Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Elmlər Akademiyasının prezidenti akademik Fəraməz Maqsudov cənablarına, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvlərinə - Bakı şəhəri, 24 may 1998-ci il


Elmlər Akademiyasının hörmətli prezidenti!

Hörmətli akademiklər!

Dünən axşam mənə məlum olmuşdur ki, ümumi iclasınızda məni Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçmisiniz. Mənə göstərdiyiniz böyük diqqətə və fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə hamınıza təşəkkür edirəm. Lakin mən heç vaxt Elmlər Akademiyasının üzvü olmaq arzusunda olmamışam, bu münasibətlə Elmlər Akademiyasına müraciət etməmişəm və dövlət işləri ilə məşğul olduğuma görə buna ehtiyac da duymamışam. Hesab edirəm ki, qərar qəbul etməkdən öncə siz mənim fikrimi öyrənməli və bunun üçün mənim razılığımı almalı idiniz. Bütün bunları nəzərə alaraq xahiş edirəm ki, mənim barəmdə qəbul etdiyiniz qərarı ləğv edəsiniz.

Azərbaycan Elmlər Akademiyasının müstəqil Azərbaycanın həyatındakı böyük roluna və onun üzvlərinin Azərbaycan elmi qarşısında göstərdikləri misilsiz xidmətlərinə görə bir daha sizə hörmət və ehtiramımı bildirirəm.

Səmimiyyətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.