyyat, kommunikasiya vasitələrinin yaranması, tikilməsi və bununla da iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələsi müzakirə olunacaqdır. Hesab edirəm ki, bu, çox əhəmiyyətlidir. Çünki İqtisadi Əməkdaşlıq Təşkilatının əsas vəzifəsi iqtisadi əlaqələri inkişaf etdirməkdir. Bunu inkişaf etdirmək üçün, şübhəsiz, nəqliyyat, kommunikasiya çox böyük rol oynayır. Öna görə də mən bunu əhəmiyyətli hesab edir və oraya gedirəm.

Sual: Ermənistan-Azərbaycan münaqişəsində üç il sürən atəşkəs rejimi dövründə aparılan sülh danışıqlarının Ermənistanın günahı ucbatından lazımi nəticə verməməsi davam edərsə, yenidən müharibə təzahürü özünü göstərə bilərmi?

Cavab: Bu gün mayın 13-dür. Üç il tamam olubdur ki, Ermənistan ilə Azərbaycan arasında atəşkəs mövcuddur. Bu üç il müddətində atəşkəsin saxlanması, qorunması və atəşin yenidən başlanmasına imkan verilməməsi, hesab edirəm ki, böyük nailiyyətdir. Bu, həm Azərbaycan tərəfinin, həm də Ermənistan tərəfinin məsələnin həqiqətən sülh yolu ilə həllinə həm meyllərini, cəhdlərini, həm də arzularını göstərir. Ona görə də mən bu gün fürsətdən istifadə edərək, birinci növbədə, üç il müddətində atəşkəsin saxlanmasına çox yüksək qiymət verir, eyni zamanda bəyan edirəm ki, Azərbaycan tərəfi bundan sonra da atəşkəsi qoruyub saxlayacaq və böyük sülh müqaviləsi əldə edilənə qədər buna sadiq olacağıq. O ki qaldı danışıqların aparılmasına, indi danışıq prosesi başlanıbdır. Bu gün, ya sabah Vaşinqtonda Minsk qrupunun Fransa, Rusiya, Amerika Birləşmiş Ştatlarından olan sədrləri görüşürlər. Özü də görüşlər yüksək səviyyədə keçəcəkdir. Bundan əvvəl bizimlə də, başqa tərəflərlə də görüşlər aparıblar. Güman edirəm ki, onlar orada bir yeni addım ata biləcəklər. Ona görə də mən hesab etmirəm ki, bundan sonra atəş başlaya, atəşkəs pozula bilər.

Doğrudur, Ermənistanla sərhədlərdə və xüsusən son vaxtlar, təəssüf olsun ki, Qazax-Tovuz bölgəsində Ermənistan tərəfdən atəş açırlar. Mən buna atəşkəsi pozmaq demək istəmirəm, bir iki saat atəş açırlar. Şübhəsiz ki, bizimkilər də bununla əlaqədar lazımi tədbirlər görürlər. Bəzən tələfat da olub, ancaq mən bunları atəşkəsin pozulması kimi qiymətləndirmirəm, sadəcə sərhəd hadisəsidir. Təsəvvür edin, heç bir yerdə, heç bir bölgədə, dünyada belə şey olmayıb ki, bir-biri ilə neçə illər müharibə aparan iki qüvvə üz-üzə durmuş olsun, ortada heç bir ayırıcı, yaxud da vasitəçi, xüsusi qoruyucu qüvvə olmadan atəşkəsi saxlaya bilsin. Bunun özü böyük hadisə, yəni nailiyyətdir. Belə bir nailiyyət əldə olunduğu zaman orada-burada yarım saat, bir saat, özü də kiçik silahlardan atəş açdmasını o qədər də təhlükəli hal hesab etmirəm. Baxmayaraq ki, bunun özü bizi narahat edir və hər dəfə bunların qarşısını almağa çalışırıq və ala da bilirik. Mənim narahatçılığım yoxdur ki, atəş yenidən başlaya bilər, əksinə, hesab edirəm ki, 1997-ci ildə sülhün əldə olunması üçün dəyərli addımlar ata bilərik.

Bilirsiniz ki, mən mayın 10-da Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintondan böyük məktub almışam. Məktubda birinci növbədə məni Amerika Birləşmiş Ştatlarına dəvət edirlər. Mən bu dəvəti qəbul etmişəm, gedəcəyəm. İkincisi də Adi Silahlı Qüvvələr haqqında Müqaviləyə yenidən baxılması prosesi gedir. Cinah qərarı ilə əlaqədar prezident Bill Klinton bir daha bizə müraciət edib ki, öz mövqeyimizi müəyyən qədər ümumi istəyə uyğun edək. Burada bizim mövqeyimiz çox prinsipialdır, indiyə qədər də prinsipial olubdur. Mən dünən cənab Bill Klintona cavab məktubu göndərmişəm, bizim fikirlərimizi, mülahizələrimi də bildirmişəm. Beləliklə, qarşıda həmin görüş də var. Güman edirəm ki, belə bir vəziyyətdə atəşkəs pozulmamalıdır və biz çalışacağıq ki, pozulmasın.

Tarixi arayış

MÜSAHİBƏLƏR